Aylıq namaz vaxtları
3. 943 dəfə oxunub ,   0 şərh   Çap et

عَنْ أَبِي أُمَامَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ قَالَ:

لَيْسَ شَيْءٌ أَحَبَّ إِلَى اللَّهِ مِنْ قَطْرَتَيْنِ وَ أَثَرَيْنِ قَطْرَةٌ مِنْ دُمُوعٍ فِي خَشْيَةِ اللَّهِ

 وَ قَطْرَةُ دَمٍ تُهَرَاقُ فِى سَبِيلِ اللَّهِ وَ أَمَّا الأَثَرَانِ فَأَثَرٌ فِي سَبِيلِ اللَّهِ وَ أَثَرٌ فِي فَرِيضَةٍ مِنْ فَرَاءِضِ اللَّهِ

 “Allah qatında bu iki damladan və bu iki izdən sevimli bir şey yoxdur: Allah qarşısında xəşyətin (qorxu və ümid arasında bir hiss) bir ifadəsi olaraq iman və izanla (bəsirət, anlayış,təslim olub itaət etmək, inanc) tökülən göz yaşı damlası ilə, Allah yolunda (hərb edərkən) tökülən qan damlası. İki iz isə Allah yolunda (vuruşarkən alınan) yara izi və Allahın əmr etdiyi farzlardan birini yerinə yetirməkdən qalan qulluq izidir”.

(Tirmizi. Fezailul-cihad, 26)

Bəli, əslində mömin axirət iştiyaqı ilə Allah üçün tökdüyü iki damla göz yaşı və iki damla qanın Rəbbin nəzərində necə məqbul və dəyərli olduğunu bilsə, göyərçinlər kimi qanad çalar, o məqama yetişməyi necə şövqlə istər, arzu edərdi. Ancaq bu, iman və izandan (təslim olub itaət etməkdən) asılıdır. Mövzu ilə əlaqədar Allah Rəsulu (s.ə.s.) buyurur:

“Allah dərgahında bu iki damladan sevimli bir şey yoxdur: Alla­ha iman və izanla (təslim olub itaət etməyin) tökülən göz yaşı damlası ilə­ Allah yolunda döyüşərkən tökülən qan damlası”. Allah bu iki damlanı o qədər çox sevir ki… Bu səbəbdən Allah qatında sevimli, dəyərli olan əməllərə könül verən və özünü onlara həsr edən insan bu dünya həyatının fani zövq və səfalarına qətiyyən meyil etməz, fani dünya qarşısında qəddini əyməz, boyun bükməz, bütün diqqət və həssaslığı − bütün varlığı ilə o biri aləmə – cənnət yurduna yönələr. Bununla belə bütün bunlar bir ürfan, mərifət işidir. İnsanın ürfana, mərifətullah məqamına çatması isə ən məşəqqətli və çətin məsələlərdəndir. Bizim anladığımız mənada ürfan insanın içində şölələnən elə bir iman çırağıdır ki, insan onun işığında dünyanı gördüyü kimi, axirəti də görər. Dünyaya aid şeyləri mütaliə və müşahidə etdiyi kimi, axirətə aid şeyləri də mütaliə və müşahidə edər. O zaman insanın içində axirətə qarşı bambaşqa bir istək, bir iştiyaq oyanar ki, ağlı başında olan heç bir insan heç bir şeyi Allah yolunda mücahidədən və bu yolda şəhadətdən (şəhidlikdən) üstün tutmaz. Əbədi gözəllikləri görən bir insan fani və fəna dünya həyatına meyil edərmi heç?!

Şəhidlik əbədiyyəti qazanma zəmanətidir. Amr ibn Cəmuh və Sad ibn Heysəmə də bu zəmanəti qazanan möminlərdəndir. Hər ikisi çox yaşlı idi. Nə yataqdan qalxmağa taqətləri, nə də əsasız ye­riməyə halları vardı. Amma cihad olunca ikisi də yaralı aslanlar kimi yerlərindən doğrulmuş, hazırlığa başlamışdı. Onları cihad fikrindən daşındırmaq üçün:

– Atacan, sən xəstəsən, adi yolda güclə yeriyirsən. Bu iş sənin işin deyil. Sən evdə otur. Bizə izin ver, biz çıxaq, − deyən övlad və nəvələrinə hər ikisi:

– Başqa bir şey olsaydı, sizin getməyinizə razı olardım. Amma bu bir şəhidlik məsələsidir; Rəbbə qovuşma və əbədi cənnəti qazanmaq üçün fürsətidir. Heç kim bu fürsəti başqasına verməz, – deyə cavab verir.

Bunlar başqa-başqa evdə iki ayrı insanın eşitdiyi və dediyi sözlərdir. İki ailə də bir-birindən xəbərsiz idi. Və yenə hər iki ailə bir yol göstərsin deyə Allah Rəsulunun hüzuruna gəlir. Yaşlıların hər biri gənclərdən şikayət edirlər Allah Rəsuluna: “Ya Rəsulullah, övladlarım, nəvələrim məni qoymur ki, şəhid olum, canımı Sənin uğrunda sevə-sevə fəda edim”. Allah Rəsulu (s.ə.s.) onları sakitləşdirməyə çalışır, amma mümkün olmur. Gözünü cənnət diyarına dikmiş, tezliklə o yurda getməyə çalışan bu iki qoca israr edir ki, Fəxri-Kainat hər ikisinə də “olar” deməkdən başqa çarə görmür. Və nəticə: o iki yaşlı adam cihada qoşulur və az sonra Allah Rəsulu gözlərini uca aləmlərə dikib buyurur: “Görürəm ki, Amr ibn Cəmuhun əyri ayaqları düzəlmiş, özü də cənnətə doğru yüyürür”. Şəhidlərin arasında o iki yaşlı adamı kürək-kürəyə yerdə uzanmış vəziyyətdə tapırlar. Sad ibn Heysəmə də, Amr ibn Cəmuh da Allah yolunda şəhid olmuşdu. Buna Allah da, Rəsulullah da, mələklər də şahid idi…

İnsan bu arzu və istəklə ömür sürə bilər. Ölüm və şəhadət onun üçün ən böyük, ən ülvi məqsədə çevrilər. Ancaq bu, yuxarıda da dediyimiz kimi, mərifətdən, dərin ürfandan, ilahi hikmətləri, həqiqətləri dərk etməkdən asılıdır. Çünki burada ağlamaq orada gülmək, burada iztirab çəkmək orada ləzzət görmək, burada məhrumiyyət və çətinliklər içində yaşamaq orada hər cür məhrumiyyət və çətinliyə “əlvida” deməkdir. İnsan bu həqiqətləri vicdanına eşitdirməli,  özü­nə təlqin etməlidir… Bunun üçün də keçmişimizi tədqiq etmək, araş­dırmaq çox faydalıdır. Bu şüur, bu düşüncə böyük İslam məfkurəsinin öncüllərindən bizə qədər bu şəkildə yaşadılmışdır. Onlarda canı fəda etmək bir iştiyaq, bir arzu idi. Halbuki onlar da insan idi və yaşamağı sevirdilər. Elə isə onları bu yola sövq edən bir başqa amil, bir başqa həqiqət olmalı idi: onlar ürfan, mərifətullah məqamına çatmışdılar. Quran bizə bu ürfanı aşılayır, Allah yolunda öldürülənlərin ölü olmadığını bəyan edir. Onlar Allah dərgahında bizim dərk etmədiyimiz bir həyatla yaşayırlar. Bunu isə ancaq o həyatı yaşayanlar anlayar.

Hz. Cabirin atası Hz. Abdullah Uhudda şəhid olmuşdu. Hz. Cabir Allah Rəsulunun hüzuruna gələrək: “Ya Rəsulullah, atam şəhid oldu və mənə bir külfət yetim qoyub getdi. Onlara baxmaq da mənim öh­dəmə düşdü. Halbuki onlara baxmağa imkanım yoxdur,” − deyir.

Peyğəmbərimiz Hz. Cabirə təsəlli vermək üçün onun evinə təşrif buyurur. O əsnada otağında ağlayıb-sızlayan Abdullahın qızının və ya bacısının iniltilərini eşidir. Allah Rəsulu bu sözləri ilə həm onlara, həm də bütün müsəlmanlara müjdə verir: “Allah indiyə qədər heç kimlə pərdəsiz görüşmədi. Yalnız Abdullahı qarşısına gətirib halını soruşdu. O da Allah-Təalaya belə cavab verdi: “Ya Rəbbi! Məni dünyaya təkrar göndər. Göndər ki, Sənin uğrunda bir də ölüm və belə bir ölümün nə qədər zövqlü olduğunu dünyadakılara xəbər verim”.

Allah-Təala isə ona belə dedi: “Ölülərin dünyaya geri qaytarılmayacağına dair vədim var. Amma sənin bu iştiyaq və arzunu onlara xəbər verəcəyəm”. Daha sonra “şəhidlərin ölü sayılmayacağını” bildirən ayə nazil edib Abdullahın və onun kimilərin halını xəbər verir: şəhidlər ölməmişdir və əsla ölməyəcək.

Göz yaşları ixlaslı və səmimi insanlar üçün, başqa bir ifadə ilə, daim ciyəri və qəlbi Allah rizası üçün alışıb yanan insanlar üçün bir boşalma, rahatlamadır. Daim bağışlanma diləyən, cəhənnəm əzabına düçar olmaq qorxusu ilə alışıb yanan qəlbin hisləri göz yaşlarına çevrilib yanaqlarda çeşmə olur. Buna görə də Allah Rəsulu cəhənnəmlə göz yaşı arasında bir müvazinət qurmuşdur.

Məhşərdə cəhənnəm istisnin insanları qovurduğu zaman Cəbrail əlində bir bardaq su ilə gələcək. Rəsulullah ondan soruşacaq:

– Əlindəki nədir?

Cəbrail cavab verəcək:

– Möminlərin göz yaşı. Cəhənnəmi söndürmək üçün!

Allah Rəsulu bu və bu kimi hədisləri ilə cihad edən insanın vəziyyəti ilə nəfsini sorğu-suala çəkən, nəfsi ilə mübarizə aparan və bu mübarizdə göz yaşı tökən insanın əməlini eyni dərəcədə qəbul edir.

Qurani-Kərim ağlayan insanların vəziyyətini ibrət olsun deyə nəql edir. Bundan başqa nə qədər ayə var ki, az gülüb çox ağlamağı, günahlara görə iztirab çəkməyi, iki büklüm olmağı əmr edir.

Mənəvi-ruhi zərifliyin inikası olan göz yaşlarının hər damlası bir riqqət ürpərtisidir və cənnət kövsərləri qədər dəyərlidir. Göz yaşının quruması, yəni “duyğu”suzlaşmaq, “iztirabsız”laşmaq, həqiqətən də, acınacaqlı haldır. Allah Rəsulu şeytandan Allaha sığındığı kimi “qurumuş” gözdən də Allaha (c.c.) sığınır.

Kaş ki hər mömin əməlli-başlı qəlbinə yönəlib bu acı həqiqəti etiraf edə, “Nə elmim var, nə əməlim; nə xeyir yolunda itaətdə qaldı macalım. Nə gözümdə yaş, nə qəlbimdə dözüm, nə də iradədə taqətim var…” – deyə biləydi.

Və yenə kaş hər mömin özünü buna inandıra biləydi: “Mən bir heçəm. Əgər Allah-Təala (c.c.) mənə bəzi lütflər ehsan edibsə, bunlar mənim ləyaqətimə görə deyil, əksinə möhtac olduğuma görədir. Mənim bu möhtac halım Allahın (c.c.) mərhəmətini cəlb edir, bütün bu lütflər də, nemətlər də mənim acizliyimə  görə verilir.

Xəta və qüsurları düzəltmək üçün ilk yol qüsuru qüsur kimi  bilməkdir. Bu “bilməyi” daim bir ürpərti, haqq-hesaba çəkilmə düşüncəsi müşayiət etməlidir ki, insan qüsurlardan xilas olmağı bacara bilsin.




Şərh yaz