2. 284 dəfə oxunub ,   1 şərh   Çap et

Sual: “Haram aylar (onlara möhlət verilmiş zilhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Tövbə surəsi 9/5) ayəsini necə anlamalıyıq?

Cavab: Bu ayə son nazil olan ayələrdəndir. Ayə nazil olan vaxt müsəlmanlar müşriklərə qalib gəlmişdilər. Müşriklərdən iman etmələri istənilirdi. Ayə vasitəsilə onlara iman etmək və ya oradan başqa yerə köçmək üçün dörd ay möhlət verilmiş, Allah Rəsulu (s.ə.s) da “Ərəbistan yarımadasında iki dinin ola bilməyəcəyini” açıq-aşkar bildirmişdi.

Haqqında bu ayə nazil olan şəxslər iyirmi ildən çox idi ki, İslamın nurunu söndürməyə çalışıraraq, müsəlmanları yurd-yuvalarından didərgin salmış, üstəlik onlara hicrət elədikləri Mədinədə də rahat yaşamağa imkan verməmişdilər. Müsəlmanlarla bir neçə dəfə müharibə də etmiş, neçə-neçə səhabələri şəhid etmişdilər. Bütün bunlara baxmayaraq sülh tərəfdarı olan müsəlmanlar onlarla həmişə sülh bağlayırdı. Sülh müqaviləsini pozan tərəf də hər dəfə müşriklər olurdu. Artıq ya tövhid inancı qələbə çalacaq, ya da bütpərəstliyin sonu çatacaqdı. Son qərarı vermək zamanı gəlmişdi. Bu isə haram aylardan sonra ola bilərdi.    

Ayədəki “öldürmək” əmri son çarə olaraq düşünülməlidir. Öldürmə müharibənin qaçınılmaz nəticələrindən biridir. Bütün həll yolları sınaqdan çıxarılandan sonra əgər yenə də dediklərindən dönməsələr bu təqdirdə onlarla müharibə əmr edilmişdir. Bu ayədən sonrakı ayədə bildirilir ki, “Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!” (Tövbə surəsi 9/6). Burdan da görünür ki, İslama girmək, Haqqı qəbul etmək üçün aman diləyənlərə mütləq aman verilməlidir. Çünki, dini qəbul etməkdə məcburiyyət yoxdur.

Haqq dinin və tövhid əqidəsinin Məkkə xaricindəki bölgələrə, ordan da bütün dünyaya yayılması üçün Əhli-kitab və digər müşriklərdən fərqli olaraq Məkkə müşrilərinə belə davranılması istənilmişdir. Bu isə o demək idi ki, bundan sonra heç kim bütlərə sitayiş etməyəcək, Kəbəni çılpaq tavaf eləməyəcək, qız uşaqlarını diri-diri torpağa basdırmayacaq, hamı aləmlərin Rəbbi olan Allaha iman gətirəcək, Onun əmr və qadağalarına tabe olacaq. Üstəlik hər kəs axirət yurdu üçün yaxşı əməllər etməyə çalışacaq.

Nəticədə mələklərin belə qibtə edəcəyi möminlər nəsli yetişəcək və bunlar da İslamı bütün insanlığa təbliğ etməyə çalışacaqdılar.

“Yaxalayıb əsir alın” buyrulmaqla onları dərhal öldürməməyi tövsiyə edir. Bununla yanaşı onların olduqları yerdən kənarda sərbəst hərəkət etmələrinə, ora-bura getməyinə icazə verməməyi də buyurur. Bununla da Kəbə və ətrafı müşriklərdən əbədi təmizlənmiş olacaqdı.

Lakin onlar tövbə edib, şirkdən əl çəkərək, namaz qılıb zəkat verərək müsəlman olsalar qoyduğunuz qadağaları qaldırın, yuxarıdakı hökmlərin heç birini tətbiq etməyin və onları sərbəst buraxın. Çünki, Allah Ğafurdur, Rahimdir. İman gətirdikdən sonra əvvəllər işəldikləri – şirk, küfr və haqsızlıqları bağışlayar, üstəlik iman etdiklərinə görə onları savabla mükafatlandırar.

Müşriklər üçün iki yol vardı – biri ölmək və əsarət, digəri isə İslamı qəbul etmək. Əhli-kitab kimi cizyə verərək yaxalarını qurtara bilməyəcəkdirlər. Bu ayənin hikmətlərindən biri də şirkin, bütpərəstliyin kökünün kəsilməsi idi. Çünki Ərəbistan İslamın mərkəzi idi. Buna görə də şirkə aid nə varsa hamısı təmizlənməli idi. Ayənin nüzul hikmətlərini bu şəkildə anlamaq lazımdır.

Doğrusunu ancaq Allah bilir.



Açar sözləri

haram ay müşrik tövbə 5

1 şərh yazılıb
  1. Furqan , 19/02/2015 tarixində, saat 05:02

    Allah razı olsun

Şərh yaz

*