3. 734 dəfə oxunub ,   0 şərh   Çap et

Allah-Təala (cəllə cəlaluhu) və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) maddi və mənəvi təmizliyə çox əhəmiyyət vermişdir. İlk nazil olan ayədə “oxu” əmrindən sonra gələn ayələrdə birbaşa libas təmizliyi ilə bağlı əmrlər yer almışdır. Allah (cəllə cəlaluhu) Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) belə buyurur: “Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx və insanları xəbətdar et!! Rəbbinin ucalığını xatırla! Maddi və mənəvi kirlərdən təmizlən! Hər cür pis şeylərdən uzaqlaş!” (Müdəssirr, 74/1-5)

Məşhur müfəssir Almalılı Həmdi Yazır ayədə keçən siyab (paltar) sözünün “nəfs” və “qəlb” kimi mənalara da gəldiyini, bu baxımdan ayənin “özünü və qəlbini günahdan, haqsızlıqdan təmiz saxla, sözlərinin təsirli olmasına mane olan pis xasiyyətlərdən qaç, öyüdlərinin qəbulunu təmin edən gözəl əxlaqla süslən” şəklində mənəvi və əxlaqi təmizlik kimi də təfsir edilməsinin mümkünlüyünü vurğulayır. Almalılı göstərir ki, ayəni həqiqi, yəni paltar təmizliyi və ya zahiri təmizlik mənasında başa düşmək də olar. Böyük ehtimalla burada həqiqi mənada həm bədən, həm də paltar təmizliyi əmr edilmişdir.[1]

Bu vəziyyət, yəni həm maddi kirlərdən, həm də Allaha şərik qoşmaq, inkar etmək, ikiüzlülük kimi mənəvi kirlərdən təmizlənmək insani, islami və əxlaqi bir vəzifədir. Həm maddi, həm də mənəvi təmizliyə ayrılıqda işarə edən ayədə isə belə buyurulur: “Allah çox tövbə edənləri və çox təmizlənənləri sevər!” (Bəqərə, 2/222) Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də bu həqiqəti: “Allah təmizdir, təmizliyi sevər”, – sözü ilə dilə gətirmişdir.[2]

Allaha (cəllə cəlaluhu) qul olmağın, Onun hüzurunda durmağın və Onun sevgisini qazanmağın ilk şərti təmizlikdir. İslamın təməli, dinin dirəyi və möminin meracı olan namazın xarici şərti kimi təmizlik yenə ön plandadır. Allah (cəllə cəlaluhu) buyurur:

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. Başınızı məsh edib və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı da yuyun. Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)” (Maidə, 5/6) Bu ayədə həm də dəstəmaz fərz qılınmışdır.

Müsəlmanın bədəni ilə yanaşı geyindiyi pal-paltar, ibadət etdiyi yer, yaşadığı mühit də təmiz olmalıdır. Allah (cəllə cəlaluhu): “Ey Adəm oğulları! Hər ibadət vaxtı məscidə girəndə gözəl libaslarınızı geyinin!” (Əraf, 7/31) – buyurur.

Quran əxlaqına sahib olan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) hər mövzuda olduğu kimi, təmizlik mövzusunda da bizə ən gözəl nümunədir. O, ömrü boyu təmizliyə xüsusi diqqət yetirmiş, məcsidə və məclisə gedəndə, camaat qarşısına çıxanda təmiz və gözəl geyinməyə, gözəl ətir vurmağa çalışmış, soğan və sarımsaq kimi narahatedici şeyləri yeməkdən çəkinmişdir. “Ətrafınızı təmiz saxlayın”[3] deyə bizə nəsihət vermiş, ümumi istifadə edilən yerlərin təmiz saxlanılmasını istəmişdir. Bir hədisində: “İki lənətlənmiş şeydən çəkinin,” – demiş, səhabələr: “Ya Rəsulullah, o iki şey nədir?” – deyə soruşmuşdular. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “İnsanların gəlib-getdiyi yolu və kölgələndiyi yeri murdarlamaq”[4] – cavabını vermişdir.

Maddi və mənəvi hər cür təmizliyə diqqət etməli, ətrafımızı tə­miz saxlamalıyıq. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) təmizliyin imanın yarısı olduğunu bildirmiş[5], heç olmasa həftədə bir dəfə bədən təmizliyini məsləhət görmüşdür.[6]

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) öz təmizliyinə əhəmiyyət vermiş, istər gecə, istərsə də gündüz yatmadan əvvəl və qalxanda mütləq ağız-burnunu,[7] dişlərini təmizləmiş, dəstəmaz almışdır.[8] Diş­ləri təmizləməyin Allahın (cəllə cəlaluhu) xoşuna gələn bir iş olduğunu buyuran Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)[9] yuxudan duranda ilk olaraq əlləri yumağın vacibliyini­ də bildirmişdir.[10] Eyni zamanda, yuduğu mübarək əzalarını dəsmalla qurulamışdır.[11]

Təmizlik İslamın xüsusi əhəmiyyət verdiyi dini vəzifə və sağlam həyatın əsas şərtlərindən biridir. Təmizlik (təharət) deyəndə həm maddi, həm mənəvi kirlərdən, həm də hədəsdən təmizlik nəzərdə tutulur. Təmizliyin ən geniş yayılmış təbii şəkli su ilə təmizlənmədir. Fiqh kitablarında suyun təmiz və təmizləyici olması mövzusuna xüsusi diqqət verilmişdir. Qurani-Kərimdə Allahın (cəllə cəlaluhu) insanı və digər canlıları sudan yaratması (Ənbiya, 21/30), təmizlik də daxil olmaqla, bir çox hikmətə əsasən, göydən su endirməsi (Furqan, 25/48) göstərilərək suyun yer kürəsində həyati əhəmiyyətinə və ən başda təmizlik vasitəsi olmasına işarə edilmişdir.


[1]. Almalılı H. Y., Hak dini Kuran dili, c.9,

[2]. Tirmizi, Ədəb, 41.

 [3]. Tirmizi, Ədəb, 41.

 [4]. Müslim, Təharət 68; Əbu Davud, Təharət 15; Əhməd ibn Hənbəl, Müsnəd 2/372.

 [5]. Müslim, Təharət 1, Tirmizi, Daavat 86; Əhməd ibn Hənbəl, Müsnəd, 4/260, 5/342, 343, 344, 363, 370, 372; Darimi, Vudu 2.

 [6]. Müslim, Cümə 9.

 [7]. Müslim, Təharət, 20, 21, (237)

[8]. Əbu Davud, Təharət 27, 30, (51, 56, 57); Müslim, Təharət 45, (253); Nəsayi, Təharət 8,(1, 13).

 [9]. Nəsayi, Təharət 5, (1, 10).

 [10]. Buxari, Vudu 26; Müslim, Təharət 87, (278); Muvatta, Təharət 9, (1, 21); Əbu Davud, Təharət 49, (103, 104, 105); Tirmizi, Təharət 19, (24); Nəsayi, Təharət 1, (1, 6, 7).

 [11]. Tirmizi, Təharət 40, (53).

 



Açar sözləri

ədəb

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.


Şərh yaz