Aylıq namaz vaxtları
4. 675 dəfə oxunub ,   0 şərh   Çap et

Bu mövzu ilə əlaqədar birbaşa hökm vermək yanlış mənalara gələr deyə, əvvəlcə mövcud hədisləri qısaca qeyd edib, daha sonra məsələni ümumi şəkildə dəyərləndiməyə çalışaq. Saç kəsməklə bağlı Peyğəmbərimizdən (sallallahu əleyhi və səlləm) gəlib çatan hədislər:

İbn Ömərin (radiyallahu anh) rəvayətinə görə, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir uşağın saçının bir hissəsinin taraş edildiyini, digər qisminin olduğu kimi qaldığını gördü. Dərhal bunu qadağan etdi və belə buyurdu: “Ya hamısını taraş edin, ya da hamısını olduğu kimi saxlayın!”[1]

Yenə İbn Ömərdən (radiyallahu anh) rəvayət edildiyinə görə, Rəsulullah (sallallahu əleyhi və səlləm) yarım taraşı, yəni başın bir qismini taraş edib digər qismini saxlamağı qadağan etdi.[2]

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) uşaqların taraş olunması ilə də maraqlanmışdır. Abdullah ibn Cəfərdən (radiyallahu anh) rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz. Cəfərin vəfatından üç gün sonra onun ailəsinin yanına gəlib: “Bu gündən artıq qardaşım üçün ağlamayın”, – buyurdu. Sonra da “Qardaşımın oğullarını yanıma çağırın”, – dedi. Bizi Onun hüzuruna gətirdilər. Biz quş balalarına oxşayırdıq.  Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Bura dəlləyi çağırın!” – dedi və başımızı taraş etməyi tapşırdı.[3]

Qız uşaqlarının saç kəsməsi haqqında da Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) əmri vardır. Hz. Əsmadan (radiyallahu anh) rəvayət edildiyinə görə bir qadın Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib:

– Ya Rəsulullah! Mənim qızım çiçək xəstəliyinə tutuldu və saçları töküldü. Mən onu ərə verdim. Onun başına başqa saç əlavə edim? – dedi. Rəsulullah (sallallahu əleyhi və səlləm):

– Başqa saç əlavə edənə də, etdirənə də Allah lənət etsin! – buyurdu.[4]

Bu hədislər məsələy ə baxışı qismən də olsa müəyyənləşdirmək də əhəmiyyətlidir. Ancaq mövzunu bir İslam mütəfəkkirinin  fikirləri ilə izah etmək daha faydalı olar:

“Bir qisim siyər kitablarında da bildirildiyi kimi, çox səhabənin uzun və hörüklü saçları olub. Bəziləri onu başının üstündə yumaq şəklində yığardı. Buxarinin verdiyi bir hədis bunu təsdiq edir: Həcc vaxtı Peyğəmbərimiz saçlarını yumaq kimi yığan bir nəfər görür və saçının da səcdədən öz nəsibini götürməsi üçün saç­larını açmağı tövsiyə edir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) nə Həzrət Əbu Bəkirə, nə Həzrət Ömərə, nə də Həzrət Osmana – onların hamısının saçı uzun idi – “saçlarınızı kəsin!” deməmişdir. Məlum olduğu kimi Məkkə fəthindən sonra çoxlu qənimət alanlar yumuşalmış və İslamı qəbul etmişdi. Həmin vaxt onların əyinlərində kafir paltarı, başlarında isə kafir sarğısı vardı. Pey­ğəmbərimiz (sallallahu əleyhi və səlləm) onları belə əyinlərindən çıxarılmasını istəməmişdi. Həm də Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə bir hərəkəti eləmək istəsə idi, bu, formallıq olardı.

Bəli, zahiri görünüş və qəlib İslamda əsas deyil, ikinci dərəcəli mə­sələdir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) kafirləri təqlid etməməkdə həssaslıq göstərməsi müasir dövrdə saçının bir hissəsini kəsdirib bir hissəsini saxlayanlara, saçlarını çirkin biçimdə kəs­dirənlərə bir xəbərdarlıq mahiyyəti daşıya bilər.  Tirmizi başda olmaqla bəzi hədis mənbələrinin “Şəmail” qismində qeyd edildiyi kimi, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Məkkədə saçlarını adət üzrə darasa da, daha sonra müşriklərə bənzəməsin deyə önünü ön tərəfə, sağını sağ tərəfə, solunu sol, arxa qismini də arxa tərəfə doğru daramışdı. Mədinəyi-Münəvvərəyə hicrəti zamanı xristian və yəhudilərin – Romanın tarixi rəsm və filimlərində göründüyü kimi – saçlarını alınlarına qədər uzatdığını görəndə, bu səfər saçlarını ortadan ayırıb sağa və sola daradı. Ehtimal ki, o dövrdə  bəziləri saçlarının sağ və sol tərəfini kəsib başın ortasında saç saxlayırdı. Bu isə kimlərəsə bənzəmək demək idi. Ona görə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Kim bir qövmü (xalqı, milləti) təqlid edərsə, o, onlardandır” düsturu ilə hərəkət etmişdi.

İnsanın zahiri görkəminə baxanda mükəmməl yaradıldığı­nı gör­mək çətin deyildir. Bəli, onun bədən quruluşu, elə həndəsi, elə riyazi incəliklərə görə xəlq edilmişdir ki, baxıb heyrət etməmək olmur. Belə mükəmməl yaradılan insanın xarici görkəmini də­yişdirməsi hər halda doğru deyildir, fitrətinə ziddir. Allah Rəsulu (sal­lallahu əleyhi və səlləm) bir səhih hədisində: “Allah nemətlərinin əsə­rini (əlamətini, nişanəsini) bəndəsinin üzərində görmək istəyir” – bu­yurur. Beləliklə, insan fitrətinə zidd saç kəsiminin doğru olmadığını demək yanlış deyildir. Amma müasir dövrdə yersiz müdaxilələr bəzən dərindən inanan insanları belə sarsıdır.  Bu baxımdan, hər kəs özünü Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yerinə qoymamalı və “saçını kəs, paltarını düzəlt!” kimi sözlər deməməlidir. Bunlar mütləq söylənilməli sözlər deyil. Söyləyərsiniz, o insan da gedər və bəlkə də, bir daha düşüncə dünyamıza qayıtmaz.”[5]

 


[1]. Əbu Davud, Tərəccül, 14.

[2]. Buxari, Libas 72, Müslim, Libas 72; Əbu Davud, Tərəccül, 14; Nəsai, Zinət, 5, İbn Macə, Libas, 38; Əhməd ibn Hənbəl, Müsnəd, 2/39, Hədisi Əbu Hənifə həzrətləri də rəvayət etmişdir. Bax. Zəbidi, Uqudul-cəvahir, 2/156.

 [3]. Əbu Davud, Tərəccül, 13; Nəsayi, Zinət, 57; Əhməd ibn Hənbəl, Müsnəd, 1/204.

 [4]. Buxari, Libas, 85, Müslim, Libas 115; Əbu Davud, Tərəccül 5, Libas 25; Nəsayi, Zinət, 22-24, İbn Macə, Nikah, 52; Əhməd ibn Hənbəl, Müsnəd, 2/21.

 [5]. Prizma-4, s. 119-123.

 



Açar sözləri

ədəb saç təraş

Bənzər məqalələr

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.

Yemək ziyafətlərinə və dəvətlərə getmə ədəbi

Qurani-Kərimdə “Ey iman edənlər! Yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan), vaxt-bevaxt Peyğəmbərin evinə girəyin!


Şərh yaz