Aylıq namaz vaxtları
6. 230 dəfə oxunub ,   0 şərh   Çap et

Üç ayların – rəcəb, şaban və ramazanın özünəməxsus gözəlliyi var. Rəsulullah (s.ə.s) bir hədisində üç aylarda belə dua etməyi tövsiyə etmişdir:

“Allahım! Rəcəb və şabanı haqımızda xeyirli-bərəkətli eylə, bizləri Ramazana qovuşdur”.[1]

Ramazan ayı, Qədir gecəsi, cümə günü və üç aylar kimi xüsusi zamanlar insanın bağışlanma diləməsi, əfv və məğfirəti üçün bir vəsilədir.

Şaban ayı ramazana hazırlıq ayıdır!

 Ənəs ibn Malik (r.a) nəql edir ki, Peyğəmbərimizə (s.ə.s.): “Ya Rəsulallah! Ramazandan başqa oruc tutmaq üçün ən fəzilətli ay hansıdır?” – deyə soruşdular. Allah Rəsulu (s.ə.s) belə cavab verdi: “Ramazanı təzim üçün (ramazan hörmətinə) Şaban ayında tutulan orucdur”.[2]

Həzrət Aişə (r.anha) bəzi illərdə Allah Rəsulunun (s.ə.s) şaban ayı boyu bir ay oruc tutduğunu nəql edir. [3] Ancaq Rəsulullah (s.ə.s.) bəzi hədislərində insanlara güclərinin çatmadığı yükün altına giməməyi tövsiyə etmişdir. Hətta bir hədisində ramazan ayında güclü və gümrah olmaq üçün şabanın ikinci on beş günlüyündə oruc tutmamaq lazım gəldiyini bildirmişdir.

Şaban ayında oruc, namaz, sədəqə gibi ibadətlərlə yanaşı Allah rizasını qazanmaq üçün edilən işlər ramazan ayına fiziki və mənəvi hazırlıq mahiyyətindədir. Bəzi insanlar,”Necə olsa, ramazanda daha çox ibadət edərəm” deyərək qəflət və tənbəlliyə düşə bilər. Şabanda edilən bu tərz nafilə ibadətlər ramazana hazırlıq məqsədi daşıyır.

Bir dəfəsində Üsamə ibn Zeyd (r.a) Rəsulullaha (s.ə.s) soruşur: “Ya Rəsulallah, şaban ayında tutduğunuz qədər heç bir ayda oruc tutduğunuzu görmədim.”

Bunun üzərinə Peyğəmbər (s.ə.s) belə buyurdu:

“Rəcəb və ramazan ayları arasında içində olduğumuz şaban ayında insanlar qafil davranır. Bu elə bir aydır ki, əməllər aləmlərin Rəbbinə bu ayda yüksəldilir. Mən oruclu ikən əməllərimin yüksəldilməsini sevirəm.”[4]

Şaban ayı ramazana hazırlıq ayıdır.  İstəyənlər şaban ayının bazar ertəsi və cümə axşamı günləri nafilə və ya qəza orucu tuta bilər. Yəni, şaban ayının feyz və bərəkətindən faydalanmaq üçün bu ayda nafilə ibadətlər edilə – Quran oxuna, istiğfar, zikir, salavat çəkilə bilər.

Bəraət gecəsi

 Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Bəraət gecəsi Şaban ayının 15-ci gecəsidir. Rəsulullahdan (s.ə.s.) bu gecəyə məxsus nəql olunan xüsusi ibadət şəkli yoxdur.

Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər. Bu haqda bir hədisdə belə buyrulur:

“Şaban ayının on beşinci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruc tutun. Çünki, Uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edir və “Yoxdurmu tövbə edən ki, tövbəsini qəbul edim. Yoxdurmu ruzi istəyən ki, ruzisini verim. Yoxdurmu şəfa istəyən ki, şəfa verim. Başqa istəyi olan yoxdurmu ki, ona istədiyini verim.””[5]

Bu hədisin sənədi rəvayət zəncirindəki ravilərdən biri hədis alimləri tərəfindən zəif qəbul edilir. Ancaq digər rəvayətlər bunu dəstəkləyir.

Həzrət Aişə (r.anha) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu  nəql edir: “Allah Təala şaban ayının on beşinci gecəsi dünya səmasını rəhmət, məğfirət və lütfləri ilə doldurar. Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayından çox insanı bağışlayar.”[6]

Muaz ibn Cəbəl Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: “Allah Təala Şaban ayının on beşinci gecəsi xüsusi rəhmət və məğfirət edər. Müşrik və müsəlman qardaşına kin bəsləyən xaricindəki bir çox insanı bağışlayar”.[7]

Başqa hədisdə isə Peyğəmbərimiz (s.ə.s) Allahın bu gecədə möminləri bağışladığını, kafirlərə möhlət verdiyini bildirmişdir.[8]

Hədislərdə vurğulanan əsas xüsus bu gecənin əfv və məğfirət gecəsi olduğudur. Ancaq Allaha şərik qoşan, təkəbbür və qürura məğlub olan, möminlərə kin və nifrət bəsləyənlərin bu bərəkətdən və feyzdən məhrum olacağına işarə edilir. Həmçinin başqa rəvayətlərdə zina edən[9] və adam öldürənin[10] də bu gecədə təyin olunan əfv və məğfirətdən məhrum qalacağını bildirilir.

İmam Şafei həzrətləri də beş gecədə edilən dualara cavab veriləcəyini bildirmişdir ki, həmin gecələr cümə, ramazan və qurban bayramı gecələri, rəcəb ayının ilk və şabah ayının on beşinci gecəsidir.[11]

Bu gecədə cərəyan edən hadisələr Allah Rəsulu (s.ə.s) Həzrət Aişəyə (r.anha): “Bu gecədə nələr olduğunu bilirsənmi?”˗ deyə soruşmuş, ardınca da: “Bu gecədə il ərzində kimlərin doğulub və öləcəyi yazılır (Lövhi-məhfuzdan siyahısı çıxarılır), saleh əməllər mələi-əlaya yüksəldilir, maddi-mənəvi ruzi-bərəkət endirilir.”˗ demişdir.[12]

Həzrət Ömər (r.a), Abdullah ibn Məsud (r.a) və bəzi mənəviyyat böyüklərinin Bəraət gecəsi bu duanı oxuduğu nəql olunur:

“Allahım, bizi şakilər (Sənə üsyan edən) olaraq yazmışsan oradan adımızı sil; bizi səidlər (həqiqi möminlər) zümrəsinə yaz. Əgər bizi səidlər zümrəsində yazmışsan, adımızı orada sabit eylə. Şübhəsiz ki Sən dilədiyini silər, dilədiyini də saxlayarsan. Zatən Ummul-Kitab (Əsas kitab-Qədər proqramı) Sənin dərgahındadır.”[13]

Bu günü bir vəsilə bilərək bu gün dünyanın dörd bir tərəfində zülmə uğrayan, bir çox məhrumiyyətlər yaşayan müsəlman qardaşlarımız üçün dua edə bilərik. Üzərimizə kabus kimi çökən qəflət pərdəsini sıyıraraq ramazana hazırlana bilərik.

Unutmayaq! Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, şaban meyvələrin yetişməsi, ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.


[1] Əhməd ibn Hənbəl, Müsnəd, I, 259
[2] Tirmizı, Zəkat 28
[3] Buxari, Savm 51.
[4] Nəsəi, Savm 70
[5] İbn Macə, Sünən, İqamətus salət, 191; Əhməd ibn Hənbəl, Müsnəd, II, 258.
[6] Tirmizi, Savm, 39; İbn Macə, iqamə, 191; Əhməd b. Hənbəl, Müsnəd, 6/238.
[7] Təbərani, Mucəmul-Kəbir, 20/108; Əvsat, 7/36; İbn Macə, İqamə, 191.
[8] Təbərani, Mucəmul-Kəbir, 22/224; Beyhəqi, Sünəni Suğra, 3/431.
[9] Beyhəqi, Şuabul-İman, 3/179
[10] Əhməd ibn Hənbəl, Müsnəd, 2/176
[11] Münavi, Feyzul-Qadir, 3/454; İbn Həcər, Təlhisul-Xabir, 2/80
[12] Əliyyül-Qari, Mirqatul-Məfatih, 3/346
[13] Əliyyül-Qari, Mirqatul-Məfatih, 3/350; Təbəri, Təfsir, Duxan surəsi, 3-cü ayənin təfsiri.

 




Bənzər məqalələr

Aşura orucu

Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır.

Zilhiccə ayında oruc tutmaq

Rəsulullah (s.ə.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Şəvval orucu

Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.


Şərh yaz

*