Aylıq namaz vaxtları
458 dəfə oxunub ,   0 şərh   Çap et

Həzrət Muhamməd anası Əminəni altı yaşında itirmişdir. Yəqin ki, anası yaşasaydı ömrü boyu ona hörmət edərdi. Quran və hədislərdə valideynlərlə əlaqəli müəyyən əmr və tövsiyələr var. Valideynləri yaşasaydılar Rəsulullah (s.a.s.) onlarla məhz Quranda buyurulduğu kimi rəftar edəcəkdi.

Bu xüsusda Quran və hədislərdə yazılanlara qısaca nəzər salaq:

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin![1]

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik…[2]

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.[3]

Rəsulullah (s.a.s.) bu haqdakı hədislərindən bəziləri bunlardır:

Allahın rizası valideynlərin razılığında, qəzəbi də onların qəzəbindədir.[4]

Böyük günahların ən pisi Allaha şərik qoşmaq və ana-ataya qarşı gəlməkdir.[5]

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.[6]

Cənnət anaların ayaqları altındadır.”[7]

İnsanın Cənnətə getməyinə səbəb olan ən yaxşı əməl valideynlərə yaxşılıq etməkdir.[8]

Ayə və hədislərdən də göründüyü kimi İslam valideynlərə xüsusilə anaya sevgi və hörmətə böyük əhəmiyyət verir.

Peyğəmbərimizin (s.a.s.) həyatından ana sevgisi ilə əlaqəli bəzi nümunələr:

Rəsulullah (s.a.s.) Hüdeybiyyəyə ümrə ziyarəti üçün gedərkən anasının dəfn olunduğu Əbva adlı yerdə dayandı. Anasını qəbrini ziyarət elədi. Ziyarət əsnasında qəbrin üstünü əli ilə düzəltdi. Bu vaxt gözləri yaşardı. Onun ağladığını görən bəzi səhabələr də ağlamağa başladılar. Səhabələrdən biri Rəsulullaha nə üçün ağladığını soruşdu. Peyğəmbərimiz (s.a.s.) ona belə cavab verdi:

Anamın mənə olan şəfqət və nəvazişi yadıma düşdü. Buna görə kövrəldim.”[9]

Həzrət Muhamməd anadan olanda Əbu Ləhəbin cariyəsi Süveybə bir həftə ona süd vermişdi. – Dinimizə görə süd anası ana hökmündədir.- Rəsulullah (s.a.s.) ömrü boyu onu xeyirlə anmış və yaxşılıq etmişdir. Hətta Süveybəni cariyəlikdən azad etmək istəmiş, lakin Əbu Ləhəb buna razı olmamışdı. Mədinəyə hicrət edəndən sonra da ona həmişə ərzaq göndərər, salam və dualarını çatdırar və hal-xətrini soruşardı. Rəsulullah Süveybəyə olan diqqəti o dünyadan köçənə qədər davam etmişdir.[10] 

Rəsulullahın (s.a.s.) süd anası Həlimə bir dəfə Məkkəyə gəlmişdi. Rəsulullaha qıtlıq baş verdiyini, heyvanların tələf olduğunu dedi. Rəsulullah (s.a.s.) bu vaxt həzrət Xədicə ilə ailəli idi. Həzrət Xədicənin isə imkanları yaxşı idi. Rəsulullah (s.a.s.) Həliməyə 40 qoyun və bir dəvə verdi.[11]

Yenə bir dəfə süd anası Həlimə Rəsulullahın yanına gəlmişdi. Rəsulullah (s.a.s.) onu görəndə ayağa qalxaraq: “Anacan! Anacan!” dedi. Əbasını yerə sərərək ona yer verdi.[12] O dövrün adət-ənənəsinə görə, bu sevilən və əziz qonağa edilən hörmətli davranış sayılırdı.

Rəsulullahın (s.a.s.) baxıcısı (dayəsi) olan Ümmü Eymən Bərəkəni də xatırlamaq yerinə düşər. Allah Rəsulu (s.a.s.) uzun müddət qulluğunda dayanan bu qadının xətrini çox istəyər və ona hörmət edərdi.

Vaxtaşırı ona “Sən mənə ikinci ana kimisən” deyərdi.[13] Rəsulullahın (s.a.s.) Bu xitabı baxıcısı Ümmü Eyməni nə qədər sevdiyini, özünə anası qədər yaxın bildiyini göstərir. Nəzərə alsaq ki, Ümmü Eymən cariyə statusunda olan bir qadın idi. Bu təqdirdə Rəsulullahın (s.a.s.) ona “ana” deyə xitabını daha yaxşı anlamaq olar. O dövrdə cariyələr bir çox insani haqlardan məhrum idilər. Məhz belə bir cəmiyyətdə Allah Rəsulu (s.a.s.) ona anası qədər yüksək dəyər verməsi düşündürücüdür.

Rəsulullaha (s.a.s.) baxanlardan biri də əmisi Əbu Talibin həyat yoldaşı, Həzrət Əlinin (r.a) anası Fatimə bintu Əsəd olmuşdur. Həzrət Muhamməd 8 yaşından etibarən əmisinin himayəsində olmuşdur. Fatimə Muhammədə öz övladı kimi nəvaziş göstərmişdir. Əbu Talibə rəğmən İslamı qəbul etmişdir.

Allah Rəsulu (s.a.s.) ömrü boyu Fatimə bintu Əsədin hörmətini saxlamışdır. Onu tez-tez ziyarət edərək, hal-xətrini soruşmuşdur. Fatimə dünyadan köçəndə “anam vəfat elədi” demiş və əbasını kəfən olaraq vermişdir. Üstəlik onu öz əlləri ilə dəfn etmişdir.

Ətrafındakılar Fatimə bintu Əsədin vəfatına olan doğma münasibətin səbəbini soruşduqda onlara belə cavab vermişdir:

Əbu Talibdən sonra mənə bu qadın qədər yaxşılığı dəyən yoxdur. Axirətdə Cənnət paltarları geyinsin deyə ona öz paltarımı kəfən olaraq verdim. Qəbrə uyğunlaşsın deyə onunla birgə qəbirə uzandım.

Nitqinin davamında dedikləri çox ibrətamizdir:

O mənə ana kimi idi. Öz uşaqları ac olduğu halda, məni yedirər, saçımı darayar və mənə analıq edərdi.[14]

Sadalananlardan hərəkətlə deyə bilərik ki, aləmlərə rəhmət olaraq göndərilən həzrət Muhamməd anaya xüsusi dəyər vermişdir. Başda doğma anası olmaqla ona baxanlara da lazımi hörmət və sayğını göstərmiş, diqqətini əsirgəməmişdir. Bütün bunlar Rəsulullahın (s.a.s.) ana sevgisinin nə qədər güclü olduğunu göstərir.  

Xülasə, Rəsulullahın (s.a.s.) ana sevgisi bütün möminlər üçün ən gözəl nümunədir. Bu nöqteyi-nəzərdən ən gözəl Nümunəni (s.a.s.) örnək götürmək ana və ana əvəzi olanlara lazımi hörməti göstərmək bir mömin üçün şərəf sayılmalıdır. Analarına qarşı biganə olanlar isə Rəsulullahın ana sevgisi haqqında düşünməli və bunun təzahürlərini həyatlarında göstərməyə çalışmalıdırlar.

Əgər anamız sağdırsa, imkan daxilində ona sevgi və sayğılarımızı bildirməli, qulluğunda dayanmalıyıq. Anamız həyatda deyilsə, onu rəhmətlə anmalı, axirətdə onun üçün xeyirli olacaq faydalı əməllər işləməyə çalışmalıyıq.


[1] Nisa, 4/36.
[2] Loğman, 31/14.
[3] İsra, 17/23-24.
[4] Tirmizi, Birr və sıla, 3.
[5] Tirmizi, Birr və sıla, 4.
[6] Buxari, Ədəb 2; Müslim, Birr 1.
[7] Nəsai, Cihad, 6.
[8] Tirmizi, Birr, 3.
[9] İbn Sad, Təbəqatul-kübra, I, 117.
[10] İbn Əsir, əl-Kamil fil tarix, I, 459; İbn Sad, Təbəqat, I, 109.
[11] İbn Sad, Təbəqat, I, 113.
[12] İbn Sad, Təbəqat, I, 113-114.
[13] Mövlana Əbdülbaqi, Məalimul-yəqin, 25.
[14] Əhməd ibn Əbi Yaqub ibn Cəfər, Tarixul-yəqubi, II, 14.



Bənzər məqalələr

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.

Kimlərlə evlənmək olmaz?

İslam dininə görə, ailə qurmaq insanın əsas haqlarından biridir. Dinimiz evliliyə təşviq etmişdir. Ancaq dinimizə görə, müəyyən şəxslərlə evlənmək haramdır.


Şərh yaz

*