1. 890 dəfə oxunub ,   0 şərh   Çap et

Cahan Allah Rəsulunun qadına verdiyi yüksək dəyərə nə ondan əvvəl, nə də sonra şahid olmamışdır. O, bir gecə qalxıb bir zövcəsinin xətrini soruşdumu, dərhal digər xanımlarına da bir-bir baş çəkib hal-əhval tutardı. Birini o birindən ayırmazdı.[1] Hamı kimi xanımları da özlərini Allah Rəsulunun yanında ən sevimli sanırdı. Bu da Onun sonsuz mürüvvətinin bəhrəsi idi. Ancaq qəlbin meyillərinə hakim olmaq, ürəyə hökm etmək bir insan üçün müşkül idi, bu çətin işi Ondan da gözləmək doğru olmazdı. Allah Rəsulu buna görə də  qəlbin meyillərindən Allaha sığınırdı:

“Qeyri-iradi olaraq birini digərlərindən çox sevə bilərəm ki, bu da haqsızlıq olar. Onun üçün də ey Rəbbim, bu gücüm çatmayan işdə Sənin mərhəmətinə sığınıram…”[2]

Aman Allah! Bu, nə incəlik, bu nə zərafətdir! Sizdən soruşuram: Siz qızlarınız və ya oğlanlarınız arasında bu qədər incəliyə riayət edə bilmisinizmi? İcazənizlə, “Xeyr!” cavabını  sizlərin adından özüm verirəm. Bəli, “Yüz min dəfə, “Xeyr!” “Xeyr!” bir yana qalsın, biz nə vaxtsa qəlbimizin meyillərini gizləməyi bacaranda bunu bir mərifət bilir, güclü iradənin göstəricisi sanır, hətta bəzən bu “fəzilətimizdən” ağızdolusu danışırıq da. Halbuki Allah Rəsulu qəlbində belə meyillər baş qaldırar deyə, Haqq-Təaladan bağışlanma diləyirdi.

Onun bu incəlik və zərafəti xanımlarının ruhuna, varlığına elə sirayət etmişdi ki, ayrılığı bitib-tükənməyən hicran və həsrətə dönmüşdü. Bəlkə də, İslam intiharı qadağan etdiyinə görə canlarına qıymırdılar, amma Allah Rəsulunun gedişindən sonra həyat onlar üçün sonu görünməyən bir iztiraba, əzaba çevrilmişdi. Əslində, Allah Rəsulu təkcə xanımları ilə deyil,  bütün qadınlarla nəzakətli və incə rəftar edir, bu cür rəftarı da hər kəsə məsləhət görürdü. Verdiyi tövsiyələri xanımları ilə münasibətində əməli şəkildə ortaya qoyurdu. Onun bu incə rəftarını Buxarinin kitabında da görürük:

Hadisəni bizə Sad ibn Əbi Vəqqas Həzrət Ömərdən nəql edir: “Bir gün Allah Rəsulunun hüzuruna girdim. Baxdım ki, təbəssüm edir. “Allah Səni əbədiyyən güldürsün, ya Rəsulullah, niyə gülürsünüz?” – dedim. Təbəssümlə bu cavabı verdi: “Bu qadınların halına gülürəm. Mənim yanımda oturub danışırdılar. Sənin səsini eşidən kimi, hərəsi bir yerə qaçıb gizləndi.” Allah Rəsulunun cavabını eşidəndə bərkdən dedim: “Ey nəfslərinin düşməni! Demək, məndən qorxursunuz, amma Allah Rəsulundan çəkinmir, Onun yanında hörmətsizlik edirsiniz, eləmi?”. Mənə bu cavabı verdilər: “Sən sərt və zəhmlisən!”[3]

Əslində Həzrət Ömər də qadınlarla sərt rəftar etmirdi. Ancaq ən gözəl insan Həzrət Yusiflə müqayisədə çirkin göründüyü kimi, Həzrət Ömərin incəlik və zərifliyi də Allah Rəsulunun zərafətinin yanında “sərtlik” şəklində görünürdü. Bu nisbi hökm Həzrət Ömərin Allah Rəsulu ilə müqayisə edilməsindən irəli gəlirdi. Halbuki heç kimi Onunla müqayisə etmək mümkün deyildi…

Bəli, onlar Allah Rəsulunun yumşaqlığına, incəliyinə və zərifliyinə alışmışdılar. Ona görə də Həzrət Ömərin davranışları onlara sərt gəlirdi. Halbuki, Həzrət Ömər (r.a.) peyğəmbərliyə aid xilafət yükünü daşımağa layiq böyük səhabələrdən idi. Son dərəcə həssas və ədalətli ömür yaşayacaq, peyğəmbərlərdən sonra ən gözəl nümunələrdən olacaqdı.. və vaxt-vədəsi yetişincə oldu da… O, bütün hərəkətlərində haqpərəst olmaq üçün dəridən-qabıqdan çıxır, əyrini əyri, doğrunu doğru görüb göstərmək üçün əlindən  gələni edirdi…

Onun xarakteri sahibini xəlifəlik kimi məsuliyyətli bir məqama çəkib aparacaqdı. Bu xarakter başqalarına sərt görünə bilərdi. Halbuki Həzrət Ömər xəlifəlik kimi ağır bir vəzifənin öhdəsindən  ancaq bu cür mətin xarakterlə gələcəkdi və gəldi də.

Xanımları ilə məsləhətləşməsi

Allah Rəsulu xanımları ilə oturub danışır, hətta bir dost kimi­ bəzi məsələləri onlarla müzakirə edirdi. Əslində Rəsulullahın zövcələrinin fikrinə qətiyyən ehtiyacı yox idi, çünki hər şeyi bilən Alim Allah vəhylə Rəsuluna yol göstərirdi. Ancaq O, ümmətinə bu əxlaqı da öyrətməli idi. Bəşəriyyət İslamın təşrifinədək qadını insan yerinə qoymurdu, Rəsulullah isə onu layiq olduğu məqama yüksəldəcəkdi. Bunu həyata keçirməyə də əvvəlcə öz ailəsindən başlayırdı.

… Və bir nümunə

Hüdeybiyyə müqaviləsi müsəlmanların izzəti-nəfsinə bərk toxunmuşdu. Heç kimdə yerindən tərpənməyə macal qalmamışdı. Bu vaxt Allah Rəsulu ümrəyə niyyət edənlərə qurbanları kəsməyi və ehramdan çıxmağı əmr etdi. Ancaq səhabələr: “Görəsən, verilən qərarda bir dəyişiklik olacaqmı?” – deyə düşünüb gözlədi. Allah Rəsulu əmrini bir daha təkrar elədi. Lakin səhabələr yenə də ümidlə gözləyirdi… Bu, əsla Allah Rəsulunun əmrlərinə qarşı çıxmaq deyildir. Onlar fərqli bir əmr gözləyirdilər, çünki Kəbəni təvaf etmək niyyəti ilə yola çıxmışdılar. Hüdeybiyyə müqaviləsinin icrasına başlamadan, bəlkə də, bir dəyişiklik etmək  mümkündü.

İki Cahan Sərvəri səhabələrin vəziyyətini hiss edib dərhal çadırına girdi və xanımı Ümmü Sələmə anamızla məsləhətləşdi. Belə yerdə danışıb fikir bildirmək lazım idi. O ağıllı və uzaqgörən qadın da fikirlərini dilə gətirməkdən çəkinmədi, amma bilirdi­ ki, Allah Rəsulu onun məsləhətlərinə qətiyyən möhtac deyil. Rəsulullah bu məşvərət vasitəsilə bizə ictimai dərs verirdi. Yəni bu kimi hallarda qadınlarla məşvərət etməkdə heç bir qəbahət yoxdur.

Ümmü Sələmə anamız Allah Rəsuluna bu sözləri dedi: “Ya Rəsulallah! Əmrini bir də təkrar etmə. Birdən yerinə yetirməz və  məhv olarlar. Ancaq Sən öz qurbanlarını kəs və onlara bir şey demədən ehramdan çıx. Verdiyin əmrin qəti olduğunu başa düşüb istər-istəməz Sənə itaət edəcəklər.”

Allah Rəsulu da belə düşünürdü. Dərhal bıçağını əlinə aldı, çadırından çıxaraq öz qurbanlarını kəsməyə başladı. Bir neçə qurban kəsmişdi ki, səhabələr də tərpənib qurbanlarını kəsməyə yollandı. Artıq verilən qərarın dəyişməyəcəyini anlamışdılar.[4]

Soruşmadan keçə bilməyəcəyəm: Hansımız qadınlara bu cür iltifat göstərə bilmişik? Neçə dövlət başçısı ən təhlükəli hallarda xanımı ilə məsləhətləşir? Neçə kişi ailə başçısı olaraq, xanımının fikrini soruşur? Sualları çoxaldıb bütün ictimai təsisatlara yönəldə bilərik. İslamın qadını kölə etdiyini söyləyən bütün bədxahlar qoy gözlərini açıb yaxşı-yaxşı baxsınlar! Görəsən, hansı feminist bu səviyyəyə çata bilmişdir?

Bəli, hər bir gözəl məziyyət və fəzilət kimi məsləhət-məşvərətin təməlləri də peyğəmbər ailəsində atılırdı.. və Allah Rəsulu öz xanımları ilə məsləhətləşirdi. Biz hələ də bu anlayışın eşiyində var-gəl edir, bu sirli qapının haradan açılacağını bilmirik. Hələ o qapının toxmağına da toxuna bilməmişik. Bəli, bu gün qadın haqlarını qoruduğunu iddia edənlər belə, qadını hələ də ikinci dərəcəli varlıq kimi görürlər. Halbuki biz qadına bir bütövün yarısı kimi baxırıq. O olmasa, digər parça da bir işə yaramaz. Yalnız hər iki parçanın birləşməsi ilə insan adlı vahidin təşəkkül tapacağına inanırıq. Bu vahid olmayan yerdə insanlıq da yoxdur. Ənbiya, əsfiya da yoxdur, İslamiyyət də yoxdur, millət də yoxdur.

Peyğəmbərimiz qadınlarla incə və xoş davrandığı kimi, ümmətini də bu cür gözəl rəftara çağırırdı! Bir hədisində buyurur:

“İman baxımından ən qüsursuz mömin ən gözəl əxlaqlı mömindir. (İnsan əxlaqla yüksəldiyi zirvələrə heç bir ibadətlə çata bilməz.) Ən gözəl əxlaqlı mömin də xanımı ilə ən yaxşı rəftar edəndir.”[5]

Göründüyü kimi, qadın dünyası axtardığını bəşər tarixi boyu məhz Həzrət Məhəmməd Əleyhissalamın zamanında tapmış və həqiqi mənada şərəflənmişdir.


[1]Əbu Davud, “Nikah”, 37.

[2]Tirmizi, “Nikah”,  42; Əbu Davud, “Nikah”, 37.

[3] Buxari, “Ədəb”, 68; Müslim, “Fədailüs-səhabə”, 22.

[4] Buxari, “Şurut”, 15.

[5]Tirmizi, “Rada”, 11.




Şərh yaz