Aylıq namaz vaxtları
4. 722 dəfə oxunub ,   0 şərh   Çap et

İslamda qonşuluğun böyük əhəmiyyəti vardır. Allah-Təala yaxın olub-olmamasından asılı olmayaraq, bütün qonşularla yaxşı keçinməyi, onlara yaxşılıq etməyi əmr  buyurur:

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yol yoldaşına, qəriblərə və  və yolçulara, əlinizin altında olan (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, fəxr (lovğalıq) edənləri sevməz!” (“Nisa” surəsi,4/36)

Ailədən sonra, ən çox yan-yana yaşadığımız qonşularımızın hüququna riayət etməliyik. Qonşu haqqı dinimizdə mühüm yer tutur. Ailədə olduğu kimi qonşularla da yaxşı keçinmək və köməkləşmək vacibdir.

Əbu Hureyrə (radiyallahu anh) Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir.

Allah Rəsulu:

– Vallah, mömin deyildir, vallah, mömin deyildir, vallah mömin deyildir –  dedi. Əshab:

– Kim, ya Rəsulullah? – deyə soruşdu. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm):

– O şəxs ki, qonşusu ondan ziyan görməyəcəyinə əmin deyil,” – buyurdu.[1]

Hədisdə “Mömin deyildir” sözü “kamil mömin deyildir” mənasındadır. Çünki bu, imanın zəiflyidir, insanın əbədi Cəhənnəmdə qalmasına səbəb olan imansızlıq deyildir. Başqa sözlə, bu imanın şərti deyil, kamil möminliyin əlamətidir.

Müslimin nəql etdiyi digər hədis belədir:

“Nəfsim əlində olan Zata and olsun, bir bəndə ki, qonşusu on­dan zərər görməyəcəyinə əmin deyil, Cənnətə girə bilməz.”[2]

Hədisdə keçən “Cənnətə girə bilməz” ifadəsi “Qiyamətdə ilk qurtulanlarla birlikdə nicat tapıb Cənnətə girə bilməz” şəklində başa düşülməlidir. Yəni Cənnətə bu əməlin cəzasını çəkəndən sonra girər. Əgər qonşuya əziyyət verməyi günah hesab etmirsə, o halda onun Cəhənnəmə getməsi bir zərurətə çevrilə bilər.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) başqa bir hədisində belə buyurur: “Ev almadan qonşunuza, yoldaşınıza baxın”[3]

Bu hədisi-şərif bir atalar sözündə “Ev alma, qonşu al” şəklində ifadə edilmişdir. Çünki qonşu evdən daha əhəmiyyətlidir. Qonşular yaxşı deyilsə, ən gözəl ev olsa da, insan rahatlıq tapmaz. Bu səbəblə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) pis qonşudan Allaha sığınmağı əmr edir.:

“Daimi məskən saldığınız yerdə pis qonşudan Allaha sığının. Köçərilikdə isə pis qonşu müvəqqətidir.”[4]

Dinimiz qonşunun qonşu üstündə haqqı olduğunu bəyan etmişdir. Biz buna qonşuluq haqqı deyirik. Həzrəti Aişə (radiyallahu anhə) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Cəbrail mənə qonşu (haqqı) məsələsində o qədər tövsiyə verdi ki, yəqin, Allah qonşunu qonşuya varis edəcək deyə düşündüm” [5]

Mövzu ilə əlaqədar İslam tarixində ibrətli örnəklər çoxdur. Həzrəti Ömər (radiyallahu anh) özünə bir imarət tikdirib bazarın səs-küyündən uzaq olmaq istəyən vali Sad ibn Əbu Vaqqası təftiş etmək üçün Məhəmməd ibn Məsləməni azuqəsiz Küfəyə göndərmişdi. On doqquz günlük yoldan sonra Mədinəyə dönən Mə­həmməd ibn Məsləmə onu niyə azuqəsiz yola çıxardığını Həzrəti Ömərdən (radiyallahu anh) soruşur. Hz. Ömər:

– Mədinədə müsəlmanların az qala acından öldüyü bir vaxtda neməti sənə, vəbalını də özümə yükləmək istəmədim. Çünki mən Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu eşitdim: “Qonşusu ac ola-ola möminə tox gəzmək yaraşmaz.”[6]

Qonşusunun “gecəni ac keçirdiyini bilə-bilə ona kömək etməyən”[7] müsəlman yaxşı müsəlman deyildir. Bilə-bilə maraqlanmamaq və daşürəkli davranmaq kamil möminə yaraşan ədəb deyildir. Unutmamalıyıq ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə: “Bir yerdə bir insan ac qalarsa, o yer Allahın hifzindən məhrum olar” buyurur.[8]

Kömək etmək başlanğıc deyil, nəticədir. Xeyirxahlıq hissi və həssaslığı insanı kömək göstərməyə sövq edən əsas amildir. O halda köməkdən əvvəl “xeyirxahlıq, yardımsevərlik hissinin” aşılanması önəmlidir. Bu hisdən məhrum olanlar imkanları çatsa da, insanlara fayda verməzlər.

Əbu Zərr (radiyallahu anh) rəvayət edir: Dostum Rəsulullah (sallallahu əleyhi və səlləm) mənə: “Şorba bişirəndə suyunu çox elə, sonra da qonşularının vəziyyətinə bax. Ehtiyacı olanlara şorbadan bir miqdar ver ki, yaxşılığın toxunsun” deyə tövsiyə etdi.[9]

Qonşulara əl tutmaq, pay aparmaq sünnətdir. Müsəlman qonşusunun haqqına diqqət edər, onunla  gülərüz davranar, lazım gələrsə borc verər, bir dərdi olanda təsəlli edər, yası düşəndə baş sağlığına gedər. Müsəlman qonşusuna əziyyət verməz. Evinin çirkli suları və zibil tullantıları ilə qonşularını narahat etməz. Ucadan mahnı dinləməklə qonşuları narahat etmək, xəstə və dərs oxuyanları nəzərə almamaq qonşu haqqını tapdamaq və ictimai vəzifələri yerinə yetirməmək deməkdir. Əbu Hureyrə (radiyallahu anh) nəql edir: Bir səhabə:

– Ya Rəsulullah! Filan qadının çoxlu nafilə namaz qıldığını, çoxlu oruc tutduğunu və sədəqə verdiyini danışırlar, amma dili ilə qonşularını incidir,” – dedi.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm):

– O qadın cəhənnəmlikdir, – buyurdu. Səhabə:

– Ya Rəsulullah! Filan qadının da az nafilə namaz qıldığını, az nafilə oruc tutduğunu və az sədəqə verdiyini deyirlər, amma dili ilə qonşularına əziyyət vermir” – dedi. Peyğəmbərimiz:

– O, cənnətlikdir, – buyurdu.

Bu baxımdan insan qonşularının hörmət və sevgisini qazanmağa borcludur.

Bəzən səhabələr gəlib Allah Rəsulundan nəsihət istəyirdilər:

“Ey Allahın Rəsulu! Mənə elə bir əməl göstər ki, onu etməklə Cənnətə gedim?” Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)də hər kə­sin xarakterini nəzərə alaraq nəsihət verirdi. Əbu Hureyrə (radiyallahu anh) rəvayət edir ki, bir dəfə bir səhabə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib bir nəsihət istədi. Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) ona qısaca:

– Yaxşı ol – buyurdu. Səhabə:

– Ya Rəsulullah! Yaxşı olduğumu necə biləcəyəm? – deyincə, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu cavabı verdi:

– Qonşularından soruş, əgər onlar sənin yaxşı olduğunu desə, sən yaxşı insansan, yox, əgər pis olduğunu söyləsə, o zaman pissən.”[10]

Deməli, yaxşılıq və yamanlığın bir ölçüsü də qohum-əqrəba və qonşulardır. Qonşular bir insanın yaxşı olduğunu deyirsə, o şəxs, böyük ehtimalla Allah qatında da yaxşı insandır. Qonşular pis olduğunu deyirsə, yenə ehtimal ki, o insan Allah qatında da pis insandır.

Şübhəsiz ki, uşaqların qonşu uşaqlarla rəftarında da ədəb öl­çüləri vardır. Bu ədəb qaydalarının başında isə uşağın şirniyyat və ya meyvə yeyə-yeyə küçəyə çıxmaması gəlir. Çünki bu hərəkət kasıb qonşuları və onların uşaqlarını məyus edər. Buna görə də uşağı küçədə bir şey yeməkdən çəkindirmək, evdə yeməyə alışdırmaq lazımdır.

Ərzurumlu İbrahim Haqqı həzrətləri “Mərifətnamə” adlı əsə­rində “Yaxşı qonşuluğun şərtləri”ni maddələr halında sıralamışdır. Bunların bir neçəsini aşağıda qeyd etmək istəyirik:

1. Evinə bitişik olanlarla qarşıda qapıları görünənlərdən qırxa yaxın ev – xristian olsa da, – qonşu sayılır. Bunlara yaxşılıq etmək və onlarla qohum-əqrəba kimi gözəl davranmaq.

2. Qonşu ac ola-ola tox yatmamaq.

3. Qoxusu yayılan yemək bişirəndə evə bitişik qonşuya da vermək.

4. Qonşu borc istəsə, vermək.

5. Qonşunu bayramlarda ziyarət etmək.

6. Qonşunun sirr və qüsurlarını araşdırmamaq.

7. Qonşunun qüsurunu örtmək.

8. Qonşunun kədərli günündə təsəlli vermək.

9. Qonşu xəstələnəndə baş çəkmək.

10. Qonşudan biri vəfat edəndə dəfnində iştirak etmək.

11. Qonşunun yetimlərini himayə etmək.[11]

 

 

[1]. Buxari, Ədəb 29.

 [2]. Müslim, İman 73.

 [3]. Acluni, Kəşfül-Xafa, 1/178.

 [4]. Nəsayi, İstiazə 44; Əhməd ibn Hənbəl, Müsnəd, 2/344.

 [5]. Buxari, Ədəb 28; Müslim, Birr və sila vəl-ədəb 140 (2624,2625).

[6]. Əhməd ibn Hənbəl, Müsnəd,1/55.

 [7]. Tabərani, əl-Mucəmül-Kəbir, 1/232; Heysəmi, Məcməüz-zəvaid, 8/167.

 [8]. Əhməd ibn Hənbəl, Müsnəd, 2/33.

 [9]. Müslim, Birr və sila vəl-ədəb, 143 (2625).

 [10]. Acluni, Kəşfül-Xafa, 1/72.

 [11]. İbrahim Haqqı, Mərifətnamə, 4/173, Bahar Yayınevi, İstanbul

 




Şərh yaz

*