Aylıq namaz vaxtları
15. 460 dəfə oxunub ,   0 şərh   Çap et

Hansı bəndələrə sual verilməyəcək?

Ölümdən sonrakı həyat tarix boyu bəşər övladının marağını çəkmişdir. Ölümdən sonrakı həyat qəbir (bərzəx), yenidən diriliş, məhşər və Cənnət-Cəhənnəm olmaqla dörd mərhələdən ibarətdir. İslam dini qəbir həyatının ölümdən başlayaraq yenidən dirilişə qədər müvəqqəti, fərqli və özünəməxsus xüsusiyyətlərə malik gözləmə yeri olduğunu deyir. İnanan və mükəlləfiyyətlərini yerinə yetirən möminləri qəbirdə mükafat gözləyir. Eləcə də ölümdən sonrakı həyatı təcrübədən keçirmək mümkün olmadığına görə, onu, ancaq Qurani-Kərim və Peyğəmbərimizin sözləri ilə dərk eləməyə çalışırıq.

Bərzəx aləmi nədir?

İslam dini, insan ölsə də, ruhunun ölmədiyini, sadəcə fani dünya həyatının sona çatdığını, ruhunun isə xüsusi yerdə yaşadığını bildirir. İnsanın böyük Din və Qiyamət günü yenidən dirilənədək “Bərzəx həyatı” adlanan gözləmə mərhələsində göz­lə­yəcəyini bildirir. Bu müddət ərzində ruhun yaşamasından və bu aləmə aid bəzi xüsusiyyətlərdən bəhs edir. İslamda bu alə­mə axirət həyatının ilk mərhələsi olan “qəbir-bərzəx” deyilir. Qurani-Kərimdə buyurulur: “Axirəti inkar edənlərdən birinin ölümü gəlib çatanda o, belə deyər: “Ey Rəbbim! Nə olar Məni dünyaya geri qaytar! Bəlkə, hədər etdiyim ömrümü faydalı işlərə sərf etdim. Xeyr! Bu, onun dediyi boş (faydasız) bir sözdür. Çünki dünyadan ayrılanların qarşısında yenidən dirilişə qədər bir bərzəx aləmi vardır”.[1]

Allah Rəsulu (s.a.s.) isə: “Qəbir axirət mənzillərinin birinci­sidir”,[2] – buyuraraq böyük Din günündən əvvəl qəbir həyatının gəldiyini xəbər vermişdir. O, dualarında qəbir fitnəsindən və əzabından Allah-Təalaya sığındığı kimi, bunu əshabına və ümmə­tinə də tövsiyə etmişdir.

Qəbir ölən insanın dəfn olunduğu yerin adıdır. Dilimizdə “qəbir” yerinə “məzar” kəlməsindən də istifadə edilir. Qəbir kəl­məsi və ondan törəyən sözlər Qurani-Kərimdə də işlənir. Qəbir həyatına sinonim kimi “bərzəx” istilahından da istifadə olunur. Bərzəx kəlməsinin lüğəvi mənası “iki şeyin arasına girən maneə”, “ayırıcı sərhəd” deməkdir. Bu mənada bərzəx ölümlə həyat, axi­rətlə dünya arasında pərdə, əngəl anlamına gəlir və insan öləndə bərzəxə girmiş olur. Dolayısilə, vəfat edən insanla dünyaya qayıtmaq arasında bir əngəl olur ki, o da bərzəx aləmidir.

Qəbir

Təcrübədən keçirilməsi mümkün olmadığına görə, qəbir hə­ya­­tına aid məsələləri ancaq Quran və hədislərin işığında təsəvvür edə bilirik. Əhməd ibn Hənbəl Hüzeyfədən (r.a.) nəql edir: “Bir dəfə Allah Rəsulu (s.a.s.) ilə birgə qəbiristanlıqda idik. Bir qəbrə yaxınlaşıb yanında oturdu, gözünü məzara zillədi, sonra da belə buyurdu: “Burada mömini elə sıxırlar ki, damar və əzələləri qopur. Kafirə gəlincə onun da üstü odla dolur”.[3]

Peyğəmbərimiz qəbir həyatının çətinliklərini əshabına danışmaqla onların ibrət almasını istəyirdi.

Bir səhabə nəql edir:

Allah Rəsulu (s.a.s.) ilə dəfn mərasimində idik. Peyğəmbəri­miz (s.a.s.) qəbrin baş tərəfində oturdu. Ağladı və ağlatdı. O qədər ağladı ki, göz yaşları torpağı islatdı. Və belə buyurdu:

− Qardaşlarım, bu günə hazırlaşın!”[4]

Səhabələr də qəbrin çətinliyini anlayırdılar. Könül insanı Həzrət Osman (r.a.) bir qəbrin yanında dayananda saqqalı islananacan ağlayardı.

− Cənnəti, Cəhənnəmi xatırlayıb ağlamaqdansa, bu qəbrə görə göz yaşı tökürsən! – deyənlərə də bu cavabı verirdi:

− Kainatın Fəxri Həzrət Məhəmməd (s.a.s.) buyurub ki, qəbir axirət mənzillərinin birincisidir. Ondan qurtulanlar üçün sonrası daha rahatdır. Ondan qurtula bilməyəni daha şiddətli aqibət gözləyir.

Günlərin birində Həzrət Əli yanındakılara xitab edirdi. Söh­bətində Peyğəmbərimizin bu sözlərini nəql etdi: “Qəbir ya Cən­nətin bir bağçası, ya da Cəhənnəmin bir quyusudur. Qəbir gündə üç dəfə danışır və belə səslənir: “Mən qurdlar yuvasıyam. Mən qaranlıqlar yuvasıyam. Mən vəhşət və tənhalıq eviyəm”.[5]

 “Sad ibn Muaz dəfn ediləndə Peyğəmbərimiz (s.a.s.) Allahı təsbeh etdi. Yanındakı səhabələr də uzun-uzun təsbeh etdilər. Sonra Allah Rəsulu təkbir gətirdi. Səhabələr də təkbir gətirdilər. Səhabələr soruşdu:

− Ey Allahın Rəsulu nə üçün təsbih etdiniz?

Peyğəmbərimiz belə buyurdu:

− Qəbir bu saleh adamı çox sıxdı. Sonra da Allah sıxıntısını aradan qaldırdı.

Başqa rəvayətdə belə buyurulur: “Qəbir adamı elə sıxır ki, əgər bir insan bundan qurtula bilsəydi, o da mütləq Sad ibn Muaz olardı”.[6]

Həzrət Aişə anamız da incə qəlbli bir xanımdı. Bir gün Allah Rəsulundan (s.a.s.) soruşmuşdu:

− Ey Allahın Rəsulu! Sən mənə Münkər-Nəkirin səsindən və qəbrin sıxmasından danışandan bəri əlim heç nəyə yatmır.

Allah Rəsulu (s.a.s.) buyurmuşdu:

− Ey Aişə! Münkər-Nəkirin səsi möminlərin qulağında göz­dəki sürmə kimidir. Qəbrin sıxması isə ananın şəfqətlə qucaqlaması kimidir ki, uşaq başı ağrıdığını anasına deyir, o da nəvazişlə başını oxşayır. Ancaq, ey Aişə! Vay o kəslərin halına ki, Allah haqqında şübhə edirlər. Daş yumurtanın üstünə düşüb onu əzdiyi kimi, qəbir də onları əzir.[7]

Təbərani Həzrət Ənəsdən (r.a.) rəvayət edir: “Həzrət Zeynəb vəfat edəndə Allah Rəsulunun hüzuruna getdik. Çox üzgün idi. Kədərli halda qəbrin yanında oturub səmaya baxmağa­ başladı. Daha sonra qəbrin içinə düşdü. Kədəri daha da artdı. Qəbirdən çıxanda gülümsəyirdi. Səbəbini soruşanda belə buyurdu: “Qəbrin darlığını, sıxıntısını və Zeynəbin zəifliyini düşünürdüm. Bu, mənə ağır gəlirdi. Qəbrin ağırlığını yüngülləşdirsin deyə Rəbbimə dua etdim. Qəbul olundu. Buna baxmayaraq, qəbir onu elə sıxdı ki, insanlar və cinlərdən başqa hər şey onu eşitdi”.[8]

Bir dəfə Allah Rəsulu (s.a.s.) Bəni Nəccar bağçalarının birində olan müşrik qəbirlərinin yanından keçəndə məzardan gələn əzab səsini eşitmiş, yanında olan əshabına qəbir əzabından Allaha sığınmağı əmr etmişdi. Səhabələrdən birinin: “Ya Rəsulallah, onlara qəbirdə əzab verilir?”– sualına Nəbilər Sərvəri belə cavab vermişdi: “Bəli, onlara qəbirdə elə əzab verilir ki, (əzabın şiddətindən etdikləri fəryadı) heyvanlar eşidir”.[9]

Burada Allah Rəsulunun və heyvanların eşitdiyi əzab səsi qəbirdə əzab çəkən insanın fəryadıdır. Bir hədisində Peyğəm­bərimiz (s.a.s.) qəbir sualından söz açmış, suallara cavab verə bilməyən kafir və münafiqlərin necə əzaba düçar edilməsindən danışmışdır: “…Sonra onların başına dəmir toxmaqla vurulanda kafir, yaxud münafiqdən elə bir bağırtı qopur ki, insan və cindən savayı, ona yaxın olan hər şey fəryadını eşidir”.[10] Bir başqa hədisində isə bu vuruşla o insanın torpaq olduğunu və ruhu yenidən geri qaytarılaraq əzabın davam etdirildiyini bildirmişdir.

Qəbrin genişlənməsi

Hədisi-şəriflərdə qəbrin genişlənməsindən də bəhs olunur. Bir nəfər Mədinədə vəfat edir. Peyğəmbərimiz (s.a.s.) onun cə­nazə namazını qıldırır və: “Kaş doğulduğu yerdə yox, başqa yerdə vəfat edəydi”, – buyurur. Orada olan səhabələrdən biri: “Nə üçün, ey Allahın Rəsulu?” – deyə soruşur.

Peyğəmbərimiz də: “Bir insan doğulduğu yerdə deyil, başqa yerdə vəfat edərsə, ona Cənnətdə doğulduğu yer ilə vəfat etdiyi yer arasındakı məsafə qədər yer verilir”,[11] – buyurur.

Bu hədis hicrətin də fəzilətinə işarə edir.

Qəbrin ölüyə səslənməsi

Qəbir həyatına aid hadisələrdən biri də məzarın ölü ilə danışmasıdır:

“Peyğəmbərimiz (s.a.s.) Məscidi-Nəbəviyə girəndə orada bir-biri ilə gülüb danışan adamları görüb buyurdu:

– Əgər siz ləzzəti acılaşdıran ölümü tez-tez xatırlasaydınız, belə gülüb-danışmazdınız. Ləzzətləri yox edəni, yəni ölümü tez-tez xatırlayın. Çünki bir gün qəbir danışacaq və belə deyəcək: “Mən qürbət eviyəm, mən yalqızlıq eviyəm, mən torpaq eviyəm və mən qurdların eviyəm.

Mömin bəndə dəfn ediləndə qəbir ona deyir: “Salam, xoş gəldin. Sən üstümdə gəzənlərin ən sevimlisi idin. İndi mənə verildin. Sənin üçün nə edəcəyimi görəcəksən”. Sonra qəbir gözün gördüyü məsafə qədər genişlənir və Cənnətdən bir qapı açılır. Kafir və ya günahkar bir qul dəfn olunanda isə qəbir ona: “Sənə “xoş gəldin” düşmür və heç də xoş gəlmədin. Sən mənim üçün üstümdə gəzənlər arasında ən pisi idin. İndi mənə qayıtdın və mənə əmanət edildin. İndi sənə nə edəcəyimi görəcəksən”, – deyir. Sonra da qəbir onu qabırğa sümükləri bir-birinə keçənədək sıxır”.

Bu hədisin ravisi Əbu Səid deyir ki: “Allah Rəsulu (s.a.s.) barmaqlarını bir-birinə keçirdi və buyurdu: “Allah ona qəbrində yetmiş ilan göndərir. Əgər onların biri yer üzünə üfürsə, dünya durduqca orada heç nə bitməz. O ilanlar həmin münkiri (kafiri) haqq-hesab gününədək narahat edir, sancır”. Peyğəmbərimiz (s.a.s.) dedi ki: “Qəbir ya Cənnətin bir bağçası, ya da Cəhənnəmin bir quyusudur”.[12]

Qəbir sualı ilə bağlı məsələlər

Qurani-Kərim və hədislərdə xəbər verildiyinə görə, qəbir həyatının ilk önəmli hadisəsi sorğu-sualdır. Peyğəmbərimiz (s.a.s.) qəbirdə insanın sorğu-sual ediləcəyini, onun da iman və inancından asılı olaraq fərqli cavablar verəcəyini bildirmişdir.

Ölən insanın qəbirdə qarşılaşdığı sorğu-sualla bağlı Qurani-Kərimdə buyurulur: “Allah iman edənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər”.[13]

Həzrət Ənəs Peyğəmbərimizin (s.a.s.) belə buyurduğunu nəql edir: “Dəfndən sonra cənazə dağılışan insanların ayaq səslərini eşidir. Və bu vaxt onun yanına iki mələk gəlib oturur. “Aranızda olan və Məhəmməd (s.a.s.) adlı şəxs haqqında nə deyirsən?” – deyə soruşurlar. Mömin: “Allahın qulu və rəsulu olduğuna şəhadət edirəm”, – deyə cavab verir. Bu cavabdan sonra mələklər ona deyirlər: “Cəhənnəmdəki yerinə bax. Allah sənin üçün onu Cənnətdə bir yerlə dəyişdirdi”.

Bundan sonra Peyğəmbərimiz (s.a.s.) buyurdu ki: “Ölən şəxs həm Cənnətdəki yerini, həm də Cəhənnəmdəki yerini görür”.[14]

Əbu Hüreyrədən nəql olunan hədis belədir: “Peyğəmbərimiz “İbrahim” surəsinin 27-ci ayəsini oxudu: “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!” Və belə davam etdi: “Bu, onun qəbirdə: “Rəbbin kim, dinin nə, Peyğəmbərin kimdir?” – deyə soruşulan suallara: “Rəbbim Allah, dinim İslam, Peyğəmbərim də Məhəmməddir (s.a.s.)” cavabını verdiyi və “Bizə Uca Allahın dərgahından açıq dəlillər gətirdi, mən də Ona iman etdim və Onu təsdiq etdim” dediyi andır”.[15]

Əbu Davudda keçən bir hədis isə belədir: “Allah Rəsulu (s.a.s.) belə buyurdu: “Bu ümmət qəbirdə mütləq sorğu-sual olunacaqdır. Mömin qəbrə qoyulanda onun yanına bir mələk gəlib soruşacaq: “Nəyə ibadət edirdin?” Əgər Allah ona hidayət nəsib edibsə, suala: “Allaha ibadət edirdim”, – deyə cavab verəcək.  Bu dəfə mələk: “Peyğəmbər haqqında nə deyə bilərsən?” – deyə soruşacaq. Allaha iman etmiş həmin adam cavabında: “O, Allahın qulu və rəsuludur”, – deyəcək və mələklər artıq ondan heç bir şey soruşmayacaqlar. Sonra mələk onu Cəhənnəmdəki yerinin yanına gətirib: “Bax, bu yer sənin idi, ancaq Allah səni bundan qorudu, sənə rəhm elədi. Onun əvəzinə sənə Cənnətdə bir yer verdi”, – deyəcək. Bu vaxt həmin adam: “Mənə izin verin, ailəmin yanına gedib qurtuluşumun muştuluğunu verim”, – deyə xahiş edəcək. Mələk ona icazə verməyib:  “Dayan! Artıq geri qayıtmaq olmaz”, – deyəcək.

Münkirə (Allahı və Rəsulunu inkar edənə) gəlincə, qəbrə qoyulandan sonra bir mələk gəlib soruşacaq: “Sən nəyə ibadət edirdin?” Münkir: “Bilmirəm”,– cavabını verəcək. Mələk yenə soruşacaq: “O Zat haqqında nə deyə bilərsən?” Münkir də: “Bilmirəm, hamının dediklərini deyirəm”,– cavabını verəcək. Bu cavablardan sonra mələk dəmir toppuzlarla həmin adamın başına vuracaq. O kafir və ya münafiq elə bağıracaq ki, insanlar və cinlərdən başqa, hər şey o səsi eşidəcək”.[16]


[1] “Möminlər” surəsi, 23/99-100

[2] Tirmizi, “Sünən”, 4/553

[3] “Müsnəd”, İbn Hənbəl, 5/407

[4] İbn Macə, “Sünən”, II, 1403

[5] “Müsnəd”, İbn Hənbəl, 2, 293

[6] “Müsnəd”, İbn Hənbəl, VI, 55

[7] Deyləmi, “Sünən”, IV, 498

[8] Təbərani, “Kəbir”, II, 257

[9] Müsnəd, “İbn Hənbəl”, 1, 225

[10] Buxari, “Cənaiz” 66, 85

[11] Müsnəd, “İbn Hənbəl”, 2, 177

[12] Tirmizi, “Sünən”, IV, 639

[13] “İbrahim” surəsi, 14/27

[14] Müslim, “Əl-cəmius-səhih”, IV, 2200; Nəsayi, “Əs-sünən”, IV, 97-98; Əbu Davud,
“Əs-Sünən”, IV, 238

[15] Müslim, “Əl-Cəmius-Səhih”, IV, 2201; Əbu Davud, “Əs-Sünən”, IV, 238

[16] Əbu Davud, “Sünən”, IV, 238-239



Açar sözləri

qəbir

Bənzər məqalələr

Axirət həyatının mərhələləri

Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Ölüyə ağlamaq olarmı?

Elə bir ölüm yoxdur ki, yaxınları kədərləndirməsin. Yaxınını itirən insanın kədərlənməsindən və ağlamasından daha təbii bir şey varmı? Bu, sevgi və mərhəmətdən doğur. Bu cür üzülüb ağlamaq caizdir. Ancaq özündən çıxıb qışqırmaq, xoşagəlməz sözlər demək və mərhumu incidən ağılar söyləmək doğru deyildir.

Qəbir əzabı

“Zalımları, ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(dediklərini) bircə görəydin.” (Ənam, 6/93)

Qəbir sualı ilə bağlı məsələlər

Qurani-Kərim və hədislərdə xəbər verildiyinə görə, qəbir həyatının ilk önəmli hadisəsi sorğu-sualdır. Peyğəmbərimiz (s.a.s.) qəbirdə insanın sorğu-sual ediləcəyini, onun da iman və inancından asılı olaraq fərqli cavablar verəcəyini bildirmişdir. Ölən insanın qəbirdə qarşılaşdığı sorğu-sualla bağlı Qurani-Kərimdə buyurulur: “Allah iman edənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər”.[1] Həzrət Ənəs Peyğəmbərimizin (s.a.s.) belə buyurduğunu […]


Şərh yaz

*