Aylıq namaz vaxtları
621 dəfə oxunub ,   0 şərh   Çap et

O, bəzən günlərlə ağzına bir loğma da aparmırdı. Ömrü boyu arpa çörəyi ilə olsa belə, bir dəfə də qarnını doydurmamışdı. Onun evində aylarla ocaq qalanmaz, xörək bişməzdi.[1]

Bir gün oturaraq nafilə namazı qılırdı. Əbu Hureyrə (r.a.) namazdan sonra sorușdu: “Ya Rəsulullah! Bir xəstəliyiniz var? Namazı oturub qılırsınız!?” Cavabı cahanı titrətmişdi Rəsulullahın:

– Ya Əba Hureyrə! Neçə gündür, yeməyə bir șey tapmıram. Aclıq taqətimi kəsib, ayaq üstə durmağa halım qalmayıb. Ona görə də namazı oturaraq qılıram.

Əbu Hureyrə deyir: “Bu sözləri eşidib ağlamağa bașladım. Allah Rəsulu öz halını unudub mənə təsəlli verirdi:

– Ağlama, ey Əba Hureyrə! Burada çəkilən aclıq insanı axirət əzabından qurtarır”.[2]

O, bir rəhbər idi. Günlərlə ac qalan səhabələri vardı. Onlar ac ola-ola, özü tox ola bilməzdi.

Əshabı içində ən yoxsul həyatı O yaşayırdı. Həm də bu həyatı ixtiyari olaraq seçmişdi. İstəsə idi, firavan ömür sürə bilərdi. Bu, Onun üçün çətin də deyildi. Çünki təkcə gələn hədiyyələri paylamayıb özünə saxlasa idi, o dövr üçün ən firavan həyatı yașaya bilərdi, amma O, belə șeyləri heç ağlına da gətirmirdi.

Bu, əsla Onun və yetișdirdiyi camaatın dünyadan küsməsi və yaxud dünyanı tərk etməsi kimi başa düşülməməlidir. Məsələ bəzi gəvəzələrin, “Bir loğma, bir əba” deyib Allah Rəsulunun əxlaq meyarını məsxərəyə qoyması kimi deyil. Kim istəyir, qazanır, varlı olur və Allahın (cəllə cəlaluhu) əmrinə uyğun zəkat verir, infaq edir. Heç kim belə bir qazanca qarșı çıxmır… hətta İslamda halal yolla qazanc əldə etmək təșviq olunur. Bununla yanașı, Allah Rəsulunun və xas (xüsusi, seçilmiş, pak) dairədəki bəzi dostların yuxarıda verilən anlayıșa və şüura sadiq qalması zəruri idi. Əks halda, hər gün sürətlə böyüyən, Məkkə və Mədinə sərhədlərini çoxdan așan bu camaatı ilk günlərdəki kimi saf və təmiz saxlamaq mümkün olmazdı.

Bu camaat sırf vücud və cismaniyyətdən ibarət camaat olmayıb, eyni zamanda, ruh, qəlb, iradə və vicdan camaatıdır. Allah Rəsulu da bu hərəkət-verici dinamizmlərlə camaatın varlığını, şövqünü, inamını qoruyub saxlamağa çalışırdı. Onlardan istədiyi hər bir fədakarlığı da əvvəlcə Özü edir və hər işdə olduğu kimi, fədakarlıqda da nümunə olurdu. Budur belə təsirli örnəklərdən biri:

Gecə yarısı idi. Aclıq Allah Rəsulunu taqətdən salmıș, yuxusu­nu qaçırmışdı. Bir az yata bilsə idi, bəlkə də, aclığın șiddətli əzabını müvəqqəti də olsa, unudardı. Ancaq aclıq sovuşana oxşamırdı.Evdən çıxıb bir istiqamətə doğru addımlamağa bașlamışdı ki, bir qaraltı sezdi. Qarșıdan gələn var idi. Diqqətini həmin tərəfə yönəltdi… tanıdı. Bu gələn Onun ayrılmaz dostu idi. Düșüncə və əməldə həmișə Onunla birlikdə olmușdu. İndi də gecə yarısı, Mədinənin bu tənha yerində üz-üzə gəlmişdilər, elə bil əvvəlcədən  görüșmək üçün sözləșmișdilər. Gələn Həzrəti Əbu Bəkir (r.a.) idi. Allah Rəsulu ona salam verib sorușdu: “Ya Əbu Bəkir! Gecənin bu vaxtı niyə çölə çıxmısan?” Həzrəti Əbu Bəkir (r.a.) Allah Rəsulunu görər-görməz  öz dərdini unutmuşdu. O, həmișə belə idi. Məkkədə Allah Rəsulunu xilas etmək üçün irəli atılmış, ölümcül hala salınmışdı… Bir gün hușsuz qalmıș, gözlərini açanda da birinci:  “Allah Rəsuluna nə oldu?” – deyə soruşmuşdu. Anası Ümmü Ümarə hirslənib: “Ölürsən, ancaq yenə Onu düșünürsən,” – demișdi. O bilmirdi ki, Həzrəti Əbu Bəkir (r.a.) Onu düşünmədiyi zaman  ölürdü. Çünki O, Rəsulullahla yaşayır, Rəsulullahla nəfəs alırdı.

İndi də Ondan ayrı qalmamıș və gizli bir hiss onu buraya qədər çəkib gətirmișdi. Rəsulullahın sualına “Aclıq” cavabını verdi: “Evdə yeməyə bir șey tapmadım, yuxum ərşə çəkildi və çölə çıxdım.” Eyni dünya!..

Və dərhal soruşdu:

– Anam-atam sizə fəda olsun, ya Rəsulallah! Bəs Siz niyə çıxdınız?

Cavab eyni idi. Allah Rəsulu da aclıq üzündən evdən çıxmıșdı.

Elə bu vaxt bir qaraltı da göründü. Bu, uzun boylu, iri cüssəli Həzrəti Ömər idi. Çünki mənzərə tamamlanmalı idi. Allah Rəsulunun sağ tərəfində Həzrəti Əbu Bəkir (r.a.) vardı, ancaq sol tərəfinin daimi sakini yerində yox idi, sanki, bu tablo yarımçıq qalmasın deyə o da qaçaraq gəlmișdi. Bəli, gələn Həzrəti Ömər (r.a.) idi. Bu iki dostu görəndə O da çașıb qalmıșdı. Salam verdi, salamı alındı və Allah Rəsulu (s.ə.s.) Hz. Ömərdən (r.a.) də evdən nə üçün çıxdığını sorușdu. O da eyni cavabı verdi: “Aclıq, ey Allahın Rəsulu!”

Peyğəmbərimizin (s.ə.s.) ağlına Əbul Heysəm (r.a.) gəldi. Evi o tərəflərdə idi. Ehtimal ki, gündüz onu bağında görmüșdü. Heç olmasa, ondan xurma alıb aclığı yatırardılar. “Əbul Heysəmgilə gedək,” – dedi.

Əbul Heysəmin (r.a.) evinə getdilər. Əbul Heysəm (r.a.) və zövcəsi yatırdılar. Evdə bir də kiçik ușaqları vardı. Beș-altı yașı olardı. Əvvəlcə Həzrəti Ömər (r.a.) qapını döyüb gur səsi ilə Əbul Heysəmi çağırdı. Onun səsini nə Əbul Heysəm (r.a.), nə də zövcəsi eșitdi. Ancaq yatağında șirin-șirin yatan ușaq birdən qalxıb: “Ata! Qalx, Ömər bizə gəlib,” – dedi. Əbul Heysəm (r.a.) ușağın yuxu gördüyünü zənn elədi. “Yat, oğlum, gecənin bu vaxtı Ömərin burada nə iși var!” – dedi. Ușaq yatdı. Qapının açılmadığını görən Əbu Bəkir (r.a.) zərif səsi ilə ev yiyəsini çağırdı: “Ya Əbul Heysəm!” Ușaq yenə yerindən dik atılıb atasına: “Ata! Əbu Bəkir bizə gəlib,” – dedi. Atası onu yenə yatırdı. Bu dəfə gələn səs ölüləri belə dirildən Allah Rəsulunun səsi idi. Onun “Ey Əbul Heysəm!” nidasını eşidən ușaq yaydan çıxan ox kimi yerindən qalxıb qapıya qaça-qaça: “Ata, qalx, Rəsulullah gədi!” – dedi. Bu olanlardan Əbul Heysəm (r.a.) çaș-baș qalmıșdı. Qapıya sarı qaçdı. Gözlərinə inanmadı. Gecənin bu saatında evinə Sultanlar Sultanı təșrif gətirmișdi. Onları içəriyə dəvət etdi. Gedib bir oğlaq kəsdi. Bu șərəf insana həyatda bir dəfə nəsib olurdu. Ömrünün ən xoșbəxt anını yașayırdı. Canını da süfrəyə qoysa, az idi. Xurma, süd, ət gətirib əziz qonaqlarının qarşısına düzdü…

Aclıqları keçənə qədər yedilər. Allah Rəsulunun gözləri doldu. Hər hadisəni ayrı bir məna və hikmətlə süsləyən Rəsulullah:

– Allaha and olsun ki, bu nemətlərə görə sabah hesaba çəkiləcəksiniz,[3] – buyurdu. Və bu ayəni oxudu: “Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!.”[4]

Bəli, O, həyatını bu qədər həssas və dərin ölçülər içində keçirən müstəsna bir insan idi. Belə bir insanın həyatında inhiraf axtarmağa çalıșmaq ya qərəz, ya da cəhalətdir.

Rəsulullaha ən yaxın simalardan biri olan Hz. Ömər Onun zahidliyini belə təsvir edir: “Allaha and içərəm, mən Rəsulullahın səhərdən axșama qədər qıvrıldığını bilirəm. Çünki ən pis xurma olan dəqəl xurması da tapıb qarnını doyura bilmirdi”.[5]

Halbuki O, kimdən istəsə idi, Ona ən gözəl süfrəni açardı. Heç buna ehtiyac da yox idi. Verilən hədiyyələr Özünün və ailəsinin firavan yaşaması üçün kifayət idi. Ancaq O, gələni insanlara paylayır və səhərə bir șey saxlamırdı.

Niyə dünya nemətlərindən bu qədər az istifadə etdiyini soruşanlara bu cavabı verirdi: “Dünya nemətlərindən istifadəni necə düșünə bilərəm; İsrafil əlində șeypur Allah-Təalanın əmrinə mün­təzir gözləyir. Belə bir insan dünya nemətlərindən necə istifadə edər?”[6]



[1]. Buxari,5/2055, 2067, 2068, 2072, 2371, Müslim, 4/2281; Tirmizi, 4/579

 

[2]. Əl-Hindi, Kənzül-Ummal, 6/755, 7/348, Tarixi-Bağdad, 3/155

 

[3]. Muvatta, 2/932; Tirmizi, 4/583; Hakim, Müstədrək, 4/145

 

[4].”Təkasür” surəsi, 102/8

 

[5]. Müslim, 4/2284; Tirmizi, 4/586; İbn Macə, 2/188; Əhməd b. Hənbəl, 1/24

 

[6]. Əhməd b. Hənbəl, 3/73; Müsnədi-ibn Hibban, 3/105;

 




Şərh yaz