Aylıq namaz vaxtları
8. 265 dəfə oxunub ,   0 şərh   Çap et

Ata-ananın övladlarına şəfqət və mərhəməti fitri bir xüsusiyyətdir. Allah onlara övladlarını bəsləyib böyütməyi əmr etməsəydi belə, onlar yenə uşaqlarına baxar və bunun üçün gecə-gündüz rahatlıq üzü görməzdilər. Çünki Cənabi-Haqq ata-analara uşaqlarını böyütmək üçün şəfqət və mərhəmət hissini bir “avans” olaraq vermişdir.

Gəlin bu haqda ibrətamiz bir hekayəyə baxaq: Anasının üzünə ağ olan bir gənc əvvəlcə onu döyüb incidir. Bununla ürəyi soyumayıb onu bıçaqla doğrayır. Bu vaxt bıçaq əlini kəsir və qeyri-ixtiyari: “ay ana!” – deyir. Onun bu fəryadını eşidən ananın ürəyi də “can bala!”: – deyib oğlunun barmağına sarılır.

Ata-analar həmişə belədir. Uşaqlarını döyüb incitsələr də, bərk-bərk danlasalar da, dillərindən ancaq “can bala!” kəlməsi yüksəlir. Onların bu əngin şəfqət və mərhəmətində Cənabi-Haqqın “Rəhman” və “Rəhim” adlarının təcəllisini görürük.

Haqq-Təala ata və anaya şəfqət və mərhəmət hissini bir mənada “avans” verərək övladlarını onlara  sevdirmiş, lazım gələndə kürəklərinə yükləyib daşıtdırmışdır. Bu, valideynlik həqiqəti və ata-ana fitrətidir. Uşaqların davranışları isə bir həqiqət deyil, haqdır, fitrət deyil, vəzifədir. Ata-ana vaxtilə çəkdiyi min cür əziyyətin əvəzini almaq haqqına sahibdir. Övlad isə ata-anasının bu haqqını qaytarmağa borcludur[1].

Ata-ana imanlı olmasa belə, qayda dəyişmir. Gəlin bir nümunəyə diqqət edək. Həzrət Əbu Bəkrin (r.a) qızı Həzrət Əsma (r. anha) nəql edir:

“Anam yanıma gəlmişdi, o vaxt hələ müsəlman olmamışdı. Allah Rəsulundan (sallallahu aleyhi və səlləm): “Anam yanıma gəlib, mənlə görüşmək istəyir. Onunla yaxşı rəftar edim?” – deyə soruşdum. Rəsulullah (sallallahu aleyhi və səlləm): “Bəli, ona lazımınca hörmət göstər”, – buyurdu”[2].

Qeyd edildiyi kimi, övladların ata-anaları ilə yaxşı rəftar etməsi və onların qulluğunda durması bir haqq və vəzifədir. Valideynin haqqını qaytarmaq çox çətindir. O haqqı nəyəsə qurban vermək və ehmal etmək olmaz. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Heç bir övlad atasının haqqını onu kölə ikən tapıb satın almaq və sonra azad etmək istisna olmaqla, heç bir şeylə qaytara bilməz[3], –  buyuraraq bu həqiqətə işarə etmişdir.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ananın fədakarlıqlarını bir çox hədislərində dilə gətirmişdir. Həzrət Əbu Hüreyrə nəql edir: “Bir gün bir nəfər Peyğəmbərimizin hüzuruna gəlib: “Vaxtımı ən çox kimə həsr eləməliyəm, ən çox kimin yanında olmalıyam?” – deyə soruşdu. O da: “Ananın”, – cavabını verdi. Səhəri gün həmin səhabə yenə gəlib bu sualı düz üç dəfə təkrar etdi, Peyğəmbərimiz də hər dəfə eyni cavabı verdi. Dördüncü dəfə soruşanda: “Atanın”, – buyurdu”[4]. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bununla ana haqqının ata haqqından üstün olduğunu bildirmişdir.

Böyük İslam mütəfəkkiri “Ana” adlı yazısında ana fədakarlığını bu cümlələrlə təsvir edir: “… Bir düşünün: onlar bizim üçün nə qədər maneələrlə üzləşmiş və nələrin öhdəsindən gəlmişlər? Nə cür məşəqqətlərlə əlbəyaxa olmuş, nə qədər xəyal və məlal içində oturub-durmuşlar. Necə arzu və röyalarla dolub daşmış, nə qədər məyusluq və ümidsizlik içində qıvrılmışlar. Necə çətinlik və sıxıntılara sinə gərmiş və nə qədər iztirabın sancısını çəkmişlər. Neçə dəfə ahu-fəğan edib ağlamış, neçə dəfə göz yaşlarını silmişlər? Neçə dəfə mərhəmət hissi ilə coşmuş və neçə dəfə mərhəmətə ehtiyac hiss etmişlər? Xülasə, bizim yolumuzda nələri fəda etmiş və nə qədər zəhmət çəkmişlər… ancaq zərrə qədər təmənna ummamışlar…

Bəli, bizi ömrün hər pilləsində qucaqlayan, qoxulayan, öpüb oxşayan, kədər və qəzəbimizə su səpib dərdimizə şərik olan, yeməyib yedirən, geyinməyib geyindirən, bizimlə ac qalan, bizimlə tox olan, sevinc və səadətimiz üçün fövqəladə əzmi ilə ağlasığmaz çətinliklərə qatlanan… bizə vücudumuzun inkişafı, iradəmizin qüvvətlənməsi, zəkamızın itiləşməsi, dünyagörüşümüzün üxrəviləşməsi üçün yol göstərən, bütün bunları edərkən gizli-aşkar heç bir təmənna ummayan bir varlıq varsa, o da anadır”[5].

Ata-ana uşağın dünyaya gəlməsi üçün bir vəsilədir. Cənabi-Haqq “İnsan nədən yaradıldığına bir baxsın! O axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. O su bel ilə köks qəfəsi arasından çıxar![6] ayəsində buyurduğu kimi valideynlər vasitəsilə insanı xəlq edir. Dolayısilə, valdeynlər uşaqların dünyaya gəlməsinə səbəb olduqlarına görə onların üzərində haqları vardır. Bir mənada ata-ana onların varlıq aləminə qədəm qoymasına, müəyyən mərhələdən keçib “məhbəs”dən azadlığa çıxmasına vəsilə olur.

Bəli, ata-ananı haqqını qaytarmaq mümkün deyildir. Çünki “İnsan dünyaya gəlişindən etibarən daima ata-ananın çiyinlərində və onlara yük olaraq böyüyür. Nə ata və ananın övladlarına şəfqətinin ənginliyini, nə də çəkdikləri sıxıntının hüdudunu müəyyən etmək mümkündür. Bu baxımdan onlara hörmət və sayğı həm bir insanlıq borcu, həm də bir vəzifədir”.

[1] Ali Dəmirəl, “Zaman-Ailəm” dərgisi, sayı 111, s. 14-15.

[2] Buxari, “Hibə”, 28, “Ədəb”, 8; Müslim, “Zəkat”, 50 (1003); Əbu Davud, “Zəkat”, 34 (1668).

[3] Müslim, “İtq”, 25; Əbu Davud, “Ədəb”, 129; Tirmizi, “Birr”, 8; İbn Macə, “Ədəb”, 1.

[4] Buxari, “Ədəb”, 2; Müslim, “Birr”, 1.

[5] “Yeşeren düşünceler”, s. 15-16.

[6] “Tariq” surəsi, 86/5-7.



Açar sözləri

ana ata övlad valideyn vəzifə

Bənzər məqalələr

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Məsuliyyət hissi

Məsuliyyət hissinin iki yönü vardır: hər kəsin üzərinə düşən vəzifəni dərk etməsi; digəri isə Haqqa qulluğun ağırlığından belin bükülməsi, əldən gəldiyi qədər bunu yerinə yetirilməsi.

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.


Şərh yaz