Aylıq namaz vaxtları
1. 560 dəfə oxunub ,   0 şərh   Çap et

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!(Zəriyət, 56)

Cənabi-Haqq bizim bu dünyada nə edəcəyimizi bilir. Əmrlərinə uyub-uymayacağımızı da bilir. İmtahana nə ehtiyac görür ki, bizi dünyaya göndərir?

Bəli, Allah nə edəcəyimizi bilir, buna baxmayaraq imtahana çəkmək üçün dünyaya göndərir, ta çiynimizə yüklədiyi mükəlləfiyyətlərlə istedad və qabiliyyətlərimizi inkişaf etdirək. Bəli, O (c.c.) bizi yaradarkən eynilə mədənlər kimi yaratmışdır(Buxari, “Mənaqib” 41; Müslim, “Birr” 160). Mis mədəni, kömür mədəni, dəmir mədəni, qızıl mədəni, gümüş mədəni kimi.

Bunu hər şeyi var edib inkişaf etdirən Rəbbimiz olaraq etmişdir. Necə ki, bir sənətkarın memarlıq və bədiilik qabiliyyəti, məharəti olur. Və o, sənət əsərləri ilə görünüb bilinməyi arzulayır. Eynilə bunun kimi, Cənabi-Haqqın da bir çox isimləri və bunların təcəllisi olan sənət əsərləri var. O (c.c.), bu növbənöv sənət əsərlərini insanların nəzərinə təqdim etmək üçün bu məşhəri, sərgini açaraq gizli gözəlliklərini izhar etmişdir.

Daha aydın desək, kömür mədənində Onun (c.c.) isimləri necə təcəlli edir; dəmirdə, qızılda, gümüşdə necə özünü büruzə verir; sonra insanın müdaxiləsi ilə saf qızılda, saf gümüşdə, emal edilmiş dəmirdə necə təcəlli edir. Və O, bir addım atmaqla kömürün almaz olmasında -özünü necə nümayiş etdirəcəyini nəzərimizə təqdim etmək üçün müxtəlif dərəcə və qədəmələrdə- isimlərinin cilvələrini nümayiş etdirir və beləcə Onu (c.c.) tam tanıya bilməmizə, onun haqqında fikir formalaşdırmamıza şərait yaradır. Bəli, hər şeyi edən Odur. Üstəlik hər şeydən minlərlə meyvə verdirərək…

Nəticədə Onun bu fəaliyyəti ilə insanlar təmizlənir, saflaşır və Cənnətə layiq hala gəlir. Yəni mədənlər qızıl olur, almaz olur, gümüş olur. Bu barədə Allah Rəsulu (s.ə.s.) bir hədisi-şərifdə belə buyurur: “İnsanlar eynilə mədən kimidir. Cahiliyyədə xeyirli olanı İslamiyyətdə də xeyirlidir.” (Buxari, Mənaqib 41; Müslim, Birr 160) Yəni Cahiliyyə dövründə izzətli, şərəfli Ömər (r.a.) İslamiyyətdə də, təmkinli, vüqarlı, ciddi, əzəmətli və əziz Ömər (r.a.)… Birində, olduqca sərt və istədiyini etdirən, o birində təvazö qanadları yerlərdə və insanların ayaqları altında, lakin kafirlərə, facirlərə qarşı əzmkar bir Ömər (r.a.)!.. Cahiliyyə dövründə mədən olaraq necə idisə, İslamiyyətdə də elə.. Buna görə, cürətli, canlı, hərəkətli insanları görəndə istəyirik ki, müsəlman olsunlar… Çünki cahiliyyədə əziz olan, İslamiyyətdə də əziz olacaq.

İslam insanı-bu mədəni götürür. Yoğurur, kamilləşdirir, saf qızıl halına gətirir. Səhabə belə saf qızıla dönmüşdü. Səhabədən sonrakı qurşaqlarda dəyər və əyarı düşməyə başladı. 22 əyar və yavaş-yavaş 21, 20, 18, 17, 15… İyirminci əsrdə müsəlmanlar arasında 1 əyara qədər düşənlər də oldu. Bəli, iyirminci əsr kiri-pası, çirkabı bu qədər çoxalmış bir əsrdir!..

Deməli, biz dünyada imtahana çəkilirik ki, təsəffi edək, saflaşaq… Allah (c.c.) hansı yolla saflaşacağımızı bilir və bizi imtahana çəkir. Haşa, O (c.c.) bilmədiyi şeyi bizdən öyrənmək üçün bizi sınağa çəkmir. Yəni O (c.c.), bizi bizimlə sınayır. Daha doğrusu, biz öz-özümüzlə imtahan edilirik.

Bəli, biz cəhd və səy göstərdiyimiz, saflaşma, təmizlənmə yolunda olduğumuz; dəmir mədəni isək dəmir olma, qızıl mədəni isək qızıl olma sevdasına tutulub, bu yola girdiyimiz müddətdə.. bəli, belə bir səyimiz olduğu müddətdə Rəbbimizin əzəldən bildiyinin ortaya çıxmasına vəsilə olacağıq. Və biz bunlarla öz-özümüzü sınağa çəkib Onun (c.c.) uca dərgahına bu halımızla çıxacağıq. Quranın ifadə etdiyi kimi: “O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.” (Nur, 24/24) Biz də bunu biliriksə, özümüz-özümüzlə imtahana çəkildiyini anlayacağıq. Allah (c.c.) bizim durumumuzu -haşa- öyrənmək üçün imtahana çəkmir. Əksinə bizi bizə göstərir və bizi özümüzlə də sınayır.

Hər şeyin ən doğrusunu O (c.c.) bilir.




Şərh yaz

*