Aylıq namaz vaxtları
1. 677 dəfə oxunub ,   0 şərh   Çap et

Mələklər haqqında məlumatı Rəsulullahın (s.ə.s) hədislərindən öyrənirik. Bir hədisi-şərifində Peyğəmbərimiz (s.ə.s) cinlərin və şeytanların oddan, Həzrət Adəmin torpaqdan (palçıqdan), mələklərin isə nurdan yaradıldığını buyurur[1]. Hətta nura yaxın olan gözəl ətirlər də mələklərin bir qidasıdır. Buna görə də Hz. Cəbrail və başqa mələklərlə tez-tez görüşən Peyğəmbərimiz (s.ə.s) həmişə gözəl ətir vurar, qoxusundan mələklərin xoşlanmadığı çiy soğan və sarımsaq yeməzdi[2].

Mələklər günah işləməkdən uzaqdırlar

Mələklər qəzəb, kin, hiddət, qısqanclıq və həsəd kimi bəşərə aid mənfi duyğulardan, digər hiss, istək və meyillərdən uzaqdırlar. Dolayısilə, onlar üsyan etmək, baş qaldırmaq, asi olmaq kimi günahları işləməzlər. “Onlar Allahın onlara verdiyi əmrlərə asi olmazlar və buyurulanları yerinə yetirərlər[3] ayəsi də bu həqiqəti ifadə edir.

Yemir-içmir, ailə qurmurlar

Mələklər insana aid yemə, içmə, kişi və ya qadın olma, evlənmə kimi xüsusiyyətlərdən xali[4] olan ruhani varlıqlardır və məqamları da sabitdir. Onlar üçün mükafat almaq deyə bir şey də yoxdur. Lakin Allah adına yerinə yetirdikləri hər əmrdən lətif bir zövq və xoş ləzzət alırlar. Aldıqları feyz də ilahi dərgahdakı dərəcələri səviyyəsində olur. Nurdan ibarət varlıqlar olaraq mənəvi qidalara ehtiyac duyurlar. Zikr, təsbeh, həmdlərdən, Allah-Təalaya aid mərifət və məhəbbətin nurlarından ləzzət alırlar. Onlar ibadətdə nə qürrələnir, nə də yorulub usanırlar. “Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib (böyük hörmət göstərmək, müqəddəs bilmək) Onun şəninə təriflər deyərlər[5].

Son dərəcə sürətlə hərəkət edə bilirlər

Mələklər məxsusi lətif və nurani vücudlara malik olduqlarına görə olduqca sürətli, qüvvətli və mükəmməl varlıqlar sayılırlar. Allah-Təala onların bu xüsusiyyətləri haqda Qurani-Kərimdə belə buyurur: “Mələklər və ruh (Cəbrail) Onun ərşinə (dünya ilə müqayisədə) əlli min ilə bərabər bir gündə qalxarlar”.[6]

Müxtəlif surətlərə girə bilirlər

Mələklər Allahın əmri və izni ilə müxtəlif surətlərə girməyi bacaran varlıqlardır. Onlar peyğəmbərlərə həm əsil surətlərində, həm də başqa cildlərə girərək görünmüşlər.

Məsələn: Cəbrail (ə.s) Hz. Məryəmə insan qiyafəsində görünmüşdür.[7] Hz. İbrahimə (ə.s) oğul müjdəsi ilə gələn mələklər də ona insan surətində görünmüşdülər. Həzrət İbrahim onların qonaq olduqlarını güman edib yemək hazırlamış, ancaq yemədiklərini gördükdə təəccüblənmiş və mələk olduqlarını anlamışdır.[8] Bu ayədən həmçinin o da bəlli olur ki, mələklər yemək və içməkdən uzaqdırlar. Habelə “Cəbrail hədisi” kimi məşhur olan (iman, İslam və ehsan anlayışlarının açıqlaması verilən) rəvayətdə də bildirildiyi kimi, sahabələr Cəbraili insan surətində görmüşdülər[9].


[1] Müslim, “Zöhd”, 10.

[2] Buxari, “Azan”, 160; “Ətimə”, 49; “İtisam”, 24; Müslim, “Məsacid”, 72; Tirmizi, “Ətimə”, 13.

[3] “Təhrim” surəsi, 66/6.

[4] “Saffat” surəsi, 37/49.

[5] “Ənbiya” surəsi, 21/19-20.

[6] “Məaric” surəsi, 70/4.

[7] “Məryəm” surəsi, 19/16-17.

[8] “Hud” surəsi, 11/69-70.

[9] Müslim, “İman” 37; Əbu Davud, “Sünnət” 15.




Şərh yaz

*