Aylıq namaz vaxtları
696 dəfə oxunub ,   0 şərh   Çap et

İnsan iradəsinin önündəki maneələr nələrdir?

İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biridir. Bir şeyi əldə etmək üçün göstərilən səy, cəhd, qeyrət, istək mənalarındadır. İnsan bəxş edilən və hadisələr qarşısında hərəkətə keçirən əsas xüsusiyyətlərdən biridir. Öz potensialından düzgün və yerində istifadə edən; maddi-mənəvi bütün hislərindən yeri gələndə əl çəkə bilən, şöhrət, vəzifə, gələcək arzusu kimi onu “əsir” edən maneələr qarşısında dik duran insana iradəli insan deyilir.

İnanan insan həm də iradə qəhrəmanıdır, həmişə istiqamət üzrə yaşamağa çalışır. Bəzi hallarda ayağı büdrəyə, yıxılıb yolda qala bilər. Hər zaman düzxətli yaşamaq mümkün deyil. Vaxtaşırı ziqzaqların yaşanması normaldır. Bəzən cins atlar belə büdrəyir. Bu dünya imtahan dünyasıdır. İnsan həmişə bu imtahanla üz-üzədir. Üstəlik şeytan kimi əzəli düşmənimiz var. O da elə hey fəndlərini yeniləyərək bizi Haqqa gedən yoldan döndərməyə, istiqamətimizi dəyişdirməyə çalışır. İradəli insan büdrəsə, yolda qalsa, düz yoldan sağa-sola çıxsa da iradəsi sayəsində düz yola qayıda bilər. 

İnsanın ayağına ilişən, onun müvazinətini itirməsinə səbəb olan əsas amillər rahatlığa düşkünlük, hubbu-cah, şəhvəti arzular, təkəbbür və qorxudur.

Rahatlığa düşkünlük

İnsanın haqq yolunda addımlayarkən büdrəməsinə səbəb olan əsas amillərdən biri rahatlığa düşkünlükdür. Buna tənpərvərlik öz rahatlığını hər şeydən üstün tutmaq da demək olar. Mömin üçün həmişə Allahın rizasını hər şeydən önəmlidir. O, gördüyü hər işin Allahın rizasına uyğun olmasına çalışar və heç vaxt üzərinə düşən məsuliyyətdən boyun qaçıraraq rahatlıq axtarmaz.

Bəxtəvərlər yolunun zirvəsində dayanan heç şübhəsiz İnsanlığının İftixarı sallallahu əleyhi və səlləmdir. Ürvə ibn Zübeyr xalası Həzrət Aişədən (r.anha) Peyğəmbərimizin (s.a.s.) sağlığında evdə nə yeyib, nə içdiklərini soruşur. O da belə cavab verir: “Evimizdə bəzən iki-üç ay ocaq yanmazdı, əsvədan (iki qara) yəni xurma və su ilə dolanardıq.”[1]

Bir dəfə Allah Rəsulu (s.a.s.) ilə ən sadiq dostu, yer və göyün əmini Cəbrayıl (ə.s) ilə birlikdə oturarkən dilindən bu sözlər tökülür: “Üç gündən bəri Muhamməd ağzına bir loğma qoymadı.” Elə bu vaxt səmadan gurultulu səs eşidildi və bir mələk endi. Cəbrayıl (ə.s) enən bu mələk haqqında Allah Rəsuluna (s.a.s.) məlumat verdi: “Bu mələk yer və göy yaradılandan bəri indiyədək ilk dəfə yer üzünə enir.” Mələk, Allah Rəsuluna (s.a.s.) üzünü tutur və soruşur: “Ey Allahın Rəsulu! Qul peyğəmbər, yoxsa hökmdar peyğəmbər olmaq istəyirsən?” Cəbrayıl (ə.s), Rəsulullaha “Rəbbinə qarşı təvazökar ol!” mənasında işarə edir. Rəsulullah (s.a.s.) cavabında: “Bir gün ac yatıb yalvaran, digər gün tox olub şükür edən qul peyğəmbər olmaq istəyirəm…” − deyir.[2]

Bəli, Allah Rəsulu (s.a.s.) heç vaxt bədəninin arzularına ilişib qalmamış, aclıqdan bitab düşərkən, susuzluqdan dili-dodağı quruyarkən iradəsi ilə önündəki maneələri aşmışdır. Nəticədə Allahın inayət və kərəmi ilə hədəfinə çatmışdır.

Haqq yolun bəxtəvərlərindən biri də qadınlıq aləminin sultanı Həzrət Xədicə (r.anha) anamızdır. Xədicə “erkən doğulan” deməkdir. O, İslamı ilk qəbul edənlərdəndir. Allah Rəsulu (s.a.s.) peyğəmbərlikdən əvvəl Ondakı fərqliliyi sezmiş və Onunla ailə qurmuşdu. Ailə quranda Həzrət Xədicə Məkkənin barmaqla göstərilən varlılarından biri idi. Bütün var-dövlətini İslam üçün sərf etmişdir. Peyğəmbərliyin 8-ci ilində demək olar bütün sərvəti tükənmişdi. Boykot illəri sona çatanda vəfat etmişdi. Bəziləri onun aclıqdan vəfat etdiyini deyirlər. Rahat yaşaya bilərdi, ancaq rahatlığı tərk edib ilk cərgədə yerini tutmuşdu.

  Bəxtəvərlərdən digəri Musab ibn Ümeyirdir. Musab (r.anha) Məkkənin varlı ailələrindən birinin oğlu idi. İslam dini qəbul edəndə 17 yaşı vardı. Onun gözəlliyi də dillərə dastan idi. Anası romalı idi. Dəmirçi, kölə olan Habbab ibn Ərət (r.a) vasitəsilə könlü həqiqətə açılmışdı. Gənclik duyğularının, hislərinin alovlandığı bir yaş dövründə müsəlman olmuşdu. Dünyanın bütün cazibədar gözəlliklərindən üz döndərmişdi. İslamı qəbul etdiyinə görə hər cür əzab və işgəncəyə dözməli olmuşdu. Ailəsi tərəfindən rədd edildi, var-dövlətdən məhrum edildi… Ancaq bütün bunlara baxmayaraq əsla Rəsulullahın (s.a.s.) yanından ayrılmadı.

Mədinədə İslamı təbliğ etmək üçün müəllimə ehtiyac vardı. Peyğəmbərimiz (s.a.s.) bu əsilzadə gənci Mədinəyə göndərdi. Qısa müddət içərisində mədinəlilərin könlündə taxt qurdu. Bir il sonra yetmiş nəfər insanla Məkkəyə, Allah Rəsulunun (s.a.s.) yanına qayıtdı. Müsəlmanların Mədinəyə yerləşməsi üçün uyğun zəminin yaradılmasında onun əvəzedilməz xidmətləri olmuşdur.

Hicrətdən sonra bir gün Allah Rəsulu (s.a.s.) onu uzaqdan gördü. Üzərində düz-əməlli bir paltar yox idi. Rəsululullah (s.a.s.) bir tərəfdən qəhərlənərək, digər tərəfdən də onu təqdir edərək yanındakılara: “Bu cavan oğlana diqqətlə baxın. Bir vaxtlar Məkkədə hər kəs ona qibtə edərdi. İndi əyninə geyinəcək doğru-dürüst bir paltarı belə yoxdur.” − dedi. Musab Uhud döyüşündə şəhid oldu. Onu dəfn etmək üçün bədənini örtəcək qədər kəfən belə tapılmadı. Belinə bağladığı qənşərlik ilə başı örtüləndə ayaqları, ayaqları örtüldükdə başı açıq qalırdı. Bu bez parçası ilə övrət yeri örtülü, geri qalan yerlərə də ot örtülərək dəfn edildi.[3]

Musab “çətin, aşılmayan təpə” deməkdir. O, tam adı kimi həyat yaşamış, bütün əngəlləri aşaraq, dünyanın heç bir maneəsinə ilişmədən şəhidliklə həyatına son nöqtəni qoymuşdu.

Hubbu-cah

Hubbu-cah vəzifə və şöhrət arzusu, hərislik deməkdir. Bu da insan ruhunu iflic edən xüsusiyyətlərdən biridir. Hər insanda az və ya çox bu hiss var.

Şöhrət zəhərli bala bənzəyir. “Baldır” deyib baxmadan yeyilsə, insanı zəhərləyər.

Bəzən insan fərqində olmadan bu sürüşkən zəminə düşür. Məsələn, insana kiçik bir vəzifə verdikdə, ora nəzarət etməyə çalışır və tabeliyindəkilərə “qan uddurur”. Bilmək lazımdır mülkün əsl sahibi Allahdır, bizi O yaradıb, əvvəl-axır doğulduğumuz kimi bu dünyadan heç nə aparmadan yenə Onun hüzuruna çıxacaq, hər şeyin hesabını verəcəyik.

Qüdsün açarlarını təhvil almaq üçün yola çıxan Həzrət Ömərə ordu komandirləri xahiş edirlər ki, çox yamaqlı olduğu üçün paltarlarını deyişsin. O da cavabında belə deyir: “Allah, bizi dini ilə şərəfləndirib. Bunun xaricində başqa şərəf, şan-şöhrət axtarmaq əbəsdir.” Onun əbasında 17 yamaq olduğu bildirilir.

Həzrət Əbu Bəkir (r.a.) yurdunu, yuvasını tərk edərək Mədinəyə gəlmiş, burada şəhərin mərkəzində qala biləcəyi torpaq tapa bilməmişdi. “Sunh” adlı kənar məhəllədə məskunlaşmışdı. Bununla yanaşı ailəsinin dolanışığını təmin etmək üçün qonşularının davarlarını sağaraq güzəranını təmin etmişdir.

Həzrət Ömər (r.a.) bir gün məsciddə xütbə oxuyarkən birdən-birə öz-özünə “Yaxşı görək! Dünən Məhzum oğullarının qoyunlarına çobanlıq edirdin.” – deyərək kürsüdən enir. Namazdan sonra Abdurrahman ibn Avf onun yanına gələrək xütbədə dediklərinin səbəbini soruşur. O da cavabında: “Bazarda dolaşarkən camaat  “Əmirul-Möminin keçir.” − dedilər və mən də möminlərə əmir olduğumu hiss elədim. Buna görə də xütbədə, xalqın gözü qarşısında keçmişimi yada salaraq nəfsimi əzmək istədim. Əsl izzət və şərəfin Qurana tabe olmaq, Rəsulullahın yolunda getmək olduğunu bir daha vurğuladım. Halbuki, Allah məni bu din sayəsində bu vəzifəyə gətirmişdir.” − deyir. 

Osmanlı padşahı Yavuz Sultan Səlimə Misir səfərinə gedərkən Məkkə-Mədinədə “Əmirul-Harmeyn” deyə səslənirlər. O da: “Buranın bir əmiri var, o da Həzrət Muhamməddir (s.a.s.). Mən ancaq buranın xadimi, xidmətçisi ola bilərəm” – buyurur. İstanbula qayıdarkən xalq onun yeni ünvanını təbrik etmək üçün qarşılamağa hazırlaşır. O, isə gecə sakitcə şəhərə daxil olur. Əsl təvazökarlıq elə ən güclü olduqda sadə davranış ortaya qoymaqdır.

Peyğəmbərimiz (s.a.s.) bir hədisində: “Allah, təvazökar olanın məqamını ucaldar, təkəbbür hissinə qapılanı da yerin dibinə batırar.” (Təbərani, əl-Mucəmul-Əvsat, 5/139; Beyhaqi, Şuabul-İman, 6/297)

Şəhəvi arzular

Möminin önündəki maneələrdən biri də yemək-içmək və bədənin istəklərinə tabe olmaqdır. Halbuki din Allahındır və heç nəyə fəda edilməməlidir. Bəzən insan yol yorğunluğunu atmaq, dincəlmək üçün yolüstü bir ağacın kölgəsində oturur. Həmin kölgəliyə aldanıb əsas hədəfi unutmaq olmaz. 

Həzrət Əli (r.a.) xəlifə olduğu dövrdə ölkənin sərhədləri çox böyük idi, qış vaxtı əynində nazik yay paltarı var idi. Üşüdüyünü görüncə ətrafındakılar səbəbini soruşurlar. O da: “Mən öz imkanlarımla ancaq bu ala bilmişəm.” − cavabını verir. Bəli, əsl ictimai ədalət budur. Xəlifə olasan, ancaq ən kasıb adam kimi yaşayasan.  

Həzrət Ömərin (r.a.) xilafəti dövründə davamlı məscidə gəlib-gedən, ibadətlərə həssaslıqla yanaşan bir gənc vardı. Bu gənc günlərin bir günü qəflətən məsciddə görünmür. Ömər (r.a) üzünə aşina olduğu bu gənci soruşur. Başda qohumları danışmaq istəmir. Sonra hər şey aydın olur. Deməli, bu gəncin məscidə gedib-gəlidiyi yol üzərində nəfsinə məğlub olan bir qadın yaşayırmış. Qadın bu gənci toruna salmaq istəyir. Bir gün onu aldadaran içəri dəvət edir. Qapının kandarından içəri addım atarkən birdən: “Qəlbləri Allah qorxusu ilə ürpərən müttəqilər, şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal bəsirətləri açılar, gerçəyi görərlər.” – ayəsi dilinə dolanır. Ayəni tez-tez təkrar etməyə başlayır. Həyacan və xəcalət hissi ilə həmin yerdə ürəyi gedib yıxılır. Qohumları vəfat etdiyi qapının naxoş bir yer olduğu bildikləri üçün bunu xalqdan gizlədir və gecənin qaranlığında onu dəfn edirlər. Bu hadisəni eşidən Həzrət Ömər dərhal gəncin dəfn olduğu yerə gəlir. Qəbri başında:

“Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət gözləyir.”[4]

ayəsini oxuyur. Məzardan bir səs yüksəlir:  “Ey Əmirəl-Möminin! Allah mənə onun iki qatını verdi.”

İzzət və qürur

Maneələrdən biri də izzət və qürurdur. Nümunəvi insanlar olaraq göndərilən peyğəmbərlər və onların izindən gedən bəxtiyarlar “adım, şərəfim” deməmiş və heç bir zaman şəxsi keyfiyyətləri ilə öyünməmişlər.

Allah Rəsulu (s.ə.s.) özünə “Sən bizim seyidimizsən.” − deyənlərə qarşı: “Xeyr. Bizim seyidimiz Həzrət İbrahimdir.” − buyurmuşdur. Halbuki, O insanlıq aləminin iftixarı, Həzrət İbrahimin də seyidi idi. Həzrət İbrahimin (ə.s.) öz cəmiyyəti tərəfindən hər cür təhqirə, əzab-əziyyətə dözmüş, tonqala atılmışdı. Ancaq dini üçün səbir etmiş, izzət və qürurunun arxasınca düşməmişdir. Həzrət Musa (ə.s.) gah Firon tərəfdarları, gah da öz qövmü tərəfindən neçə dəfə ittihama, təzyiqə məruz qalmış ancaq bunu şəxsiləşdirməmişdir. Həzrət İsa (ə.s.) gənc yaşlarda müxətlif işgəncə və əziyyətlərə məruz qalmış, ölümlə təhdid edilmiş və çarmıxa çəkilərkən belə dinindən danışmışdır. Bəli, bunların sayı artırıla bilər, hər biri öz dövrünün qəhrəmanıdır.

İfk hadisəsi çoxumuza məlumdur. Allah Rəsulunun (s.a.s.) pak zövcəsi Həzrət Aişəyə (r.anha) iftira atılmışdı. Başda Allah Rəsulu (s.a.s.) olmaqla, atası Həzrət Əbu Bəkir (r.a), anası Ümmü Ruman və bütün səhabələr hadisənin iztirabını yaşayırdı. Allah Rəsulu (s.a.s.) qüruruna, mənliyinə toxunan bu hadisəyə səbir və təmkinlə yanaşmışdır. Bu çirkin işi planlaşdıranların başında məşhur münafiq Abdullah ibn Übeyy ibn Səlül gəlirdi. O, Allah Rəsulu (s.a.s.) Mədinyə hicrət etmədən bir müddət öncə özünü Mədinənin kralı seçdirmək üçün planlar qurmuşdu. Rəsulullahın (s.a.s.) Mədinəyə təşrifi ilə onun xəyalları suya düşmüşdü. Bir il keçdikdən sonra gəlib müsəlman olduğunu bildirmişdi. Ancaq üzdə müsəlman kimi görünsə də əməlləri bunun əksini deyirdi.

Bir müddət sonra Həzrət Aişənin (r.anha) pak olduğu ilahi vəhy ilə təsdiqləndi. Peyğəmbərimiz (s.a.s.) bu iftiraya görə heç kimdən qisas almadı. Aradan bir neçə il keçdi. Abdullah ibn Übeyy vəfatı yaxlaşarkən Ondan (s.a.s.) kəfən üçün əbasını istədi. Allah Rəsulu (s.a.s.) əbasını verdi. Hətta cənazə namazını qıldırdı və qəbri başında uzun-uzadı dua elədi. Ancaq İlahi fərman başqa idi. “Onlardan ölmüş olan heç birinə əsla namaz qılma; onun qəbri başında da durma! Çünki onlar, Allah və Rəsulunu inkar etdilər və fasiq olaraq öldülər.”[5] Bütün bunlar, insanların əbədi həyatının qurtuluşu üçün çalışan Allah Rəsulunun (s.a.s.) zəngin anlayışını, şəfqətini, tolerantlığını göstərir. Ailəsinə iftira atan şəxsin cənazəsinə iştirak etmiş və “Allah, 70 dəfə istiğfar etsəm də onu əfv etməyəcəyini fərman edir. Mən 70 dəfə ilə onun bağışlancağını bilsəydim, ona 70 daha çox istiğfar edərdim.” − demişdir.

Qorxu

İnsanın iradəsini təhdid edən bir digər maneə qorxu hissidir.  Əhli-dünya, möminlərin bu damarından hər zaman istifadə etmişdir. Qorxu hissi bütün insanlarda olur. İradəli insanı, yalnız Allahın razılığı qazanmağı itirməkdən qorxar, daima Allaha təvəkkül edər. Həqiqi təvəkkül üçün də iradədən istifadə etmək, Onun hökmünə boyun əymək, təslim olmaq lazımdır.[6]  

Peyğəmbərimiz (s.a.s.) həyatı boyu təhdid və hücumlara məruz qalmışdır. Müşriklərin Məkkədəki təzyiq və zülmləri Məkkədə aramsızlıqla davam etmişdir. Bir az nəfəs almaq üçün oradan ayrılıb Mədinəyə köçmüşdür. Məkkəlilər yenə müsəlmanları təhlükə kimi görərək Mədinəyə 1000 nəfərlik ordu ilə hücuma keçmişlər. Allah Rəsulu (s.a.s.) və səhabələri onları Bədirdə qarşılamış və Allahın izni ilə ağır məğlubiyyətə uğratmışlar.

Bir az da əvvələ nəzər salaq. Mühacir və ənsardan mütəşəkkil birlik Mədinənin çıxışına toplaşmışdı. Təxminən 320 nəfər idilər. Düşmən isə müsəlmanlardan sayca və sursatca üç qat artıq idi. Müsəlmanların cəmi 70-80 dəvəsi və bir atı vardı. Onların isə at və dəvələrinin sayı daha çox idi. Allah Rəsulu (s.a.s.) əshabı ilə məsləhətləşdi və onlara: “Necə edək, mənə yol göstərin?” dedi. Mühacirlər düşmənlə qarşılaşmağa hazır idi. Ancaq ənsar yəni mədinəlilərin də razılığı lazım gəlirdi. Bu vaxt ənsar liderlərindən Sad ibn Muaz irəli çıxdı və tarixə qızıl hərflərlə yazılacaq bu sözləri söylədi:

“Mənə elə gəlir ki, bizi nəzərdə tutursan ya Rəsulullah. Biz İsrailoğlularının peyğəmbərlərinə dediyi kimi “Get, sən və Rəbbin savaşın; biz burada oturub gözləyəcəyik”.[7] − dəməyəcəyik. Biz, sizinlə bərabər çiyin-çiyinə vuruşacağıq. Ey Allahın Rəsulu! Sən, Allahın dediyinə bax və yolunda yürüməyə davam et, biz sənə tabeyik. İstədiyinlə dost ol, istədiyinlə əlaqəni kəs. İstədiyinlə sülh bağla, istədiyinlə müharibə elə. Malımızdan istədiyini al və istədiyin yerə infaq elə. Biz həmişə səninlə bərabərik. Səni haq ilə göndərən Allaha and verirəm ki, sən bizə bu dənizi göstərib dalarsan, biz də ardınca dalarıq! ” [8]

Sad ibn Muazın bu cəsarət dolu sözləri Allah Rəsulunun (s.a.s.) xoşuna gəldi və gülümsədi. Bu təbəssüm, eyni zamanda Bədirdəki qələbənin təbəssümü idi.

Bəli, bu gün insanlığı içinə düşdüyü girdabdan qurtarmaq istəyən möminlər iradəsinin haqqını verməli, nəfslərinin arzu və istəklərinə qalib gəlməlidirlər. Ancaq səhabə düşüncəli möminlər Allah Rəsulunun (s.a.s.) müjdələdiyi ikinci baharı yaşada bilərlər. Allah bizləri onlardan, olmasaq belə bu cür möminlərin yetişməsi üçün uyğun zəmini hazırlayan bəxtəvərlərdən eləsin!


[1] Buxari, Hibə 1; Müslim, Zöhd 28.
[2] Əhməd ibn Hənbəl, əl-Müsnəd 2/231; Abdurrəzzaq, əl-Müsənnəf, III, 183-184; Heysəmi, Zəvaid IX, 18, 20.
[3] Buxari, Cənazələr, 27, Məğazi, 17, 26; Müslim, Cənazələr, 44.
[4] Rəhman 55/46.
[5] Tövbə 9/84.
[6] Bax: Ali İmran 3/173 və Maidə 5/44.
[7] Maidə, 5/24.
[8] İbn Hişam, II, 267; İbn Sad, II, 12.

 




Bənzər məqalələr

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Hidayətə mane olan səbəblər

İnsanın hidayətə gəlməsinə mane olan səbəblər hansılardır?

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.

Biz qədərin məhkumuyuq?

Sual: Allah niyə bizə soruşmadan bizi yaradıb və qədərə məhkum edib? Cavab: Qədərdə məcburulik, haqsızlıq və bədbəxtlik yoxdur. İnsan nə edəcəyini cüzi iradəsi ilə seçir. Buna görə də etdiklərindən məsuliyyət daşıyır. Allah-Təala da göndərdiyi peyğəmbərlər və nazil elədiyi kitablar vasitəsilə həmişə insanlara doğru yolu göstərmişdir.


Şərh yaz

*