Aylıq namaz vaxtları
1. 198 dəfə oxunub ,   0 şərh   Çap et

Evlilik çoxtərəfli münasibətlər yumağıdır. Bu yumağın, kələfin ucunu tapmaq hər kəsə nəsib olmur. Amma bir həqiqət var ki, kələfin ucu nə qədər tez tapılsa, ailə də səadətə bir o qədər tez qovuşar. Ancaq bu yumağı açmaq üçün öncə Allahın köməyi, sonra isə Hz. Muhammədin (s.ə.s) zəkası, Hz. İsanın (ə.s) dözümü, Hz. Musanın (ə.s) iradəsi, Hz. Nuhun (ə.s) uzaqgörənliyi, Hz. Əyyubun (ə.s) səbri, Hz. Lutun (ə.s)  mətanəti gərək.

Bu sözləri bu yaxınlarda mənə gəlib çatan bir hadisəyə görə qələmə aldım. Yenə də ailə münaqişələri. Səbəbi isə özləri ayırd edə bilməsə də, ikili standartdır. Hər ikisi də bir-birinə təzadlı davranır. Onların on illik evlilik həyatı ilə bağlı apardığım müşahidələr, dinlədiyim hadisələr bu nəticəyə gəlməyə əsas verdi. Ancaq özləri bunun fərqində deyillər. Hələ fərqində olmamaq bir tərəfə qalsın, bir-birindən anlayış gözləyirlər. Daha açıq desəm, öz təzadlı davranışlarını nəzərə almayan qadın həyat yoldaşından diqqət, anlayış gözlədiyi kimi, həyat yoldaşı da ondan eyni münasibəti umur. Bu, birinci problem.

İkincisi isə, “sən” və “mən”. Səhv eşitmədiniz, söhbət əsnasında o qədər “sən” və “mən”ə şahid oldum ki, kənardan baxan bunların həyatlarını evliliklə birləşdirən ər-arvad olmadığını düşünər. Çünki hadisəyə üçüncü şəxs kimi nəzər saldıqda bircə səs eşidirsiniz: “mən”. Əlbəttə, sən və mən insanın fitri şəxsiyyətini göstərən anlayışlardır. Ailə həyatının qurulması da o demək deyil ki, “sən” və “mən”  bir kənara atılmalıdır. Əksinə, insanlar həmin özəllikləri ilə yuva qururlar. Bax elə düyün nöqtəsi də buradır. Bəli, ailə həyatı qurmaq iradi olaraq bir-birini ər və arvad kimi qəbul etməyi, “sən” və “mən”i tərk edib “biz” olmağı tələb edir. On il ərzində “biz” ola bilməyən bu cütlüyün xoşbəxt olmaması, hər xırda məsələyə görə boşanma həddinə çatan  mübahisələr etməsi olduqca təbiidir.

Gəlin məsələyə insafla yanaşaq. Həyat yoldaşının ziddiyyətli davaranışlarını  problemə çevirib öz davranışlarının anlayışla qarşılanmasını gözləmək hansı məntiqə, insafa sığar? Dürüst və qətiyyətli olmaq lazımdır. İnsan əvvəlcə özünü düzəltməli, sonra da bunu qarşısındakından, yəni həyat yoldaşından gözləməlidir. Əgər ortada səhv bir hərəkət, pislik, xəta varsa, bu yerdə “bunu mən eləsəm, yaxşı”; “sən eləsən, pis” anlayışı doğru deyildir. Səhvlərin, yanlışlıqların, xətaların mahiyyəti onu edən insanın şəxsiyyətinə görə dəyişmir. Kim edirsə-etsin, səhv səhvdir, pislik pislikdir və xəta da xətadır. Ancaq bunların nəticəsi şəxsiyyətə görə dəyişir. Adi bir vətəndaşla alimin eyni səhvi etdiyini düşünün.

Bu ər-arvad “sən” və “mən” kəlmələrini lüğətlərindən silməlidirlər. Yaddan çıxarılmamalıdır ki, bir İslam aliminin dediyi kimi “mən” göy, səma və dağların məsuliyyətini götürməkdən çəkindiyi əmanətin adıdır. Əlbəttə, insanda “mən” duyğusu, başqa ifadə ilə “eqoizm” olacaq, ancaq bu, vəhy və Rəsulullahın rəhbərliyi altında formalaşmış bir “mən” olmalıdır. Bizim inancımıza görə, İlahi rəhbərlikdən məhrum olmuş “mən” insanı Firon edər. Belə bir “mən”lə axirət səfərinə çıxmaq olmaz. Çıxılsa belə, bu səfər, Allah qorusun, cəhənnəmlə sona çatar. Çünki onun rəhbəri nəfsdir. Başqa cür desək, heyvani nəfs. Yəni heyvanlarla insanların ortaq xüsusiyyəti olan nəfs. Təəssüf ki, mənim bu müsəlman ailəsində gördüyüm məsələ bundan fərqli deyildir. Birlikdə yaşasalar da, “mən” sayəsində müstəqil şəxslərdir. 

Çox təəssüf ki, dünyada bir ailə konstitusiyası yoxdur. Çox istərdim ki, dünyada bütün ailələri əhatə edən, İlahi əmrləri, peyğəmbər əxlaqını, Hz. Adəmdən (ə.s) bu günə bütün bəşəriyyətin təcrübəsini özündə əks etdirən bir evlilik konstitusiyası olaydı. Bütün insanlar bu konstitusiyanı oxuyub əzbərləyəndən sonra ailə həyatı quraydılar. Hətta evlilikdən əvvəl bu konstitusiyadan imtahan verəydilər. İmtahandan keçənlərə sertifikat, diplom təqdim edib ailə qurmağa icazə veriləydi. İmtahandan keçməyən qız və oğlanların ailə qurmasına icazə verilməyəydi. Amma real həyatda belə şey yoxdur və olması da mümkün deyildir. Bu, yalnız xəyaldır. Buna baxmayaraq, bütün evli cütlər üz-üzə oturub məsləhətləşərək öz evlilik konstitusiyalarını yaza bilərlər. Yazılı olması da şərt deyil. İngiltərənin yazılmayan konstitutsiyası kimi ümumi qəbul edilmiş normalar və təcrübələr bunu müəyyən edər. Sonra da həyat yoldaşları buna uyğun birgə və xoşbəxt ömür sürərlər. “Konstitutsiyaya zidd hallar olduqda bir-birinə xəbərdarlıq edər, lazım gələrsə, evin bir otağını məhkəmə salonuna çevirib öz-özlərinə hakim, müstəntiq və vəkil olarlar. Sonra da müştərək verdikləri qərara uyğun olaraq ya başdan başlayar, ya da qaldıqları yerdən davam edərlər.

Yeri gəlmişkən məsələnin mənəvi tərəfi ilə bağlı bir məqama toxunum: Allah mütləq ədalət sahibidir. Həyata bir bütöv kimi, hərtərəfli baxan və ya baxa bilən insanlar bu ədaləti çox aydın görə bilirlər. Bu çərçivədə birətərəfli yanaşma, başqa nümunə ilə desək, bəlkə, aylar, bəlkə, illər bahasına ərsəyə gələcək böyük bir rəsm əsərini bütövlükdə deyil, yalnız kiçik bir hissəsini görmək və buna əsaslanıb hökm vermək yanlış olar və səhv nəticələrə aparıb çıxarar.

Mən şəxsən belə problemləri olan ailələrə öz keçmişlərinə bir də bu aspektdən baxmağı tövsiyə edirəm. Kim bilir, bəlkə də, tövbəsi edilməmiş bir günah onları bu problemlərlə üz-üzə qoyur. Əgər elədirsə, səmimi qəlbdən tövbə etsinlər, bəlkə, buna görə ilahi iradə onların ailəsinə başqa formalarda təcəlli etmiş oldu.

Xoşbəxt bir ailə üçün həyat dərsləri” kitabından götürülmüşdür.



Açar sözləri

ailə arvad ər mən sən standart

Bənzər məqalələr

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.


Şərh yaz