Aylıq namaz vaxtları
2. 212 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Əbəsə surəsində Rəsulullaha (s.ə.s) edilən xəbərdarlığı necə başa düşməliyik?

Cavab: Əbəsə surəsi ilk baxışda Peyğəmbərimizə xəbərdarlıq kimi görünür. Biz, mövzunun təhlilinə girmədən bu surənin nazilinə səbəb olan hadisəni nəql edək. Sonra da ayələrin ifadə etdiyi mənalara diqqət çəkərək Allah Rəsulunun məsumluğunun necə günəş kimi aydın olduğunu göstərməyə çalışaq.

Allah Rəsulu Utbə və Əbu Cəhil kimi, Qüreyşin böyükləri ilə oturub onları İslama dəvət edirdi. O, fikrini elə mövzuya cəmləmişdi ki, gözləri görməyən Abdullah ibn Ümmi Məktum (r.a.) içəri girdi və Allah Rəsuluna: “Ya Rəsulullah, Allahın sənə öyrətdiklərindən mənə də danış! dedi. O, bu sözünü bir neçə dəfə təkrar edincə, Allah Rəsulu da üzünü turşutdu və o tərəfə çevirildi, bir az əvvəlki söhbətinə davam etdi…[1] Ümumiyyətlə, bu ayənin nazilinə səbəb olan hadisənin xülasəsi belədir.

Məsələyə bu anlayış çərçivəsində baxası olsaq, gələn səhabə əgər kor olmasaydı, Allah Rəsulunun bu davranışı heç vaxt ilahi xəbərdarlığa tuş gəlməzdi. Gələn kor olduğu üçün, Peyğəmbərimiz də onu səbirlə qarşılamalı idi. Və üzünü ondan çevirdiyinə görə ilahi xəbərdarlıq gəldi.

Səthi baxanda belə bir qənaətə gəlirik. Bir az dərindən araşdırsaq, həqiqətin o biri üzünə də şahid olar və əvvəlki hökmün tələsik verildiyini görərik.

Əvvəla, hər məqamın bir ədəbi vardır. Allah Rəsulunun hüzuruna getməklə adi insanın yanına getmək eyni deyildir. Qurani-Kərimin bir çox ayəsində bu hüzura xas ədəbi Müsəlmanlara bəyan edilmişdir. Peyğəmbərimizin hüzuruna nə vaxt girmək olar, orada nə qədər oturmaq olar[2] və necə səs tonu ilə danışmaq olar,[3] bunların hamısı gələn ayələrlə möminlərə öyrədilirdi.

Bu ədəb ilahi hüzura da aiddir. Namaz qılanın qarşısından keçməmək buna gözəl bir misaldır. Bir mömin Allahın hüzurunda namaz qılarkən başqa bir adam onun qarşısından keçməyə çalışarsa, Hənəfi məzhəbinə görə, ona xəbərdarlıq etmək, digər məzhəblərə görə mane olmaq lazımdır. Hətta həmin adam keçmək üçün təkid edərsə, əllə müdaxilə də edilir.[4]

Çünki namaz qılmaq Sultanlar Sultanının hüzuruna çıxmaq və Onunla danışmaq deməkdir.. Söhbət edən iki adamın arasından keçmək ədəbsizlik sayılırsa, bunun necə ədəbə zidd hərəkət olduğunu siz özünüz düşünün! Buna görə də Peyğəmbərimiz “Əgər namaz qılanın qabağından keçən adam necə günah işlədiyini bilsəydi, qırx il gözləyər, yenə o insanın qarşısından keçməzdi[5] buyurur. Allah-Təalaya xas hüzur ədəbi olduğu kimi, Onun Rəsulunun da hüzur ədəbi var.

Peyğəmbərimiz o əsnada nə edirdi? İlahi bəyanları iki daş qəlbli insanın vicdanına nəqş etməyə çalışırdı. O Rəsul ki, insanların hidayətə gəlməsindən başqa bir şey düşünmürdü. O, insaların hidayətə gəlməsi üçün fədakarlıqla çırpınırdı. Hətta Quran belə Ona “Özünü həlak etmə![6] deyirdi. Bəli, O, inanmayan bir insan görəndə çox kədərlənirdi. Ümmi Məktum Rəsulullahın hidayət üçün çırpındığı bir vaxtda gəlib söhbətə qarışmış, müdaxilə etmiş, mövzunu yayındırmış və hüzur ədəbini pozmuşdu. Hərçənd Onun yanına gələnin bir məşru bəhanəsi vardı: gözü görmürdü. Halbuki Allah Rəsulu əgər (fərz edək) üzünü turşutmuş və çevirmişsə, ən az əlində on əsası vardı. Elə isə Onun haqlı ola-ola bu cür davranmasını xəta saymaq – bununla peyğəmbəri tənqid etmək istəyənləri nəzərdə tuturuq – elə özü  xətadır.

Hadisə bu şəkildə cərəyan etmişsə, mahiyyəti və cavabı budur. Qaldı ki, dünəndən bu günədək bu hadisə Buxari, Müslim, İbn Macə, Əbu Davud, Tirmizi, Nəsayi, Əhməd b. Hənbəl  (Müsnədi), Hakim (Müstədrək) kimi əlimizdə olan mötəbər hədis mənbələrinin heç birində təfsirlərdəki kimi “ssenariləşdirilib” izah edilməmişdir. Təfsirlərdə verilən ssenaridə iki qəhəraman var: biri Peyğəmbərimiz, digəri də İbn Ümmi Məktum (r.a.). İki nəfər də epizodik obraz var: Əbu Cəhil və Utbə. Halbuki, həqiqi təfsirçilər Peyğəmbərimizin yanına gələn şəxsin kimliyi haqqında müxtəlif adlar çəkirlər. Hətta gələn şəxs həqiqətən kordur, yoxsa məcazi mənada? Bu, belə dəqiq deyil. Elə isə bu məsələdə qəti hökm verməmək daha doğrudur.

Bu hadisə ilə əlaqədar İbn Ümmi Məktumla (r.a.) birlikdə yeddi nəfərdən, yəni cəmi səkkiz şəxsdən bəhs edilir. Digərləri ilə müqayisədə İbn Ümmi Məktum (r.a.) orada oturmağa məcbur deyildi. Peyğəmbərimiz bu böyük səhabəni – o, ilk müsəlmanlardandır –  iki dəfə Mədinədə öz yerinə qoymuşdu. Daha sonra da böyük bir ehtimalla Qadisiyyədə şəhid olmuşdu. Onsuz da Həzrət Xədicə Anamız (r.a.) tərəfdən Allah Rəsulunun yaxını idi. Bəli, İbn Ümmi Məktum Həzrət Xədicə Anamızın (r.a.) dayısı oğuludur.[7] Beləliklə də, onun gəldiyi məclisdə soyuq qarşılanması üçün bir səbəb yox idi. Kor olmasına baxmayaraq, Allah Rəsuluna vəkalət etdiyinə görə, sözünün yerini bilən bir səhabəydi… başqa sözlə, adı çəkilən digər şəxslərə nisbətən onun orada olma ehtimalı azdır.

Kim bilir, bəlkə də, gələn kor şəxs münafiqlərdəndi və Allah Rəsulu da onun münafiqliyini bilirdi. İslamı öyrənməkdə səmimi olmadığına və orada İslamın təbliğinə müdaxilə etdiyinə görə  də Allah Rəsulu üzünü turşutmuş və ondan üz çevirmişdi ki, bu da çox normal bir hərəkət idi. Ancaq hadisənin mütləq belə olduğunu da iddia etmirik, iddiamız yoxdur. Ancaq İbn Ümmi Məktumu (r.a.) məlum hadisənin qəhrəmanı kimi təqdim edənlərin rəvayət baxımından fikirləri də qəti deyildir. Elə isə hər iki yanaşmaya da – düşüncə ədəbinə uyğun – bərabər səviyyədə baxmaq lazımdır.

Burada bir vacib məqam da vardır: Bəzi təfsirçilər عَبَسَ və تَوَلَّى fellərinin faili (iş görən) kimi Peyğəmbərimizi deyil, Vəlid b. Muğirəni qəbul edirlər. عَبَسَ feli Qurani-Kərimdə iki yerdə işlənir. Biri bu surədə keçən عَبَسَ felidir. Digəri də “Müddəssir” surəsindəki عَبَسَ  felidir.[8] İndi düşünün, bu fel “Müddəssir” surəsində bir kafir haqda işlənmişdir. İstər o kafir Vəlid İbn Muğirə olsun, istərsə bir başqası. Quran “Üzünü turşutdu cümləsini bir yerdə kafir üçün istifadə etdiyi halda necə olur ki digər yerdə Allah Rəsulu haqda işlədir? O Allah Rəsulu ki, daima gülərüzlüdür və dodağından təbəssüm əskik olmamışdır.[9]

Bu məsələ تَوَلَّى felinə də aiddir. Quran bu ifadəni də Firon haqqında istifadə edir: فَتَوَلَّى فِرْعَوْنُ [10] Hərçənd bu fel təkcə Fironla bağlı işlənməmişdir, ancaq Quran həmişə Fironlara bu üslubla yanaşmışdır.[11]

İndi Quranda, necə olur ki, Həbibullaha, Allahın Sevgili quluna belə hərəkətlər isnad edilir? Və yenə necə olur ki, kafirə deyilən söz Peyğəmbərimizə də deyilir?

Bu sonuncu yanaşma da ehtimal daxilindədir. Yəni عَبَسَ və تَوَلَّى fellərinin faili Peyğəmbərimiz deyil, gözü mənaya qarşı kor olan kafirdir.

Kafir kor kimi gəlmiş, Peyğəmbərimizə üzünü turşutmuş, sonra da çıxıb getmişdir ki, peyğəmbrələrin ismətini də nəzərə alaraq, bunu da ehtimal etmək olar. Və əslində, bu fikri təkzib edən bir rəvayət də xatırlamıram. Məna hadisənin əvvəli ilə sonuna uyğun gələndən sonra, bu mənanın nəzərdə tutulmuş olmaması üçün heç bir səbəb yoxdur.

[1]Tirmizi, Təfsir (70) 1; Təbəri, Camiul-Bəyan, 50/51.

[2]Əhzab surəsi, 33/53.

[3]Hucurat surəsi, 49/2-5.

[4]Baxın.: Cəziri, əl-Məzahibu-ərbəə, 1/272-273.

[5]Buxari, Səlat 101; Müslim, Səlat 261.

[6]Kəhf surəsi, 18/6; Şuəra surəsi, 26/3.

[7]İbn Həcər, əl-İsabə, 4/600-601.

[8]Müddəssir surəsi, 74/22.

[9]Tirmizi, Mənaqib 10; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/190-191.

[10]Taha surəsi, 20/60.

[11]Baxın.: Bəqərə surəsi, 2/205; Taha surəsi, 20/48; Nəcm surəsi, 53/33; Məaric surəsi, 70/17; Leyl surəsi, 92/16; Əlaq surəsi, 96/13.



Açar sözləri

əbəsə ümmü məktum

Şərh yaz

*