2. 957 dəfə oxunub ,   0 şərh   Çap et

Əbdülqadir Geylani həzrətlərinin “Füyuzati-Rəbbaniyə fi övrad-ı Qadiriyyə” adlı duasından bir parça

Allahım! Nurunla bizi doğru yola yönəlt və ucalardan uca dərgahında daim sədiq olmağı bizə də lütf eylə! Eylə ki, dilimiz hər an Səni zikr etməklə məşğul, bədənimizin bütün üzüvləri Sənin əmrinə itaətkar, qəlbimiz də yalnız Sənə imanla dolu olsun. Ruhumuza Sənin xariqələrini seyr etdirməklə qanad ver, qəlb, sirr kimi mənəvi duyğularımıza yaxınlığınla tac qoy! Sən hər şeyə qadirsən. Dünya həyatında zühdü-təqvamızı və dərhgahındakı dərəcələrimizi artır, ya Rəbb!

Qəlblərin yalnız Sənə yaxınlıqla aram tapar, həyat ancaq Sənin lütf və ehsanınla başlayar və davam edər… Həmdəmimiz Sənsən, qapın hər kəsə açıq. Salehlərə və müqərrəb bəndələrinin könlünə hüzur verən də Sənsən. Ey varlığa həyat verən, öldürən… Həm özünə yaxın edən, uzaqlaşdıran… Said edən, şaki edən… Mənəvi duyğularını itirmiş insanları zəlalət quyusuna atan və pak könülləri sirati-müstəqimə çatdıran… Kimini yosulluğa düçar edən və kimini var-dövlətlə üstün qılan… Qullarını sınaq edən… Dilədiyini bağışlayan… Hər şeyi təqdir edən, dilədiyini də var edən ucalardan uca Sənsən! Biz qəti inanırıq ki, baş verən hər şey Sənin əzəli hökmünün bir parçası kimi meydana çıxmaqdadır.

Rəbbim! Sənin qapından başqa üz tutulası bir qapı, Səndən qeyri pənah aparılası bir rəbb varmı?! Ululuq və əzəmət taxtının yeganə soltanı Sənsən, güc və qüvvət də yalnız Sənə məxsusdur. Məbudu bil-haq, məqsudu bil-istihqaq Sən ola-ola, başqa kimi yönəlim!? Xəzinələr Sənin ikən başqa kimə  əl açım!?

Bəndələrin Sənə təvəkkül edər… Qorxanların pənahgahı, dara düşənlərin ümid yeri… İztirab çəkən biçarələrin güc və qüvvət dayanağı, əngin rəhməti sığınacağı Sənsən… Sənin fəzl və kərəminə əl açar və diləyi olanlar Sənin qapına üz tutar! Nə olur-olsun Sənə şikayət etməyə haqqım yoxdur; mən də saleh qulların kimi rəhmətinə ümid edir və inayətini diləyirəm, məni təvəkkül edə bilən bəxtiyarlardan eylə! Ey bəndələrinə yaxın, dualarını eşidən və istəklərinə cavab verən Rəbbim! Bu naçar bəndənin diləyinə də cavab ver, əndişə və narahatlığımı  aradan qaldır və umduğum şeylərdə məni məyus və pərişan eyləmə!

Uca Allahım! Yolda qalmışıq, bizi doğru yolu göstər! Fəqirliyimizə, zəifliyimizə və acizliyimizə dərman ol, günahlarımızı bağışla, ey Nur, ey Hadi, ey Ğəniyy, ey Qəviyy, ey Ğafur və Rəhim Allah! Allahım, inayətinlə bizə qüvvət ver. Lədün elmindən bizə öyrət… İslam üzrə sabitqədəm eylə. Əbədi səadətə çatmaqla, Səni razı etməklə və camalını seyr etməklə gözü aydın bəxtiyar qullarından eylə!

Allahım! Bu fani həyatda ancaq Sənə ibadət etmək və günahlardan uzaq qalmaq istəyirəm. Bu diləyə çatmaqda yolumu aç, işlərimi asanlaşdır, axırda də məni Cənnətinə al, camalını seyr ilə məsrur et və əzabına düçar olmaqdan qoru!

Allahım! Ömrün hər anını Sənə itaətlə yaşamağı, ölmədən əvvəl də tövbə çeşməsində kiçik-böyük bütün günahlardan arınıb hüzuruna gəlməyi nəsib eylə və  bu yolda bizdən yardımını əsirgəmə! Sorğu-sual anında dilimin sürüşməsindən və əbədi səadəti itirməkdən bizi qoru, əməl dəftərini sağ tərəfindən alanlardan eylə… Məhşər gününün qorxu və əndişələrindən əmin elə… Sıratı-müstəqimindən, doğru yolundan ayırma… Rəhmətinlə, kərəminlə bizi Naim cənnətlərinə al… Haqq hesab günü əvfindən, mərhəmətindən məhrum etmə bizləri, toxunamasın bizə o dəhşətli əzabı, ey Bərr, ey Rəhim, ey Həlim, ey Kərim Allah!

Ey Kərəm sahibi! Bizim, nə faydalı şeyləri əldə edəcək gücümüz, nə də zərərlilərini dəf edəcək qüvvətimiz var. Həm fəqirik, həm aciz. Hər gözəlliyin qaynağı Səndən və Sənədir… Allahım! Mükəlləf olduğumuz vəzifələri yerinə yetirməyə yardım et… Fəzl və rəhmətinlə bizi Səndən qeyri hər şeydən gözü, könlü tox eylə… İnayət və kərəminlə qüsurlarımızı aradan qaldır və fövtə verdiyimiz şeyləri tamamlamağa fürsət ver!

Ey sonsuz mərhəmət sahibi Allahım! Bizim idrakımıza sığmayan, istəməyi belə bilmədiyimiz, bəndələrinə vəd və ehsan etdiyin nə qədər gözəllik varsa onların hamısını biz də rəhmətindən istəyirik. Amin!



Açar sözləri

dua qulubud daria

Bənzər məqalələr

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!


Şərh yaz