Aylıq namaz vaxtları
3. 517 dəfə oxunub ,   1 şərh   Çap et

Dua etmək ehtiyacı insanda yaradılışdan vardır. Bu səbəbdəndir ki, dua bütün dinlərdə mövcuddur. Üstün bir varlığa inanan hər bir insan bu və ya başqa şəkildə dua edir. İnsanlar ömür karvanında bir çox müşküllərlə qarşılaşır, kədər, çətinlik, acizlik, çarəsizlik və ümidsizliyə düçar olurlar. Uca Allah buyurur: “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərinə davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi”.[1]

Bu ayədən də aydın olduğu kimi dua fitridir və xüsusilə də, çətinə düşəndə Allaha dua etmək yalnız Allaha qəlbən inananlara xas bir hal deyildir. Allaha şərik qoşanlar da bu kimi hallarda Rəbbə üz tutur və dua edirlər. Çünki insan yaradılışı etibarilə inanmağa və dua etməyə ehtiyac hiss edir. Onun bu halı təbiətində üzmək qabiliyyəti olan ördək balasının dünyaya gələr-gəlməz su axtarması kimidir. Lakin təmiz su tapa bilməyən ördəklər lil və palçıqlı sularda eşələndikləri kimi, Allahı tanıma, Ona dua etmə fitrəti ilə yaradılan insan da Yaradanını tapa bilməyincə bu ehtiyacını başqa şeylərlə təmin etməyə  çalışır (duru sularda üzmək yerinə palçıqda eşələnir). Ya Məkkə müşrikləri kimi bütlərə, ya Həzrət İbrahimin qövmü kimi göy cisimlərinə sitayiş edir, onlardan yardım gözləyir, yaxud da bir qism ateistlər, yəni Allaha inanmayanlar kimi, təbiəti ilahiləşdirir, Allahın sənətini bütləşdirirlər.

Bütü, heykəli və buna bənzər şeyləri ilah qəbul edib onlara dua edərək onlardan yardım gözləmək doğrudan da, ağıla, məntiqə sığan deyil.

Bəli, insan öz vicdanına baxsa, vicdan ibrəsinin daima Allahı göstərdiyini görər. İnsan, xüsusən də “Allahın yaratdığı bir sənət qalereyası” olan tabiətdə gəzib-dolaşıb kainatdakı möhtəşəmliyi, dağlardakı əzəməti, çiçəklərdəki rəhməti gördükcə bu sözləri deməkdən özünü saxlaya bilməyəcək: “Ey bu yerlərin Hakimi! Sənə pənah gətirdim. Sənin xidmətkarınam və Səni axtarıram.” Beləliklə, bu nəhəng dünyada yalnızlıqdan, kimsəsizlikdən, özbaşınalıqdan qurtulacaq, həyatın mənasını tapacaq.

Bu gün yalnız beş dəfə qılınan namazın və ya müəyyən ibadətlərin sonuna “yapışdırılan,” kiçildilən dua əslində dünya və axirət həyatında çox gərəkli ibadətdir. Həyatı duasız düşünmək mümkün deyildir. Yaşadığımız həyat başdan axıra qədər duadan ibarətdir. Dua ilahi rizanın şifri və Cənnət boğçasının açarıdır. Dua bəndədən Rəbbə yüksələn qulluq nişanəsi və əlaməti, Rəbdən bəndəyə enən rəhmət rəmzidir. Daha doğrusu, o, Allahla bəndə münasibətinin əsas nöqtəsidir. Dua insanı pillə-pillə Haqqa ucaldan müqəddəs bir meracdır.

Allahın Rəhmət əlinin üzərimizdə olması dua sayəsindədir. Dua eyni zamanda qəzəbin də qalxanıdır. Bəs necə! Rəhməti və rizanı qazandıran, qəzəb və öfkəni uzaqlaşdıran önəmli bir ibadətdir dua. Dua istəməkdir. Biz maddi-mənəvi ehtiyaclarımızı Rəbbimizdən istəyirik.

Dünya xidmət, axirət mükafat yeridir. Ona görə də biz bu dünyada ibadət edir, mükafatını da axirətdə alacağımıza inanırıq. Əslində, bir ibadət olan dua üçün də eyni sözləri deyirik. Lakin Allahın bir lütfü olaraq dualarımızın dünyada da bir sıra faydalarını görə bilirik:

Ümumi faydaları

  1. Duanın ən gözəl, ən lətif, ən ləziz, ən hazır meyvəsi, nəticəsi budur: dua edən adam bilir ki, onun səsini eşidən bir Yaradan var, dərdinə dərman verir, ona mərhəmət edir. Onun qüdrət əli hər şeyə çatır. Bəndə bu böyük dünyada tək deyildir, bir Kərim Rəbbi var, ona baxır. Həm də özünü bitib-tükənməyən ehtiyaclarını təmin edən və saysız-hesabsız düşmənlərini dəf edən Mütləq Varlığın hüzurunda təsəvvür edərək bir fərəh, bir inşirah duyur, dünyanın ağır yükünü çiynindən atıb: “Əlhəmdulilləhi Rabbil-Aləmin” deyir.
  2. Dua Allahdan hidayət və müvəffəqiyyət istəməkdir. Dua insanın müvəffəq olmasına vəsilə olur.
  3. Ruzinin çoxalmasına, vücud sağlamlığına, ömrün bərəkətlənməsinə səbəb olur.
  4. Dua xəzinəsi sonsuz, kərəm və ehsanı bol olan Allahdan istəməkdir. O, bir şeyə “Ol!” dedimi, dərhal olur. Bir istəyi yerinə yetirməklə xəzinəsi azalmaz.
  5. Dua edəni Allahın rəhməti bürüyür, ehsanı və yardımı çulğayır.
  6. Dua edən Allaha itaət etmiş olur. Duanı birdəfəlik tərk etmək günahdır, Allaha qarşı təkəbbür göstərməkdir.
  7. Xoş gündə və sağlam olanda dua etmək çətin gündə və xəstələnəndə fayda verir.
  8. Allah, bəndəsinin çoxlu və israrla dua etməsini sevər.
  9. Dua xeyri cəlb edər, zərəri isə sovuşdurar.
  10. Hər bir dua ilahi dərgahda hifz edilir, dua edən duasının faydasını ya həyatda, ya da öldükdən sonra mütləq görür.
  11. Dua elə bir səxavətli Allahdan istəməkdir ki, O, Ona açılan əlləri boş qaytarmaqdan həya edər.
  12. Dua insanı bəladan qoruyur, gələn və gələcək müsibətlərə qarşı bir sipər olur. Bəlaların təsirini azaldır.
  13. Dua kədər və sıxıntıları dəf edir. İnsanın ruhunu qəm və əndişələrdən arındırıb təmizləyir.
  14. Duadan sonra qəlbə fərəh və sərinlik hissi yayılır. İstəyi yerinə yetiriləcək deyə insanın ümidi artır. Bu mənada dua insana bir şəfa və ruhi-mənəvi sarsıntılara qarşı bir tədbirdir.
  15. İnsan duaya möhtacdır. Çünki dua ruhun qidasıdır.
  16. Dua bütün müşküllərin açarıdır. Kiçik-böyük bütün problemlərin həllinə Allaha həvalə edərək və Ona sığınaraq nail olmaq mümkündür. Çünki bizi yoxdan yaradan və bizə yol göstərən Odur. Bizi yedirib içirən, xəstəliklərimizə şəfa verən O olduğu kimi, bizi bir gün öldürən və təkrar dirildən də yenə Odur. Harada oluruq olaq, O, daim bizim yanımızdadır və harada, nə iş görürüksə görək, bütün əməllərimizi görməkdədir. Dolayısilə, yaxşı işlər görüb pislikləri dəf eləmək üçün “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma![2] əmrinə tabe olaraq gecə-gündüz dua ilə Onu anmalıyıq.
  17. Bu gün artıq məlumdur ki, bir çox xəstəliyin kökündə ruhi-mənəvi problemlər dayanır, bir çox dərdi və sıxıntısı olan insanlar bəzi xəstəliklərə daha tez tutulur. Hətta çoxlu ruhi-mənəvi problemləri qısa müddət sonra bəzi narahatlıqlar müşayiət edir. Dua maddi xəstəliklərə zəmin hazırlayan psixoloji şəraiti aradan qaldırır. Ana-ataların övlad itkisinə dözməyib qısa müddət sonra xəstələnməsinə və vəfat etməsinə az şahid olmamışıq. Şüurlu müsəlman isə övladın da bir əmanət olduğunu, Allahın öz əmanətini dərgahına apardığını, o körpənin axirətdə valideynlərinə şəfaətçi olacağını bildiyi üçün səbir edir.
  18. Bəzi əməliyyatlardan sonra və ya müalicə zamanı xəstənin ümumi əhvalı, psixoloji vəziyyəti, yaşamaq əzmi onun sağalmasında böyük rol oynayır. Dua edib Allaha yalvaran xəstənin əhval-ruhiyyəsi yüksəlir, yaşamaq arzusu yenidən canlanır.
  19. Çətinə düşüb dua etməyən adama rast gəlmək demək olar, qeyri-mümkündür. Əsl igid əli gətirəndə, könlü fərəhli olanda və işləri yaxşı gedəndə Allahı xatırlayan, dua edən insandır. Uca Allah xoş gündə dua edən, yalvarıb göz yaşı tökən, səhər vaxtı quşlarla birlikdə Allahı zikr və təsbih edən insanlara kədərli anlarında yardım əlini uzadar. Bəzən elə dəhşətli qəzalardan sağ çıxanlar olur ki, adam gözlərinə inana bilmir; əzilib tanınmaz hala düşən avtomobildən burnu da qanamadan salamat çıxan adamların olduğu az hadisəmi var? Kim iddia edə bilər ki, bu cür qəzalardan xətasız-bəlasız qurtulmağın kökündə xeyirli əməllər, gözəl dualar dayanmır?! Xoş gündə edilən yaxşılıqlar və dualar çətin günlərdə dada yetir.
  1. İradi olaraq dua və ibadət etmək insanı digər canlı varlıqlardan fərqləndirən ən bariz xüsusiyyətdir. Axirətdə xoşbəxt həyat yaşamaq bu dünyada ibadət və dua etməklə mümkündür. Allahın rizasını Ona ürəkdən dua etməklə qazanmaq olar.
  2. Dua bəndəni Uca Allahın qəzəbindən qoruyur. Bir hədisdə: “Allaha dua etməyənə Allah qəzəb edər”, – buyurulur.[3]
  3. Ruhun gümrah və aktiv qalmasında, dini şövq və iştiyaqın mütəmadi olmasında duanın böyük rolu var. Bir müsəlmanın dini həyatında daim şövqlü və fəal olması üçün övradi-əzkar, yəni dua oxuması çox vacibdir. Yoxsa zaman keçdikcə yoldan çıxa, büdrəyib yarı yolda qala bilər.
  4. Dua edənin özünə, ailəsinə xeyirli şeylər nəsib olur, malı-mülkü də bərəkətlənir. Özü də saleh və gözəl əməllər işləyir. Hər ehtiyacına görə Allaha dua edən insanın qəlbi duanın sevinc və hüzuruna qərq olur. Çünki ona anası, atası və digər insanlar gözəl əməl üçün dua edirlər. Lakin dua etməyən, Allaha yalvarış ləzzətini dadmayan, Rəbbə dua və ibadətdən üz döndərən insanlar xeyirdən, Allaha yaxınlıqdan və Onun sevgisini qazanmaqdan məhrum olurlar. Bu, mərhəmət qapısını öz əllərinlə öz üzünə bağlamaq deməkdir. Çünki dua etmə ləzzətini itirən insan (özü fərqində olmasa da) ən ağır cəza ilə cəzalandırılmış sayılır.

Duanın psixoloji faydaları

  1. Mömin dua ilə, Allahdan yardım diləməklə həqiqi xoşbəxtlik və hüzura qovuşar. Özünün acizliyini, ancaq qüdrəti hər şeyə yetən Rəbbimizin onu hifz etdiyini hiss edər. Bu insan üçün ən böyük xoşbəxtlikdir. Bu mənada dua bir həzdir və Cənnətdə də davam edəcəkdir.[4]
  2. Tətmin olmamış sonsuz arzu və istəklər şüur altında gizlənərək gözlənilməz anlarda mənəvi böhranlara və sıxıntılara yol açır. Dua ilə insan ən gizli, ən məhrəm duyğularını dilə gətirir, içini boşaldır, ümidini gücləndirir, qorxularını azaldır. Dua insanı daxilən rahatladır, gərginliyini azaldır. Dua ilə insan özünü Allaha daha yaxın hiss edir. Duasız insan işıqsız məzara bənzəyir. Duasız insan tənhalığın zülmətində çırpınan bir bədbəxtdir. Məhz dua ilə mənəm-mənəmlik sərhədlərini aşa bilərik. Çünki dua maneə və uzaqlıq tanımır. Zaman və məkan ona əngəl ola bilməz. Dua ilə sonsuz acizliyimizi Uca Allahın sonsuz qüdrəti ilə tətmin etmə xoşbəxtliyinə nail oluruq. Dua ilə mənən, ruhən güclənirik. Duada iç aləmimiz nurlanır. Duada öz gücümüzlə deyil, Allahın sonsuz qüdrəti ilə daxili və xarici düşmənlərimizə meydan oxuyuruq.
  3. İbadətsiz və duasız yaşayan mənən ac insanları dünyanın nə rifahı, nə sərvəti, nə də mal-mülkü xoşbəxt edə bilmişdir. Hüzur və dincliyə həsrət qalan bu insanlar vicdanları ilə üz-üzə gəlməkdən, baş-başa qalmaqdan qorxurlar. Onların çılğın əyləncə və qəhqəhələri daxildə alovlanan yanğını “maska”lasa da, qəlblərini od-alovdan, öz-özünü yeməkdən xilas edə bilmir. Unutmamaq lazımdır ki, ruhun da vücud kimi bir çox ehtiyacı var. Ruhun ehtiyaclarını nəzərə almayan yanlış düşüncə və davranışlar bəşəriyyəti mənəvi xəstəliklərə və sıxıntılara sürükləyir, onu qəlb rahatlığından məhrum edir və müxtəlif fəlakətlərə yol açır. Qəlb iman nuru ilə parlamadıqca, ruha məlhəm olan ilahi əmrlər yerinə yetirilmədikcə, mənəviyyat ibadət və dualarla işıqlanmadıqca insanın nə qəsvətdən xilas olması, nə də dünya və axirət səadətinə qovuşması mümkündür.[5]
  4. Dua İlahinin yardımı üçün həyata keçirilən ruhi-mənəvi fəaliyyətdir və insanın Yaradanına yaxınlaşmaq istəyini ifadə edir. Bu cəhətdən dua insan zehninin mənəvi aləmlərə yönəlməsi, ruhun Allaha yüksəlməsi, “həyat” adlı möcüzəni yaradan Allaha sevgi və ibadətin ifadəsi, hər şeyi yaradan, ən böyük kamal, qüdrət və gözəllik mənbəyi, hər kəsin xilaskarı görünməz bir Varlıqla irtibat qurmaq üçün göstərilən səydir.[6]
  5. Dua insanda psixoloji bir rahatlıq, hüzur və xoşbəxtlik meydana gətirir. Duanın ən gözəl faydalarından biri də Allah inancının qəlblərdə oturuşmasını təmin etməsidir.
  6. Dua edən insanın həyatında duasız keçən günlərlə müqayisədə böyük dəyişikliklər meydana gəlir. Bu dəyişiklik duanın cavabsız qalmadığını göstərir. Ancaq duanın psixoloji təsiri bəzi şərtlərdən asılı olaraq azalıb-arta bilər. İnsanın başqasına etdiyi dua bəzən həmin adamın öz duası qədər, hətta ondan da təsirli olur. ABŞ-da 192 xəstə üzərində aparılan araşdırmada bu qənaəti təsdiq edən maraqlı nəticələr əldə olunmuşdur. Xəstəxananın yaxınlığında yerləşən bir kilsə xəstələrdən xəbərsiz onlara dua edirmiş. Ad çəkilmədən edilən dua nəticəsində xəstələrin ağrılarında azalma müşahidə olunmuşdur. Həmçinin xəstələr xəstəxana şəraitinin daha da yaxşılaşdığını deməyə başlamışdılar. Halbuki xəstəxanada heç bir dəyişiklik edilməmişdi.[7]
  7. Tibbi müşahidələr duanın xəstənin sadəcə sağalmasına deyil, daha geniş mənada xarakterin yenidən formalaşmasına böyük təsir etdiyini göstərir.[8] Depressiya, stress kimi halların aradan qaldırılmasında, bir çox nevroloji və psixoloji xəstəliklə yanaşı, fiziki xəstəliklərin də sağalmasında duanın mühüm rol oynadığını bir çox müşahidə və araşdırmalar sübuta yetirir.[9]
  8. Dua insana Allaha yaxınlıq hissi bəxş etdiyinə görə inamı artırır, qayğıları azaldır. Müşahidələr göstərmişdir ki, xüsusilə, ruhi-mənəvi böhran və depressiyalar zamanı dua rahatladıcı, sakitləşdirici funksiya yerinə yetirir.
  9. Dua insanın mənəvi gücünü və fəallığını artırır, şüur səviyyəsinin və əqli qabiliyyətinin güclənməsinə müsbət təsir göstərir.
  10. Gərgin vəziyyətdə, sıxıntılar içində edilən dua qəlbi rahatladır və sakitləşdirir.
  11. Duanın insanın əxlaq və xarakterinə də müsbət təsiri var. Mütəmadi edilən dua fəzilətin və kamil xarakterin mühüm göstəricisidir.
  12. Mütəmadi dua edən insanlarda vəzifə və məsuliyyət şüuru güclənir, yaxşılıq və xeyirxahlıq duyğuları qüvvətlənir, qısqanclıq və pisliyə meyil azalır.

Bunlardan əlavə duanın ictimai, yəni cəmiyyətlə bağlı faydaları da vardır. Çünki duasız toplum mənəvi boşluq içində olur. Dua etmə hissini itirmiş bir toplumu və eyni zamanda bəşəriyyəti kədərli və ümidsiz gələcək gözləyir. “Dua ehtiyacını və ya hissini öldürmüş bir toplum onu fəsad və tənəzzüldən qoruyan faktorları itirmiş sayılır”.[10]

Allaha dua edən fərdlərdən təşəkkül tapmış bir toplum sağlam cəmiyyət sayılır. Belə bir toplum anarxiyadan, iğtişaşdan, intiharlardan, əxlaqi tənəzzüldən uzaq olur. Onun fərdləri bir-birinə səmimi dua edərək qarşılıqlı sevgi və sayğı bəsləyirlər.

Dilimizdən dualar əskik olmasın. Amin!

Məqalənin hazırlanmasında  Prof. Davud Aydüzün “Yeni ümit” jurnalında dərc edilmiş “Duanın ümumi, psixoloji və sosioloji faydaları” adlı məqaləsindən və  Selman Ünlünün “Quldan Rəbbə yüksələn qulluq nişanı dua” kitabından istifadə edilmişdir.

[1]  “Yunus” surəsi, 10/12

[2]  “Əraf” surəsi, 7/205

[3]  İbn Macə, “Dua”, 1

[4] Quranda möminlərin Cənnətdə də dua edəcəyi haqqında bax: “Yunus” surəsi, 10/9-10.

[5] Abdullah Aymaz, “Psikolojik ve sıhhı açıdan ibadet”, s. 72

[6] A.Carrel, “Dua”, s. 6

[7] Brown, “The Human Side of Prayer”, s.166

[8] Wulf, “Psychology of Religion?” s. 167-168

[9] Bax: Johnson, “Psychology of Religion”, s. 237-246

[10] A.Carrel, “Dua”, (Tərc. Kerim Güney), s. 6.



Açar sözləri

dua fayda psixoloji

Bənzər məqalələr

İmam Şazəli Hizbul-Həmd

Rəhman və Rəhim Allahın adı ilə! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Allahım! Nə olar, sədaqət, xalis niyyət, ixlas, güclü iradə, xuşu, heybət, həya, müraqəbə, nur, yəqin, faydalı elm, mərifət, güclü hafizə bəxş eylə. Günahlardan qoruyacaq dərəcədə ismət, İslamı yaşamaqda eşq-şövq, güc, nəşə, hüzur ver. Bizlərə uca dərgahında əfvə layiq […]

Həzrət Əlinin “Kumeyl” duası

“Kumeyl” duası Hz. Əlinin (r.a) tərəfdarlarından Kumeyl ibn Ziyad tərəfindən nəql olunmuşdur. Bu dua günahların bağışlanması, ruzinin çoxalması və düşmənlərin zərərindən qorunmaq məqsədi ilə oxunur. Bismilləhirrahmənirrahim Allahım! Sənin hər şeyi əhatə edən rəhmətin hörmətinə, hər şeyə üstün gələn, hər şeyi baş əydirən və ram edən qüdrətin hörmətinə, hər şeyə qalib gələn əzəmətin hörmətinə Sənə yalvarıram. […]

Titrək niyazlar

Bismilləhir-rahmənir-rahim Rəhman və Rəhim Allahın adı ilə! Allahım! Səndən dünya və axirətdə əfv və afiyət istəyirəm. Ey mərhəmətlilər Mərhəmətlisi, Cəlal və İkram sahibi Rəbbim, nə olar bizə də dünyada və axirətdə əfv və afiyət nəsib elə. “Allah bizə yetər, O, nə gözəl himayədardır!” “O, nə gözəl Mövla və nə gözəl yardımçıdır!” Güc və qüvvət yalnız […]

Maşından dua asmaq olar?

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.


1 şərh yazılıb

Şərh yaz

*