Aylıq namaz vaxtları
3. 627 dəfə oxunub ,   0 şərh   Çap et

“Dində məcburiyyət (zorakılıq) yoxdur.”(Bəqərə, 256) 

Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur. Çünki məcburiyyət dinin ruhuna ziddir. İslam dini insanın iradə və ixtiyarı, azad qərar verməsinə əhəmiyyət verir və bütün prinsiplərini də bu əsas üzərində qurur. İkrah hissi ilə, məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də əxlaq baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal “əməllər niyyətlərə görədir” prinsipinə də uyğun gəlmir.

İslam dini öz həqiqətlərini məcbur edilərək qəbul edilməsini uyğun görmür, habelə başqalarının da İslamı qəbul etmələrini məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır. Məsələn, müslümanların idarəsi altında yaşayan digər din mənsubları cizyə və xərac vergisini ödəməyi qəbul etdikdən sonra İslam dini onların həyatını mühafizə edir. Bəli, İslamda tolerantlıq bu qədər genişdir.

Onsuz da din zorla qəbul edilə və ya etdirilə biləcək bir sistem deyildir. Onda hər şeydən əvvəl iman əsasdır. İman isə tamamilə vicdan və qəlbə aid bir məsələdir. Məcbur edərək qəlb və vicdana təsir edə bilmərik. Bir sözlə, əgər insanın ürəyindən gəlirsə və qəlbi imana meyllidirsə, iman edə bilər. Bu mənada da dində məcburiyyət yoxdur.

Həzrəti Adəmdən bəri din heç kimi onu qəbula məcbur etməmişdir. Bu mövzuda güc tətbiq etmək daim küfür cəbhəsinin əxlaqı olmuşdur. Onlar insanları dinlərindən çıxarmaq üçün güc tətbiq etmişlər, fəqət heç bir mömin bir kafiri zorla müsəlman etməyə çalışmamışdır.

Burada ağıla belə bir sual da gələ bilər. Qurani-Kərimdə savaş və cihadın fərz olması ilə bağlı bir çox ayə mövcuddur. Bəs bunlar bir mənada güc tətbiq etmək deyilmi?

Xeyr, deyil. Çünki cihad müdafiə xarakterli olub, qarşı tərəfin güc tətbiqinə cavab vermək üçündür. Bəzən də elə olur ki, dinin gözəlliklərini bilməyən insanlara anlatmaq gərəkir. Bir qurup insan da onlara mane olmağa çalışır. İslam dini bu cür əngəllərin də ardan qaldırılması üçün mücadələ etməyi labüd görür.

Bu məsələni bir başqa prizmadan da belə dəyərləndirə bilərik:

Bu ayənin hökmü müəyyən mərhələlərə aiddir. Bəlkə kamilləşmə və yer üzündən silinmə çağlarının bir-birini izləməsində bu mərhələlər yenə də olacaqdır, amma hökm yalnız o mərhələyə aiddir. Məsələn, “Kafirun” surəsində bildirilə “Sizin dininiz sizə, mənim dinim də mənə.” hökmü də eyni şəkildə müəyyən bir mərhələyə məxsusdur.

Bu gün içində yaşadığımız zaman dilimi dəyişik problemləri həll etmə və maarifləndirmə dövrüdür. Məsələlər sözlə çatdırılacaq və qəbul üçün insanlar qətiyyən məcbur edilməyəcəkdir. Başqalarının dinsizliyi ilə, yoldan azmışlarla məşğul olmamalı, onları təhrik etməməliyik. Öz hidayətimizi mühafizə etməli, fərdi həyatımızda dinin əmirlərini tətbiq etməliyik. Ancaq bu dövr və mərhələlərə aid hökmlər bütün dövrlərə şamil edilə bilməz. Paraqrafın başında vurğuladığımız ifadələr içində yaşadığımız dövrə məxsusudur. Bu hökm artıq heç bir zaman tətbiq edilməyəcək demək səhv olardı. Tarixi təkərrürlər dövrü daimi içində ( tarix daim dövr edib təkrarlanan hadisələr yumağıdır) bu mərhələlər yaşanmışdır və günümüzdə də yaşanmaqdadır. Allah Rəsulunun (s.ə.s.) 23 illik peyğəmbərliyini təbliğ dövrəsinə nəzər saldığımızda bu tədriciliyi görmək mümükündür. Məkkə və Mədinə dövrələrinə nəzər saldığımıazda bu fikrimiz aydın görünəcəkdir.

Ancaq eyni ayənin bütün dövrləri əhatə edən bir hökmü də vardır ki, bu hökm hər zaman və zəmində qüvvədədir. O da İslam dövləti hüdudları daxilində hər kəs dinin əsaslarına hörmət edəcək, ancaq İslam dininə girmək mövzusunda zor tətbiq edilməyəcək. Hər kəs öz dini inancında sərbəst olacaqdır.

Tarixə nəzər yetirsək aydın şəkildə görərik ki, bizim aramızda daima xristian və yəhudilər olmuşdur. Qərblilərin bu mövzudakı etiraflarına görə, xristian və yəhudilər öz dövlətlərində belə, bizim içimizdə yaşadıqları qədər firavan yaşamamışlar. Onlar qeyri-müsəlmanlar kimi cizyə və xəracı ödəmişlər; müsəlmanlar da onları təminat altına alıb qorumuşlar. Fəqət heç bir zaman onları İslam dinini qəbul etməyə məcbur etməmişlər. Dünənə qədər onların xüsusi məktəbləri vardı və özlərinə aid xüsusiyyətlərinin hamısını, dini ayin və bayramlarını mühafizə edirdilər. Bizim ən möhtəşəm çağlarımızda belə onların yaşadığı mühitə daxil olanlar özlərini Avropada zənn edirdilər. Azadlıqları bu qədər geniş idi. Yalnız bizi yolumuzdan döndərmələrinə imkan və fürsət verilməmişdir. Bəli, gənclərimizi və qadınlarımızı yanlış yollara sövq etmələrinə göz yumulmamışdır. Bu da bizim öz cəmiyyətimizi, öz milli-mənəvi dəyərlərimizi qorumağımızın gərəyidir.

Dinin bu qəbildən olan hökmləri heç bir zaman dində məcburiyyət deyil və sayılmamalıdır da. Bunun kimi hökmlər sərbəst iradələri ilə dini qəbul edənlərə aiddir ki, onlar da onsuz da bu hökmləri qəbul etməklə İslama girmişlər. Məsələn, bir insan İslam dinindən dönərsə, ona mürtəd deyilir və verilən müddət içində tövbə etməzsə, öldürülür. Bu əvvəl qəbul edilmiş bir əhdnaməyə müxalifətin cəzasıdır. Və tamamilə sistemin mühafizəsi ilə əlaqədardır. Dövlət müəyyən bir sistem ilə idarə edilir. Hər bir fərdin istəyinə görə hərəkət edilsə, dövlət idarəsindən söhbət gedə bilməz. Onun üçün də bütün müsəlmanların hüquqlarını mühafizə baxımından İslam mürtədə(dinindən dönənə) yaşama haqqı verməmişdir.

Həm də İslam dinini qəbul edən insanlar bəzi şeyləri etmək, bəzilərini də etməməklə mükəlləfdirlər. Bunun da məcburiyyət ilə bir əlaqəsi yoxdur. Məsələn, namaza duran həddi-büluğ yaşında bir insan namaz içində səsli olaraq gülərsə, cəza olaraq həm namazı, həm də dəstəmazı pozulur. Ehramlı bir insan üzərindəki həşəratı öldürsə və ya tikişli bir paltar geysə, müxtəlif cəzalara məruz qalır. Halbuki, həmin adam namaz xaricində gülsə və ya ehramsız bir zamanda bunları etsə, heç bir cəzası yoxdur. Eynilə, İslam dinə girmə mövzusunda heç kimə güc tətbiq etməməklə bərabər, öz iradəsi ilə bu dini qəbul edəni də nəzarətsiz buraxmır. Əlbəttə onun özünəməxsus əmr və qadağaları olacaq və onu qəbul edənlərdən bunlara uyğun hərəkət etmələrini istəyəcəkdir. Bu qəbildən namazı, orucu, zəkatı və həcci əmr edəcək; içki, qumar, zina və oğurluğa da qadağa qoyacaqdır. Bu qadağalara məhəl qoymayanlara da günahlarının növünə görə cəza verəcəkdir ki, bütün bunların məcburiyyət və güc tətbiq etmə ilə heç bir əlaqəsi yoxdur.

Bir az düşündükdə bu qəbildən olan tədbirlərin insanların yararına olduğu dərk oluna bilər. Çünki fərd və cəmiyyətlər bu cür qanunlarla dünya və axirətlərini qorumuş olurlar. Bəli, bu mənada dində məcburiyyət var. Bu da insanları məcburən Cənnətə girməsini təmin etməklə eyni mənada olan bir güc tətbiq etmədir…

“Əsrin gətirdiyi tərəddüdlər” kitabından iqtibas edilmişdir.




Bənzər məqalələr

Dində məcburiyyət yoxdur

Sual:”Dində məcburiyyət yoxdur”ayəsini necə başa düşməliyik? Din güc tətbiqi ilə qəbul edilən və ya zorla qəbul etdirilən bir sistem deyildir. Din inancla bağlıdır, ona görə də burada hər şeydən əvvəl inanmaq əsasdır. İnanmaq isə öz-özlüyündə vicdana və qəlbə aiddir. Qəlb və vicdana zorla təsir etmək, hakim olmaq və bir mənada onu fəth etmək mümkün deyildir. […]


Şərh yaz

*