- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Cinlər insanlara hansı hallarda zərər verir?

Cinlər iman əhlinə və dəstəmazsız-namazsız yaşayanlara daha çox cünub və heyz-nifas hallarında müsəllət olub, onları fərqli üsullarla və müxtəlif dərəcələrdə yoldan çıxara bilirlər. İşlənən hər bir günah şeytana və xəbis cinlərə qapı açmaq deməkdir. Xüsusilə, həssas təbiətli insanlar, yaxud ruhu kirlənmişlər, duadan və dualı ağızların əhatəsindən uzaq, laübalı həyat sürənlər cinlərin təsirinə daha tez düşürlər. Təbii ki, cinlərin həyatına müdaxilə etmək və haqlarını tapdalamaq, “Bismilləhir-rahmənir-rahim” demədən cinlərin məkanlarına girmək də onları zərər verməyə sövq edir.

Buna görə də Peyğəmbərimiz natəmiz yerlərə girərkən bizə dua etməyi öyrətmiş və onların olduqları zibillik, hamam, otluq, ayaqyolu və hətta qəbiristanlıqda namaz qılmağı qadağan etmişdir. Bu yerlər şeytanın və pis ruhların çox olduqları yerlərdir. Peyğəmbərimiz həyatın hər anını dua ilə keçirməyi, bu kimi zərərli oxlara qarşı qalxan olan təmiz mühitlərdə olmağı, təmiz insanlarla oturub-durmağı, dualarla əmin-aman bir atmosfer meydana gətirməyi və ibadətləri özlərinə sipər etməyi əmr buyurur. Elə isə cinlərin şərindən uzaq olmaq istəyən kəslər hər şeydən əvvəl var gücləri ilə günahlardan qaçmalı və onların gəldikləri yolları bağlamalıdırlar.