Aylıq namaz vaxtları
78. 920 dəfə oxunub ,   13 şərh   Çap et

Aybaşı (adət, heyz) nədir və necə baş verir?

Qadınların yetkinlik yaşı və aybaşı olması

Aybaşı qanı hansı rəngdə olur?

Aybaşı müddəti neçə gündür?

Aybaşı pozğunluğunun səbəbləri nədir?

Aybaşı günü sabit olmayan qadın nə etməlidir?

Təmizlik müddətində nöqtə qədər qan görən qadın nə etməlidir?

Aybaşı günlərində bir neçə saat və ya gün heyz qanı kəsilən qadın nə etməlidir?

Aybaşı qanı tez kəsilən qadın namaz qıla və cinsi əlaqədə ola bilərmi?

Fasilələrlə aybaşı olan qadın nə etməlidir?

Klimakterik dövr (klimaks) neçə yaşdan başlayır?

Yuxudan duranda aybaşı olduğunu öyrənən xanım nə etməlidir?

 Burada yazılanlar ümumi məlumatlardır. Hər hansı bir problemlə üzləşdikdə mütləq mütəxəssis həkimlərə müraciət olunmalıdır.

Aybaşı (adət, heyz) nədir və necə baş verir?

“Heyz” kəlməsi lüğətdə “axar” mənasına gəlir. Dini terminologiyada isə, həddi-büluğa çatan qızların, həmçinin qadınların uşaqlığından vaxtaşırı − müəyyən günlərdə (hər ay) axan qana “heyz qanı” deyilir. Bu qanın cinsiyyət orqanından axmağa başlaması ilə qadın aybaşı olur.[1] Aybaşı qanı sayəsində doğuşa hazırlanan uşaqlıqda döllənməmiş halda gözləyib ölən və qaldığı təqdirdə bədənə zərər verən yumurtaların döl yatağının pərdəsi ilə birlikdə çölə çıxarılması təmin edilir.

Yəni, aybaşı qanı bir növ uşaqlığı təmizləmə vəzifəsini yerinə yetirir. Aybaşı halı Allahın qadının təbiətində yaratdığı bir xüsusiyyətdir.

Qadınların yetkinlik yaşı və aybaşı olması

Ümumiyyətlə, qız uşaqları 9 ilə 15 yaş arasında həddi-büluğa çatır və aybaşı olmağa başlayırlar. 40-55 yaş arasında isə klimakterik (klimaks) – qocalığın yaxınlaşması ilə əlaqədar qadın cinsiyyət vəzilərinin fəaliyyətdən düşməsi dövrü başlayır. Şafei məzhəbinə görə, adətdən kəsilmə yaşı 62 qəbul edilir. Həddi-büluğa çatmanın əlaməti qız uşağının aybaşı olması və ya hamilə qalmasıdır.

Aybaşı olma yaşının aşağı və yuxarı həddi 9-55 yaş olaraq müəyyən edilsə də, bu məsələdə əsas olan real vəziyyətdir və bunu da qadının özü bilir. Yəni, bir qadın 9 yaşından əvvəl də, 55 yaşından sonra da aybaşı ola bilər. Həmçinin klimakteri dövrü də 55 yaşından əvvəl başlaya bilər. Məsələn, şafeilərə görə, aybaşı ömür boyu davam edə bilər. 9 yaşından əvvəl gələn qan ən azı üç gün davam edərsə, aybaşı dövrü başlamış və qız uşağı həddi-büluğ yaşına çatmış sayılır. Əgər üç gündən az davam edərsə, bu xəstəlik qanı olaraq qəbul edilir və qız həddi-büluğa çatmamış sayılır.

Şafeilərə görə, aybaşının ən az həddi tam bir gün, ən çox müddəti isə 15 gündür. Bir qız uşağı 9 yaşına çatdığı halda, aybaşı olmamış və bu minvalla 15 yaşına çatmışsa, artıq hökmən həddi-büluğa çatmış sayılır. Çünki alimlərin əksəriyyətinə görə, qız uşağının həddi-büluğa çatmasının ən yuxarı  həddi 15 yaşdır. Bu yaşda olan qızın üzərinə ibadətləri yerinə yetirmək fərzdir.[2]

Aybaşının başlamasında bölgənin, xəstəliklərin, mühit fərqliliklərinin, görülən işlərin, dərmanların, qidaların, qorxu, həyəcan, sevinmə kimi psixoloji halların təsiri vardır. Məsələn, isti olan bölgələrdə qızlar nisbətən daha tez, lakin soyuq yerlərdə isə daha gec həddi-büluğa çatırlar. Aybaşı olmağa başladıqdan sonra da sadalanan xüsuslardan qaynaqlanan səbəblərə görə aybaşı günlərinin müddətində də müxtəlifliklər ola bilər.

Aybaşı qanı hansı rəngdə olur?

Aybaşı qanının altı növ rəngi var: qırmızı, qara, qəhvəyi (torpaq rəngi), yaşıl, sarı və bulanıq rəng. Aybaşı günlərində qeyd edilən rənglərdən hansı gələrsə gəlsin, aybaşı qanı qəbul edilir. Yəni, bəyaz axıntından başqa qeyd edilən bütün rənglər aybaşı qanıdır. Həmçinin, qanın başlanğıcdakı rəngi əsas alınır. Yəni, başlanğıcda qırmızı, ya da qəhvəyi qanın quruyaraq daha sonra ağ olması, onun aybaşı olmadığına dəlalət etmir. Başlanğıcda hansı rəng olarsa, həmin rəng əsas alınır. Belə ki, başlanğıcda ağ rəng olan axıntı sonradan quruyaraq başqa rəngə çevrilərsə, həmin axıntı aybaşı sayılmır. Çünki, əsas olan başlanğıcdakı axıntının rəngidir.

Aybaşı müddəti neçə gündür?

Aybaşının ən az müddəti tam 3 gün (72 saat), ən çox müddəti tam 10 gündür (240 saat). Şafeilərə görə isə, ən azı tam 1 gün, ən çox müddəti isə tam 15 gündür. Təmizlik müddətinin isə, ən az müddəti tam 15 gündür (360 saat), ən çox müddəti ilə bağlı isə hər hansı hədd yoxdur. Şafeilərdə də, məhz belədir. Bir qadın aylarla, hətta illərlə təmiz qala bilər.

3 gündən az, 10 gün keçdiyi halda davam edən qan aybaşı qanı deyil, üzr (istihazə) qanıdır. 15 günlük təmizlik müddəti qurtarmadan gələn qan da üzr qanıdır. Buna istihazə qanı deyilir.

Təmizlik müddəti – 15 gün qurtardıqdan sonra gələn qan 3 gün davam etmişsə, sonra 2 gün dayanmış və arxasınca 4 gün də gəlmişsə, buradakı doqquz günün hamısı aybaşı günlərindən sayılır. İlk 3 gündən sonra qan kəsildikdə ehtiyata uyğun qüsl alınmalı və namaza başlanılmalıdır. Çünki həmin günlərin təmizlik günləri olma ehtimalı var.

2 gün axıb kəsilmiş, sonra da ən azı 8 gün gəlməmiş qan aybaşının maksimum müddəti olan 10 gündən  çox olduğuna görə aybaşı yox, üzr qanıdır. Qan 2 gün sonra kəsildikdə qadın dəstəmaz alar və ibadətinə başlayar. Üzr qanı olduğu üçün qüsl almağa ehtiyac yoxdur. Yox, əgər həmin qan aybaşı qanıdırsa, aybaşı qanı qurtarmadığı üçün (təbii ki, sonradan məlum olur) vaxt tamamlanana qədər gözləməli olduğuna görə qüslə ehtiyac yoxdur. Həmin qanın üzr qanı olduğu sonradan ortaya çıxarsa, iki gün müddətində namazlarını tərk edən qadın, onların qəzasını qılmalıdır. Əgər 10 gün bitmədən qan təkrar gəlməyə başlayarsa, bu aybaşıdır və həmin müddət ərzində qılınmayan namazları qəza etməyə ehtiyac yoxdur.

Aybaşı pozğunluğunun səbəbləri nədir?

Xəstliklər, hormonal pozulma, iqlim, yolçuluq, mühit dəyişikliyi, əsəb, qorxu və həyəcan, yorğunluq, sürətlə arıqlama, yaxud kökəlmə, hamilə qalmaq qorxusu və istifadə olunan dərmanlar aybaşı pozğunluğuna səbəb ola bilər.

Qadın aybaşı olanda adət pozulmasına səbəb olan hallar nəzərə alınmır. Aybaşı hər ay müxtəlif günlərdə başlaya bilər.

Aybaşı günü sabit olmayan qadın nə etməlidir?

Bəzi qadınların aybaşı günləri nizamlıdır. Məsələn, hər ay beş və ya altı, yaxud yeddi gün aybaşı olur. Bu formada nizamlı aybaşı olan qadına “mu’tadə” deyilir. Bir qadın, nizamlı aybaşı olduğunu ən azı iki ay dalbadal eyni minvalda aybaşı gördükdən sonra təyin edə bilər.

Bəzi qadınların isə aybaşı günləri fərqli olur. Məsələn, qadın bir ay 4 gün, digər ay 5 gün aybaşı ola bilər. Sözügedən qadınlar ehtiyatlı hərəkət etməlidirlər. Belə ki, onlar 5-ci gün olan kimi yuyunmalı, namazlarını qılmalı və əgər Ramazan aydırsa, oruclarını tutmalıdırlar. Çünki həmin 5-ci gündəki qanın xəstəlik (istihazə, üzr) qanı olma ehtimalı var. Lakin 5-ci gün qurtarmadan cinsi əlaqədə olmaq olmaz. Əgər boşanmışsa, iddəsi[3] qurtarmış sayılmır. Çünki 5-ci günün qanının aybaşı qanı olma ehtimalı vardır.

Nəticə etibarı ilə deyə bilərik ki, qadınların adət dövləri şəxsə görə dəyişir. Bəzilərində baçlama və qurtarma günləri sabitdir. Ancaq bəzilərində isə başlama və qurtarma müddəti dəyişkəndir. Adət qanaması dəyişkən olan qadınlar ən qısa müddəti əsas almalıdır. Qeyd etmək lazımdır ki, aybaşı günü dəyişdiyi təqdirdə ehtiyata uyğun hərəkət etmək daha məqsədəuyğundur. Aybaşı olub-olmadığı ilə bağlı şübhəyə düşən qadın ehtiyata uyğun olaraq bu kimi hallarda üzrlü kimi davranıb hər namaz üçün ayrı dəstəmaz almalıdır.[4]

Aybaşı qanının gec kəsilməsinə nümunə:

Məsələn, hər ay 5 gün aybaşı olan qadın bir ay 6 gün aybaşı olmağa başlasa aybaşı günlərinin sayı dəyişmiş olur. Ancaq həmin qadın yenə də 5 günə müvafiq hərəkət etməlidir. Əgər sonrakı ayda da 6 gün aybaşı olarsa, artıq həmin qadının aybaşı günlərinin sayı 6 gün alaraq sabitləşər. Bu qadın birinci dəyişiklikdə 5-ci günün sonunda qüsl almalı və namazlarını qılıb oruclarını tutmalıdır və s. Çünki, aybaşının qurtarma ehtimalı var. Əgər aybaşı 5-ci gün qurtarmışsa, bu əməllər həmin qadına fərz olur, lakin 6-cı gün də cinsi münasibətdə ola bilməz, eləcə də iddə gözləyirsə, iddəsi qurtarmış sayılmaz. Çünki aybaşının davam etmə ehtimalı var. Yox, əgər aybaşı davam edirsə, qadağan edilmiş gündə cinsi münasibətdə olmuş sayılar ki, bu da günahdır. Sonrakı ayda da bu minvalla hərəkət edər və həmin ayda da aybaşı günlərinin sayı altıya çatarsa, artıq aybaşı 6 gündə sabit olmuş olur. Bundan sonrakı aylarda aybaşı müddətini artıq 6 gün olaraq hesab edib, buna müvafiq davranmalıdır.

Aybaşı qanının tez kəsilməsinə nümunə:

Adət dövrü 6 gün olan qadının, növbəti adəti 4 gündən sonra kəsilərsə qüsl almalı və namaza başlamalıdır. Çünki bu günlərin təmizlik günləri olma ehtimalı var. Lakin cinsi münasibətdə olmamalıdır. Çünki ehtimallı günlərdə ehtiyatlı davranmaq lazımdır. Əgər sonrakı ayda da 4 gün sonra aybaşı qanı kəsilərsə, yenə də qüsl almalı, namazlarını qılmalı və orucları tutmalıdır. Lakin cinsi əlaqədə ola bilməz. Çünki adət günlərini başlama və bitmə tarixi iki ayın nəticəsinə görə təyin edilir. Beləcə, dalbadal iki ay davam edən 4 gün aybaşı müddəti artıq 6 gündən 4 günə düşmüş olur.

Hər ay fərqli günlər aybaşı görən qadın əvvəlki aya uyğun hərəkət etməlidir. Əgər əvvəlki aya görə aybaşı qanı tez və ya gec kəsilibsə, qadın yuxarıda qeyd olunan misallardakı kimi hərəkət etməlidir.

Əgər aybaşı günləri tamamilə nizamsız olar və bu nizamsızlıq 10 günü keçərsə, 10 gün aybaşı, geri qalan günlər isə üzr qanı hesab olunur. Həmin qadın on gün tamamlanandan sonra qüsl almalı, namazlarını qılmalı, oruclarını tutmalıdır. Cinsi əlaqədə də ola bilər. Yalnız üzürlü sayıldığına görə hər namaz üçün ayrı dəstəmaz almalıdır.

Əgər mütəmadi şəkildə hər ay 8 gün aybaşı olan bir qadın məsələn, yanvar və fevral aylarında 8 gün, martda 10 gün aybaşı olsa, aybaşı günlərinin sayı 10 günə çıxmış olur. Əgər bu aybaşı 10 gündən artıq davam edərsə, məsələn, 12 gün olarsa, ilk səkkiz gün aybaşı, sonrakı dörd gün isə üzr qanı sayılır. Çünki aybaşının sabit müddəti 8 gün idi. Əgər sonrakı ayda da 12 gün davam edərsə, bu səfər on gün aybaşı, son iki gün isə üzr qanıdır. Çünki aybaşı günlərinin sayı ən çox 10 gün olduğu üçün, artıq həmin qadının aybaşı müddəti 10 gündə sabit olmuş olur. Bu kimi hallarda yuxarıda qeyd edilən misallara müvafiq hərəkət edilə bilər.

Ümumi qayda olaraq bunları da qeyd etmək olar: Aybaşı günlərinin dəyişikliyində namaz, oruc və rici talaqdan (boşanma) geri qayıtma məsələsi olanda, müddətin ən azına; cinsi əlaqə və iddə müddəti məsələsi olanda isə, müddətin ən uzun olanına müvafiq hərəkət etmək lazımdır. Məhz bu, ehtiyata daha uyğundur.[5]

Əgər təmizlik müddətinin ən son həddi olan 15 gün bitmədən əvvəl qanaxma başlayarsa, 15 günün tamamlanmasını gözləmək lazımdır. Çünki bu, üzr qanı sayılır və hər bir namaz vaxtı dəstəmaz alınmalıdır. Bundan əlavə, cinsi əlaqədə olmaq olar. 15 gün tamamlandıqdan sonra davam edən qanaxmalar isə, artıq aybaşı sayılır.

Təmizlik müddətində nöqtə qədər qan görən qadın nə etməlidir?

Təmizlik müddətində görülən qan üzr (istihazə) qanıdır. Təmizlik müddətindən sonra qan görülsə, bu adət qanaması sayılır və buna müvafiq hərəkət edilməlidir.

Aybaşı günlərində bir neçə saat və ya gün heyz qanı kəsilən qadın nə etməlidir?

Aybaşı günlərində qanın bir neçə saat, yaxud bir neçə gün kəsilməsi aybaşını aradan qaldırmaz. Onsuz da qanın dayanmadan axması nadir hallarda olur. Yəni bu o deməkdir ki, aybaşı davam edir.

Aybaşı qanı tez kəsilən qadın namaz qıla və cinsi əlaqədə ola bilərmi?

Aybaşının ən az müddəti üç gündür. Aybaşı başladıqdan iki gün sonra qan kəsildikdə ehtiyat üçün dəstəmaz alınmalı və vaxtın sonunda namazlar qılınmalıdır. Yəni namaz, vaxtı girən kimi qılınmamalıdır. Çünki aybaşı halının davam etmə ehtimalı vardır. Cinsi əlaqədə də olmaq olmaz.

Normal aybaşı müddəti qurtarmadan qan kəsilərsə, yuxarıdakı kimi hərəkət edilməlidir. Məsələn, aybaşı 7 gün ikən 5-ci gündə qan kəsilmişsə, ehtiyat üçün dəstəmaz alınmalı və hər namaz vaxtın sonunda qılınmalı, eləcə də cinsi əlaqdə də olmamalıdır. Çünki aybaşının davam etmə ehtimalı var. Lakin ikindi namazı məkruh vaxta qədər gecikdirilməməlidir.[6]

Xülasə, üç gündən öncə qan kəsilərsə üzürlü sayıldığından hər vaxt üçün dəstəmaz alınmalıdır. Üçüncü  günün sonunda (72 saat) aybaşı qanı kəsilərsə, ehtiyat üçün qüsl alınmalıdır.

Aybaşı qanı tam vaxtında kəsilən qadın qan kəsilən andan etibarən ibadətlərdən məsuldur. Məsələn, 7 gün aybaşı olan bir qadın 7-ci günün sonunda qan kəsilərkən namaz vaxtının sonunda təkbir alacaq qədər belə olsa namaz vaxtına çatıbsa, həmin namaz onun boynunda bir borcdur və qəzasını qılmalıdır. Həmin qadın qüsl almalı, su yoxdursa təyəmmüm etməlidir. namazı qalmamışsa və həmin namazın vaxtı keçməyincə, onun cinsi əlaqədə olması da caiz deyil. Məsələn, günorta üstü aybaşı müddəti qurtaran qadın qüsl almadığı və ya günorta namazını qılmadığı təqdirdə ikindi namazının vaxtı girənə qədər cinsi əlaqədə ola bilməz.[7]

Aybaşı müddəti tam 10 gündə qurtaran qadın qüsl almadan cinsi əlaqədə ola bilər. Qüsl alarsa, həmin qüsl vaxtı da təmizlikdən sayılır. Bu səbəbdən də, əgər aybaşı qurtaranda təkbir gətirəcək qədər namaz vaxtına çatmışsa, həmin namaz onun boynunda bir borc olaraq qalır. Ona görə də daha sonra həmin namazı qəza etməlidir.

Fasilələrlə aybaşı olan qadın nə etməlidir?

Yəni, iki aybaşının arasına girən təmizlik müddətində necə hərəkət edilməlidir?

Aybaşı müddəti başladıqdan sonrakı təmizlik günləri ümumi olaraq 10 günü keçməmək şərtilə aybaşına fasilə verilmiş olmaz. Məsələn, qadının heyz qanı üç gün gələndən sonra, növbəti üç gün axıntı kəsilər və daha sonra da 4 gün təkrar qanaması davam edərsə bu 10 gün  ərzində heyzli sayılır. Yəni, aybaşı günləri + qanaxmanın kəsildiyi günlər = 10 günü keçməmək şərtilə aybaşı günlərindən hesab olunur.

Ancaq ümumi olaraq 10 günü keçərsə, belə hesablanır: Məsələn, 5 gün adət qanamsı, 4 gün axıntının kəsilməsi, 3 gün təkrar axıntı gələrsə, 5+4+3=12 olar. Qeyd edilən 12 günün ancaq 5 günü aybaşı qəbul edilir. Geri qalanı isə təmizlik günlərindən sayılır. Beləliklə də, son üç gün görülən qan aybaşı yox, üzr (istihazə) qanı sayılır. Bu hökm İmam Əbu Yusifə görədir və tərcih edilən görüş də budur.[8]

Klimakterik dövr (klimaks) neçə yaşdan başlayır?

Klimakteri dövrünə ərəb dilində “iyas” deyilir. Klimaks, klimakterik dövr – qadın cinsiyyət sistemi üzvlərinin geriyə inkişafı, fəaliyyətdən düşməsi dövrüdür. Klimaks, ilkin olaraq yumurtalıqlarda yumurta hüceyrəsi yetişdirilmə prosesinin tədricən pozulması ilə başlayır.

Klimakterik dövr üç mərhələdən ibarətdir:

– Menopauzaönü (menopauza – mensturasiyanın (aybaşının) kəsilməsi dövrü) mərhələ. Bu, aybaşı qanaxmalarının kəsilməsindən öncəki zaman müddətidir və orta hesabla 3-7 il ərzində davam edir. Bu mərhələdə aybaşı tsiklində bəzi dəyişikliklər baş verir – tsiklin müddəti uzanır, aybaşı zamanı qanaxma az olur, yumurtalıqların hormonal funksiyası azalır;

-Menopauza mərhələsi – bu, son aybaşı qanaxmasından sonra başlayaraq 12 ay davam edir;

-Menopauzadan sonrakı mərhələ  – bu, yumurtalıqların öz fəaliyyətini tam şəkildə dayandırmasına qədər (yəni qadının ömrünün sonunadək) olan müddətdir.

Qeyd etmək lazımdır ki, klimakterik dövrün ilk mərhələlərində qadın hamilə ola bilər. Belə hesab edirlər ki, qadın yalnız son aybaşından bir il keçdikdən sonra tam sonsuz olur.

Əksər qadınlarda aybaşı orta hesabla 50 yaşında kəsilir. Bəzi qadınlarda müntəzəm aybaşılar 55 yaşınadək uzanmış olduğu halda, müstəsna hallarda isə 40 yaşınadək də baş verir (erkən klimaks).[9]

Klimakteri dövrünün başlanğıcı 45, 50, 55 və 62 yaş olaraq müəyyən edilmişdir. Belə ki, bu dövr hənəfilərə görə 55, şafeilərə görə isə 62 yaşdır. Bununla yanaşı, klimakterik dövrün başlanğıcı qadından qadına dəyişə bilər. Hənəfilərə görə 55 yaşı keçdikdən sonra gələn qan qara və ya qırmızı rəngdə olarsa aybaşı, əks təqdirdə aybaşı deyil. Həmçinin, klimakterik dövrdən sonra gələn qanın rəngi bu dövrdən əvvəlki qanın rəngi ilə eyni olarsa, bunun aybaşı olduğunu deyənlər də vardır. Ona görə də, bu, nəzərə alınmalıdır.[10]

Ancaq 55 yaşında aybaşı müddəti qurtarmış və artıq klimaks dövrünə başladığı dəqiqləşən qadından bundan sonra gələn qan, aybaşı müddətinin minimumu olan üç gün davam etsə də aybaşı sayılmır.[11]

Aybaşının tamamilə kəsilməsi və klimakterik dövrün başlaması ilə bağlı qadınların öz qənaətləri də mühüm əhəmiyyət kəsb edir. Qan qohumluğu olan qadınların klimakterik dövrlərinin bir-birinə yaxın olma ehtimalı var. Bu da nəzərə alınmalıdır.

Bundan əlavə, əgər bir qadın həyatı boyu heç aybaşı olmayıbsa, onun yaşıdları nə vaxt klimakterik dövrünə girirsə, həmin yaşda o da klimakterik dövrünə girmiş qəbul edilir.

Yuxudan duranda aybaşı olduğunu öyrənən xanım nə etməlidir?

Qadın yatdıqdan sonra aybaşı olaraq durarsa, oyandığı vaxtdan etibarən aybaşı sayılır. Məsələn, gecə (işa) namazını qılmadan yatan və yuxudan durada da aybaşı olduğunu görən qadın, gecə namazını daha sonra qəza etməlidir. Çünki gecə namazının vaxtını təmiz olaraq keçirmə ehtimalı vardır. Məhz bu səbəbdən ehtiyata müvafiq hərəkət etməli və namazı daha sonra qəza etməlidir. Bunun əksi də eynidir. Yəni, qadın aybaşı olduğu halda yatıb, yuxudan təmiz olaraq durarsa, yatdığı vaxtdan etibarən təmiz qəbul edilir və yenə də gecə namazını qəza etməlidir. Çünki gecə namazının vaxtı çıxmadan aybaşının qurtarma ehtimalı var. Ona görə də ehtiyata uyğun hərəkət etməlidir.


[1]İbn Abidin, “Haşiyətü-Rəddil-Muxtar”, I, 284.
[2] İmamı-Əzəm Əbu Hənifəyə görə isə, ən çox həddi 17 yaşdır. Belə ki, 17 yaşına çatan qız uşağı artıq həddi-büluğa çatmış sayılır və buna müvafiq hökmə tabe olur. Burada isə, ehtiyata uyğun olan, məhz əksər alimlərin fikrinə tabe olmaqdır ki, bu da bir qadının aybaşı olmasa belə 15 yaşdan etibarən həddi-büluğa çatmış sayılmasıdır.
[3] Ərindən boşanan və ya əri ölən qadının təkrar ərə gedə bilməsi üçün şəriətcə gözləməli olduğu vaxt
[4]İbn Abidin, “Haşiyətü-Rəddil-Muxtar”, I, 287.
[5] Kasani, “Bədaiüs-sənai”, I, 160.
[6] İbn Hümam, “Fəthül-qədir”, I, 171.
[7]İbn Hümam, “Fəthül-qədir”, I, 170.
[8]İbn Abidin, “Haşiyətü-Rəddil-Muxtar”, I, 290.
[9] http://saglamolun.az/ 28.04.2014.
[10]İbn Abidin, “Haşiyətü-Rəddil-Muxtar”, I, 304.
[11]Mövsili, “əl-İxtiyar”, II, 214.



Bənzər məqalələr

Heyzli günlərdə dişə plomb qoymaq

Sual: Qadınların heyzli günlərdə dişlərinə dolğu (plomb) qoydurandan sonra qüsl ala bilərmi?

Oruclu ikən aybaşı olan qadının orucu pozularmı?

Oruclu ikən adət halı görənin orucu pozular.

Qüsl

Qüsl bədənin müvazinətini bərpa edir. Qan dövranını tənzimləyir. İnsanı ibadətə hazırlayır. Qüslun bu kimi bir çox faydaları vardır. Qüslun insan sağlamlığına bir çox faydalarının olduğu elm adamları tərəfindən sübut olunmuşdur. Qüsl almaqla, cünubluq, heyz və nifasın insan bədənində meydana gətirdiyi maddi kirlər təmizlənir. Həmçinin qüsl alanda cünubdan dolayı bədəndə meydana gələn yorğunluq və zəiflik azalır.


13 şərh yazılıb
  1. Aysel , 19/09/2015 tarixində, saat 08:09

    Menimde 7 yasim var Amma aybasi olmusam bu neden ola biler

    • meneviyyat.az , 19/09/2015 tarixində, saat 12:09

      Bu üzr qanıdır. Uşaqlıq yolundakı damar zədələnməsi nəticəsində ola bilər. Təcili həkimə müraciət etməlisiniz.

  2. Ayka , 28/09/2015 tarixində, saat 11:09

    Men 12 yasimda ayibasi olmusam ve mudeti 7 gun oluram, menim qarnimda cox agrilar olur men ne edim bu agrilar olmasin ve ne meslehet gorerdiz ki hansi dermanlar icilmelidi bu agrilara gore zehmet olmasa cavab yazin

    • meneviyyat.az , 28/09/2015 tarixində, saat 13:09

      Adət sancılarının olması normaldır. Ancaq bu haqda ananızla məsləhətləşməlisiniz. Ginekoloqun müayinəsindən keçməyinizi tövsiyə edirik. Bu hər qadının başına gələn normal haldır. Utanmağa ehtiyac yoxdur.

  3. ayka , 28/09/2015 tarixində, saat 15:09

    Coxsagolun meslehete gore

  4. Tehmine , 21/12/2015 tarixində, saat 17:12

    11 yaşım olmagina 1 ay qalmış aybasi oldum bu düzdü ya həkimə getməliyəm. ?

  5. nuray , 26/12/2015 tarixində, saat 06:12

    salam menim 13 yasim var amma aybasi olmuram bu nedendi

  6. Sebnem , 27/12/2015 tarixində, saat 05:12

    Salam Mende 12 yasimda ayi basi oldu amma qarin agrisi bas vrmir bu neden ola biler?

  7. Aysen , 09/01/2016 tarixində, saat 16:01

    Menim 13 yawim var hele aybawi olmuram amma mende seffav ve ag axinti gelir bu nedendir

    • meneviyyat.az , 11/01/2016 tarixində, saat 11:01

      Axıntının olması normaldır. Əgər narahatlığınız varsa həkimə müraciət etməyinizi tövsiyə edirik.

  8. Elgul_elizade , 10/01/2016 tarixində, saat 12:01

    Salamm.. menim 17 yawim var aybawi olanda cox agriyiram,qaytariram,belimde,bawimda agrilar cox olur..(( ozumu normal hiss etmirem. Sizce bu normal haldi? Meslehet verin xahiw((

    • meneviyyat.az , 11/01/2016 tarixində, saat 11:01

      Aleykum salam. Bu müxtəlif səbəblərdən ola bilər. Ginekoloq və ya endokrinoloqa müraciət eləməyiniz xahiş olunur.

  9. Aysen , 15/01/2016 tarixində, saat 18:01

    Hekim dediyim kimi menim 13 yasim var ama mende axinti olur nece aya nece ile ola bilerem

Şərh yaz

*