Aylıq namaz vaxtları
124 dəfə oxunub ,   0 şərh   Çap et

Ailə həyatına qədəm qoymağın astanasında, demək olar ki, hamı xoşbəxt olacağını düşünür. Xəyallar qurur. Öyrəndiklərini, bildiklərini tətbiq etməyə çalışır. Təki xoşbəxt olsun.

Elə ki ailə qurulur, birdən-birə olmasa da, yavaş-yavaş nə isə hiss olunmağa başlayır. Elə bil nələrsə qaydasında deyil. Deyəsən xəyallardakı ailə bu deyildi. Sanki əvvəl düşünülənlər indi yoxdur.

İş ondadır ki, bütün bu mənfiliklərin, hətta xəyalların bu qədər puç olmasını xarici təsirlərlə əlaqələndiririk.

Ya düşünürük ki, biz düzgün seçim etməmişik.

Ya elə bilirik ki, tərəf müqabilimiz çox dəyişib.

Ya da fikirləşirik ki, münasibətlər uşaq dünyaya gəldikdən sonra pisləşib.

Əsas səbəblər müəyyənləşdirilmədikcə, daimi həll yolu tapmaq da mümkün olmayacaqdır.

Görəsən, xoşbəxt bir ailə həyatı üçün əsas ünsürlər nələrdir?

  1. Ailə həyatı bir dəfə qurulur. Amma birdəfəlik qurulmur. Birdəfəlik qurulan ailə həyatı qurumağa məhkumdur. Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.
  2. Ailə həyatı quran şəxslər xüsusilə bir müddət keçəndən (məsələn, bir və ya iki uşaq dünyaya gələndən sonra) diqqət etməlidirlər; onların dialoqları ən çox hansı səpkidə olur?

Uşaqlar?..

Bazar?..

Qayınana?..

Evə gələn qonaqların yüksək səviyyədə qarşılanması?..

Alış-veriş mağazasında qiymətlər?..

Siyasət?..

Karyera?..

Ev alma planı?..

Və s….

Bəlkə, ümumiyyətlə, ünsiyyət heç yoxdur.

Burada diqqət etməli olduğumuz məqam budur:

Heç özümüzdən, ikimizdən danışırıq?

Yoxsa artıq ikimiz deyə bir şey qalmayıb?

Bizdən başqa hamı varsa, ünsiyyətimiz yalnız başqaları üzərindən qurulursa, bu, sağlam münasibət deyil. Və bunu ünsiyyət adlandırmaq olmaz.

  1. Ailədə 7 yaşına çatmış ən azı bir uşaq varsa, həftəlik ailə toplantısı etmək tövsiyə olunur. Ailə toplantıları həftədə bir dəfə, əvvəlcədən müəyyənləşdirilmiş saatda və heç bir şəkildə təxirə salınmadan, gecikdirilmədən edilməlidir.

Ailə toplantılarının uşaqlara və ümumiyyətlə, ailə üzvlərinin hər birinə faydası böyükdür.

Hər şeydən əvvəl, ailə toplantısı ailədaxili nizam-intizamın əlamətidir.

Ailə toplantısında iştirak edən, fikir söyləyən, yeri gəldikdə bəzi fikirlərlə razılaşmayan uşaqlar cəmiyyətə daha adekvat hazırlaşmış olur, sosial mühitə adaptasiya olmaqda çətinlik çəkmirlər.

Ailə toplantısı ailə fərdlərini bir-birinə bağlayır, aradakı ünsiyyəti möhkəmlədir, ailə üzvləri arasında sağlam bağ qurulmasını təmin edir.

Ailə toplantıları rəsmi dövlət tədbiri deyildir. Mümkün qədər səmimi zəmində keçirilməli, qərarların tətbiqində isə ciddiyyət əsas düstur olmalıdır.

  1. Ailənin birlikdə vaxt keçirdiyi, əyləndiyi, zövq aldığı bir saat olmalıdır. Məsələn, film saatı. Əvvəlcədən müəyyənləşdirilmiş filmlər partlamış qarğıdalı müşayiəti ilə evi kinoteatra çevirə bilər.
  2. Kişi və qadın bir-birilərinin ailələrinə (ata-anasına) dərin hörmət bəsləməli, həmişə minnətdarlıq hissi duymalıdırlar. Bəzən elə olur ki, bir tərəfin ailəsi daha prioritet olur. Bayramlarda yalnız onlar ziyarət edilir, uşaqlar baba-nənə deyəndə yalnız onlara gedilir. Bu isə qarşı tərəfdə aqressiya əmələ gətirir. Ona görə də tarazlığı qorumaq lazımdır. Çünki ədalət prinsipi pozulanda narazılıqlar qaçılmaz olur.
  3. İnsan özünü o vaxt pis hiss edir ki, cəmiyyətə faydalı olmadığını düşünür. Bütün gün ev işləri görən qadın bəzən özünü yararsız hesab edə bilər. Emosional dəstək ehtiyacı zaman-zaman bütün insanlarda olur. Çalışmaq lazımdır ki, bu ehtiyac qarşı tərəf tərəfindən vaxtında qarşılansın. Unutmamalıyıq ki, çox vaxt insan etməyə borclu olduğu işlərdə belə təqdir gözləyir.

Hər bir insan cəmiyyətə fayda vermək istəyir. Buna görə də fərdlər bu sualın cavabını verməlidirlər ki, mənim faydam nədir. Çünki özünü yararsız hiss edən insan xoşbəxt ola bilməyəcək. Özü xoşbəxt olmayan başqasını (həyat yoldaşını və ya övladlarını) xoşbəxt edə bilməz.

Qadın həyat yoldaşından mənəvi dəstək aldıqca güclənir. Gücləndikcə uşaqlarına güclü təsir edir. Uşaqlar da bu təsirin nəticəsində emosional cəhətdən güclü fərdlərə çevrilirlər.

Xülasə, bir mütəfəkkir deyir ki, ailə bağları o qədər ağırdır ki, onları daşımaq bir nəfərin işi deyil. Bunun üçün iki nəfər lazımdır. Ailə(də xoşbəxt) olmaq da hər iki tərəfin (kişi və qadın) istəyi və cəhdləri ilə mümkündür. Təkcə istək kafi deyil. Həmin istəyi tətbiq etmək də lazımdır.




Bənzər məqalələr

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Həzrət Hafsa

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.


Şərh yaz

*