Aylıq namaz vaxtları
572 dəfə oxunub ,   0 şərh   Çap et

Ünsiyyət nədir?

Ünsiyyət qarşılıqlı münasibət, mehribanlıq, yaxınlıq, ülfət, əlaqə mənalarındadır. Əsasən söz və yazı vasitəsilə xəbərləşmək, əlaqə qurmaq, fikir mübadiləsi aparmaq, qarşılıqlı dialoq ünsiyyət mənasında işlədilir. Ünsiyyət insanın sosial tələbatıdır. İnsana yaşamaq üçün hava, su və qida qədər ünsiyyət də lazımdır.

Ünsiyyətin növləri:

İnsanın düşünməsi, öz ehtiyaclarının fərqinə varması, daxili müşahidələri, gördüyü yuxular, özünü sorğulaması daxili ünsiyyətdir.[1]

Bir və ya bir çox insanın birgə münasibəti insanlararası ünsiyyət sayılır. Bu münasibət daha çox şifahi və yazılı ünsiyyətlə qurulur. Bu ünsiyyətdə səs tonu və seçilən sözlər önəmlidir. Yəni bu cür ünsiyyətdə nəyin, necə ifadə olunması böyük əhəmiyyət kəsb edir.

Ünsiyyətdə üz ifadələri və bədən dilinin də özünəməxsus rolu var. İnsan bilərək və ya bilməyərək bundan istifadə edə bilər.

Ailədaxili ünsiyyət

Ailə insanın ilk məktəbidir. İnsanın ən çox ünsiyyətdə olduğu və ünsiyyəti öyrəndiyi yer də məhz ailədir. Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır. Həmin məqsədləri belə sıralamaq olar:

Məlumat vermək

Fikir bildirmək

Hisləri ifadə etmək

Ehtiyac və istəkləri dilə gətirmək

Nəzarət etmək (razı salmaq, yol göstərmək)

Ailə münasibətləri digər insanlarla münasibətdən fərqlidir. Çünki ailə münasibətlərində rəsmilik olmur. Münasibətlər sevgi və hörmətə əsaslanır.

Ailə üzvləri demək olar ki, oxşar düşünür. Hər hansı hadisəyə ailə fərdlərinin münasibəti çox vaxt bir-birinə bənzəyir.

Digər münasibətlər kimi ailədaxili münasibətlər də diqqət tələb edir. Bəzi ailə problemləri münasibətlərə biganəlikdən qaynaqlanır. Bundan əlavə, tərəflərin problemlərə yanaşma  tərzi də münasibətlərə mənfi və ya müsbət təsir göstərir.[2]

Tərəflərin öz ailələrində gördüyü münasibət və valideynlərindən öyrəndikləri də ailə həyatına təsir edir. Ailədaxili ünsiyyətdə əsas məsələlərdən biri, nəyi harda və necə deyəcəyini bilməkdir. Bunun üçün ailədaxili ünsiyyətin əsaslarını bilmək və tətbiq etmək lazımdır.

Ailədaxili ünsiyyətin əsasları

Vaxt ayırmaq

İnsanlarla yaxşı münasibət qurmaq üçün onlara vaxt ayrımaq lazımdır. Əfsus ki, müasir dövrdə ailəyə çox az vaxt ayrılır. Bir araşdırma nəticəsində məlum olub ki,

evliliklərindən razı və bir-birini sevən cütlüklərin doxsan faizi vaxtının çoxunu bir yerdə keçirənlərdir. Eyni araşdırmada boşanan cütlüklərin boşanmazdan əvvəl bir-birinə daha az vaxt ayırması da diqqət çəkir.[3]

Ailə üzvləri xüsusən ər-arvad bir-birinə vaxt ayırmalıdır. Bunun üçün axşamlar qısamüddətli gəzinti, arada kinoya, həftə sonları piknikə getmək və ailəvi söhbət vaxtları təyin etmək olar.

Sevgini ifadə etmək

İnsanın yeməyə və suya ömür boyu ehtiyacı olduğu kimi, sevgiyə də ehtiyacı var. Sevildiyini bilmək insanın əsas ehtiyaclarından biridir. İnsan sevməyi sevilərək öyrənir.[4]

Ailə münasibətlərində sevgi başlıca rol oynayır. Yeni qurulan ailədə kişi və qadının ən böyük arzusu qarşılıqlı sevgi görmək, evlənəndən sonra da sevgilərini qorumaqdır.

Ər-arvad bir-birinə sevgilərini bildirməkdən çəkinməməlidir. Xüsudən qadınlar diqqət və sevginin sözlərlə ifadəsini daha çox istəyirlər. Kişi həyat yoldaşına diqqət və sevgisini sözlərlə yox, hərəkətləri ilə göstərməyə çalışdıqda qadının ehtiyacı tam qarşılanmır. Bu səbəbdən kişi qadının sevgi tələbatını nəzərə almalıdır.

Bu məqamda qarşı tərəfin sevgi “dili”ni, yəni onun nəyi xoşladığını, nədən xoşbəxt olduğunu bilmək lazımdır.

İnsanların zövqləri kimi sevgi dilləri də müxtəlifdir. Bir-birinin sevgi dilini bilməyən cütlük hərəsi bir dildə danışan əcnəbilərə oxşayır.

Hədiyyə sevən bir qadını, təbii ki, xoş sözlərlə yola vermək müşkül məsələdir.

Əsas sevgi dilləri bir yerdə vaxt keçirmək, birlikdə iş görmək, hədiyyə almaq, xoş söz və xitablar (əzizim, sevgilim və s.) və fiziki təmasdır.

Dialoq

Ünsiyyətin başlıca forması dialoqdur. Dialoqun iştirakçıları ən azı iki nəfərdir. Ailədəki ünsiyyət monoloq şəklində yox, dialoq şəklində olsa da, əksər hallarda monoloqun çərçivəsindən kənara çıxmır. Məsələn kişi danışır, istəklərini bildirir, ancaq həyat yoldaşının ağzını açmağa imkan vermir. Halbuki, qarşı tərəfin danışmasına imkan vermək, onu dinləmək ona verilən dəyəri göstərir. Əri tərəfindən fikirləri dinlənilən qadın daha rahat və xoşbəxt olur.

Odur ki, ailədaxili ünsiyyətin dialoq şəklində olmasına çalışmaq, qarşı tərəfin fikirlərini dinləmək və dəyər vermək məsləhətdir.

Empatiya etmək

Empatiya özünü həm­söhbətin yerinə qoymaq bacarığıdır. Simpatiya isə bir adama və ya bir şeyə qarşı rəğbət bəsləməkdir. Bir insana simpatiya bəsləmək onun kimi olmağa çalışmaqdır. Qarşı tərəfə rəğbət edən insan onun sevincinə və kədərinə şərik olur. Empatiya isə fərqlidir, həmsöhbətə bənzəmək deyil, onu anlamaq istəyidir.[5] Bir insanı anlamaqla ona haqq qazandırmaq eyni şey deyil. Empatiya zamanı insan qarşı tərəfi anlamağa, simpatiyada isə, anlasa da, anlamasa da, qarşı tərəfə haqq qazandırmağa çalışır.[6] Bir sözlə, empatiya həmsöhbətə göstərilən anlayışın nəticəsidir.

Ailədaxili ünsiyyətdə böyük əhəmiyyət daşıyan empatiya ailədaxili münasibətlərin möhkəmlədən əsas məziyyətlərdən biridir.

Kişi və qadın həyata eyni “pəncərə”dən baxmaq məcburiyyətində deyil. Hərəsi öz pəncərəsindən baxmalıdır. Biri o birini özü kimi düşünməyə məcbur etməməlidir. Eyni hadisəni görən iki insan həmin hadisə haqqında fərqli düşünə bilər.

Cütlüklər eyni məsələni niyə fərqli düşündüklərini anlamadıqda bir-birini ittiham edirlər.[7] Bu səbəbdən ailədaxili ünsiyyətdə tərəflər empatiya bəsləməyi bacarmalıdır. Empatiya ailədə bir çox məsələnin həllində faydalıdır.

Empatiya empatiya doğurur. İnsan istər-istəməz ona göstərilən empatiya və anlayışı cavabsız qoymamağa çalışır. Empatiya ailə üzvlərinin bir-birinə yaxınlaşmasına və qarşılıqlı sevginin artmasına səbəb olur.

Dinləməyi bacarmaq

Dialoq zamanı deyilən sözlərlə bədənin göndərdiyi siqnalların düz gəlməməsi münasibətlərə xələl gətirir. Söhbət edərkən həmsöhbətin üzünə baxmamaq, deyilənlərə reaksiya verməmək, münasibət bildirməmək və başqa bir işlə məşğul olmaq qarşı tərəfə hörmətsizlik sayılır. Bu da münasibətləri korlayır. Qısacası, dialoqda oturuş şəkli, üz ifadəsi, jest və mimikalar ailədaxili münasibətlərdə həmsöhbətə öz təsirini göstərir.

İnsan həmsöhbətini düzgün başa düşmək üçün ona qulaq verməlidir. Çünki danışmaq qədər dinləmək də önəmlidir.

Xüsusilə ailə münasibətlərində cütlüklər bir-birini cani-könüldən dinləməlidirlər. Həyat yoldaşının ona qulaq asdığını görən qadın özünü dəyərli hiss edir. Tərəflərin bir-birini dinlədiyi, fikirlərinə hörmət elədiyi ailədə münasibətlər daha gözəl olur. Yaxşı həmsöhbət həm də yaxşı dinləyici olmalıdır. Yaxşı dinləyici:

Həmsöhbətini diqqətlə dinləyər.

Danışan insanın hərəkətlərinə fikir verər.

Danışan şəxsin sözünü kəsməz.

Həmsöhbətini yerli-yersiz qınamaz.

Başqa işlə məşğul olmaz (telefonla oynamaz, mesaj yazmaz və s.).

Qulaq asdığını müxtəlif sözlərlə (nidalarla) ifadə edər.

Həmsöhbətinin fikirlərinə hörmətlə yanaşar.

Düşüncələri açıq ifadə etmək

İnsan bəzən hiss və düşüncələrini ifadə etməkdən çəkinir. Çox vaxt bəzi düşüncələrdən qurtulmaq üçün onları unutmağa, başqa şeylər düşünməyə çalışır. Fikirləşir ki, belə etməklə onların “əlin”dən qurtulacaq. Halbuki insanı narahat edən hiss və düşüncələri qovmağın bir yolu var, o da danışmaqdır.

Ailədaxili münasibətdə hiss və düşüncələr açıq deyilməlidir. Bu, problemlərin vaxtında həllinə, münasibətlərin möhkəmliyinə və  tərəflərin emosional ehtiyaclarının təmininə kömək edir. Həmçinin tərəflərin bir-birinə etimadını gücləndirir.[8]

Ardı var… 

[1] Üstün Dökmen, Sanatta ve günlük yaşamda iletişim çatışmaları ve empati. S. 21.
[2] Ailede çocuk ve ahlak eğitimi s. 71.
[3] Kaya, Evlilikte mutluluğun sırları. s. 70.
[4] M. Faruk Bayraktar, Çocuk sevgisi üzerine Hz. Peygamberden mesajlar. s.12.
[5] Dökmen, Sanatta ve günlük yaşamda iletişim çatışmaları ve empati. s. 140.
[6] Aydın. Aildede çocuğun ahlak eğitimi. s. 73.
[7] Kaya. Evlilikde mutluluğun sırları. s. 131.
[8] Önder. Ailede iletişim konuşarak ve dinleyerek anlaşalım. s. 62.



Bənzər məqalələr

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Peyğəmbərimizin ailədaxili ünsiyyəti

Əsrlər əvvəl Peyğəmbərimiz (s.a.s.) həm gözəl ailə həyatı, həm də tövsiyələri ilə xoşbəxt ailənin sirlərini göstərmişdir. Rəsulullah (s.a.s.) ailədaxili ünsiyyətdə nələrə diqqət etmişdir?

Oruclu qadın bişirdiyi yeməyin dadına baxa bilər?

Əri tündxasiyyətli olan bir qadın dilinin ucu ilə bişirdiyi yeməyin dadına baxa bilər. Həmçinin bir şeyi alarkən aldanma ehtimalı olan şəxsin, satın alacağı qida maddəsinin dadına baxması da caizdir.


Şərh yaz

*