1. 404 dəfə oxunub ,   0 şərh   Çap et

1. Zəkat sosial müdafiə və sosial həmrəylik deməkdir

Bəşər övladının əsrlərdir, həyata keçirməyə çalışdığı, amma hələ tam nail ola bilmədiyi sosial müdafiə və həmrəylik zəkat sayəsində özü də təmənnasız gerçəkləşir. Zəkatın yığılma və paylanması işi aidiyyəti idarələrə həvalə edilsə və rəsmiləşsə, daha möhkəm və etibarlı sosial sığorta sistemi meydana çıxar. Bu gün Avropa və Amerikanın bəzi bölgələrində tətbiq olunan bu sistem İslamın çiçəkləndiyi dövrlərdə hər yerdə lazımınca həyata keçirilmişdi. Tarix bizə Ömər ibn Əbdüləzizin (717-720) hakimiyyəti dövründə ölkədə zəkat alan kasıbların qalmadığını xəbər verir. Və o dövrdə bugünkü sığorta sistemindəki kimi üzvlük qeydiyyatı, neçə illik iş stajı, müəyyən yaş məhdudiyyəti kimi tələblər qoyulmurdu. Məhz bu şəkildə sosial sığorta sis­teminin formalaşmasında zəkatın böyük payı vardır.

2. Zəkat ticarəti canlandırır

İslamda zəkat sərmayənin gəlirindən deyil, mayasından alınır. Beləcə sərmayənin istifadəsiz qalmasına imkan verilmir. Çünki sərmayə istifadə olunmasa, hər il ondan 2,5% zəkat haqqı çıxılmaqla azalacaq. Ona görə də sərmayə sahibləri əllərindəkini ticarətə buraxmağa məcburdurlar. Bu isə sərmayə qoymaq, yeni iş yerləri açmaq, istehsal sahələrini artırmaq, daha çox məhsul istehsal etmək, ixracatı artırmaq, iqtisadiyyatın inkişafı və rifah səviyyəsinin yüksəlməsi deməkdir. Hal-hazırda inkişaf etmiş ölkələrin iqtisadiyyatına baxanda bu prinsipin tətbiq edildiyini görürük.

3. Zəkat cəmiyyətin mənəvi dəyərlərini gücləndirir

Cəmiyyətlər məhz ruhi-mənəvi dəyərlər sayəsində varlığını qoruyub saxlayır və gələcəklərini təmin edirlər. Neçə əsrdir, bu məsələyə əhəmiyyət verməyən materialist dövlətlər belə son dövrlərdə dəyərlərin vacibliyini tez-tez vurğulamağa başlayıblar. Zəkat “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda olanlara və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur” (“Tövbə” surəsi, 9/60) ayəsində göstərilən yerlərə verilməsi baxımından götürüldükdə qarşımıza üç fərqli kateqoriya çıxır:

a. Fərdlərin mütləq azadlığının təmin olunması

Ayədə əmr edilir ki, kölələrə zəkat verilsin. Beləcə, o, varlılara mallarının bir hissəsini kölələri köləlikdən azad eləmək üçün verməyi əmr edən ilk sistemdir.

b. Xeyirxahlıq hissinin yaxşılığı yaymağa sövq edilməsi

Elə bir insan yoxdur ki, onda xeyirxahlıq hissi olmasın. Bu hisdən həm cəmiyyətin xeyrinə istifadə etmək olar, həm də zərərinə. Elə isə bu duyğunu düzgün yönəltmək, hətta bəzi insanlara müəyyən məhdudiyyətlər qoymaq lazımdır. Zəkat bu məsələdə inananlara istiqamət verir. “Kasıblara, borclulara, pulu qurtarıb yolda qalana, ürəkləri İslama isinişib bağlanmaqda olanlara..” ayəsi ilə, əslində, bu, nəzərdə tutulur.

c. Allah-bəndə münasibətlərini qaydaya salınması

 Hər bir inanclı insan Rəbbi ilə irtibatını möhkəm saxlamağa və bu münasibəti sağlam əsaslara oturtmağa çalışır. Əlindəki maddi imkanları da buna cəlb edir. Ayədəki “Allah yolunda olanlar – cihad edənlər” ifadəsi bu duyğuya yön verir. Deməli, Allah yolunda cihad quru döyüşdən ibarət deyil, inancı qorumaq uğ­runda aparılan mücadilədir. Və bu mücadilədə xərclənən hər şey Onun yolunda sərf edilmiş sayılır.

Zəkat nə qədər maddi nemətlərlə bağlı bir sistem şəklində görünsə də, inanc və ibadətlərdən tutmuş ruhi-mənəvi və əxlaqi dəyərlərə, siyasət və cihaddan fərd və cəmiyyətin problemlərinə qədər əksər sahələrə öz təsirini göstərir.

4. Xülasə

Zəkat maddi nemətlərin varlıdan kasıba transferi olaraq cəmiyyətdə orta təbəqəni formalaşdırır. Maddi nemətlər yalnız varlının əlində dövr edən bir sərmayə kimi qalmır. Zəkat ifrat varlanmanın və həddən artıq yoxsullaşmanın qarşısını alır. Bu mənada zəkat cəmiyyətdə mülkiyyət və maddi nemət tarazlığını təmin edir.

Zəkat gəlirlərindən bir qisminin ehtiyacı olan insanlara dövlət xətti ilə qərzi-həsən (borc) kimi verilməsi sələmçiliyin qarşısını alar. Beləcə halal-haram bilməyən bəzi sərmayədarların ehtiyac içərisində olanları istismar etmələrinə imkan verilməz.

Zəkat fərdi və ictimai tərəfləri ilə yoxsulluq problemini ara­dan qaldırır. Dilənçiliyin kökünü kəsir. Siniflər arasında sosial ziddiyyət və toqquşmaların meydana gəlməsinə mane olur. Zəkatı verilən maddi nemətlər bir mənada cəmiyyətin mülkünə çevrilir. Oğurluq tamam azalır. Təbii fəlakət və fövqəladə hallar zamanı maddi zərər görənlərə qısa müddətdə, həm də təmənnasız yardım edilir. Ancaq iman, İslamı yaşamaq istəyi, dünya-axirət tarazlığı kimi islami düşüncə fərdlərin şüurunda və cəmiyyətdə oturuşmalıdır. Bu şüura yiyələnməmiş bir adama nə qədər yaxşılıq etsəniz də, onu oğurluqdan, və ya dilənçilikdən saxlaya bilməzsiniz. Bu kimi insanlardan ibarət bir cəmiyyətin halını təsəvvür etmək də o qədər çətin deyil.



Açar sözləri

zəkat

Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Varlılar kasıblardan üstündürlərmi?

İslam, ehtiyac sahibi bir şəxsin  başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.


Şərh yaz