- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Zəkatın sərf edildiyi yerlər

Kimlərə zəkat verilə bilər?

Zəkatın veriləcəyi yerlər  “Tövbə” surəsinin 60-cı ayəsində açıqca qeyd edilmişdir:

Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb pay­layanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə, həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda olanlara və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Ayədə keçən səkkiz qrup insan haqqında qısa məlumat verək:

1-2. Kasıblar və miskinlər

Kasıb və miskinləri eyni sayanlar da var, fərqli hesab edənlər də. Kasıblar və miskinlər:

a) malı və qazancı olmayan,

b) malı və qazancı olub, amma ailəsinin dolanışığına çatmayan,

c) qazancı ehtiyaclarının yarısına ancaq çatan şəxslərdir. Zəkat vasitəsilə kasıbların dolanışığını, müalicəsini, ailə və təhsil xərclərini təmin etmək olar.

3. Zəkatı yığıb paylayanlar

Bu, zəkatın yığılıb paylanması işinin dövlət tərəfindən sistemləşdirilib təşkil edilməsi hallarına şamil olunur. Belə bir qurumda çalışan məmurlara zəkat malından müəyyən qədər maaş ayrılır.

4. Müəlləfeyi-qulub

Bunları Peyğəmbərimizin (s.a.s.) sünnəsini əldə rəhbər tutaraq aşağıdakı kateqoriyalar çərçivəsində götürə bilərik:

a) özü, xalqı və ya tayfası verilən şeylərlə müsəlman olcağı ümid edilən,

b) zəkat sayəsində İslama və müsəlmanlara qarşı planlaşdırdıqları pis əməllərindən əl çəkəcəkləri güman edilən,

c) yenicə müsəlman olmuş, lakin iman qəlbində tam oturuşmamış və zəkat vasitəsilə onun İslam yolunda sabitqədəmliyi təmin ediləcək,

d) lider xarakterli insanlar olub və onlar İslamı qəbul edəcəkləri təqdirdə yaxınlarının da müsəlman olmasına ümid edilən şəxslərə verilir.

Bəzi fiqh məzhəblərinə görə, Peyğəmbərimizin vəfatından sonra müəlləfeyi-quluba zəkat vermək olmaz. Çünki artıq İslam güclənmişdir və belə bir şeyə ehtiyac qalmır. Bəzilərinə görə isə bu hökmü aradan qaldıran bir dəlil yoxdur və fərqli dövr və yerlərdə buna ehtiyac yarana bilər.

Buraya qədər adını çəkdiyimiz dörd qrup zəkat mallarından istədikləri kimi istifadə edə bilərlər. Bundan sonrakı dörd qrup isə nə vaxt zəkata haqqı çatsa, o vaxt ondan faydalana bilər. “Tövbə” surəsinin 60-cı ayəsinin məalını verəndə bu məqama işarə etmişdik.

5. Kölələr

İlk dövrlərdən köləliklə mübarizə aparan İslamiyyət kölələri azadlığa qovuşdurmaq üçün zəkat mallarından, müasir dillə desək, fond ayırmışdır. Bəzi alimlər: “Zəkat hər cür köləyə yox, məhz ağası ilə müəyyən müddət və ödəniş müqabilində razılığa gələn köləyə xərclənir” — deyirlər. Halbuki, ayədə hər cür kölənin nəzərdə tutulduğu açıq-aşkar görünür. Bu səbəbdən, Hənəfi və Şafei məzhəblərinə görə, ağası ilə müəyyən məbləğ müqabilində razılığa gələn kölələrə zəkat verilir. Hənbəli və Maliki məzhəblərinə görə isə zəkat pulu ilə kölə və cariyə alıb azad etmək olar.

6. Borclular

Hənəfi məzhəbinə görə, borclu o adama deyilir ki, borcu olsun və nisab miqdarı mala sahib olmasın. Digər üç məzhəbə görə, iki cür borclu var:

1. Öz ehtiyacı üçün borclanan

Yeyəcək, içəcək, müalicə, evlənmək, evləndirmək, ev əşyası və s. üçün borclanan və ya sel, yanğın, zəlzələ kimi təbii fəlakətlərə məruz qalıb borca düşən adam. Bunlara zəkat vermək olar. Eyni zamanda gərək borc içki, qumar, zina və s. kimi haramlar üçün alınmamış olsun.

2. Başqalarına və ya ictimai işlərə görə borclanan

Bu, mal və ya qan davası zamanı aranı düzəltmək üçün öz xərci ilə maddi yardım göstərən və ya ülvi bir qayə ilə məktəb, məscid, xəstəxana və s. kimi ictimai müəssisələr tikmək üçün borca girən adamdır.

7. Allah yolunda olanlar

“Allah yolunda” ifadəsi ilə bağlı istər məzhəb imamları, istərsə müasir alimlər arasında ortaq fikir yoxdur. “Allah yolu” ifadəsi lüğəvi mənasına görə fərz və nafilələrdən ibarət olub bəndəni Allaha yaxınlaşdıran ictimai əməllərdir. Bunun ən geniş mənada cihad olduğunu hamı qəbul edir. O halda cihad edən əsgərlər, könüllü qazilər və başqaları bu qrupa daxildir və onların at, silah kimi hər cür ehtiyacları bu fonddan təmin edilə bilər.

Keçmişlə müqayisədə bu gün vəziyyət fərqlidir. Ona görə də iman və Quran məfkurəsinə könül verən, İslamın dirçəlişi, yüksəlişi uğrunda çalışan, dinə hücumlar qarşısında sipər olan və ya olacaq şəxslərə, tələbələrə yemək-içmək, geyim və şəxsi ehtiyacları təmin etmək məqsədilə verilən yardımlar (hansı ad altında olursa-olsun) bu fonda daxil edilə bilər. Çünki bu, yuxarıda qeyd etdiyimiz kimi, müasir dövrün xüsusiyyətlərini və mübarizə formalarını nəzərə alsaq, dünənin cihadına bərabərdir.

Burada zəkatı birbaşa tələbənin özünə də vermək olar, tələbələrin ehtiyaclarını öz öhdəsinə götürən, iaşə və kirayəsini təmin edən vəqf və digər qurumların idarə heyətlərinə də vəkalətlə vermək olar. Çünki bu heyətlər təminatını öhdələrinə götürdükləri tələbələrin hüquqi vəkilləri sayılır.

8. Yolçular

Yolçu — İslamda təşviq olunan və müsbət qarşılanan ruzi qa­zanmaq, elm öyrənmək, cihad etmək kimi halal məqsədlərlə səfərə çıxan və vətənə qayıtmağa imkanı olmayan möhtac adama deyilir. Bu adam yaşadığı yerdə ən varlı insan da olsa, hökm dəyişmir. Ancaq yolçunun imkanı əl verdiyi qədər borc alması zəkatı qəbul etməsindən daha yaxşıdır. Bu vəziyyətdə olan yolçuya ölkəsinə çatanadək yeyəcək, içəcək və yol xərcləri dəyərində zəkat vermək olar.