- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Zəkat düşməyən şəxslər

Gördüyümüz kimi zəkat fərdi və ictimai həyatda müəyyən məqsədlərə çatmaq üçün fərz buyurulmuşdur. Nəticə etibarilə, bu məqsədə xidmət etməyən yerlərə və ya şəxslərə zəkat vermək olmaz. Yəni:

Varlılar

Varlının dolanışığını təmin etməklə mükəlləf olduğu həyat yoldaşı və uşaqları da varlı sayılır. Dolayısilə, onlar da zəkat ala bilməzlər.

İşləyib qazana bilənlər

Bunlar da zəkat ala bilməzlər. Lakin işləyə bilsələr də, iş tapmayan və nisab miqdarı mala sahib olmayanlar zəkat ala bilərlər.

Müsəlman olmayanlar

Allahın varlığını, peyğəmbərləri, axirəti inkar edənlərə, mü­səlmanlara qarşı döyüşənlərə və İslamdan çıxan mürtədlərə heç bir halda zəkat verilmir.

Qohum-əqrəbalar

Bir neçə başlıqda gözdən keçirək:

a. Üsul-füru: Bir şəxsin ana-ata və ya uşaqları, nəvələri üsul və füru adlanır. Müsəlman dolanışığını təmin etməyə borclu olduğu şəxslərə zəkat verə bilməz. Çünki bunun faydası dolayı yolla özünə qayıdır.

b. Zövcə: Ər arvadına zəkat verə bilməz.

c. Ər: İmam Hənifəyə görə, varlı qadın kasıb ərinə zəkat verə bilməz, amma İmam Əbu Yusifə, İmam Məhəmmədə, İmam Şafeiyə, İmam Malikə, Əhməd ibn Hənbələ görə isə, verə bilər.

ç. Digər qohumlar: Qardaş, dayı, əmi, xala və bibi kimi qo­humlara Hənəfi və Hənbəli məzhəblərinə görə, zəkat vermək caizdir.[1] Eyni zamanda, insan bu qohumlarına zəkat verməklə həm fərz vəzifəsini yerinə yetirir, həm də qohumuna yaxşılıq etməyin savabını qazanır.

d. Peyğəmbərimizin yaxınları: Bu məsələnin uzun şərhə ehtiyacı olduğuna görə burada yer verməyəcəyik. Peyğəmbərimizin yaxınlarının hansı nəslə mənsub olması, Onun vəfatından sonra da bu hökmün öz qüvvəsini itirib-itirməməsi və bu mövzuda ağıla gələn bu kimi digər sualların cavabı üçün fiqh kitablarının müvafiq fəsillərinə baxmaq olar.


[1]  əl-Mərginani, “Hidayə”, 1/112