Mənəviyyata Açılan Pəncərə

Zərərləri dəf edən dua

 عَنْ عُثْمَانَ بْنَ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ: مَنْ قَالَ فِي أَوَّلِ يَوْمِهِ أَوْ فِي أَوَّلَ لَيْلَتِهِ بِسْمِ اللَّهِ الَّذِي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الْأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ثَلاَثَ مَرَّاتٍ لَمْ يَضُرَّهُ شَيْءٌ فِي ذَلِكَ الْيَوْمِ أَوْ فِي تِلْكَ اللَّيْلَةِ

“Gündüzün və (ya) gecənin başlanğıcında “Səmi (hər şeyi eşidən) və Alim olan Allahın adı ilə ki, Onu anmaqla yerdə və göydə heç bir şey zərər verə bilməz” duasını üç dəfə oxuyan insana o gün vəo gecə heç bir şey zərər verə bilməz. “

(İbn Mace, Dua 14; Ahmed ibn Hanbel, Müsned 1/62)

Zənnimizcə, xalq arasında geniş yayılmış “Bu duanı oxuyan iflic olmaz” qənaəti sözügedən hədisin ravilərindən olan Əban ibn Osmanın iflic olması hadisəsindən qaynaqlanır. Bu hədisdə əksini tapan dua bütün zərərləri ehtiva etdiyi halda, sözügedən qənaət onu iflic xəstəliyi ilə məhdudlaşdırır. Bu hədisi izah edərkən yenə də iflic xəstəliyini nümunə olaraq əsas götürməklə yanaşı, məzmunun ümumi olduğunu vurğulamaq istəyirik. Hər kəs maddi dünyaya aid olan səbəblər çərçivəsində iflic və ya sair xəstəliklərə tutula bilər. Məsələn, ürəyinizdə ağrı var, damarda meydana gələn iltihab gedib beyninizdə bir yeri tıxayır, nəticədə, vücudunuzun bir tərəfini hərəkət etdirə bilmirsiniz, yəni iflic olursunuz. Hədisi-şərifdəki “fil ərd” qeydi buna işarə edir. İnsanlar bu cür vəziyyətlərdə xəstəliklərin səbəblərini dərhal, vaxtında təsbit etdirməli və mütləq müalicə olunmalıdırlar. Lakin bəzi bəsirət gözü açılmış və əşyanın pərdə arxasını görən insanlar min bir pərdə arxasından (səbəblər dünyasında) aparılacaq­ mü­alicələrin fayda verməyəcəyini müşahidə edərək, sezərək: “Müalicəyə ehtiyac yoxdur,” – deyirlər, deyə bilirlər. Bununla belə sadə, sıravi in­sanlar səbəblər dünyasında, yəni bu dünyada yaşadığı müddətdə onun qanunlarına riayət etmək məcburiyyətini və mükəlləfiyyətini daşıyır. Bu cür xəstəliklərin bir başqa səbəbi də səmavidir ki, hədisdə “fis-səmə” qeydi buna işarə edir. Yəni birdən-birə, heç bir səbəb olmadığı halda insan Allahın iradəsi ilə iflic xəstəliyinə tutula bilər. İstər elə, istər belə, hər iki halda da insan Müsəbbibul-Əsbab olan Allaha sığınmaq məcburiyyətindədir. Çünki aparılan müalicələrə təsir və şəfa gücü vermək yalnız və yalnız Allahın əlindədir. Hətta məsələyə insan hissiyyatı baxımından yanaşdıqda nəticə etibarilə Allaha sığınmaq daha məqbul, daha məntiqlidir. Çünki bir şeyin zahiri səbəblər baxımından çarəsi yoxdursa, bir yol qalır, o da İbrahim Haqqının dediyi kimi: Naçar qaldığın yerdə, Nagah açar ol pərdə, Dərman olar hər dərdə, Mövla görəlim neylər, Neylərsə, gözəl eylər! – deyib Allaha sığınmaq.. Ümumiyyətlə, biz yenə Allah Rəsulundan rəvayət olunan “Alla­hum­mə inni əsəlukəl-afvə vəl-afiyətə” şəklində dua edirik. Yəni “Alla­hım Səndən əfv və sağlıq istəyirik!” – mənəvi xəstəliyimizin vi­rusları sayılan günahların əfv edilməsini, maddi­ xəs­təliklərimizin viruslarına qarşı da sağlamlıq diləyirik. Bu dua günahların əfv olunmasına və xəstəliklərin şəfa tapmasına vəsilə olduğu kimi, başlıqda verilən dua da zərərlərin dəf edilməsinə bir vəsilədir. Bu ümumi mütalilərdən sonra bir-iki xüsusa da diqqət yetir­mə­yinizi rica edirik: “Allah dərdi də, dərmanı da vermişdir; hər dərdin bir dərmanı vardır. Elə isə müalicə olunun, amma haramla müalicə olunmayın” (Ebu Davud, Tıb 11) hədisi göstərir ki, iflic də daxil olmaqla hər cür xəstəliyin çarəsi vardır. Bu çarə bəzən zahiri səbəblər vasitəsilə, yəni müalicə yollarına müraciət etməklə, bəzən də birbaşa, heç bir səbəbə müraciət etmədən Allah-Təalaya dua etmək və Ondan şəfa diləməklə ortaya çıxır. Məsələn, Peyğəmbərimizin (sallalahu əleyhi və səlləm) tövsiyə etdiyi kimi, bir müsəlman əlini ağrıyan yerinə qoyub üç dəfə “bismillah” dedikdən sonra, “əuzu bi-izzətilləhi və qudrətihi min şərri mə əcidu və uhaziru min vəcəi həzə” desə, Allah-Təala bu səmimi duaya şəfa ilə cavab verə bilər. Demək ki, qul səmimiyyət tələb edən və bir ibadət olan dua ilə Allah dərgahının qapısına toxununca səbəblər tamamilə çözülə, “Allahın əhadiyyət (birlik) sirrinin tövhid nuru içində zühur etməsi ilə” Rəbbin xüsusi müamiləsinə nail ola bilər. Bir xəstəliyin pəncəsinə düşən insanın ruhən və mənən keçirdiyi təşvişi vücudun bioloji canlıları olan bütün hüceyrələri də eyni dərəcədə hiss edir. Məhz insan belə bir vəziyyətdə “Mənim bu xəstəlikdən şəfa tapmağım, qurtulmağım mümkündür” inancı ilə özünü toplaya bilirsə, hətta xərçəng xəstəliyini də, − Allahın izni ilə − dəf edə bilər. Yəni o külli ruhu – ki, insan vücuduna hökm edən Allahın şüurlu qanunudur, – yüksək mənəvi gücü ilə bunu məğlub edə bilər. Məhz buna görə bədəndəki hüceyrələr də bu mənəvi gücdən, yüksək əhvali-ruhiyyədən, inamdan qüvvət alar və insan vücudunda müxtəlif regenerasiyalar meydana gələr. Bəli, o hüceyrələr aldığı mənəvi güclə coşar və ən sağalmaz dərdlərə, xəstəliklərə qarşı vücudu lazımınca bərpa edərlər. Zəif bir hədisdə Nəbilər Sərvəri (sallallahu əleyhi və səlləm): “Bir insanı üç yüzdən çox mələk qoruyur,” – buyurur. Məhz bu qoruyucu mələklər, ehtimal ki, adamın səbəbləri yerinə yetirməsinə görə və bəlkə də, bəziləri bir insanı şərtsiz-filansız qorumaq üçün daim ayıq-sayıq keşikdə dayanırlar. Buna görə mömin dualarında mələklərin adlarını da yad etməlidir. Onun üçün hər insanın hər səhər və axşam üç dəfə hədisdəki du­anı oxuması hafaza (qoruyucu) mələklərinin onu zərərverici şey­lə­rin şərindən qoruması üçün bir “dəvətnamə”, çağırış, bir səbəb ma­hiyyətini daşıya bilər. Belə ki, bu hədisin ravilərindən Əban ibn Os­man iflic xəstəliyinə düçar olur. Dostlarından biri onun bu iflic halına diqqətlə baxır, Əban ondan “Niyə elə baxırsan?” − deyə soruşur. O da: “Sənin rəvayət etdiyin hədis,” − deyir. Bunun cavabında Əban: “Mən o gün bu duanı oxumamışdım və qədərim belə təcəlli (təzahür) etdi,” − deyir. (İbn Mace, Dua 14) Duanın xülasəsi “və hüvəs-samiul-alim” şəklindədir. “Alim” ismi Allahın hər şeyi əhatə edən, əhatə sahəsi ən geniş olan adıdır. Buna görə Allah öz Zatı da daxil olmaqla, mövcud olan və olmayan hər şeyi bilir. Elə bizim “qədər” dediyimiz şey də belə sonsuz əhatəli elmə sahib bir Zatın (Allahın) mümkünatın külli, cüzi hər şeyini plan­lamasından ibarətdir. Yəni dünya ilə bağlı makro plandakı böyük dəyərlərdən bir insanın damar tıxanıqlığına qədər külli, cüzi hər şeyi… “Səmi”yə gəlincə o da yenə bir mübaliğə şəkli olaraq “hər şeyi çox yaxşı eşidən” mənasını verir. Bu səbəbdən hər şeyi eşidən o Allah bu duanı da eşidir. Elə isə “Bu duanı oxuyana heç bir şey zərər verə bilməz” qeydini “O şəxs duanın sonunda qeyd edilən Səmi və Alim isimlərinin zəmanəti (himayəsi) altındadır” şəklində anlaya bilərik. Yə­ni­ dualarımız hər şeyi eşidən və bilən tərəfindən bilinir və eşidilir. Nəticə etibarilə Nəbilər Sərvərindən bizə gəlib çatan bu dua mahiyyətini anlasaq da, anlamasaq da, hökmünü icra edir və edəcəkdir. Rəbbim bizi bu və bunun kimi həqiqətlərə könüldən inanan və onu həyatına layiqincə tətbiq edən qullarından eyləsin… Amin.

Exit mobile version