Aylıq namaz vaxtları
1. 319 dəfə oxunub ,   0 şərh   Çap et

عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ قَالَ:

رُؤْيَاالمُؤْمِنِ جُزْءٌ مِنْ سِتَّةٍ وَأَرْبَعِينَ جُزْءًا مِنْ النُّبُوَّةِ

“Yuxu peyğəmbərliyin qırx altı parçasından biridir”.

(Buhari, Tabir 26; Müslim, Rüya 6. Həmçinin baxın. Ebu Davud,  Edeb 8:
Tirmizi, Rüya 1; İbn Mace, Rüya 9)

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu səhih hədisin­də: “Yuxu peyğəmbərliyin qırx altı cüzündən (parçasından, hissəsindən) biridir,” − buyurur. Bu, məzmun və məna baxımından peyğəmbərliyin qırx altı dərinliyindən, qırx altı parçasından, ifadə etdiyi qırx altı mənasından və içindəki qırx altı əsasdan biri mənalarına gələ bilər. Alimlər bu hədisi belə şərh etmişlər: Allah Rəsulu peyğəmbərlikdən əvvəl peyğəmbərliklə bağlı məsələləri altı aya yaxın yuxularında görüb bilmişdi. Aişə anamız Allah Rəsulunun gündüz kimi aydın yuxu gördüyünü və ertəsi gün də gördüyü yuxunun çin olduğunu nəql edir (Buxari). Bəli, məhz bu yuxu dövrü düz altı ay davam etmişdi. Bu isə bir ilin yarısı deməkdir. Peyğəmbərlik də iyirmi üç il davam etdiyinə görə bu altı aylıq müddət vəhyin nazil olma müddətinin qırx altı parçasından biri sayıla bilər. Yəni hər ili iki dövrə − altı aylığa böləndə 23 ildə 46 dönəm − parça olur. O, bu dönəmdə Hira mağarasında və Xədicətül-Kübra anamızın yanında daha çox yuxu təmrinləri ilə peyğəmbərliyə alışır. Sonra da yuxu dövrünün sona çatması ilə vəhy gəlməyə başlayır…

Yuxunun bir başqa tərəfini Rəsulullah belə izah edir: “Axırzamanda ən sadiq olan şeylər yuxulardır”. Niyə? Belə ki, yuxuların arxasındakı gerçək, yəni peyğəmbərlik artıq yoxdur, hətta bir yönü ilə vəlayəti-kübra (övliyalıq) da yoxdur, birbaşa Rəsulullahla fövqəlzaman bir nöqtədə görüşmə və əmr alma da yoxdur. Məsələn, bir İmam Rəbbani, İmamı Şazəli, Şahi-Geylani, Əhməd Rufai yoxdur. Biz hamımız ümmi[1] insanlarıq. Bu baxımdan birbaşa əlimizi uzadıb həqiqət aləmində peyğəmbərlik çıraqlarından heç nə götürə, zaman məfhumundan kənara çıxa, peyğəmbərlərlə müəyyən məqamlarda görüşə bilmirik. Halbuki Cüneyd Bağdadi: “Mən birbaşa görüşdüm, yuxumda mənə bunları söylədi və ya açıq şəkildə bu əmri verdi,” − deyir. Məhz biz bütün bunlardan məhrumuq. Vəziyyət belə olduqda bu qədər günah, bu qədər qarışıqlıq içində Allah bizə olan ehsanlarını yuxular yolu ilə lütf edir və ya bəzi pak könüllər sayəsində “yəqzanlar”[2] vasitəsilə qəlbimizə əyan edir, bizi başda Rəsulullah olmaqla bir çox səhabə, övliya və müqərrəbinlə[3] görüşdürür. Onun üçün Allah Rəsulu buyurur: “Axırzamanda ən doğru çıxan şeylərdən biri də yuxudur”. Allah Rəsulu bu yuxuları “mübəşşirat” adlandırır. “Mübəşşirat” müjdə, xoş xəbər və muştuluq bildirən vasitələrə deyilir.

Belə bir dönəmdə, yəni damarlardakı qanın nəfsin istəkləri ilə cuşa gəldiyi bir dövrdə inananların bu cür təşviq olunması, yəqin ki, ilahi mərhəmətin bir təzahürüdür. Əks halda uzun müddət bu məşəqqətli yollarda hərəkət etmək olduqca çətindir.

Lakin bütün bunlara baxmayaraq, mömin yuxu insanı deyil. Uşağa həmişə şirni verilmir, çünki şəkər dişləri çürüdür. Halbuki insanın sağlam şəkildə, rejimlə qidalanması şərtdir. Əks halda şəkərdə enerji vardır, “beynimiz qlükoza ilə qidalanır…” və s. deyib yeməyə davam etsəniz, ömürlük xəstəliklərə tutularsınız. Siz də eynilə bunun kimi, hər şeyi yuxulara bağlayıb yuxulardan kənara çıxa bilməsəniz, bir “yuxu xəstəsi”nə  çevrilərsiniz. Yəqzan da bunun kimidir.

Ancaq bunlar şəriətin əsl qaynaqları – Kitab və sünnət kimi sənəd və dəlil sayılan meyar və qaydalar deyildir. İstər yuxu və yəqzanlarla, istərsə cinlərdən, şeytanlardan istifadə etməklə − Allah qorusun! − bəzi hallarda inananlar da doğru yoldan sapa, qazanmaq əvəzində itirə bilərlər. Məsələn, Qulam Əhməd belə bir burulğana, girdaba düşüb çox şey itirmişdi. O, Yoqa və Hinduizmin “ruha öz gücünü qatma” mövzusuna yaxından bələd olduğuna görə İslamiyyətin üstünlüyünü bu yolla göstərmək istəmiş və altı ay bir şey yemədən səbir etməyə çalışmışdı. Guya, o, bununla Brahmanlar, Buddistlər qarşısında İslamın üstünlüyünü ortaya qoymaq istəyirdi. Rica edirəm, budurmu İslamı təbliğ etmək yolu? Və nəticədə Qulam Əhməd ardıcıl olaraq: “Mehdiyəm, İmami-müntəzirəm, Peyğəmbərəm” kimi iddialarla çıxış etmiş və hülul[4] və ittihada inanaraq, daha doğrusu, qapılaraq “Mən Allaham” demişdi.

Məhz cinlərdən, şeytanlardan istifadə etmə insanı doğru yoldan çıxara, azdıra bilir. Bəli, bu cür məsələlər, yəni yuxularla əməl etmə, yəni yəqzanlara inanma, cinlərdən istifadə etmə kimi hallar həmişə belə sadəlövhcəsinə, saf niyyətlə, Müsəlmanlıq (İslam) düşüncəsi ilə başlayır. Amma nəticə heç də ürəkaçan olmur: insan bir də baxır ki, zəlalət bataqlığının düz ortasındadır.

Müsəlmanın vəzifəsi Kitaba və sünnətə tabe olmaqdır. Məsələn, bir insan üfüqlərdə gəzib-dolaşsa, zaman hüdudlarını aşaraq Rəsu­lullahla görüşsə, Allah-Təalanın müxtəlif təcəlliləri ilə baş-başa qalsa belə, bütün bunlar sünnəti yaşamaqla müqayisədə heç nədir.

Onda saf müsəlman olaraq qalaq, yolumuza davam edək. “Rütbəli olmaq deyil, sıravi bir fərd olmaq daha yaxşıdır,” – deyək və insan olaq. Bəzi insanlar Hz. Ömərə: “Sən Peyğəmbəri məmnun etdin. Əbu Bəkri məmnun etdin. Cənnətə girəcəksən və firdövslər sənin otağın olacaq,” – deyəndə o, acı təbəssümlə baxır: “Bu dünyadan gəl­diyim kimi getsəm, çox məmnun olaram,” – deyir. Hər mömin də məhz belə düşünməlidir.

Müsəlman tərtəmiz, pak düşüncələrlə coşub daşar, Kitab və “sünnət”ə möhkəm bağlanaraq dinimizin qızıl qaydalarını, haqq yolun prinsiplərini tətbiq edib yaşayarsa, Allah da onu mükafatsız qoymaz, övliyalara bəxş etdiyini lütf edər.

Görülən yuxu və yəqzanlar möminin şövqə gəlməsinə səbəb olursa, onun bununla kifayətlənməsi daha yaxşıdır.


[1]Anasından doğulduğu kimi olan və təhsil almayan, məktəb və mədrəsədə oxumamış insan, yazı yaza bilməyən

[2]Təsəvvüf termini: yuxu ilə oyaqlıq arası hal

[3]Allaha yaxın olan qullar

[4]Allahın insanda görünməsi inancı. Batil etiqadlardan biridir.




Şərh yaz