Mənəviyyata Açılan Pəncərə

Yusuf surəsində İffət nümunəsi

İffət nədir? Lüğət və termin mənası

İffət, “affə” kökündən məsdər olub “halal olmayandan uzaq olmaq”[1], “haramdan çəkinmək, uzaq qalmaq”[2], “halal və xoş olmayan şeylərdən çəkinmək, haramlardan və nəfsin halal olmayan istəklərindən uzaq durmaq”[3], “pis söz və feillərdən çəkinmək”  mənalarına gəlir. İffətli olana da “afif” [4] deyilir.

Termin olaraq iffət, nəfs üzərində şəhvətin qalib gəlməsinin qarşısını alan bir hal”[5] və ya nəfsdə zərərləri özündən uzaqlaşdıran gözəl əxlaq kimi tərif edilməkdədir. İffət, insanın arzu və istəklərini, ağıl və inancının nəzarətində saxlamasıdır. Mükəlləf insan, Allah və insanlar nəzdində öz səviyyəsini aşağı salacaq davranışlardan uzaq durmasını məhz bu meyarla tənzim edir. Bu meyar, insanı maddi və mənəvi həzlərə həddindən artıq düşkün olmaqdan qoruyur.[6] Beləliklə insan, iffətlə nəfs təmizliyinə çatmış olur.

İffət, günahdan qaçış, hər növ istək və şəhvətdən doğan arzulara qarşı səbir, həm də ülvi, ali cəhddir. İffət elə bir dəyərdir ki, bütün peyğəmbərlər, filosoflar və mütəfəkkirlər onu mədh edib, əksini isə pisləyiblər.[7]

Qəzzali iffət haqqında belə deyir: “Əxlaqın anası və əsası dörd şeydir: hikmət, şücaət, iffət və ədalət.” Böyük alim, iffəti belə izah edir: “iffət, şəhvəti ağıl və İlahi qanunlarla tərbiyə etməkdir.”[8]

Nəfsə hakim olmaq iffətli olmaqla mümkündür. İffətli olanlar da nəfsi istəklərini ağıl və hikmətlə ölçərlər. Şərəf, namus və etibar sahibi olmaq üçün də iffətli qalmaq labüddür. Bu da dörd şərtlə mümkün olur:

  1. Qüvvətli və mətin bir iradəyə sahib olmaq,
  2. Nəfsani arzulara cəzb edən fikirləri daim tənqid etmək, belə fikirlərin ardına düşərsə qarşılaşacağı maddi və mənəvi zərərləri göz önünə gətirmək,
  3. Daima ali məqsədlərlə beyni məşğul etmək (çünki şəhvət bütün qüvvəti ilə düşüncələrdə gizlənir.),
  4. Eyni duyğu və düşüncəyə sahib olmayan dostlardan uzaq durmaq (çünki uyğun olmayan dost-yoldaş mühiti insanı nəfsani arzulara sövq edər, onun bu yolda davam etməsinə səbəb  )”[9]

İffət, nəfsin istəkləri qarşısında, iradəni işə salmaqdır. İnsan, ilk olaraq nəfsani arzuların onu hansı günahlara götürəcəyini düşünər, bu işin nəticəsini, sonrakı peşmançılığını  göz önünə gətirər və beləliklə arzu və istəklərini  halal tərəfə yönəldər. Bu tərz atılan addım insanı iffətli edər.

Quranı Kərimdə iffət 

Qurani Kərimdə “affə” kökündən əmələ gələn dörd kəlmə yer alır. Bu kəlmələrin keçdiyi ayələrə baxdıqda üç fərqli mənada işləndiyini görürük. Bəqərə surəsi 273-ci ayəsində “istəməkdən uzaqlaşma, çəkinmə” mənasında işlədilmişdir. “(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!”

Ayədəki “təaffüf” kəlməsi iffət kökündən gələn “təfəul” vəznində bir məsdərdir. Ərəb dilində də “iffət”, bir şeyi tərk etmək və ondan uzaq olmaqdır. Allah “təaffüf” ilə onların əl açıb dilənmədiklərini bəyan etməkdədir.[10] Ayədə də qeyd olunan “başqalarının əlində olana göz dikməmək”  iffətlilikdir. Bu o dərəcəyə qədərdir ki, onların gündəlik yaşayışını, güzəranını bilməyən şəxs, onları zəngin hesab edər. Buna səbəb isə geyimlərində, rəftarlarında və sözlərində iffətləri, səbirləri və qənaətkarlıqlarıdır.[11]

Nisa surəsində isə “yetim malından uzaq durmaq” mənasında işlədilib. “Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər həddi-buluğa çatdıqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəndə mallarına sahib olacaqlar deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan qəyyum o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər![12]

Bu ayədə Allah Təalə, yetimlərin himayə edən şəxsləri zəngin və kasıb olaraq ikiyə ayırmışdır. “Kim zəngin isə yetimin malına toxunmasın” buyurmuşdur.[13] Bu məna üçün də “istəaffə” feili istifadə olunmuşdur.[14]

Nur surəsində isə “günaha girməkdən çəkinmə, namusu qorumaq” mənasında işlənib: “Evlənməyə gücü çatmayanlar isə, Allah Öz lütfü ilə onları zəngin edənə qədər iffətlərini qorusunlar. Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin! Allahın sizə verdiyi maldan siz də onlara verin! Dünya həyatının mənfəətini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi zinaya məcbur etməyin! Kim onları məcbur edərsə, (bilinməlidir ki,) onların bu məcburiyyətindən sonra, şübhəsiz ki, Allah (o cariyələri) bağışlayandır, rəhmlidir..[15]

Ayədəki “istəaffə” feili, iffətli qalmağa işarət edir.[16] Ayə inananları qeyri-məşru əlaqə girməmək, zinaya bulamamaq üçün Allah onları zəngin edincəyə qədər iffətlərini qorumağı və səbir edib dözmələrini əmr edir. [17]

“Evlənmək ümidi qalmayan yaşlı qadınlara gəlincə, zinətlərini (başqa kişilərə) göstərmədən üst geyimlərini çıxartmaları onlara günah deyildir. Bundan çəkinmələri isə onlar üçün daha xeyirlidir. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.”[18] Bu ayədə də “istəaffə” feili,  “iffətli olmaları, üst geyimlərini çıxarmamaları onlar  üçün daha xeyirlidir, şəklində tərcümə eilmişdir.

Qurani Kərimdə iffət ifadəsi sadəcə “affə” söz kökündən deyil, eləcə də “ha-fa-za” feili ilə “fə-ra-cə”[19], “hə-sə-nə” feili ilə də “fərc” kəlməsiylə[20] birlikdə keçir. “A-sa-mə” feili də “istifal”[21] vəznində bu mənada istifadə olunmuşdur.

Quranı Kərim iffət mövzusunu Yusuf (ə.s) qissəsində başından sonuna kimi bütün mərhələrlərdə ələ alınmışdır. Onun həyatını nəzərə verərək bizlərə bir ömür boyu qarşılaşacağım situasiyalarda iffətli qala bilmək üçün necə hərəkət edəcəyimizi öyrədir.

Surə “qissələrin ən gözəli” olaraq da tanınır, gözəllik abidəsi Yusuf (ə.s) zahiri gözəlliyi yanaşı daxili dünyasının da nə qədər gözəl olduğunu ortaya qoyur. Biz inananlara bir növ təlqin edir ki, mömin insanın hər iki üzü, içi-çölü bir olmalı, gözəl olmalıdır. Surə bir çox ictimai problemin həlli üçün bizlərə yol göstərir.  لَقَدْ كَانَ فِي يُوسُفَ وَإِخْوَتِهِ آَيَاتٌ لِلسَّائِلِينَ  “Həqiqətən, soruşanlar üçün Yusif və qardaşlarının qissəsində ibrətlər vardır.”  (Yusuf 12/7) ayəsi ilə Quran sanki müxatəblərinə səslənir:  bu surəni oxuyan şəxs özünə nə üçün oxuduğunu sual verərək oxusun. Bu metodla oxunduqda sualların cavabı aydın olaraq görülmüş olacaqdır.

Surə yuxu, qardaşlarının qısqanclığı, quyuya atılma, qul bazarına çıxarılma kimi  xronoloji ardıcıllıq ilə davam edir. Daha sonra qul bazarından saray həyatına keçid, orada da bir sıra imtahanlar və ən sonda da yuxunun gərçəkləşməsi ilə sona çatır. Yusufun ə.s  quyuya atılması, hər peyğəmbər kimi Yusuf ə.s üçün də önəmlidir. Belə ki, bütün peyğəmbərlərin həyatında həqiqi və məcazi quyular olmuşdur. Həqiqi olan bu quyu da, Yusuf  üçün  Rəbbani tərbiyənin başlanğıcı mahiyyətində idi. Bir müddət sonra Rəbbani tərbiyənin yeri və məkanı qul bazarı ilə əvəzlənir.  Bu ilahi tərbiyə mərhələlərindən keçdikdən sonra, Allah, onu böyüyüb boya başa çatacağı ailəyə qovuşdurdu.

Yusuf, qul olaraq satıldığı ailədə qəyyumlarının sevgisini və rəğbətini qazanaraq böyüyüb gənc yaşlarına çatdı. Onun uşaqlıq yaşlarındakı gözəlliyi gənclik dövründə də özünü göstərirdi.  Bu gözəlliyi evin xanımının diqqətini çəkməklə başını bəlaya salmışdı. Yusuf onların gözündə övlad kimi olmuşdu. Buna baxmayaraq hər ötən gün xanım Yusufa planlar qurur. Muradına çatacağı günü səbirsizliklə gözləyirdi. Günlərdən bir gün evin xanımı Yusufu nəfsinin arzusunu həyata keçirmək üçün yanına çağıraraq qapıları kilidlədi. Hadisəni Quran Kərimdə zikr olunan ayələri qeyd edib, həmin ayələr işığında davam etdirək: “Yusifin qaldığı evdəki qadın (Züleyxa) onu tovlamaq istədi və qapıları bağlayıb: “Haydı gəl!” – dedi. Yusif isə: “Mən Allaha sığınıram! O (sənin ərin) mənim ağamdır. O mənə yaxşı davranır. Şübhəsiz ki, zülm edənlər (zinakarlar) nicat tapmazlar!” – dedi”.[22]

Misir Əzizinin xanımı, Yusufa qarşı iffətini tuta bilməyib müxtəlif hiylələrə əl ataraq, əvvəlcədən hazırlanmış planını hərəkətə keçirdi və Yusufu otağına çağırdı. Ayrıca, otaqlar arasındakı qapıların bağlaması da planın bir parçası idi.

Burada nəzərlərdən qaçan incə nüans vardır. Quran İlahi əxlaq gərəyi qissədə baş rolda olan qadının adı vermir. Onu,   “qaldığı evdəki qadın” ifadəsi ilə təqdim edir. Bu incə və həssas bir mövzudur. Uca Allah, harama meyl edən birini ifşa etmir, adını vermir, xəta edən, günah işləyən şəxsi tanıdaraq onun haqqında qeybət, sui-zənn etmənin önünü kəsir.

Qapıların bağlanması, əməlin gizli saxlanılmasına, çirkin əməl qarşısında qəlbində qorxunun olmasına, ən əhəmiyyətlisi də qadının nəzdində də haram bir əməl olduğuna işarət edir. Ayədəki غلّق feili “ təfil” babında işlənmiş, hərəkətin bir neçə dəfə icra olunduğunu bildirməklə, qapıların sayının çox olduğuna dəlalət edir. Kilidli qapıların səbəbi də insanlardan gizli qalması üçündür.

Qapılar bağlandıqdan sonra, hadisə mənşəcə kəlmənin hansı dildə olduğu ixtilaflı[23] olan, sənin üçün hazırlandım, haydı, mənalarına gələn, “ هَيْتَ لَكَ” ifadəsiylə cərəyan edir.

Kəlmənin hansı dildən keçdiyi üzərində durmağa ehtiyac yox. Əsas diqqət etməmiz görəkən nöqtə, bu ifadə ilə qadının bəzədiyi otağa, ədası ilə, kəlmələrinin sədası ilə, gənc, yaraşıqlı Yusufu “tutduğumu qopararam”  düşüncəsi ilə dəvət etməsidir. Qul, kölə olan Yusufu ağa, sahibəsi olan qadını da ona qul etmişdi. Əslində Yusufu nəfsinin ağası edən, qadına verdiyi cavabı, qadın da nəfsinin qulu edən, onu bu işə məcbur etməsi idi.

Yusuf ağalığını هَيْتَ لَكَ    kimi bir təklif qarşısında  مَعَاذَ الله “Allaha sığınıram”  deməsi elan etdi. Bu cavab Yusuf üçün həqiqi quyudan daha çətin məcazi bir quyu olmuşdu. Yusufun həyatında quyular bitmirdi. Birindən xilas olunca, ondan daha dərin birinə düşürdü. Yusufun bu cavabı da, onu yeni bir quyuya düşürdü. Ona  görə Həzrət Muhamməd (s.ə.s) əsrlər sonra özlərinə aid olmayan cəmal, cəlal sahibi qadın qarşısında bu cavabı verə bilən gənclərə: “Yeddi zümrə vardır ki, Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı bir gündə Allah onları öz kölgəsində kölgələndirər. Allah Rəsulu (s.ə.s) bu zümrələr arasında “Özünə nəsli-nəcabəti və gözəlliyi olan bir qadın nəfsindən murad almaq üçün dəvət etdiyində “Mən Allahdan qorxuram” müjdəni vermişdir.[24] Bəli, bu zümrədə olan gənclər Yusufdan, Yusuf da onlardandır.

Yusuf belə bir təklif qarşısında büdrəmədən, sığınması lazım olana, Allaha, sığınmışdı. Çünki ortada qarşı çıxılması, insanın iradəsi xaricində olan bir istək var idi.  Bununla yanaşı bu təklif qəyyumu, sahibəsi olan qadın tərəfindən gəlmişdi. Əslinə qalsa bu nə təklif idi, nə də ki sıradan bir tələb…. Qadın Yusufu tanıdığı halda, bu planlarla xəlvətə çəkib, əmrini ona etdirməsi idi. Belə çətin bir qadından Həqiqi Güc Sahibi olana sığınmaqla qurtulmaq ola bilərdi. Yusuf da həqiqi güc və qüvvət sahibi olana Rəbbinə sığındı. Yusuf əbədi ləzzət olan Cəmalullahı, fani ləzzətə, İlahi əmri də sahibəsinin əmrinə qurban vermədi. O gənc yaşda gəncliyini,  nəfsinə gələn istəklərdən üz döndərərək, Rəbbi ilə əlaqə qurmaqla keçirdi. Çünki Rəbbinə olan məhəbbəti Mərifətullahdan qaynaqlanan bir sevgi əlaqəsi idi.

Qissənin davamında Yusuf:

Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.

Bu ayə qadının, Hz.Yusufu baştan çıxarmağa çalışması, muradına çatmaq üçün ortam hazırlayaraq bütün qapıları qıfıllaması, əvvəlcədən hazırlanmış bir cazibə ilə qarşısına çıxaraq “gəl” deməsinə qarşılıq, Yusufun Allaha sığınması, ağasına qarşı vəfası, zalimlərin nicat tapmayacağını bildirməklə qadının üç tələsinə, məkrinə qarşılıq üçlü planın xəbəridir.

Yusufun  üçlü tələyə qarşılıq üçlü planı, qadına öz ərini xatırlatmışdı. Hətta qarşılaşdıqları ilk gündə Yusufla mülayim rəftar edərək, “ Ona yaxşı bax! Ümid edirəm bizə bir gün faydası olar. Və ya onu özümüzə övladlığa götürərik” müjdəsi qarşısındakı gəncin ona nə qədər yaxın olduğunu yenidən düşündürmüşdü. Buna baxmayaraq qadının nəfsi, bütün bu olanları tez bir zamanda ona unutdurdu. Ancaq Yusuf edilən yaxşılıqları unutmayıb, yetişib boya-başa çatmasında zəhməti olan “Rəbb”inə  xəyanət etməyib qadını da sözləriylə xəyanət alovundan uzaqlaşdırmaq üçün çalışdı. Necə deyərlər, “Hər günah zülümdür və failini zalım edər.” Əks təqdirdə belə bir hal böyük bir zülm olardı. Yusufun dediyi kimi “Zalımlar da əsla qurtuluşa çatmazlar”.

Məharət və gözəllik sahibi qadın tərəfindən hazırlanan tələ, Yusuf tərəfindən üç maneəyə ilişib qalmışdı. Bu maneələr, ehsan, təqva və vəfa idi. Unutmamalıyıq ki, vəfa insani qoruyur. Yusuf vəfası sayəsində bu işdən uzaq qaldı desək yanılmarıq. Yusuf bu təlqini ilə Allahın haqqını, ağasının haqqını və nəfsinin haqqını qorumuş oldu.

Ayədə diqqəti çəkən  رَبّ “Rabb” kəlməsi, bu ayədə iki mənaya gəlməkdədir. Birincisi, evində böyüyüb boya-başa çatdığı əziz (Fironun baş vəziri), digəri isə onu yaradan, tərbiyə edən Allahdır.[25]

Fəxrəddin Razi rəbb kəlməsində Allah qəsd edildiyini bildirir. Onun bu görüşünə görə, Yusuf ilk olaraq Allaha sığınmış, nəfsinə məğlub olmamaq üçün Allahdan yardım istəmişdir. Daha sonra Rəbbinin üzərində olan nemətlərini dərk edərək, halal olmayan bir əlaqənin nə qədər böyük günah, Allaha qarşı nankorluq olduğunu qənaətinə gəlmişdir. Belə bir çirkin əməlin,  Allaha qarşı həddi aşmaq, zülm olduğu dilə gətirərək zalımların nicat tapmayacağını vurğulamışdır.[26]

Ayədə keçən “انه” ifadəsində, əvəzliyin özündən əvvəl gələn Allah ləfzinə işarət etdiyi qənaətinə gələrək bu şəkildə anlamaq məqsədə uyğundur: “Yaradanım olan Rəbbim” kimi məna verilsə, – Rəbbim məni, yaradıb tərbiyə etmişkən, quyudan qurtarıb bir əzizin evinə yerləşdirmişkən, Onun bu nemətləri qarşısında haram olan bir əməli etmək bu nemətləri inkar etməkdir. Onun mülkündə Ona qarşı asi olmaqdır. Mən bundan Allaha sığınıram, Allahdan qorxub, həya edirəm.”

Yusuf gənc yaşında, belə bir çətin imtahan qarşısında, hadisənin tükürpərdici, qorxunc, iyrənc olduğunu hiss edərək necə oldu ki, مَعاذ الله  deyə bildi?

Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir![27]

Ayənin tərcüməsində ilk cümlə haqqında müfəssirlərin bir neçə görüşü var. Bu görüşlər içində “Yusuf da bir bəşərdir və O da şəhvət hissinə sahib idi. Əgər Rəbbinin dəlilini  görməsəydi o işə meyl edərdi. İnsan, təbiətinə uyğun olana niyə də meyl etməsin?

Qadında əzmlə birlikdə meyldə var idisə də, Yusufda əzim olmadan hər insanda olan nəfs yönüylə bir meyl olmaqdaydı.”[28] Ancaq, o meyl aktiv olmadan Yusuf Rəbbinin dəlilini görmüşdü.[29]

Bizə görə, Həzrət Yusuf  bir nəbidir və nəbi, beynindəki bütün nöqtələri aktiv çalışan insan deməkdir. Peyğəmbərlərdə neyron sistemi, bizdən hər hansı birinin on qatı daha çox inkişaf etmişdir. Buna görə peyğəmbərdə qarşı cinsə yönəlmiş duyğular da on qat artıqdır. Hətta insanın Allah qatındakı dəyəri və Ona aid sirləri sezməsi də o nisbətdədir. Uca Allah bu insanlara bir tərəfdən belə bir inkişaf vermiş, bir tərəfdən də Həzrəti Yusufa verdiyi kimi fövqəladə bir iradə lütf etmişdir. Bəli, Allah bu müstəsna insanlara, nəfislərinə qarşı fövqəladə bir hakimiyyət gücü vermiş, onlar da bu gücü daim olaraq özlərində hiss etmiş və müsbət yöndə istifadə etmişlər.  Qadının cazibədar gözəlliyi və hiyləgərliyi qarşısında Hz. Yusufun gördüyü şey, Rəbbinin bu dəlilidir. Bu dəlil də Uca Allahın, öz iradəsindən Ona verdiyi, dəmirdən daha sağlam bir iradədir. Hz. Yusuf da o hadisə əsnasında Rəbbinin lütf etdiyi bu xüsusiyyəti görmüşdür.

Rəbbinin dəlil”i, Yusufun atasının sürətini görməsi, atası Ona nəbi olduğunu xəbər verməsi,[30] bir mələyin gözünə görünməsi,[31] zinanın çirkinliyini və cəzasız qalmayacağını bilməsi,[32] otaqda üstü pərdə ilə bağlanmış bir bütün olması, örtmə səbəbini soruşduqda: qadının əməli qarşısında tapdığı ilahından utandığını bildirməsi və Yusufun bundan təsirlənməsi[33] kimi görüşlərə qaynaqlarda qarşılaşmaq mümkündür.

Yuxarıda sadalananları bir fikir kimi qəbul edib, hörmət etməklə yanaşı bunu da qeyd etməliyik ki, onun bu şəkildə rəftarı daha üstün bir qüdrətə yönəldiyini, Allaha tam inandığını göstərir. Əslində Yusufun gördüyü “dəlil”in Allah inancı və təqva olduğu qənətinə gəlirik. Çünki Yusuf “هَيْتَ لَكَ” ifadəsi qarşısında dərhal Allaha sığınmışdır, Ondan yardım istəmişdir. Zahirən də belə cah-cəlal sahibi bir qadın qarşısında yalnız Allahın yardımı insanı qoruya bilərdi. Qapıların qıfıllı olması, insanda günaha qarşı həyadan meydana gələn müqaviməti ortadan[34] qaldıracaq bir haldır. Ancaq Yusuf, hadisənin irəliyə doğru necə cərəyan edəcəyini göz önündə tutaraq dərhal Allaha sığınmaqla haram qarşısında qamətini dimdik saxlaya bildi. Yusufun Rəbbinə sığına bilməsi və günaha meyl etməməsi, sözün qıssası qəlbindəki iman gücünü hiss etməsi olmuşdu. Bu da Yusufun gördüyü ayət, yəni işarədir.

Qissənin davamında görürük ki, Yusuf (ə.s) qadına “xeyr” deməsinə baxmayaq, qadın əl çəkmədi. Sözün əsl mənasında özünü cilovlaya bilmədi. Yusufun arxasınca qaçdı. Yeri gəlmişkən, “Şəhvət elə bir imtahandır ki, “xeyr” deyilməsinə məhəl qoymadan insanı arxasınca düşürər.” Sərhədləri qorunmazsa insanı fəlakətə sürükləyər. Quran bu səbəbdən “şəhvətin sərhədi bilinmədiyinə görə zinaya yaxınlaşmayın” deyir. Bununla da sərhədlərini, həddindən artıq yaxın münasibətə və xəlvətə qapı açmamağı əmr edir. Həmçinin qissə şəhvətə tərəflər arasındakı yaş fərqinin, maddi üstünlüyün, vəzifənin maneə ola bilmədiyini də göstərir.

Yusuf davranışıyla gəncləri bu bəladan qurtaracaq azuqənin ixlas olduğunu bildirdi. İxlası olan gənc də asanlıqla “مَعَاذ الله  deyə bilər.

Yusufun qaçması, qadının qovalaması, köynəyinin arxadan yırtılması, qadının qohumlarından şahidin olması, çirkin hadisə kim tərəfindən, necə cərəyan etdiyini göstərirdi. Fəxrəddin Razi Yusufun ətrafında gərçəyi bilmək istəyənlərə sitəm edərək, onlar aşağıdakı şərtləri göz önündə tutsaydı haqq öz yerini tapmış olurdı.

  1. Yusuf, onlara görə qul idi. Qul sahibinə bu dərəcədə yaxınlıq hiss etməz.
  2. Yusufun evdən çıxmaq üçün sürətli qaçdığını görmüşdülər. Qadına meyli olsaydı bu şəkildə hərəkət etməzdi
  3. Qadın tam mənasıyla o günə məxsus hazırlanmışdı, ancaq Yusufdə elə bir hazırlıq yox idi.
  4. Yusufun o zamana qədər davranışlarında mütləq şəkildə belə bir halla qarşılaşılmamışdı.
  5. Qadın, Yusufun ona qarşı nəfsi bir tələbi olduğunu açıq olaraq demədi, imalı olaraq bir ifadə işlətdi. Ancaq Yusuf gərçəyi açıq olaraq danışdı.
  6. Qadının əri yaşlı idi. Əri yaşlı xanımının nəfsi istəklərə düşkün olması daha ehtimala uyğundur.

   (Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”[35]

Ayədə hər iki şəxs qapıya tərəf qaçır.  Amma bu qaçışlar bir-birindən fərqli idi. Yusuf, qadının tələsindən qurtulmaq, günah mövqeyindən uzaqlaşmaq, orada daha çox qalıb xətaya düşməmək, nəfsini təhlükələrdən qurtarmaq, bir an əvvəl xeyrə,  fəlaha, səadətə qovuşmaq üçün qaçırdı. Qadın isə, arzuladığı insana qovuşmaq, qarşısındakı insanı ələ keçirib məqsədinə nail ola bilmək, azğınlaşan arzularını dindirmək, bütün hisləri ilə bağlanmış insanı əlindən qaçırmamaq, məcbur edərək istədiyini əldə etmək üçün qaçırdı.

Yusuf qapıların kilidli olmasını bilməsinə baxmayaraq, başqa bir çıxış yeri axtarmadan  qapıya tərəf qaçmışdı. Onun bağlı qapılara tərəf qaçması yuxarıda qeyd etdiyimiz səbəblərdən qaynaqlanmışdı. Yusuf bağlı qapıları sadəcə açarın açmayacağını bilirdi. Bilirdi ki, əgər Allah istəyərsə kilidin nə qədər möhkəm olmasına baxmayaq qapıları açar. Həzrət Yusuf buna iman etmişdi.

Nəhayət qıfıllı qapı açılır. Qarşılarına əziz çıxır. Bu vəziyyətdə gözü dönmüş qadın Yusufun əleyhinə böhtanları yağdırmağa başlayır. Buradan görürük ki, onun Yusufa olan sevgisi həqiqi sevgi deyildi. Danışmaq üçün Yusufa söz verildikdə, onun dediklərinin həqiqətə zidd olduğunu bildirir. Hadisənin aydın bilinməsi üçün şahid danışdırılır, kimin haqlı kimin haqsız olduğu dəqiqləşdikdən sonra, baş vermiş vermiş hadisənin yayılmaması tələb edilir.

(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusufun) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.[36]
Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusuf) isə doğrudanışanlardandır.”[37] (Qadının əri Yusufun) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”[38]Ey Yusuf! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.[39]

Şahidin dediklərinə, ortada olan dəlillərə baxıldıqdan sonra, əziz ədalətini etibarına fəda edir. Xanımına hər hansı bir cəza tətbiq etmir. Gəl gör ki, baş vermiş hadisə tez bir zamanda yayılmağa başlayır:

“Şəhərdəki qadınlar dedilər: “Əzizin arvadı cavan köləsini tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusufun) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.[40](Züleyxa qadınların) gizli dedi-qodularını eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusufa): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusufu) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki meyvə qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, insan deyildir. Bu saf mələkdir!” dedilər.[41] (Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona verdiyimə görə) məni qınadığınız (gənc budur). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”[42](Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.[43]

Yusuf üçün qurulan tələnin bir parçası olan zindan həyatı başlayır.[44] Zindan həyatı onun iffətinin ortaya çıxmasına, insanlar arasında yenidən dəyər qazanması üçün bir fürsət olur. Vaxt keçdi, bulandırılan sular duruldu.[45] Ataların dediyi kimi, “alov düşdüyü yeri yandırar”. Atılan iftira ilk əvvəl sahibinin və sonra ona bu işdə yardımçı olanların etibarını zədələdi. Onlar səhvlərini boyunlarına alıb, etiraf etdilər.[46] Yusuf, onların etiraf etməsinə qarşılıq təvazökar davrandı,[47] atılan iftirandan üzüağ çıxdı, iffət qəhrəmanı olaraq insanların könül taxtına oturdu. Bütün bu olub-bitənlərdən sonra da rüyasının təbiri olan taxta yüksəlmiş olur.[48]

Yusuf ə.s suların durulduğu bir zamanda təvazükarlıq göstərib nəfsin günaha meyli olduğunu, bunu göz önündə tutaraq günah çuxuruna düşməmək üçün Allahın mərhəmətinə sığınmağın gərəkli olduğunu göstərdi. Belə imtahanlar qarşısında insanın, dua silahına sarılıb hər zaman tətikdə olması gərəkdiyini ortaya qoydu. Çünki insan yaradılış etibarıyla unudan, xəta edən bir varlıqdır. Ancaq hər an Allahın onu gördüyünü bilərək yaşaması, duaya sarılması, Rəbbinin mərhəmətinə yol tapması lazımdır ki, ətrafını əhatə edən günah mühitlərinə dalmadan sabit qala bilsin.

Ümumilikdə imtahan olduğumuzda nəfsimizi günahsız bilməmək, nəfsimizin iç üzüylə üzləşə bilməyimiz lazımdır. Müvəffəq olduğumuz imtahanlarda isə “ Əgər Rəbbimin mərhəməti olmasaydı bu imtahanda müvəffəq ola bilməzdim” deməyi bacarmalıyıq.

Quranı Kərimdə yer alan bu qissə ilə iffət simvolu Həzrət Yusuf da doğru yola çatdırılanlardan olduğunu öyrənirik.[49] Həzrət Yusufun iffəti həyatının bütün dövrlərini əhatə etdi. Uşaqlığında, gəncliyində, hətta Misirin maliyyə naziri olduqda belə iffət köynəyini vəzifə köynəyi ilə dəyişdirmədi. Gəncliyini necə qorudusa, tac-taxt sahib olduqdan sonra da Onda dəyişən bir hal olmadı. Vəzifənin verdiyi haqlardan istifadə edərək ətrafına qardaşlarını toplamadı. Ondan bu istəyi tələb etmələrinə belə şans yaratmadı. Çünki iffəti, hər bir halda olması gərəkənləri Ona etdirdi. Buna görə də, Həzrət Yusuf, tam bir iffət örnəyi olaraq bütün zamanlara xitab etdi.

Bu qissə, Quranda geniş bir yer tutmaqla hər zamanda olduğu kimi bu əsrin insanına da mesajlar verməkdədir. Günümüzün şərtlərində Yusuf  olmaq, onun kimi qalmaq istəyən insanlar da bu qissədən öz  nəsiblərini almalıdır. Necə ki, Hz. Yusuf uşaqlığında quyu,  gəncliyində qadın və zindan, ömrünün qalan illərini də yüksək vəzifədə keçirməklə, hər dövrdə dəyişik imtahanlara məruz qalan şəxs, onu özünə rəhbər, rol-model götürərsə Yusufla səlamətə çata bilər.

Onun (ə.s) imtahanları  kiçikdən böyüyə doğru cərəyan etmişdi.  Quyuya atılması zindana salınması nəfsiylə imtihanının yanında daha təhlükəli deyildi. Öz sözüylə desək: “onun üçün zindan, dəvət edildiyi günahdan daha sevimlidir”. Necə ki, iffəti üçün günahsız yerə illərlə zindanda qalmış, zindan da təxliyə edildiyi vaxtda da azadlığına sevinməyib, iffətini düşünərək ilk olaraq iffətli olduğunu təsdiqlətmişdi.  İffətli olduğu təsdiqlədib sonra zindandan çıxdı.  Hz. Yusuf bu imatahan mərhələləri keçərək hər mərhəhlədə iffətin  yeni dərəcəsini qazandı. Rəbbinin mərhəmətiylə bu çətin imtahanları (quyu, qadın, zindan, vəzifə) keçdi, sonunda iffət sifətinə mühsin sifətini də əlavə etdi.[50]

Ən gözəl qissə adlanan bu qissə oxuyucusuna, Yusufun, uşaqlıq iffətini, gənclik iffətini və idarəçilik iffətini hekayə edərək, zehnində Yusufla iffəti, iffətlə də Yusuf xarakterizə etdirir.

Əlavə olaraq qissə bizə, iffətin sadəcə namus ilə əlaqəli bir qavram, namus qavramının da sadəcə kişilərlə əlaqəli bir qavram olmadığını bildirdi. Əgər iffəti sadəcə namusa, namusu da sadəcə qadına, qadının da iffətini sadəcə örtüylə əlaqələndiririksə deməli bu qavramı doğru şəkliylə anlamamışıq. Halbuki iffət fitrətə, örtük isə şəriətə aiddir. Bilinməsi gərəkli bir gərçək də vardır ki, fitrətsiz şəriətin çatdıracağı mənzil yoxdur.

Nəticə olaraq iffət, istər qadın olsun istərsə də kişi, Allahın hüquqlarına və hüdudlarına riayət edərək yaşamaqdır. Həyat pəncərəsindən dünyaya baxdıqda, həm kişilərin həm də qadınların arasında Züleyxa düşüncəsində olanlar çoxdur.  Həyatımızda bəzən vəzifə, gözəllik, cah-calal bəzən də pul Züleyxanın rolunu oynaya bilər. Bizlər də bu həyatın bir parçası olduğumuzdan  Zuleyxa kimilərlə imtahan olunacağıq. Unutmayaq ki, bütün bu neqativ hallardan əsla qaçışımız yoxdur və olmayacaq da.

Belə bir imtahanlar qarşısında ilk öncə köynəyimizə toxunulmaması üçün əlimizdən gələni etməli, əgər bu hal qaçınılmazdırsa köynəyin arxadan yırtılması üçün cəhd etməliyik. Unutmamağımız lazımdır ki, Züleyxa xasiyyətli insanların əlləri güclü, cazibəli, dırnaqları yırtıcılardan daha kəskindir.

Allah c.c  mərhəmətiylə bizlərə Yusuf kimi olmağı, Yusuf kimi yaşamağı, Yusuf kimi qalmağı nəsib etsin. Amin!

 

Ceyhun Vahidoğlu

İlahiyyatçı-yazar

 

[1] Əbu Abdurrahman  Xəlil b. Əhməd, Kitəbul- ayn, Beyrut, 1988, c. I, s. 92

[2] İsmail ibn Həmmad əl-Cövhəri, Tacul-lüğət və səhihul-ərəbiyyə, Beyrut, 1998, c. II, s. 1075

[3] İbn Mənzur, Lisənul-ərəb, Beyrut, 1994, c. IX, s. 253

[4] İbn Mənzur, e.a.ə, s. 253

[5] Rağib Əl-İsfəhani, Müfredat, (tərc, Abdülbaqi Günəş, Mehmət Yolçu), Çıra Yayınları, İstanbul, 2007, c. II, s. 224.

[6] Mustafa Çağrıcı, “iffet”, T.D.V İslam Ansiklopedisi, T.D.V.Y, İstanbul, 2000, c. XXI, s. 506.

[7] Əhməd Rifat, Təsviri-əxaq, Tercüman Gazetesi Yayınları, s. 179.

[8] Əbu Həmid Muhamməd bin Muhamməd Qəzzali, İhya Ulumid-din, Bedir Yayınevi, İstanbul, 1975, c. II, s. 127.

[9] Ahmed Hamdi Akseki, , İslam Dini, D.İ.B Yayınları, Ankara, 1980, s. 253, 254.

[10] Fəxrəddin Razi, Tefsirul-kebir, (tərc. Suat Yıldırım, Sadık Kılıç və digərləri), Akçağ Yayınları, Ankara, 1989, c. V, s. 542.

[11], Vehbə Zuhayli, Tefsirul-münir, (tərc. Hamdi Arslan, Ahmet Efe və digərləri), Risale Yayınları, İstanbul, 2005, c. II, s. 75.

[12] Nisa, 4/6

[13] Razi, e.a.ə, c. VII, s. 356.

[14] Zəməxşəri belə deyir: “İstəaffə feli ‘affə’ felindən daha bəlağətlidir. Sanki Allah (c.c) Quranı Kərimdə bu ifadəni istifadə etməklə daha çox uzaq durduğunu ifadə etmək istəyir”. Zəməxşəri, Kəşşaf, Beyrut, 2003, c. I, s. 466.

[15] Nur 24/33 və 60

[16] Zəməxşəri, e.a.ə., c. III, s. 231.

[17] Mehməd Vehbi, Hülasatül-beyan fi tefsiril-Kuran, Üçdal Neşriyat, İstanbul, 1966, c. IX, s. 3729.

[18] Nur, 24/33.

[19] Muminun, 23/5; Nur, 24/30, 31; Əhzab, 33/35; Məaric, 70/29.

[20] Nisa, 4/25; Maidə, 5/5; Nur, 24/33; Ənbiya, 21/91; Təhrim, 66/12.

[21] Yusuf, 12/32.

[22] Yusuf 12/23

[23] Qibti, süryani və ərəbcə olduğu bildirilir.

[24] Buxari, Cəməat vəl-İmamət 8.

[25] Beydavi, Tefsirul-Beydavi, c. I, s. 480

[26] Fəxrəddin ər-Razi, Məfatihul-Qeyb, c. XVIII, s. 94

[27] Yusuf 24

[28] Cəssas, Əhkəmul-Quran, c.III, s. 220

[29] Ayənin bu mənaya gəldiyini qəbul edənlər, cümlədəki لولا şərt ədatının cavabının özündən əvvəl gəldiyini görüşünü əsas götürüblər.

[30] Əbul-Həsən Əli bin Əhməd Vahidi, əl-Vəciz fi Təfsiril-Kitabil-Əziz, Beyrut, 1995, c. I, s. 543

[31] Cessas, e.a.ə, c. III, s. 221

[32] Əbu Suud, e.a.ə, c. III, s. 380

[33] Əl-Cəvzi, e.a.ə, c. IV, s. 208.

[34] Metin Karabaşoğlu, Kuran kkumaları-2, Nesil Yayınları, İstanbul, 2009, s. 75

[35] Yusuf 12/25

[36] Yusuf 12/26

[37] Yusuf 12/27

[38] Yusuf 12/28

[39] Yusuf 12/29

[40] Yusuf 12/30

[41] Yusuf 12/31

[42] Yusuf 12/33

[43] Yusuf 12/33

[44] Yusuf 12/35

[45] Yusuf 12/36-50

[46] Yusuf 12/51-52

[47] Yusuf 12/53

[48] Yusuf 12/54-55

[49] Ənam, 6/84.

[50] Yusuf, 12/22,36, 56

Exit mobile version