- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Yusuf qissəsindən qardaşlıq nümunəsi

Yaşadığımız dövrdə bir çox dəyərimizi itirmişik. İtirilən dəyərlərdən biri də qardaşlıq ədəbidir. Qardaşlıq ədəbi yetim qaldığı üçün qardaş-bacı, yaxın qohumlar arasında parçalanma, qarşıdurma, düşmənçilik baş alıb gedir, ailələr parçalanır, fərdlər bir-birindən uzaqlaşır. Buna görə də neçə-neçə valideynlərin, möhtərəm şəxslərin  gözləri yaşlı qalır, hətta bəziləri bu nisgil ilə dünyadan köçüb gedir. Bu məqsədlə başda yaxınlarımız olmaqla ətrafımızda yer alan, münasibət qurduğumuz şəxslərlə qardaşlıq ədəbinə necə riayət etməmizi öyrənmək üçün Yusuf qissəsini ələ alacağıq.

Bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olanlara qardaş, bunların arasında meydana gələn qan bağına da qardaşlıq deyilir. Bununla yanaşı qardaşlıq, eyni nəslə, millətə  mənsub olmaq, eyni inanc və dəyərlərə sahib olub, həmin dəyərləri paylaşma duyğusunu da ifadə edir. Termin olaraq qardaşlıq, ərəb dilində “ أُخُوَّةٌ / üxuvvət” kəlməsiylə, qardaş da “ أَخٌ / əxun” kəlməsiylə ifadə edilir.[1] Bu kəlmənin “ ”إِخْوَةٌ (ixvətün/qardaşlar) şəklindəki cəmi daha çox qan bağına aid qardaşları; “ إِخْوَانٌ ” (ixvan/qardaşlar) şəklindəki cəmi isə qan bağı olsun və ya olmasın eyni inanc və qayələri daşıyıb paylaşmalarından ötrü aralarındakı mənəvi bağları olan şəxsləri ifadə etmək üçün istifadə olunur.[2]

Qurani Kərimdə zikr edilən “Möminlər bir-birlərinin qardaşlarıdır.” (Hucurat 49/10) ayəsi xaricində “ إِخْوَةٌ / ixvətun” kəlməsi xüsusiylə qan bağı ilə yaranan qardaşlığı ifadə edərkən,[3] إِخْوَانٌ“  / ixvan” kəlməsi də ümumi mənada “mənəvi qardaşlar” olmaqla bərabər hər iki mənanı da ifadə etməkdədir.

“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.” [4]

Bu ayələr insanların eyni kökdən törəyib qardaş olduqlarını xəbər verərək, insanlar arası davranışlarda bu prinsiplə hərəkət edilməsinə diqqətləri çəkir. Bir ata-anadan dünyaya gələnlər bir-birilərinə düşmənçilik, zülm etməməli, özünü üstün görməməli, dara düşəndə tək başına qoymamalıdır. Tam əksi qardaşlıq, dostluq və ədalət mərkəzli hərəkət edərək, bir-birlərinə şəfqət və mərhəmət göstərməli, bir-birinin əlindən tutmalı, yardım etməlidirlər. Qeyd edilən ayələrin ardından bir başa yardımlaşma ilə əlaqəli əmrlərin gəlməsi də qardaşlığın nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Peyğəmbərimiz (s.ə.s) Vida xütbəsində maddi-mənəvi qardaşlığa toxunaraq: “Ey insanlar! Sizin Rəbbiniz birdir. Atanız birdir….”[5] bir başqa hədisində “Hamınız Adəmin övladlarısınız, Adəm də torpaqdan yaradılmışdır…”. [6]

İlahi əxlaqla əxlaqlanmış Həzrət Peyğəmbərin (s.ə.s) yanında böyüyən Həzrət Əli Misir valisi Malik ibn Əştərə yazdığı məktubda, “İnsanlar iki sinifdir: ya dində qardaşındır, ya da yaradılışda…”[7] Bəli, İlahi vəhyə tabe olaraq yaşamış insanların qardaşlıq anlayışı bu şəkildə formalaşıb və həyatlarının sonuna qədər eyni şəkildə davam etmişdir.

Qardaşlığın davamiyyətini təmin etməyin ilk düsturu sılayi-rəhmi kəsməməkdir. Peyğəmbərimiz (s.ə.s) Uqbə ibn Amirə, qohumları ilə bağlı bəzi tövsiyələr vermişdir. Buyurulur ki,

“Səninlə əlaqəsini kəsəndən sən əlaqəni kəsmə! Sənə verməyənə sən ver, sənə pislik edəni bağışla!”.[8]

Bəzən insan, qardaşlarının və qohumlarının etdikləri haqsız davranışlarından ötrü onlarla əlaqəsini kəsə bilir. Zaman keçdikcə bu vəziyyət əlaqələrin qopmasına, sıla-rəhmin ortadan qalxmasına səbəb olur. Ancaq İlahi əmr olan bu ülvi dəyəri tərk etmək doğru deyildir. Qardaş, bacı və qohumlarının etdiyi xətalardan ötrü onlarla əlaqəni kəsilməyəcəyini Rəsulullahın (s.ə.s) hədisindən öyrənirik. Bir adam Peyğəmbərimizə (s.ə.s) gələrək: “Ey Allahın Rəsulu,  mənim qohum-qardaşım var. Mən onları ziyarət edirəm, onlar mənim evimə gəlib getmir. Mən onlara əlimdən gələn yaxşılığı edirəm, onlar da mənə haqsızlıq edir. Mən onları anlayışla qarşılayıram, onlar isə, mənə kobudluq edir”- deyə dərdlənir. Peyğəmbərimiz (s.ə.s) də ona cavabında, “Sən belə davrandıqca, Allahın yardımı səninlə bərabərdir.” – buyurur və yaxşılıq etməyi tərk etməməsini tövsiyə edir.[9]

Nəbəvi tövsiyə bizə, hər şeyə rəğmən qardaşlar arasında ünsiyyətin kəsilməməsinə çağırır. Qardaşlardan biri qəzəbinə və nəfsinə aldanıb nə qədər zülmkar davransa da yaxşılığı, təqvanı və Uca Allah rizasını düşünən  qardaş, əlindən gəldiyi qədər pislik etməkdən uzaq durmalıdır.

Yuxarıda  vurğulanan mövzunun geniş təfsilatını Yusuf Peyğəmbərin qissəsində də görmək mümkündür.  Taif səfərindən qayıtdıqda, Qureyş qəbiləsi Allah Rəsuluna (s.ə.s) zülm edərək Onu öz yurduna, şəhərinə buraxmaq istəmirdilər. Şəhərə buraxdıqdan sonra da Onu hər şeydən təcrid etmişdilər. Həmin dövrdə Yusuf surəsi nazil olmuş, Onun yolunu aydınlatmış, könlünə təskinlik olmuşdur.

İki peyğəmbər arasında hadisələrin oxşarlığına nəzər salaq;

-Rəsulullah (s.ə.s) Taifdən çıxarkən daş-qalaq olunmuş, qardaşları Yusuf (ə.s) da quyuya atdıqdan sonra üzərinə ölsün deyə daş atmışdılar.

-Rəsulullah (s.ə.s) Taifə getmədən əvvəl 3 il Əbi Talib oymağında boykota, təcridə məruz qalmışdı. Yusuf (ə.s) da quyuya atılmışdı.

-Yusuf (ə.s) pislik edənlər qardaşları, Peyğəmərimizə (s.ə.s) düşmənçilik edən, Ona təzyiq göstərənlər yaxın qohum-əqrabası olan Məkkəlilər idi.

Başqa oxşar cəhətlərini də maddələr halında sıralamaq mümükündür. Bu yolun qədəridir, bütün peyğəmbərlər və onların yolunu özünə rəhbər tutan hər kəs eyni qədəri yaşayıb, yaşayacaqdır. Yusuf (ə.s) qissəsi başda Allah Rəsulu (s.ə.s) olmaqla o gün Məkkədə zülmə məruz qalmış bütün məzlumlara ümid işığı olmuşdur. Bu cəhətdən qissələrin ən gözəli[10] ünvanını almış Yusuf qissəsi hər zaman öz təravətini qoruyur.

“Yusuf” surəsinin 98 ayəsindən 59-u Həzrət Yusufun qardaşları ilə olan münasibətindən bəhs edir. Xüsusi ilə surənin 87-96 ayələrini qardaşlıq prinsipini diqqətə alıb oxuduğumuzda tabe olunması zəruri olan həyat nişanələri qarşımıza çıxır.

1.Quranı Kərim Həzrət Yusufun (ə.s) qardaşlarının arvadları haqqında heç bir məlumat vermir.

2.Tarixi mənbələrdə Yaqub (ə.s) dörd arvadının[11] olduğunu bildirilir. Leyyanla Rahelin doğma bacı idi. Leyyandan altı oğlu, bir qızı, Zilpa və Bilhadan hər birindən iki oğlu,  Raheldən isə  Yusuf (ə.s) və qardaşı Bünyamin olduğu bildirilir.

Yusuf (ə.s) normal şərtlərdə xalasından olan qardaşlarından[12] daha fərqli bir davranış görməsi gərəkirdi. Ancaq ən sərt düşmənçiliyi onlardan gördü. Onlar da bu etdikləri zülmü açıq-aydın min bir bəhanə ilə həyata keçirdilər.[13]

3. Qardaşlarının inanılmaz dərəcədə kin və həsəd içində olmalarında onların həyat yoldaşlarının də mütləq təsiri var idi. Lakin Quran, belə bir məsələdən bəhs etmir. Əgər qardaşlarının xanımları Yusiflə ə.s olan əlaqələrinə qarışsalar belə, Quran məsələni bu şəkildə səciyyələndirməyib, diqqət edilməsi gərəkli mesajın “qardaşlıq” olduğunu nəzərə verib. Quran, hadisənin həlli üçün günahkar axtarmır. Bizə də yol göstərir ki, belə bir hal baş verdikdə günahkar axtarmayın, əsas problemin həllinə köklənin.

4.Yusuf ə.s qardaşların hamısından haqsızlıqlağa məruz qaldımı? Xeyr, Quran qardaşlarının hamısının eyni mövqedə olmadığını bildirir. Yusufu ə.s öldürmə planı təklif olunduqda qardaşlarından bəziləri bu fikrə etiraz etdi.  Quyuda üç gün, üç gecə qaldı. Ac-susuz qalmasın deyə qardaşı Yahuda ona yemək gətirirdi. Bünyamin Misirdə saxlanıldıqda qardaşların böyüyü “mən artıq atamın  qarşısına çıxa bilməyəcəm, Onun önündə durmağa utanıram” dedi.

Görünən odur ki, qardaşların hamısı eyni xarakterdə deyildi. Qrup psixologiyası ilə hərəkət etdikləri üçün hamısı eyni münasibəti ortaya qoydu. Lakin hazırlanan plana etiraz etməmək, digər tərəfdən də könülsüz də olsa iştirak etmək “haqsızlığa riza, İlahi tərəzini eyniləşdirər,” prinsipi burada təzahür etdirir. Yusuf ə.s isə qardaşlarının zülm, haqsızlığı qarşısındakı duruşu tamamilə fərqli olmuşdu. Tutduğu metod, “Hər kəs öz xarakterinə görə iş görər”[14] İlahi metod idi.  Bunları belə sıralamaq olar:

İntiqama qarşılıq, tolerantlıq, dözümlülük.

Xətaları ifşa etmək əvəzinə, xətaları örtmək

Edilən haqsızlıqları dilə gətirməyib, onu edənə öz xətasının fərqində olması üçün vaxt vermək.

Edilən haqsızlıqları ətrafa yaymadan, xəta edəni öz vicdanı ilə üz-üzə qoymaq.

Xətaları dilə gətirib, qabardıb onu törədən şəxsin özünü haqlı çıxartmaq üçün müdafiə mövqeyinə keçirtməmək. Bunun yerinə xətanın,  problemin aktuallığını zəiflədib, həmin şəxsin öz səhvini qəbullanmasına  şərait yaratmaq

Ən yaxın qohumlar da olsa qibtə və həsəd damarının qabarmaması  üçün sahib olduğu fəzilətləri, üstün cəhətləri nəzərə verməmək, gizlin tutmaq. Hər bir şeyin Allah Təalanın lütfü olduğunu yadda saxlamaq.

Başqasının sahib olduğu şeylərə deyil, əlində olanla kifayətlənib, qədrini bilmək, qədərə riza göstərmək.

Qınamaq, kin tutmaq əvəzinə, bağışlamaq, şəfqət göstərmək

Xətasına görə bir şəxsi tərk etmək əvəzinə, xətanı tərk etməsinə yardım edib, onu bağrına basmaq

Münasibətləri, əlaqələri keçici mənfəətlər üzərinə deyil, İlahi rizanı əsas tutaraq formalaşdırmaq.

Keçmişi qurcalayaraq yaranı yenidən qanatmaq əvəzinə, sevgi məlhəmi ilə yaraları sarmaq.

Aradakı məsafəni açaraq bir-birindən ayrı düşmək əvəzinə, bir araya gəlmək üçün fürsət axtarmaq.

Gözləri bürüyən zülməti, qardaşlıqla aydınlatmaq üçün doğru-düzgün vasitələrin arxasınca düşmək.

Kimin haqlı, kimin haqsız olduğunu ətrafımızdakılara isbat etmək əvəzinə, hər şeyi yenidən düşünərək peşmanlığımızı göstərmək

Peşmançılığı qarşı tərəfin mövqeyinə görə deyil, vicdanımız rahatlanması üçün etmək

Bu maddələri sıraladıqdan sonra, atalarımızın “Sənə daşla gələnə, sən aşla get” ifadəsinin təsiri də əksini tapmaqdadır.

Ələ aldığımız 87-96 ayələrin sonuna doğru mövzumuzla əlaqəli bir sıra həll yolları da olduğunu görəcəyik.

“Ey oğullarım! Yusuf və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər.” (Yusuf 87)

Qardaşların axırıncı gedişi Yusuf və Bünyamini axtarmaq üçün olan bir gediş deyildi. Onlar neçə illər əvvəl itirdikləri qardaşlıq dəyərini tapmağa gedirdilər. Bu da ancaq vicdan mexanizmini işə salmaqla mümkün olardı. Onlar, Yusufun (ə.s) yanına girdikdə: “Ey hökmdar! Biz və ailəmiz fəlakətə uğramışıq. Bir az mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar.”- dedilər. (Yusuf 88)

“Axtardıqları qardaşları” Yusuf və Bünyamini tapa bilməyincə, ərzaq üçün Əzizin (baş vəzir və iqtisadiyyat məsələləri üzrə vəzir) yanına getməyə qərar verdilər.  Ərzaq qarşılığında yanlarında mal olmayınca,  bu dəfə də kifayət edəcək qədər ərzaq verməsini ondan xahiş etdilər. Həqiqətən “qarşılığını verə bilmədiyin bir şeyi istəmək, onu əldə edə bilmək üçün dil tökmək” çətin bir işdir.

Yusuf (ə.s) qardaşlarının başlarını əyib, utandıqlarını görüncə artıq bu ayrılığın və gizliliyin aşkar olmasına qərar verdi. Onlara: “Sizin nadanlığınız dövründə Yusufa və qardaşına nələr etdiyiniz yadınızdadırmı?” (Yusuf 89) Bu anda Həzrət Yusuf qardaşı Bünyamini çağırır. Bünyamini görən qardaşları ağlamağa başlayır. Onlar da təəəccüb içərisində: “Yoxsa sən özün Yusufsan?” O da cavabında: “Mən Yusufam, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.” (Yusuf 90) Bu ifadələri ilə qardaşlarını utandırmır, onların etdikləri xətaya görə xəcalət çəkməsinə fürsət vermir. Bu Allah təqdiridir deyərək qəlblərindəki paxıllıq və həsədi yox edir. Yusuf  (ə.s) müvəffəqiyyətin təqva və səbir ilə əldə ediləcəyini bildirir. Qardaşları bir ağızdan: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq.” (Yusuf 91) Bu ayə onun qardaşlarının xətadan necə peşman olduqlarını göstərir.

İnsanın xətasını görüb, etiraf edə bilməsi üçün bu addımları atması lazımdır:

  1. Mühasəbə (özü ilə üzləşmək)
  2. Peşmançılıq
  3. Nəfsini günahkar görmək
  4. Qarşı tərəf sənin xətanı kiçik görmədən əvvəl xətanı kiçik göstərməmək
  5. Keçmişi gözdən keçirmək
  6. Keçmişdə baş verən hadisələri düşünüb, xətalara dalıb qalmamaq
  7. Edilən xətaya yaraşan bir şəkildə üzr istəmək

Yusuf surəsi 91-ci ayəsindən biz bu dərsləri çıxara bilərik. Üzr istəyib, bağışlanma diləyi olan şəxs gərək qəlbdən bu iş görməli, səmimi olmalıdır. Bunun üçün də həmin şəxsin öz xətası ilə üzləşməsi, öz mühasibəsini etməsi lazımdır. Özü ilə üzləşincə xətasını görüb, etdiyi işdən peşmançılıq hissi yarancaqdır. İnsan peşman olmadıqca səmimi şəkildə üzr istəyə, daha irəlisi tövbə edə bilməz. Etdiyi xətadan da bu şəkildə uzaqlaşa bilər.

Qardaşlarının peşmançılıqları qarşısında Həzrət Yusuf da özünə yaraşanı etdi. Onların etdikləri haqsızlıqları “Məni uşaqlığımdan bəri incitdiniz”, “Üzərindən illər, keçdi indi xəta etdiyiniz ağlınıza gəldi?!”, “Əlinizdən gələn qədər mənə zülm edin, sonra gəlib peşman olduq deyin?!”, “sizin həsədinizə görə mən kimlərin əsarətində qaldım?!” kimi tənə edərcəsinə suallar yönəltmədi. Bu davranışın əksinə bir yol tutdu:

“Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.” (Yusuf 92) Həmçinin bu ayə bizə, əlində güc-qüvvət, vəzifə olduqda, qarşı tərəf xətalarını etiraf etdikdə əsl qardaşın necə hərəkət etməsi gərəkdiyini də göstərir. Qardaşlarının bu davranışından sonra Yusuf(ə.s) onlara: “Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin.”-dedi. (Yusuf 93) Yusufun ə.s göndərdiyi köynək, onun atasına, atasının da ona olan həsrət qoxan köynəyi idi.

Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız.” (Yusuf 94) Ətrafında olan ailə fərdləri Hz Yaquba:  “Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən.” (Yusuf 95) Həzrət Yaqubun (ə.s) aldığı qoxu elə-belə bir qoxu deyildi. Çünki bu qoxu normal bir qoxu olsaydı, onu Yusuf quyuya atıldığında, qanlı köynəyi gətirildiklərində, Misirdən ərzaq çuvalların içinə əşyalarını qoyub qardaşları gətirdikdə Yəqub (ə.s) bu qoxunu alardı.

Qoxunun nə olduğunu 94-cü ayədəki ريح kəlməsindən anlayırıq. Qurana ümumi baxış keçirdikdə bu kəlmənin üç mənada: qoxu, külək, qüvvət işləndiyini görürük.[15] ريح”  “kəlməsinin nə manaya gəldiyini başa düşmək üçün başqa bir ayəyə nəzər salaq. “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər ( qoxunuz- gücünüz gedər, və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.” (Ənfal 46)

Yaşadığımız dövrdə istər cəmiyyətdə Quranı Kərimin bizə təlqin etdiyi qardaşlıq ədəbi çox zəifləyib. İnsan sosial varlıqdır, cəmiyyət içərisində yaşayır. Ətrafımızdakı insanlarla bu prinsiplərə görə hərəkət etmədiyimiz üçün gücümüzü, birliyimizi, səbrimizi, bir-birimizə qarşı dözümlülülyümüzü itirmişik.

Yaqubun (ə.s) gözlərinin açılmasına şəfa olan, uzaq məsafələrdən aldığı qoxu, normal bir qoxu deyildi. Bu qoxu Yusufun (ə.s) və qardaşları arasında olan təsis olunmuş barış, mehribançılıq qoxusu idi. Muştuluqçu gəlib köynəyi (Yaqubun) üzünə sürtən kimi onun gözləri açıldı və yaşlı ata: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!”-dedi. (Yusuf 96)

Nəticə etibarı ilə deyə bilərik ki, qanımız, canımız, elimiz-obamız, sevinc və kədərimiz bir olsa da bəzən qardaşlar, bacılar, dostlar, qohumlar arasında ziddiyyət, düşmənçilik, ədavət, kin və nifrət  baş qaldırır. Həqiqi möminlər burada özlərinə yaraşanı etməli, əfv etməli, dözümlülük göstərməli, səbirli olub işin nəticəsini xeyirli istiqamətdə, sülhlə tamamlanması üçün çalışmalıdır. Yusuf surəsində yer alan Yusuf Peyğəmbər ilə qardaşları arasında baş verən hadisələr bizim üçün gözəl nümunədir. Belə neqativ hallar baş verdikdə bizlər də Yusuf (ə.s) kimi əfv və müsamihə yolunu tutmalı, həqiqi qardaşlıq ədəbinə müvafiq hərəkət etməliyik.

Ceyhun Vahidoğlu

İlahiyyatçı-yazar

 

 

 

 

[1] Rağib əl İsfəhani, əl-Müfrədat fi Ğaribil-Quran, Kahraman Yayınevi, İstanbul 1986, s. 13

[2] İbn Mənzur, Əbul-Fəzl Muhəmməd b. Mükərrəm, Lisənül-Ərəb, Beyrut , c. I, s. 40-42

[3] Quranda yeddi yerdə keçən “ixvətun” kəlməsi; ən-Nisa 4/11, 176; Yusuf 12/5, 7, 58. Ayətlərdə qan bağına məxsus olaraq doğma qardaşlar üçün; əl-Hücurat 49/9. Ayətdə də möminlərin doğma qardaş kimi olduğunu vurğulmaq üçün zikr edilmişdir. Fəxrəddin ər-Razi, Məfatihul-Ğeyb ət-Təfsirul-Kəbir, Darul-Fikr, Beyrut 1981, c. XXVIII, s. 129.

[4]  Nisa 4/1, Həmçinin baxın Ənam 6/98; Əraf 7/189; Zümər 39/6.

[5] Əbu Davud, Ədəb, 120. əlavə olaraq baxın. Tirmizi, Mənakib, 73; Əbu Davud, Ədəb, 111.

[6] Tirmizi, Təfsir surə, 49.

[7] Əbdüləziz Çaviş, Anglikan Kilisesine Cevap, tərc, Mehmed Akif, Sadələşdirən: Süleyman Ateş, DİB Yayınları, Ankara 1991, s. 112.

[8] Əhməd b. Hənbəl, Müsnəd, c. IV, s. 148, 158.

[9] Müslim, Birr, 22.

[10] Yusuf 12/3

[11] Milha, Zilpa, Leyyan, Rahel

[12] Əvvəlki şəritlərdə kişi, iki bacını eyni anda öz nikahı altında tuta bilərdi.

[13] Yusuf surəsi, 10, 11, 13,

[14] əl-İsra 84

[15] əl-Ənfal 46, Ali İmran, 117, Yusuf 94