1. 073 dəfə oxunub ,   0 şərh   Çap et

Yoxsul və zəif də olsa, müsəlmanlara dəyər vermək

وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذ۪ينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِىِّ يُر۪يدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ

Səhər-axşam Rəbbinin rizasını və camalını diləyərək Ona ibadət edənlərlə birlikdə sabitqədəm ol. Gözlərini  onların üstündən çəkmə. {“Kəhf” surəsi, 18/28}

 عَنْ حَارِثَةَ بْنِ وَهْبٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ يَقُولُ: «أَلَا أُخْبِرُكُمْ بِأَهْلِ الْجَنَّةِ؟ كُلُّ ضَع۪يفٍ مُتَضَعَّفٍ لَوْ أَقْسَمَ عَلَى اللّٰهِ لَأَبَرَّهُ، أَلَا أُخْبِرُكُمْ بِأَهْلِ النَّارِ؟ كُلُّ عُتُلٍّ جَوَّاظٍ مُسْتَكْبِرٍ»

Harisə ibn Vəhb (r.a.) rəvayət edir:

“Mən Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Ba­­­­­xın! Sizə kimlərin Cənnət əhli olduğunu söyləyəcəyəm. Onlar tə­vazökarlığına və ya insanlar arasında mövqeyinə görə zəif olan, xalqın xor baxdığı adamlardır. Allaha and içsələr, Allah onların an­dını mütləq düz çıxarar. Sizə Cəhənnəmdəkilərin kimlər ol­­du­­­ğunu da deyim. Onlar daşqəlbli, kobud, xəsis və lovğa-lovğa yeriyən kibrli (təkəbbürlü) insanlardır”. [Buxari, Eyman 9, Ədəb 61; Müslim, Cənnət 47]

 عَنْ أَب۪ي هُرَيْرَةَ عَنْ رَسُولِ اللّٰهِ قَالَ: «إِنَّهُ لَيَأْتِي الرَّجُلُ العَظ۪يمُ السَّم۪ينُ يَوْمَ الْقِيَامَةِ لَا يَزِنُ عِنْدَ اللّٰهِ جَنَاحَ بَعُوضَةٍ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Qiyamət günü dünyada yüksək məqam-mövqe sahibi olan, bö­yük kimi tanınan yekəpər bir adam hüzura gələr, amma Allah qatında milçək qədər dəyəri olmaz”. [Buxari, Təfsiru surə 18/6; Müslim, Sifatul-Münafiqin 18]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ امْرَأَةً سَوْدَاءَ كَانَتْ تَقُمُّ الْمَسْجِدَ، أَوْ شَابًّا فَفَقَدَهَا أَوْ فَقَدَهُ رَسُولُ اللّٰهِ  فَسَأَلَ عَنْهَا أَوْ عَنْهُ فَقَالوُا: مَاتَ. قَالَ: «أَفَلَا كُنْتُمْ آذَنْتُمُونِي» فَكَأَنَّهُمْ صَغَّرُوا أَمْرَهَا أَوْ أَمْرَهُ فَقَالَ: دُلُّون۪ي عَلٰى قَبْرِهِ» فَدَلُّوهُ فَصَلَّى عَلَيْه ثُمَّ قَالَ: «إِنَّ هٰذِهِ الْقُبُورَ مَمْلُوءَةٌ ظُلْمَةً عَلٰى أَهْلِهَا وَإِنَّ اللّٰهَ تَعَالٰى يُنَوِّرُهَا لَهُمْ بِصَلَات۪ي عَلَيْهِمْ»

Əbu Hureyrə (r.a.) rəvayət edir:

“Zənci qadın və ya gənc Məscidi-Nəbəvini süpürürdü. Bir müddət Allah Rəsulunun (s.ə.s.)  gözünə dəymədiyi üçün harada olduğunu soruşdu. Öldüyünü dedilər. Rəsulullah: “Mənə xəbər ver­məli deyildinizmi?”– dedi. Düzü, orada olanlar həmin şəxsə o qədər əhəmiyyət verməmişdilər. Peyğəmbərimiz (s.ə.s.):“Mənə məzarını göstərin!”– buyurdu. Onlar da göstərdilər. Allah Rəsulu (s.ə.s.) onun üçün cənazə namazı qıldı, dua etdi və belə buyurdu: “Bu qəbirlər orada yatanlar üçün zülmət qaranlıqdır. Amma Allah onlar üçün qıldığım namaz və etdiyim dualarla o qəbirləri nurlandırar, aydınlıq edər”. [Buxari, Cənaiz 67; Müslim, Cənaiz 71]

 عَنْ أَب۪ي هُرَيْرَةَ: قَالَ رَسُولُ اللّٰهِ: « رُبَّ أَشْعَثَ أَغْبَرَ مَدْفُوعٍ بِالْأَبْوَابِ لَوْ أَقْسَمَ عَلَى اللّٰهِ لَأَبَرَّهُ»

Əbu Hureyrə (r.a.)  Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Saçı-başı dağınıq, üzü-gözü toza-torpağa bulaşmış, qapılardan qovulub əhəmiyyət verilməyən neçə-neçə adam var ki, (hər hansı bir məsələ haqda) Allaha and içsələr, Allah onları andlarında yalançı çıxartmaz”. [Müslim, Birr, 138]




Şərh yaz