Mənəviyyata Açılan Pəncərə

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?

Bu sualların sayını çox artırmaq olar. Lakin məsələ sualların  kəmiyyətində, onların çoxluğunda və ya azlığında deyil. Heç onların çətin və ya asan olmasında da deyil. Məsələ bizim bu suala necə cavab verməyimizdədir.

Məsələn, bəzilərinə görə, bütün bunlar öz-özünə, təsadüfən yaranıb və milyard illərdir çoxalaraq varlıqlarını davam etdirirlər. Bir başqalarına görə, kainatda nə varsa hamısını təbiət yaradıb və milyard illərdir təbiət həm özünü, həm də özündə olanı yaratmağa davam edir.

Bəziləri bunu qəbul etmir və belə deyirlər: “Hər yarananı bir Yaradan var!” Onların fikrincə, masanın üstündə stəkan varsa, bu stəkanı ora kimsə qoyub. Lövhədə, yaxud dəftərdə, kitabda bir yazı, bir cümlə yazılıbsa, həmin cümlənin bir müəllifi var. Əynimizdəki paltarı tikən dərzi, kompüteri, telefonu ixtira edən, düzəldən biri var.

Stəkan özü masanın üstünə çıxıb, yaxud, hərflər özləri bir araya gəlib bu cümləni əmələ gətiriblər. Və ya iynə öz-özünü saplayıb, parçanı tikib, paltar halına salıb. Bu cür fikirləri desək, gülünc vəziyyətə düşmərikmi? Bizi ələ salıb gülməzlərmi? Bizə ağıllı deyərlərmi?

Təbiətdəki, kainatdakı ahəng, qanunauyğunluqlar, ardıcıllıq, ağıl, şüur, elm, iradə və s. tələb edir. Bütün bu ahəng və nizamın arxasında sonsuz qüdrət, sonsuz elm, sonsuz iradə, bir böyük məqsəd və qayə olduğunu görürük. Halbuki təbiətdə ağıl, şüur və elm yoxdur. Üstəlik iradə də yoxdur. O, özü bunlara möhtacdır. Deməli, bütün varlığın arxasında bir yaradan var və bu Allahdır.

Bəs Allah bütün bunları niyə yaradıb?

Stəkan su içmək üçündür, paltar geyinmək üçün. Yazı bir məlumatı başqasına çatdırmaq üçündür. Bəs bütün bu aləmlər, sonsuz görünən, ucsuz-bucaqsız kainat, qalaktikalar, ulduzlar, günəşlər, planetlər, yer üzündəki bu təbiət, nəhayət, insan nə üçündür? Və ya insan niyə yaradılıb?

Bu sualın cavabını bizi və bütün aləmləri xəlq edən Uca Allah Quranda bəyan etmişdir. Bizə Müqəddəs Kitabında dəfələrlə hər şeyi yer üzünün əşrəfi adlandırdığı insana qulluq etsin, insan onlardan faydalansın, həyatını davam etdirə bilsin, deyə yaratdığını bildirir: “Və o zaman mələklərə «Adəmə səcdə edin» dedik, dərhal səcdə etdilər…[1] Mələklər varlığı təşkil edən qanunlar, mələklərin Adəmə səcdə etməsi isə var olan hər şeyin insana xidmət etməsi deməkdir.  

İnsana gəlincə, Uca Yaradan bunu da bizə xəbər verir: Mən cinləri və insanı (əsas məqsədi olaraq Məni tanısınlar, irfanıma nail olsunlar və) Mənə qulluq etsinlər deyə yaratdım.”[2]

Bax belə! Sən demə, Allah bizi yaradıb ki, Ona qulluq edək.

Bəs Allaha qulluq etmək nə deməkdir?

Qulluq etmək – Allahın qoyduğu qanunlara, qaydalara tabe olmaqdır.

Biz həyata atdığımız ilk addımlarda müəyyən qayda və qanunlara əməl etmək tələbləri ilə qarşılaşırıq. Məsələn, ailədə, uşaq bağçasında, məktəbdə, daha sonra işlədiyimiz müəssisədə, üzvü olaraq yaşadığımız cəmiyyətdə… Bu qanun-qaydaları kim qoyub? Ailədə ailənin başçısı, uşaq bağçasında, məktəbdə təhsili nəzarət edən orqanlar, vəzifəli şəxslər. Müəssisədə həmin müəssisənin rəhbəri. Biz bu qanun-qaydalara əməl etməklə əslində nə edirik? Qulluq edirik. Kimə qulluq edirik? O müəssisənin rəhbərinə, yaxud, onları idarə edən heç tanımadığımız, üzünü görmədiyimiz rəhbər vəzifəli şəxsə. Əgər bu vəzifəli şəxslərdən biri “Mən səni bu məktəbə (idarəyə, müəssisəyə, təşkilata) qəbul edirəm, bu şərtlə ki, buradakı qayda- qanuna ciddi əməl etməlisən,” desə, biz təəccüblənərik, yaxud etiraz edərik?

Biz bu şərtləri qəbul eməklə əslində nə edirik? Həmin rəhbərin tələblərinə tabe olur, başqa sözlə, ona qulluq edirik, yəni o müəssisənin, onun rəhbərliyinin tələblərinə uyğun işləyir, onları pozmamağa çalışırıq. Pozarıqsa, cəzalandırılacağımızı, yaxşı işləyiriksə, mükafatlandırılacağımızı bilirik. Bizim o müəssisədə varlığımızın səbəbi o müəssisənin məqsədinə uyğun işləməkdən ibarətdir.

Mənəviyyatımızın əsas mənbələrindən biri olan Qurani-Kərimdə qulluq etmək ibadət adlandırılır. Yəni ibadət etmək – qulluq etmək, hər ikisi eyni mənadadır.

İbadət etmək insanın vəzifəsidir!

Adamın ağlına yenə bəzi suallar gələ bilər. Məsələn, Allah bir tərəfdən hər şeyi insan üçün yaratdığını, sonra da insanı özünə qulluq etsin, deyə xəlq etdiyini deyir. Üstəlik də, insanı yer üzünün əşrəfi adlandırır. Bunu necə başa düşmək olar? İnsan həm əşrəfdir, həm da birinə qulluq etməlidir.

Allahın bizim qulluğumuza qətiyyən ehtiyacı yoxdur. O, Saməddir, yəni heç kəsə və heç nəyə möhtac deyildir, əksinə hər şey, başda da insan olmaqla Ona möhtacdır. Ona qulluq etməyə ehtiyacı var. Çünki Allah insana beş günlük, bir illik, yetmiş illik, hətta min illik verdiyi ömrü əbədi həyata çevirə bilmək, əbədi səadəti qazanmaq üçün vermişdir. Bu dünya da elə bunun üçündür. Bir mənada məktəbdir, universitetdir, imtahan meydanıdır. Ən əsası axirətin tarlasıdır, burada nəyi əksən, orada da onu biçəcəksən.

Bəs necə qulluq edəcəyik? Bunu kimdən soruşaq, kimdən öyrənək?

Əlbəttə, yenə də bizi yaradan kimdirsə, Ondan.

Allah insanı yaradarkən onu özbaşına buraxmamışdır və Ona necə qulluq edəcəyini də insana öyrətmişdir. Bunun üçün Qurani-Kərim kimi müqəddəs kitabı nazil etmiş, oradakı əmr və qadağaları necə həyata keçirəcəyini də insanlar arasından seçdiyi və “Həbibim” (sevimlim) dediyi sevgili Peyğəmbərimizə (s.a.s.) öyrətmişdir. Beləliklə, biz Allaha qulluq edərkən İlahi buyruqları məhz Allah əmr etdiyi üçün icra edir, forma və şəklini isə Peyğəmbərimizdən öyrənirik.

Bu baxımdan Allah qarşısında vəzifələrimiz iki yerə ayrılır:

  1. Qulluq vəzifələrimiz
  2. Əxlaqi vəzifələrimiz

Qulluq vəzifələrimiz Allahın qulu olduğunu idrak edərək, Onun əmr etdiyi vəzifələri yerinə yetirməyimizdir. Həmin vəzifələr bunlardır:

Allahın varlığını və təkliyini, heç bir şəriki olmadığını, bir də Həzrət Muhammədin (s.a.s.) Onun qulu və Rəsulu olduğunu qəbul etmək və təsdiq etmək

Namaz qılmaq

Oruc tutmaq

Zəkat vermək

Həccə getmək.[3]

Əxlaqi vəzifələrimiz isə başda Allah olmaqla Onun canlı və ya cansız bütün yaratdıqları qarşısında öz məsuliyyətlərimizi dərk etməkdir.

İbadətin mənası

Xalis bir niyyətlə, savab gözləməklə, Allaha yaxın olmağı düşünərək edilən əməllər ibadətdir. İbadət deyəndə həm itaət, həm də qürbət, yəni Allaha yaxınlaşma nəzərdə tutulur.

İbadət fikri Allaha tərəf çevirmək üçündür. İnsanın Allaha yönəlməsi Ona itaətinin nəticəsidir. Allaha itaət (tabe olmaq) və Onun hikmətli qanunlarına boyun əymək insanı ən mükəmməl İlahi nizama tabe edir. İnsanın nizam və intizama tabe olması ilə də kainatdakı hikmətlərin sirləri açılır. Deməli, insanın ibadətlərinin birinci mənası bundan ibarətdir: Allahı haqqı ilə dərk etmək, müşahidə etmək və şükür etmək.

İbadət insanı kamilliyə aparır. Kamillik də yuxarıda deyildiyi kimi, Allahı haqqı ilə dərk etməkdən, müşahidə etməkdən və şükür etməkdən başlayır.

Göylərin (səmaların) və yerin orduları Allahındır.[4]

Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız.[5] Bu ayələrdə bildirildiyi kimi, səmadakı və yerdəki bütün varlıqlar Allahın qanunlarına qeydsiz-şərtsiz əməl etdiklərinə görə onlarda ən kamil sənət naxışları, gözəllik və ahəng mövcuddur.

Bu cansız varlıqlar Allaha itaət etməklə Allahın onların daxilində yaratdığı gözəllikləri, gizli qabiliyyətləri və sənət sirlərini zahirə çıxara bilərlər. Əgər onlar Allahın planına tabe olmasaydılar, bu gözəlliklər də meydana çıxmazdı. Fikrimizi açıqlamaq üçün bircə misala müraciət edək. Əgər ağaclar havanı təmizləməsəydi, onların bu qabiliyyəti necə ortaya çıxacaqdı və ya onlardakı bu təmizləmə “cihazı” necə dərk ediləcəkdi?

İnsandan da yer üzünün ən şərəfli varlığı, hətta yer üzərində Allahın xəlifəsi[6] olmaq üçün Allahın qanunlarına qeydsiz-şərtsiz tabe olub əməl etməsi tələb olunur ki, ondakı bu müstəsna üstünlüklər meydana çıxsın.

İnsan ağıl və iradə sahibi bir varlıq olmaqla yanaşı, potensial dəyərləri etibarı ilə mələklərdən üstündür.[7] Bü üstünlük də onun bilmək və əşyanın mahiyyətini anlamaq qabiliyyəti ilə ölçülür. Yəni insanı mələklər qarşısında üstün edən onun ibadəti deyildir. Əgər üstünlük ibadətlə olsa idi, mələklər daha üstün olardılar. Çünki onların ibadəti Həzrət Adəminkindən (ə.s.) daha çoxdur.

Ən mükəmməl varlıq olan insanda Allahın hikmətinin minlərlə sirləri toplanmışdır. Axı Allah insanı kainat kitabını özündə cəm edən bir nüsxə və on səkkiz min aləmin bir mündəricatı olaraq yaratmışdır. Bu gizli qabiliyyət və sirlər eynilə bir çəyirdəyin inkişaf edib meyvə verməsində olduğu kimi, insanda da onun Allaha itaət etməsi ilə cücərir və şaxələnir. Əgər insan hər bir maddi orqanını və mənəvi duyğusunu Allahın əmr etdiyi yerə sərf etməklə ibadət və itaət edərsə, Allahın əmanəti olaraq insanı təşkil edən o nümunələrin hər biri onun aləminə bir pəncərə olar, insan o pəncərədən həmin aləmə baxar, o aləmdə təcəlli edən ilahi sifət və ilahi ismə bir güzgü olar, onları özündə əks etdirər. Bax bu zaman insan ruhu və cismi ilə qeyb və şəhadət (gizli və görünməyən) aləminin bir xülasəsi olar. Beləcə maddi aləmi gözümüzlə seyr etdiyimiz kimi, qeyb və şəhadət aləmini də mənəvi gözümüzlə seyr edə bilərik. Bununla insan həm Allahın bizdə görmək istədiyi kamillik mərtəbəsinə yüksələr, kamilləşər və o sifətləri izhar edən, göstərən olar. Buna görə də İslam aləminin böyük şəxsiyyətlərindən biri olan Mühyiddin Ərəbi “Mən gizli bir xəzinə idim. Məni tanısınlar deyə məxluqatı (canlı və cansız aləmləri) yaratdım”[8] mənasındakı məşhur sözü aşağıdakı kimi izah etmişdir: “Məxluqatı yaratdım ki, Mənə güzgü olsunlar və bu güzgüdə Öz camalımı görüm.”

İbadət şəxsi kamilləşməyə səbəbdir

İman, ibadət və insan arasında çox dərin bir əlaqə var. Bədənimizin qidaya ehtiyacı olduğu kimi, ruhumuzun da qidaya ehtiyacı var. Ruhun ən əsas qidası əvvəlcə sağlam bir iman, sonra da ibadətdir. İbadətlərlə bəslənən iman ağacının meyvəsi isə gözəl əxlaqdır.

İbadətini davam etdirən insanın qəlbində iman nuru parlayır, Allah qorxusu və məsuliyyət duyğusu yerləşir. İbadət sayəsində daxilimiz pis düşüncələrdən, xaricimiz günah kirlərindən təmizlənir. Bundan başqa, bir müsəlman malı ilə bağlı ibadətlərini yerinə yetirməklə digər insanların da sevgisini qazanmış olur. Yaşadığımız müddət ərzində yeməyə, içməyə möhtac olduğumuz kimi, ömrümüzün sonuna qədər də ibadət etməyə, mənəvi qidaya ehtiyacımız var. Uca Allah belə buyurur: Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!”[9]

İnsan ibadət sayəsində dünyanın maddi bağlarından qurtularaq ruhən yüksəlir və qarşısındakı maneələri aradan qaldıraraq əbədi səadət yolunda özünə işıqlı yol açır.

İnancımızın göstəricisi, ruhumuzun qidası olan ibadətlər sayəsində imanımız qüvvətlənir, daxilimiz pis düşüncələrdən, zahirimiz isə günah kirlərindən təmizlənir. Qısacası, ibadətlər bizi əxlaq və fəzilət sahibi olan, yetkin insan səviyyəsinə yüksəldir. Beləliklə, dünyada səadətə, axirətdə də əzabdan xilas olmağımıza və əbədi səadət yurdu olan cənnətdə sonsuz və xoşbəxt həyata qovuşmağımıza vəsilə olur.

Nazim Fərruxoğlu


[1] Bəqərə, 2/34.
[2] Zariyat, 51/56.
[3] Buxari, İman, 1; Müslim, İman, 1.
[4] Fəth, 48/4.
[5] İsra, 17/44.
[6] Bax: Bəqərə, 2/30.
[7] Bax: Bəqərə, 2/31-34.
[8] Əcluni, Kəşfül-xəfa, II, 132.
[9] Hicr, 15/99.
Exit mobile version