Mənəviyyata Açılan Pəncərə

Xəstəlik və müalicə

Sual: Xəstə olan şəxs mütləq həkimə getməli və müalicə olunmalıdırmı?

Cavab: İslam sağlamlığa böyük əhəmiyyət verir. Sağlam insan qüvvətlidir, zəifə nisbətən özü və başqaları üçün daha yararlıdır. Bir hədisdə “Allahın nəzərində qüvvətli mömin zəif mömindən daha xeyirlidir[1] – buyurulur. Sağlamlıq insan üçün böyük bir nemətdir. Amma çox insan bu nemətdən düzgün istifadə etmir.[2] Rəsulallah: “Allahım! Bədənimi, qulağımı, gözümü sağlam et[3] – deyə dua edərmiş. Ölüm arzulamaq da qadağan edilmiş,[4]  “Ən xeyirli insan ömrü uzun, əməli gözəl olan insandır“,[5] – buyurulmuşdur. İlk növbədə sağlamlığı qorumağı,  bunun üçün bütün tədbirləri görməyi əmr edən İslam xəstəliklə əlaqədar isə: “Müalicə olunun, Allah yaratdığı hər dərdin dərmanını da yaratmışdır. Bir dərd istisnadır, o da qocalıq“,[6] – buyuraraq müalicə olunmağı da əmr edir. Təbib və dərman sadəcə səbəbdir, şəfanı verən isə yalnız Allahdır, – buna inanmaq lazımdır. Bu əmr xəstələri müalicəyə təşviq etməklə yanaşı, hal-hazırda çarəsi tapılmayan xəstəliklərin dərmansız olmadığını da bildirir və həkimləri araşdırma aparmağa sövq edir. Allah xəzan vaxtı ağacların yarpaqlarını tökdüyü kimi, xəstələnən Müsəlmanın da günahlarını xəstəliklə tökür.[7] Bu, müalicədən qaçmaq mənasına gəlmir. Elə olsaydı, Peyğəmbərimiz müalicə olunmazdı. Halbuki O, bütün müalicə üsullarına baş vurmağı, bir nəticəsi olmazsa, səbir etməyi və taleyə razı olmağı təşviq edir.

[1]Müslim, Qədər, 34.

[2]Buxari, Riqaq 1; Əhməd ibn Hənbəl, Müsnəd I, 258.

[3]Əbu Davud, Ədəb, 101.

[4]Buxari, Mərda, 19.

[5]Tirmizi, Zühd, 21.

[6]Əbu Davud, Tibb,1; Müslim, Salam, 69.

[7]Buxari, Mərda, 13.

Exit mobile version