Mənəviyyata Açılan Pəncərə

Ticarət mallarının zəkatı

Alət, cihaz, texnika, qida məhsulları, geyim, heyvan, zinət əşyaları, torpaq sahəsi, ev, ərazi… və s. alınan və ya satılan hər cür mal ticarət malıdır və zəkat düşür. Ancaq mal o vaxt ticarət malı sayılır ki, niyyətlə (qazanc götürmək məqsədi) əməl (malın bazara cəlb edilməsi) üst-üstə düşsün. Bu səbəbdən də bir müsəlman miras, bağışlama, vəsiyyət yolu ilə mala sahib olsa və bu malla ticarət etməyə niyyətlənsə, İmam Əbu Yusifə görə, həmin mal ticarət malı sayılır və zəkatı verilməlidir. Ev, torpaq sahəsi və s. kimi malların kirayə gəlirləri də ticarət malı sayılır.[1]

Nisab miqdarına gəlincə, ticarət mallarının nisabı 85 qram qızıl və ya 595 qram gümüşün dəyəridir. Ticarət mallarının nisabı il ərzində bu miqdardan aşağı düşsə də, ilin əvvəli və sonu  əsas götürülür. Zəkat düşən bu malların dəyəri ilin sonunda topdansatış qiymətləri ilə ölçülür. İl ərzində qiymətlərin artması və ya azalmasına etibar etmək olmaz. Dəyərləndirmədə ilin so­nundakı qiymət əsas götürülür. Satış və bazar qiymətlərinə əsa­sən hesablamanın aparılması satış olmadığına görə münasib de­yil.[2]

Ticarət malları il ərzində eyni, yaxud başqa çeşid mallarla dəyişdirildikdə zəkat vermək üçün təzədən bir il keçməsinə ehtiyac qalmır. Məsələn, deyək ki, bir şəxs ilin əvvəlində dam örtüklərinin ticarəti ilə məşğul olur. İl ərzində bunları satıb xalça alsa, bir müddət sonra xalçanı da satıb bişmiş kərpic ticarətinə başlasa və ilin sonunda bu mal nisab miqdarına çatsa, zəkatını verməlidir.[3]

Ticarət məqsədilə saxlanılan heyvanlar ticarət malı sayılır və 2,5%-i zəkat  verilməlidir.  Bu cür ticarət mallarının 2,5%-ni də, 2,5% dəyərində pul da zəkat vermək olar.

Deməli, ticarətçi ilin sonunda əlində olan malların dəyərini topdansatış qiymətləri ilə hesablayır. Əlindəki nağd pulu, borc verdiyi pulları və satışdan gələcək alacaqlarını da – çek, sənəd, açıq hesabda olan məbləğlər – onun üstünə əlavə edir. Malların və gəlirlərin toplam dəyərindən borclarını çıxır, yerdə qalan məbləğin 2,5%-ni zəkat verir.



[1]  “Əl-mövzuatul-fiqhiyyə”, 23/269; Qardavi, a.ç.ə., 1/337.

 

[2]  İ. Rüşd, a.ç.ə., 1/269; Qardavi, a.ç.ə., 1/345

 

[3]  Əli Özək, (Heyət), Zəkat, 76.

 

Exit mobile version