Mənəviyyata Açılan Pəncərə

Təyyarə ilə səfərdə oruc

Sual: Təyyarə ilə səfər edən oruclu şəxs orucunu necə açmalıdır?

Cavab: Ramazan ayında səfər edən şəxs oruc tutmaya bilər. Quranda belə buyurulur; “Sizdən kim xəstə olar və ya səfərdə olarsa, tutmadığı orucun sayı qədər başqa günlərdə tutsun.[1] Zərər görməyəcəyi təqdirdə yolçunun oruc tutması daha fəzilətlidir. Çünki yuxarıdakı ayənin son qismində: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” − buyurulmuşdur.

 Hz. Aişə (r.anha) Allahın Rəsulu (s.ə.s) ilə birlikdə Mədinədən Məkkəyə ümrə üçün səfər etmiş Məkkəyə çatdıqda belə demişdir; “Ey Allahın Elçisi! Mən namazlarımı bəzən qısa, bəzən də tam qıldım. Oruc tutdum, amma tutmadığım vaxtlar da oldu. Rəsulullah (s.ə.s) gözəl etmisən dedi və onu qınamadı.”[2]

Səfərə çıxan şəxs gecədən niyyət etdiyi orucunu poza da bilər. İbn Abbasdan (r.a) nəql edir ki, “Həzrət Peyğəmbər (s.ə.s) Ramazan ayında Məkkənin fəthi üçün yola çıxdı. Qadid deyilən yerə çatana qədər oruc tutdu. Orada özü və digər insanlar da oruclarını pozdular.”[3]

Dövrümüzdə təyyarə ilə səfər edən oruclu şəxslər hansı ölkənin üzərində axşam olsa oranın təqviminə görə iftar etməlidirlər. Oruclu halda təyyarə ilə səfər edən şəxs getdiyi yerdə öz ölkəsindəki təqvimə əsasən iftar edə bilməz. Həmin şəxs gedəcəyi yerdəki vaxta görə iftar və ya sahur etməlidir. Bakıdan Londona səfər edən şəxs iftarını London vaxtına görə açmalıdır. Əgər yolda iftar vaxtı girərsə gedəcəyi yerə çatmadan orucunu aça bilər. Bakıdan Amerikaya təyyarə ilə səfər edərkən İngiltərə üzərində iftar vaxtı yetişsə həmin vaxt iftar edilməlidir. Bu məsələdə havanın vəziyyətinə yox, üzərində olduğumuz meridiandakı zaman vaxtına görə sahur və ya iftar etmək lazımdır. Namaz vaxtlar üçün də eyni qayda keçərlidir.

Normal gecə və gündüzün müşahidə olunmadığı yerlərdə (qütblərdə) isə, həmin yerə ən yaxın yerləşən əraziyə görə hərəkət etmək lazımdır.


[1] Bəqərə, 2/184. Bax. 185.
[2] Razi, Təfsir, İstanbul 1257, II, 18.
[3] Buxari, Səvm, 34, 38, Məğazi, 47; Müslim, Siyam, 87, 90; Nəsai, Siyam, 49, 54, 55, 61; Darimi, Savm, 15; Maliki, Müvəttə, Siyam, 21.
Exit mobile version