- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Təsbeh namazı

Təsbeh namazı

Təsbeh namazı nafilə namazlardan biridir və Allahdan bağışlanma diləmək üçün qılınır. “Subhənəllah” sözü çox təkrar edildiyinə görə bu namaza təsbeh namazı deyilir. Mənası: “Allahım! Sən hər cür nöqsan və qüsurdan uzaqsan, paksan,” − deməkdir. Zikr mənasındakı bu cür ifadələr təsbeh adlanır.

Rəsulullah (s.ə.s.) əmisi Həzrət Abbasa (r.a.) təsbeh namazını tövsiyə etmiş və belə demişdir:

Ey əmi! Sənə on faydası olan bir ibadət öyrədəcəm. Bunu etsən, Allah ilk-son, köhnə-yeni, bilərək və ya bilməyərək, kiçik-böyük, gizli və ya aşkar işlədiyin on günahını bağışlayar”[1]…

Təsbeh namazı dörd rükətdir və hər rükətdə 75 dəfə

Subhənəllahi vəl həmdu lilləhi və lə iləhə illəllahu vallahu əkbər”[2] duası oxunur.

Duanın mənası belədir: “Allah bütün nöqsanlardan uzaqdır, bütün həmd-sənalar Ona məxsusdur. Allahdan başqa ilah yoxdur. Allah ən böyökdür.”

Hənəfilərin əksəriyyəti təsbeh namazının qılınma şəklini Abdullah ibn Mübarəkdən (r.a.) nəql olunan hədisə[3], digər məzhəblər isə İbn Abbasdan (r.a.) nəql olunaq hədisə[4] istinad edirlər.

Abdullah ibn Mübarəkdən (r.a.) nəql olunan hədisə görə, təsbeh namazında yuxarıdakı “Subhənəllahi…” duasının oxunma şəkli belədir:

Subhənəkədən sonra 15 dəfə

Qiraətdən (Fatihə və zəmmi-surədən) sonra 10 dəfə

Rükuda “sübhanə rabbiyəl azim”dən sonra 10 dəfə

Rükudan qalxanda 10 dəfə

Səcdədə “sübhanə rabbiyəl əla”dan sonra 10 dəfə

İki səcdə arasında − cəlsədə 10 dəfə

İkinci səcdədə “sübhanə rabbiyəl əla”dan sonra 10 dəfə.

Bir rükətdə 75 dəfə “Subhənəllahi vəl həmdu lilləhi və lə iləhə illəllahu vallahu əkbər” duası oxunur. Beləcə, 4 rükətdə toplam 300 təsbeh oxunur.

İbn Abbasdan (r.a.) nəql olunan hədisə görə isə təsbeh namazı qılarkən “subhənəkə” duasından sonra “Subhənəllahi…” duası oxunmur. Əvəzində qiraətdən (Fatihə və zəmmi surədən) sonra 15 dəfə, ikinci səcdədən sonra qiraətə başlamadan 10 dəfə təsbeh oxunur. Beləcə hər rükətdə 75 dəfə “Subhənəllahi…” duası oxunur. Təsbeh namazını hər iki hədisə uyğun qılmaq olar. “Subhənəllahi…” duasını saymaqda çətinlik çəkənlər barmaqlarının ucu ilə saya bilər.

Təsbeh namazı qılan şəxs: “Niyyət etdim Allah rizası üçün təsbeh namazı qılmağa”, − şəklində niyyət edə bilər.

Təsbeh namazını məkruh vaxtlar xaric istənilən vaxt qılmaq olar.

Təsbeh namazında “Fatihə” surəsindən sonra istənilən qısa surə və ya bir neçə ayə oxuna bilər. Bəzi mənbələrdə İbn Abbasın (r.a.) “Təkasur”, “Asr”, “Kafirun”, “İxlas” surələrini oxuduğu bildirilir. Bəzi fəqehlər “Hədid”, “Həşr”, “Saff” və “Təğabun” surələrinin oxunmasını tövsiyə etmişlər.

Abdullah ibn Mübarək (r.a.) gecə qılınan təsbeh namazında iki rükətdə, gündüz qılınan namazda isə iki və ya dörd rükətdə bir salam verilə biləcəyini bildirmişdir. Yəni istəyən iki rükətdə bir salam verə, istəyən isə dörd rükət qıla bilər.

Təsbeh namazından sonra səhv səcdəsi etmək lazım gələrsə, digər namazlardakı kimi səhv səcdəsi edilir və səhv səcdəsində “Subhənəllahi…” duası oxunmur.

Təsbeh namazını təkbaşına qılmaq məsləhətdir. Bəzi fəqehlərə görə, bu namazın necə qılındığını bilməyənlər vərdiş halına gətirməmək şərtilə iki və ya üç nəfər şəklində camaatla qıla bilər. Camaatla qılınarsa, imam təsbehləri hər yerdə səsli oxumalı, imama tabe olanlar isə dinləməlidir.

Bu namazı heç olmasa, ömürdə bir dəfə qılmaq tövsiyə edilmişdir. Rəsulullah (s.ə.s) namazın qılınma şəklini öyrətdikdən sonra əmisinə belə demişdir:

İstəsən bu namazı hər gün qıla bilərsən. Hər gün qıla bilməsən həftədə bir, bu olmasa, ayda bir, bunu da edə bilməsən ən azı ildə bir dəfə, heç olmasa, ömründə bir dəfə qıl.”[5]


[1] Əbu Davud, Tatavvu, 14; İbn Macə, İqamətus-salət, 190.
[2] Bu dua haqqında bax: Tirmizi, Dəavat, 59.
[3] Tirmizi, Salət, 350.
[4] Əbu Davud, Tatavvu, 14.
[5] Əbu Davud, Tatavvu, 14; İbn Macə, İqamətus-salət, 190.