- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Təbliğdə təqliddən qurtulmaq

Bəzən din adından etdiyimiz vəzifələrdə yanılırıq. Bizdən istənilənləri etməklə vəzifəmizi yerinə yetirdiyimizi zənn edirik. Tutaq ki, bir yerdə imamlıq edirik, məscidə giririk, hamının önündə  namaz qılırıq. Vəzifəmizi bitirdikdən sonra da evimizə və ya hər hansı bir işi görməyə gedirik. Və ya bizə xətiblik vəzifəsi verilibsə, həftənin müəyyən günlərində minbərə çıxıb orada insanlara nə isə danışmağa çalışır, bəlkə də mövzunun təsirindən coşub-bağırır, sonra da vəzifəni yerinə yetirməyin rahatlığı ilə kürsüdən enib işlərimizə davam edirik. Namaz qıldırmaq, xütbə və sööhbətlə nəsihət etmək, Quran və dini elmləri öyrətmək kimi dini işlərə, bir məmurun etməli olduğu vəzifələri yerinə yetirməsi və ya bir işçinin ondan istənilən işləri görməsi kimi baxırıq. Belə olduqda işin ruhu, məna və mahiyyəti itir.

 Bunların ən təhlükəlisi isə dini təbliğ etmək kimi uca bir qayəyə namizəd olan və yenidən dirilməyə can atan insanların məsuliyyətlərinə “iş” və “vəzifə” kimi baxmalarıdır.

Həmçinin mükəlləf olduqları iş və sahələrdə çalışıb çabalamaları, amma Allah və Rəsulu ilə olan münasibətə lazımi diqqət göstərməmələridir. Onlar özlərini tamamən işə “həsr etsələr” və işlərində çox müvəffəqiyyətli görünsələr də, sadəcə formal vəzifələrini yerinə yetirdikləri, ixlas və ehsan düşüncəsi ilə hərəkət etmədikləri müddətcə işlərində həqiqi uğur qazana bilməzlər.

Allaha olan yaxınlığın artırılması

Təəssüf ki, bu gün bəşəriyyətin həyatında dünyəvilik (sekulyarizm) hökm sürdüyü üçün Allah yolunda edilən xidmətlər dünyəvi hədəflərə və qəliblərə qurban verilə bilər. Ancaq insanlara haqq və həqiqəti izah etmək imkanı olan möminlər öz işlərini normal vəzifələrlə qarışdırmamalıdırlar. Hər şeydən əvvəl, qulluq vəzifələrini lazımınca yerinə yetirməli, Allahla yaxınlığını daim artırmalı və vəzifələrində uğurlu ola bilmək üçün Allahın daim onları gördüyünü dərk etməlidirlər. Belə ki, işlərini yerinə yetirməklə yanaşı, mənəviyyatda dərinləşmək də onların əsas hədəfi olmalıdır.

Əlbəttə ki, bir insanın dini adına bir çox işlər görməsi, sosial fəaliyyətlərlə dinə xidmət etməsi tədqirəlayiqdir. Ancaq buna həqiqi gözəllik bəxş edən Allahla münasibətinin yaxınlaşdırılmasıdır. Əgər edilən yaxşılıqlar bizi Allaha yaxınlaşdırmır və bizdə mənəvi dərinlik yaratmırsa, deməli biz nəfsimiz üçün çalışırıq. Yaxşı bir şey etdiyimizi xəyal etsək də, əslində aldanırıq…

Xeyirxahlıq adı ilə etdiyimiz hər iş Allahla əlaqəmizi daha da gücləndirməli və möhkəmlənən hər bir əlaqə yeni yaxşılıqlara yol açmalıdır. Allaha nə qədər yaxınlaşsaq, Onun razılığını qazanmağa çalışsaq, Onun bizə münasibəti də buna uyğun olacaq. Belə ki, Uca Allahla münasibətimizi dərinləşdirsək, O da bizə  çox fərqli münasibət göstərəcək. Üstəlik bizim düşünən, pak və mənəviyyatı yüksək insanlar olmağımıza kömək edəcək. Beləliklə biz, hər şeyi fəqli anlamağa və hissetməyə başlayacağıq.  

Bəzi rəvayətlərdə Peyğəmbərimizin (s.a.s.) bir gündə bəzən yetmiş dəfə istiğfar etdiyi bildirilir. Bəzi alimlər bunu belə izzah edir: O, daim tərəqqi edirdi. Dünyada adətən Sitrətül-Müntəha və ya Beytül-Məmur səyahəti edirdi. Bu günü dünəndən fərqli, sabahı bu gündən fərqli, o biri günü də sabahından fərqli idi. Bir sözlə, geriyə dönüb əvvəlki addımlara baxdıqda  “Əstağfürullah, mən necə olub ki, orda dayanmışam” deyirdi.

Bu baxımdan, arxasınca qaçdığımız “işlər”, “vəzifələr”, “xidmətlər” əgər bizim elm və irfanımızı zənginləşdirmir, mənəvi aləmlərə səyahət etmək üçün bizə heç nə qazandırmırsa, boş yerə əziyyət çəkiş sayılırıq. Vəzifəmizi doğru şəkildə etdiyimiz halda Cənabı-Haqqın bizi mühakimə etməyəcəyini ümid edirik. Lakin bu, hələ  Onunla münasibətlərimizi lazım olduğu qaydada davam etdirdiyimizi göstərmir.

Bir dəfə İslam alimlərindən biri həbsxanada dostları ilə camaat namazı qılarkən məhbuslardan biri  kinayə ilə baxıb, “Biz hər yerdə mənfi düşüncələrlə mübarizə aparırıq, siz isə burda namaz qılıb qarın şişirdirsiniz” – demişdi.

Düzdü, namaz qılmaqla qarın şişirtməyin əlaqəsiz olmağı bir yana, sözün əsl məntiqsiz tərəfi, Allah yolunda verilən mübarizənin ibadətə ehtiyac yaratmadığı düşüncəsidir. Onun məntiqinə görə bir insan mübarizə aparırsa namaz qılmağa, oruc tutmağa və ya həccə getməyə məcbur deyil. Çünki, o, Allah rizası üçün çox vacib “işlərlə” və həyati “vəzifələrlə” məşğuldur.

Bəli, bir insanın dinini qorumaq, namusunu müdafiə etmək, mal və can təhlükəsizliyini təmin etmək üçün mübarizə aparması İslamın yüksək qiymətləndirdiyi davranışlardır. Bu dəyərləri qorumaq üçün insanın mübarizə aparması onun ən başlıca haqqı və ən vacib vəzfələrindən biridir. Həmçinin Allah Rəsulunun (s.a.s) hədislərində, bu səbəblərdən ölən bir kəsin şəhidlik məqamına yüksəldiyi buyurulur. (Əbu Davud, Sünnət 32, Tirmizi, Diyat 21)

Lakin, bu mübarizələrin dəyəri insanın Allahla olan münasibətindən aslıdır. Onunla əlaqələndirmədiyimiz ən vacib işlər də həqiqi dəyərini itirər, köhnələr və çökməyə başlayar. Digər tərəfdən onun razılığını və məmnuniyyətini ümid edərək etdiyimiz əhəmiyyətsiz görünən işlər isə, tamamilə fəqli dəyərlər qazanır.

“Ruhbanun fil-leyl fursanun fin-nəhar”

Səhabələr Allah yolunda aparılan mübarizələr və edilən xidmətlərlə ibadətləri tarazlamaqda bizim üçün ən gözəl nümunədir. Tərcümeyi-hallarını yazan alimlər, onların həyatını “Ruhbanun fil-leyl fursanun fin-nəhar” sözləri ilə ümumiləşdirirlər. Yəni onlar, “gecələrini ibadətlə bəzəyir, səhərə qədər ürəyini parçalanacaqmış kimi Allaha yalvarıb-yaxarırdılar.” Gündüz olduqda isə müharibə vəziyyəti yarandıqda qəhrəmancasına döyüşürdülər.

Gecə onların Allah qatında necə səcdə etdiklərini görən birisi, “Bunlar ibadətdən başqa heç nə bilmir” deyərdi. Ancaq onlar ata mindikdə sanki böyük bir ordunu tək başına məğlub edəcək bir cəsarət və şücaət sərgiləyirdilər. Burada əsas məsələ də elə bu tarazlığı qoruya bilməkdir. Bir tərəfdən ölüm bahasına xidmət etmək, digər tərəfdən də forma və qəliblərdən qurtularaq qəlb və ruhu kamilləşdirməkdir.

İnsan öhdəsinə götürdüyü vəzifələri ən mükəmməl şəkildə yerinə yetirməli, ancaq bununla yanaşı etdiyi işin mahiyyətini də dərk etməlidir. Allah yolunda xidmət edərkən qəflətə düşməməli, laqeydlik etməməlidir. Etdiyi hər işi sadəcə Allah rizası üçün etməlidir. Xidmətləri onun Allaha yaxınlığını artırmalı, onu daha çox ibadətə yönlətməlidir. Əks halda, axirətdə “Allahla yaxınlığın necə idi? Onu ananda ürəyin nə qədər titrəyirdi? Niyə olduğun kimi görünmədin? Niyə özünü fərqli göstərməyə çalışdın?” deyə soruşarlar.

Cənabı-Haqq Qurani-Kərimdə belə buyurur:

Onlar o kəslərdir ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir..” (Həcc surəsi, 22/41)

Allah bu ayədə  müəyyən güc və imkanlara sahib olan möminlərin xüsusiyyətlərini sayır və əvvəlcə qüsursuz bir dəqiqliklə namazlarını qılacaqlarını və zəkatlarını tam verəcəklərini vurğulayır. Deməli, Allahın bizdən istədiyi ən vacib şey budur. Ayəni “Əgər siz verdiyim imkanları ibadətlə ucaltsanız və şükür etsəniz, Mən də nemətlərimi artıraram. Amma siz bu məsələdə sözünüzə əməl etməsəniz, Mən də onu sizə nəsib etmərəm” şəklində də anlaya bilərik.

Xülasə, mömin, hər işdə olduğu kimi burada da ölçüyə diqqət etməli, ifrat və təfritə getməməlidir. Nə yalnız “işgüzar” olmalı, nə də tamamilə inzivaya (xəlvət bir yerə) çəkilməlidir. Dinə xidmətlə eyni vaxtda inzivanı da yaşamalıdır. Hər zaman deyildiyi kimi “Xalq içində Haqqla bərabər” olmalıdır. Elə Peyğəmbər yolu da məhz budur. Əgər Allah möminlərə yenidən Əsri-səadət dövrünü yaşatmaq” şəklində bir söz veribsə və bunu onların davranış və münasibətlərinə əsasən tənzimləyibsə, bunu dəyişdirməyə heç kimin gücü çatmaz…