- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Təkamül fərziyyədir, yoxsa isbat olunmuş qanun?

Təkamül düşüncəsi struktur etibarilə bir fərziyyə və ya bir nəzəriyyə, yoxsa isbat olunmuş qanundur?

Təkamülçülərin böyük əksəriyyəti onun bir nəzəriyyə, bir qismi isə mütləq qanun olduğunu iddia edir. Əslində, təkamül bu vəziyyətdə hipotezdən başqa bir şey deyildir. Elm tarixində heç bir hipotez bu qədər uzun-uzadı mübahisə predmetinə çevrilməmişdir. Hər hansı bir hadisəni izah etmək üçün ortaya atılan hipotez (fərziyyə) çoxsaylı təcrübə və müşahidələrlə sınaqdan keçirildikdən sonra əldə edilən nəticələrin doğru və ya yanlış olmasına görə ya nəzəriyyə səviyyəsinə yüksəldilir, ya da arxivə atılır.

Təkamülə inananlar onun nəzəriyyə olduğunu sübut etmək məqsədilə bir çox təcrübələr aparmış, saysız-hesabsız müşahidələrə aid izahlar vermişlər, lakin məsələnin mahiyyətini açan inandırıcı dəlillərdən, sübutlardan məhrum olduqlarına görə “nəzəriyyə” də həmişə natamam və yarımçıq olmuşdur. Belə ki, yer üzünün ilk günlər necə, hansı şəraitə malik olduğunu bilmirik. Kainatın ilk yaradılış anı və daha sonra cərəyan edən ağlasığmaz, möcüzəvi hadisələr də qaranlıqdır. Sadəcə bu gün mövcud elementlərin və suxurların bəzi xüsusiyyətlərini qədim izlər kimi qəbul edir, onlara əsaslanaraq fikir yürüdürlər. Bundan başqa yer üzünün ilkin mühitini lap başdan öz arzularına uyğun müəyyən edən təkamülçülər bu fantaziyalarında yer üzü ilə bağlı əsas xüsusiyyətləri, təsəvvürü elə seçmişlər ki, nəticə olaraq bir amin turşusu və bir proteini meydana gətirə bilsin. Daha sonra da buna uyğun ilkin atmosferin xəyallarını quraşdırmışlar. Lakin aparılan təcrübələr müəyyən etmişdir ki, təsəvvür edilən bu ilkin şərtlər çərçivəsində həyatın meydana gəlməsi üçün minimum tələb sayılan bir zülal molekulunun sintez olması mümkün deyildir. Bundan əlavə bir çox araşdırmalar göstərir ki, yer kürəsinin və atmosferin başlanğıc mühiti, şəraiti də təkamülçülərin iddia etdiyi kimi olmamışdır. Aşağıdakı suallara cavab verərkən görəcəyik ki, təkamülün yanlış olması daim təcrübələrlə isbatlansa da, onun doğru bir nəzəriyyə olması israrla müdafiə olunur. Halbuki heç bir nəzəriyyənin yanlışlığı bu qədər isbatlanmamış və heç bir nəzəriyyə bu qədər insanı məşğul edəcək səviyyədə gündəmdə qalmamışdır. Başqa sözlə, o nəinki qanun və ya əsas prinsipdir, hətta bir nəzəriyyə belə deyil, ancaq bir hipotez (fərziyyə) kimi elmi mübahisələrin predmeti ola bilər.