1. 782 dəfə oxunub ,   0 şərh   Çap et

Numan b. Bəşrin (r.a.) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

: عَنْ النُّعْمَانِ بْنِ بَشِيرٍ (رَضِيَ اللهُ عَنْهُ) قَالَ

سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ

 إِنَّ الْحَلَالَ بَيِّنٌ وَإِنَّ الْحَرَامَ بَيِّنٌ وَبَيْنَهُمَا مُشْتَبِهَاتٌ لَا يَعْلَمُهُنَّ كَثِيرٌ مِنْ النَّاسِ فَمَنْ اتَّقَى الشُّبُهَاتِ اسْتَبْرَأَ لِدِينِهِ وَعِرْضِهِ وَمَنْ وَقَعَ فِي الشُّبُهَاتِ وَقَعَ فِي الْحَرَامِ كَالرَّاعِي يَرْعَى حَوْلَ الْحِمَى يُوشِكُ أَنْ يَرْتَعَ فِيهِ أَلَا وَإِنَّ لِكُلِّ مَلِكٍ حِمًى أَلَا وَإِنَّ حِمَى اللَّهِ مَحَارِمُهُ أَلَا وَإِنَّ فِي الْجَسَدِ مُضْغَةً إِذَا صَلَحَتْ صَلَحَ الْجَسَدُ كُلُّهُ وَإِذَا فَسَدَتْ فَسَدَ الْجَسَدُ كُلُّهُ أَلَا وَهِيَ الْقَلْبُ

  Halal olan şeylər də, haram olan da açıq-aşkar bəllidir. Bu ikisi arasında isə insanların çoxunun hökmünü bilmədiyi şübhəli şeylər vardır. Artıq kim bu şübhəli şeylərdən uzaq durarsa, dinini də, irzini də təmiz tutmuş olar. Kim də şübhəli sahəyə girərsə, harama girmiş olar. Qoruğun ətrafında qoyunlarını otaran çoban kimi ki, onun da hər an qoruğun sərhədlərini aşma təhlükəsi vardır. Bunu bilin ki, hər padşahın bir qoruğu vardır. Allahın qoruğu da (qadağa qoyduğu sahə) haramlardır. Xəbəriniz olsun, cəsəddə bir ət parçası vardır ki, əgər o doğru olarsa cəsədin hamısı doğru olar; əgər o pozularsa, cəsədin hamısı pozular. Xəbəriniz olsun bu ət parçası qəlbdir.”

(Buxari, İman 39; Müslim, Musaqat 107; Əbu Davud, Sehr 3; Tirmizi, Sehr 1; Nəsai, Sehr 2; İbni Macə , Fitən 58)

Hədisi-şərif  bizlərə nə ifadə edir

Söz Sultanı Allah Rəsulu (s.ə.s.) dinin ümumi qanunlarını hamının başa düşə biləcəyi və unutmayacağı mükəmməl bir bənzətmə ilə açıqlamışdır. Halal-haram mövzusu dinimizin ən çox üzərində durduğu  təməl ünsürlərdən biridir. “İslam halal-haramdan ibarətdir.” sözü bunu əks etdirməkdədir. Bu ikisi arasında ortada qalan və şübhəli olan şeylər isə ölkə sərhədləri arasındakı minalı ərazilər kimi təhlükəli və uzaq durulmasını istənilən sahədir.

Hədisin önəmi

  Hədis elminin en böyük alimlərindən biri olan məşhur “Sünən” sahibi Əbu Davud əs-Sicistani, həyatı boyunca çoxlu hədis toplayıb bunları bu günkü nəsillərə çatdırmışdır. Lakin, bu hədisi haqqında: “nəql etdiklərim arasında dinin ən çox qəbul etdiyi dörd hədisi-şərifdən biri olduğunu,”– söyləmişdir. Bu görüşdə olan daha bir çox İslam alimi vardır.

 Hədisin qaynağı və səhihliyi

  Yuxarıda qaynaqları gösdərilən bu hədisi-şərif, ən böyük hədis alimləri tərəfindən ən mötəbər hədis kitablarda bizə rəvayət edilmişdir. Hədisi-şərifin Kutubu-Sittədə ittifaqla nəql edilməsi, səhihliyinin nə qədər qüvvətli olduğunu göstərməkdədir. Bu rəvayət yuxarıda bildirilən ən önəmli qaynaqlardan başqa Əhməd b. Hənbəlin “Müsnədində”, Dariminin “Sünənində”, Beyhaqinin “Sünənində”, İbni Əbi Şeybənin “Müsənnəfində” və İbni Hibbənin “Səhihində” ləfz fərqliliklərilə də nəql edilməkdədir. Beləliklə, bu hədis dini qanunların günümüzə qədər necə etibarlı qoruma altında gəlib çıxdığını göstərən ən gözəl nümunələrdən biridir. Allah Rəsulunun hədislərini “Hədis demək, din deməkdir” ciddiyətiylə, inanılmaz bir çalışmayla günümüzə gətirib çıxaran bu böyük hədis alimləri Allahın müsəlmanlara xüsusi bir lütfüdür.

Hədisin bildirdiyi üç əsas

  Hədisdə halal, haram və şübhəlilər olmaq üzrə üç bölmədən bəhs edilir. Nəfs və şeytanın verdiyi vəsvəsələrin əksinə, ən geniş dairə halal dairəsidir. Haram dairəsinə girməyə heç ehtiyac yoxdur. İslam alimlərinə görə halal olan bir şeyin edilməsi, kəsin olaraq bir məkruha və ya bir harama götürəcəyindən  qorxularsa, ondan da uzaqlaşmaq lazımdır. Məsələn çox yemək insanı ibadətlərə qarşı tənbəlləşdirər, günaha girməyə səbəb olarsa, halal qida da olsa bədənin ehtiyac gördüyü kaloridən artığını almaq məkruh, hətta bəzən haram qəbul edilmişdir. Buna görə ehtiyacdan artıq olan yemək şübhəli sayılır və bu bölməyə addım atanların haram dairəsinə düşməsi hər zaman bir an məsələsidir. Təqvanın ən sadə təriflərindən biri də, haram olma təhlükəsiylə şübhəli şeyləri, hətta harama götürmə təhlükəsi olan bəzi mübahları da tərk etməkdir.

Qəlbin önəmi

Maddi bədəndəki qəlbin-ürəyin sirləri günü-gündən inkişaf edən tibb araşdırmaqda və hər keçən gün qəlb sağlamlığını qorunma yollarını daha da öyrənilməkdədir. Ancaq bundan daha önəmli olan mənəvi qəlbimizin qorunmasıdır. Çünki birincisi qısa dünya həyatını əhatə edərkən ikincisi yəni, mənəvi qəlbimiz  həm dünya həm də əsl və əbədi olan axirət həyatımızla bağlı olub və onun təməl ünsürüdür.

“ əlb, keçmiş alimlərin diliylə desək “ilahi nəzərgah yeridir.” Allah, insana insanın qəlbiylə baxar, dəyər-qiymət verər. … Belə ki, qəlb; ağıl, istedad, elim, niyyət, iman və hikmət kimi insan üçün həyati xüsusların yerləşdiyi qaladır. …O, Haqqa təvəkkül etdiyi, bağlandığı müddətcə bədənin ən qaranlıq nöqtələrinə qədər hər tərəfini aydınladan bir projektor olar; üzü cismaniyyətə döndüyü zamanda da şeytanın zəhərli oxlarının hədəfi olar.” (Qəlbin Zümrüt Təpələri, s. 47, 49.)

Şübhəli  şeylərə girmə qadağası və səddi-zərai prinsipi

  Hədisi-şərifdə dinimizin təməl prensiplərindən biri olan səddi-zərai, yəni, günahlara, haramlara gedən yolun bağlanmasına dair də işarə vardır. Hədisdə şübhəli şeylərə girilməməsi istənilmiş və bunun ətrafında gəzinənlərin hər an haram işləmə qorxusu olduğunu bildirilmişdir. Həmçinin Qurani-Kərimdə də şübhəli şeylərdən uzaqlaşmağı və hər zaman halal və ən təmiz olan şeylərin seçilməsi gərəkdiyini bildirən ayələr mövcuddur. Bunlardan biri də aşağıdakı ayədir:

“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir”. (Bəqərə surəsi, 168)

Yenə də Qurani-Kərimdə səddi-zərai prinsipinə işarət edən bir çox ayətdən birini zikr edək:

“Açıq və gizlin pis şeylərə yaxın düşməyin..” (Ənam surəsi, 151)

“Zinaya yaxınlaşmayın…” (İsra surəsi,32)

Şübhəli şeylərdən istifadə etməməylə bağlı buna bənzər hədislər də mövcuddur:

“İnsan, şübhəli ehtimalı olan bir qisim halalları tərk etmədikcə həqiqi təqva sahibi ola bilməz.” (Tirmizi, Sıfatul-Qiyamə, 19; İbn Macə, Zöhd, 24)

“Sənə şübhə verən şeyləri burax. Şübhəli olmayan, ürəyinə arxayınlıq verən şeylərə yönəl” (Tirmizi, Qiyamət: 61; Nəsai, Əşribə: 50)

Görüldüyü kimi ayəti-kərimədə və hədisi-şəriflərdə “ nəinki günah işləmək, hətta onlara yaxınlaşmamaq, şübhəli şeylərdən istifadə etməmək,” tövsiyə olunur.

Hədisi-şəriflə bağlı yaşanılmış bir hadisə

Məsələnin ciddiyyətinə zərər vermə qorxusu olmaqla yanaşı, hədisdə bildirilən həqiqətlərin anlamamız üçün yaşanmış bir hadisəni nəql etmək istəyirik. Çobanlıq edən bir dostumuz ətrafı məftillərlə hasarlanmış, bir tərəvəz dirriyinin yaxınlığındakı sürüsünü otarırmış. Özü də bağçanın haçalarından birinə söykənəmişdi. Arada bir haylayaraq heyvanların sahəyə girməsinə mane olurdu. Elə bu zaman bağçanın sahibi kənd tərəfdən gələrək çobana “Diqqətli ol, içəri girməsinlər”, deyir. Qardaşımız: “Əmi, narahat olma burada dayanıb nəzarət edirəm, heç içəri girməsinə imkan verərəm? Bağçanın ətrafında həm də məftillər var”, deyər-deməz bir də nə görsün, heyvanlardan biri sıçramış və məftil hörgünü aşmış. İndi qardaşımız və bağça sahibi nə edəcək? Hasarı nə halal-haramı, nə də şübhəli şeyləri bilən bir heyvan aşmışdır. Artıq edəcək bir şey yoxdur. Çünki adamın bir anlıq başının söhbətə qarışmasıyla bağçaya girmiş heyvan, meyvə-tərəvəzlə qarnını doyurmuş halda içəridən çölə atladı. Çoban da və bağça sahibi də sadəcə arxadan buna baxıb durdular. Bəli, budur, şübhəli şeylərə yaxınlaşmağın acı nəticəsi.

Nəticə

  Vəhylə müəyyəd Peyğəmbərimiz (s.ə.s.) ən önəmli həqiqətləri və dinimizin təməl əsaslarından birisini açıq bir şəkildə və hər kəsin başa düşə biləcəyi bir üslubla izah etmişdir. Şübhəsiz bu xüsusiyyət bütün peyğəmbərlərin ən bariz vəsiflərindən olsa da Peyğəmbərimizdə (s.ə.s.) ən mükəmməl dərəcədə ortaya çıxmışdır. İslam alimləri, bəhs etdiyimiz bu hədisə çox əhəmiyyət vermiş və onu İslamın təməl prinsiplərindən biri olaraq dəyərləndirmişdirlər. Bəli, Allah Rəsulunun (s.ə.s.) bildirdiyinə görə halal-haram məsələlərinə diqqət edənlər və şübhəli şeylərdən istifadə etməkdən uzaq duranlar -Allahın izni və inayətiylə- dinlərini nöqsanlardan və namuslarını pis ləkələrdən qoruya bilər, Qurani-Kərimdə və sünnəti-səniyyədə açıq bildirilən təqva mərtəbəsinə yüksəlməyə müvəffəq ola bilərlər.




Şərh yaz