- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Sünnət olmanın hikməti

Sual: Allah insanı mükəmməl yaradıb. Bəs niyə insanlar sünnət olurlar?

Allah-Təala insanı mükəmməl yaradıb. Bu mükəmməlliyi görmək üçün güzgünün qabağında keçib özümüzə baxmağımız kifayətdir. Orqanların yaradılışına sadəcə gözəllik cəhətdən yanaşmaq doğru deyil. Həmin orqanın funksiyası, digər orqanlarla uyğunluğu və s. səbəblər də nəzərə alınmalıdır. İnsanın yaradılışına bu cür yanaşdıqda mükəmməl yaradılışın şahidi oluru.

Bəli, insan mükəmməl yaradılıb, o, kainatdakı digər varlılardan üstün zəkası, əmək qabiliyyəti, nitqi və bir çox digər xüsusiyyətləri ilə fərqlənir. Məhz bu və digər xüsusiyyətlərinə görə də insanın qüsurlu yaradılğını demək doğru olmaz.

Sünnət olmaqla əlaqəli hədislərə ümumi nəzər saldıqda görürük ki, sünnət olmaqda əsas məqsəd təmizlikdir. Bu haqda bəzi hədislərə baxaq:

Fitri sayılan təmizliklər bunlardır: ‘ağzı su ilə yumaq, buruna su çəkmək və təmizləmək, bığları qısaltmaq (və ya qırxmaq), dırnaqları kəsmək, qoltuq altı və qasıq nahiyəsindəki tükləri təmizləmək və sünnət olmaq’.[1]

“Dörd şey peyğəmbərlərin sünnətindən sayılır: sünnət olmaq, gözəl ətir sürtmək, misvakdan istifadə etmək və evlənmək”.[2]

“Beş şey fitrətdəndir: sünnət olmaq, qasıq tüklərini təmizləmək, dırnaqları kəsmək, qoltuq altındakı tükləri təmizləmək və bığları qısaltmaq”.[3]

“On şey fıtrətdəndir: bığları kəsmək, saqqalı uzatmaq, dişləri təmizləmək, buruna su çəkib təmizləmək, dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını təmizləmək, qasıq tüklərini qırxmaq və tuvalet ehtiyacını gördükdən sonra su ilə təmizlənmək”.[4]

Hər insan vaxtaşırı saçını kəsdirir, qoltuq altı və qasıq nahiyəsindəki tükləri təmizləyir. Əgər bunları kəsmək insan fitrətinə zidd olsaydı, Allah-Təala elə yaradardı ki, kirpik, qaş və bədənin müxtəlif yerlərinə çıxan tüklər kimi həmin yerlərdəki tüklər də uzanmazdı. Deməli kəsilən tüklərin uzanmasın bir hikməti var.

Başdakı tüklər, üzdəki saqqal uzandığı halda qaş və kirpiklər uzanmır. Sünnət olmağın da bizim bilmədiyimiz hikmətləri var. Əsas səbəb və hikməti isə gigiyenik təmizlikdir. Sünnət dərisi bir dəfəyə məxsus kəsilib atılır. İnsan anadan olarkən göbək bağı da kəsilir. Əgər məsləhət olsaydı elə ana bətnindən qopduğu kimi qalardı.

Bəzi ateistlər sünnətin insanın cinsi arzularını azaltdığını iddia edirlər. Halbuki həqiqət bunun əksini göstərir. Müsəlmanlar arasında əhalinin artımı yüksəkdir. Onlar bunu nə ilə izah edə bilərlər? Əgər onları iddia etdiyi kimi olsaydı, müsəlmanlar arasında uşaq artımı əvəzinə azalma olardı.

Səmimi mömin hikmətini bilmədiyi bəzi şeyləri qəbul etməlidir. Yəni elə şeylər varki, onu izah edə bilmir, hikmətini tam anlamırıq. Ancaq əmr edildiyi üçün yerinə yetiririk. Sünnət də peyğəmbərlərin adətidir. Hikmətini anlamadığımız üçün etiraz etmək doğru deyil.

İnsanın mükəmməl yaradıldığı məlum həqiqətdir. Məsələni kiçik bir ət parçasına bağlayaraq, bunun yaradılışa zidd olduğunu iddia etmək doğru deyil. Şeytan kiçik şeylərlə insana vəsvəsə verə bilər. Kiçik əhəmiyyətsiz şeyləri çox böyük kimi göstərərək qəlbimizə şübhə və tərəddüd salır.

 

[1] Buxari, Libas, 51, 63, 64; Müslim, Təharə, 49; Əbu Davud, Tərəccül, 16; Tirmizi, Ədəb, 14

[2] Tirmizi, Əhməd ibn Hənbəl, Müsnəd

[3] Müslim Təharət, 59

[4] Müslim,  Təharət 56.