- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

Müsəlman Rəsulullahın (s.a.s.) bütün sünnə və hədislərinə əməl etməlidirmi?

Aləmlərə rəhmət olaraq göndərilən[1] Həzrət Muhamməd (s.a.s.) möminlər üçün gözəl nümunədir.[2] Allah Rəsulun təbliğ etdiklərini sahəbələr həmişə yaşatmağa çalışmışlar. Təxminən hicri 100-cü ildən etibarən hədislər tədvin edilməyə (yazıya köçürülməyə və sistemləşdirilməyə) başlamışdır. O dövrün hədis alimləri Allah Rəsulundan (s.a.s.) rəvayət olunan hər şeyi orijinal qəbul edərək hamısını öyrənməyə və yazmağa çalışmışlar. Hədis və sünnə kəlmələri bəzən eyni mənada istifadə olunmuşdur. Ancaq bilməliyik ki, hədisin ehtiva etdiyi mənalar daha əhatəlidir. Hədis dedikdə əsasən, Allah Rəsulunun bir mövzu haqqında dediyi sözlər, fellər, təqriri davranışları, inanc əsasları, ibadətlər, səhabənin fəziləti, müxtəlif zərb-məsəllər, Allah Rəsulunun iştirak etdiyi qəzvələr, öncəki peyğəmbərlərin və ümmətlərin qissələri, axır zaman fitnələri, dualar, axirət, cənnət, cəhənnəm və s. kimi mövzularda nəql olunan hər şey nəzərdə tutulur. Sünnənin isə əhatə dairəsi isə nisbətən dardır. Darlıq ilə yanaşı dərinliyi də var. Sünnə: Allah Rəsulunun (s.a.s.) dini mövzularda dedikləri, feli davranışları və təqriri bəyanlarını əhatə edir. Təqriri sünnə dedikdə, səhabənin etdiyi bir iş qarşısında Allah Rəsulunun (s.a.s.) (hər hansı hərəkəti) gördüyü halda susması və ya bir şey deməməsi nəzərdə tutulur. Başqa bir ifadə ilə desək: “Sünnə dində şəriət halına gətirilib, təqib edilən metoddur, digər ifadə ilə peyğəmbər yoludur.”[3]

Müxtəlif təsniflər

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar. Məsələn: İbn Qüteybə (276/889) tabe olmaq nöqteyi-nəzərindən sünnəni üç yerə ayırmışdır. O, ilk iki hissədə tabe olunacaq sünnələrə nümunələr vermiş, üçüncü hissədəki sünnələrə tabe olmaq lazım gəlmədiyini (onlarla əməl etməyin zəruri olmadığını) bildirmişdir. O, belə demişdir: “Üçüncü qrupa aid olanlar Rəsulullahın (s.a.s.) ədəb qaydalarına aid tövsiyələridir. Əgər bunlara əməl etsək savab qazanar, tərk etsək heç bir günah qazanmarıq.”[4]

İbn Qüteybə həmçinin deyir ki, Rəsulullahın (s.a.s.) bütün etdiklərini eynilə təqlid etmək məcburiyyətində deyilik. Xüsusilə müəyyən məsələlərdə Ona (s.a.s.) tabe olmağa və təqlid etməyə ehtiyac yoxdur. Onun fikrincə, (yemək-içməklə əlaqəli xüsuslar xaric) ancaq dini məsələlərlə əlaqəli sünnələrə əməl etmək lazımdır. Əgər bir müsəlman ömrü boyu Rəsulullah (s.a.s.) yediyi halda qarpızı xurma ilə yeməsə və ya balqabaq sevdiyi halda dadına baxmasa ona sünnəyə əməl etmədi deyə bilmərik.[5]

XVIII əsrdə yaşamış böyük alimlərdən Şah Vəliyyullah Dəhləvi (1176/1762) məşhur əsərində Rəsulullahın (s.a.s.) hərəkət və davranışlarını iki cür təsnif etmişdir.

  1. Rəsulullahın (s.a.s.) peyğəmbərliyinə (risalətinə) aid hədislər. Bu hədislərlə əməl etmək lazımdır.
  2. İnsan olaraq Rəsulullahın (s.a.s.) etdikləri. Bura Rəsulullahın (s.a.s.) şəxsi təcrübələri, adət-ənənəyə, şəraitə və dövrün tələbinə uyğun etdikləri və davranışları daxildir. Bu qrupdakı xüsuslar dini məqsədlə edilmədiyi üçün bunlara tabe olmaq məcburi deyil.[6]

Sünnəni bu cür təsnif edənlərdən biri də Muhamməd ibn Tahir ibn Aşurdur[7]. İbn Aşur Rəsulullahın (s.a.s.) sünnəsini on iki kateqoriyada təsnif etmiş, ayırmışdır. Onun təsnifi belədir:

Şəri hökmlər

Rəsulullahın (s.a.s.) sünnəsinin əksər hissəsini təşkil edir. Çünki Rəsulullahın (s.a.s.) əsas məqsədi insanlara ilahi hökmləri öyrətmək idi. Məsələn: Rəsulullahın (s.a.s.) “Necə həcc edəcəyinizi məndən öyrənin.” “Mən necə namaz qılıramsa, siz də namazınızı elə qılın!” hədisləri məhz şəri hökmlərlə əlaqəli sünnələrdir. Bu sünnələrdə Rəsulullaha (s.a.s.) tabe olmaq məcburidir. Yəni bunlarla əməl etmək zəruridir.

Fətva

Rəsulullahın (s.a.s.) dini mövzularda soruşulan suallara verdiyi cavablar nəzərdə tutulur. Məsələn: Vida həccində qurban kəsmədən təraş olduğunu və ya şeytan daşlamadan qurban kəsdiyini deyənlərə Rəsulullah (s.a.s.) bunun həccə mane olmayacağını demişdir. Rəsulullahın (s.a.s.) verdiyi dini fətvalara da tabe olmaq məcburidir.

Məhkəmə

Rəsulullahın (s.a.s.) mübahisəli bir mövzu ilə əlaqəli iki tərəf arasında verdiyi hökmlər də bu qrupa aiddir. Məsələn: Həbibə binit Səhl ərindən ayrılmaq istəyir. Bunu Rəsulullaha (s.a.s.) deyir. Rəsulullah (s.a.s.) da ona ərindən aldığı bağçanı geri qaytarmaq şərtilə ərindən boşana biləcəyini bildirir.

Əslində bu üç qrupdakı hökmlər şəri hökmlər sayılır. Çünki fətva və məhkəmə əslində şəri hökmlərin tətbiqindən ibarətdir.

Dövlət başçılığı

Rəsulullahın (s.a.s.) dövlət başçısı olaraq etdikləridir. Məsələn: “Müharibədə düşməni öldürən onun əşyalarını götürə bilər.” Rəsulullah (s.a.s.) bu hədisi dövlət başçısı kimi demişdir. Buna görə də öldürülən düşmənin əşyalarını ancaq dövlət başçısının icazəsi olarsa, götürmək olar. Əks halda olmaz.

Yaxşılığa və gözəlliyə təşviq

Rəsulullahın (s.a.s.) bu cür təşviqlərinə əməl etmək məcburi deyil. Çünki bunlar təşviq mahiyyətindədir. Məsələn: Rəsulullah (s.a.s.) Əbu Zərə belə demişdir: “Kölələr Allahın sizə bir lütfüdür. Kimin xidmətində bir qardaşı varsa, ona öz yediyindən yedirsin, geydiyindən geydirsin.” Rəsulullahın (s.a.s.) bu sözü təşviq mahiyyətindədir. Buna görə də bir insanın kölələrinə yediyindən yedirməsi və geydiyindən geydirməsi məcburi deyil. Məcburi olan kölənin insan kimi yaşaması üçün lazım olan ehtiyaclarının qarşılanmasıdır.

Vasitəçilik

Bu qrupa aid hökmlər iki tərəf arasında razılıq və həll məqsədi güdür. Məsələn: Kab ibn Malik, Abdullah ibn Hədrədən borcunu istəyir. Aralarında mübahisə baş verir. Rəsulullahın (s.a.s.) yanına gəlirlər. Rəsulullah (s.a.s.) Kab ibn Malikə alacağının yarısını hədiyyə etməsini tövsiyə edir və beləcə məsələ həll olunur. Rəsulullahın (s.a.s.) bu tövsiyəsinə (vasitəçiliyinə) əsasən “Hər alacağı olan borcunun yarısını hədiyyə etməyə məcburdur” hökmünü çıxarmaq olmaz.

İstəyənlərə məsləhət vermək

Həzrət Ömər bir nəfərə döyüş atı hədiyyə edir. Bir müddət sonra at yaralanır. Həmin şəxs döyüşə yararsız olduğu üçün atı satmaq istəyir. Həzrət Ömər atın ucuz satılacağını düşünərək atı almaq fikrinə düşür. Bunu Rəsulullaha (s.a.s.) deyir. Rəsulullah (s.a.s.) da Ömərə belə məsləhət verir: “Bir dirhəmə satsa, belə həmin atı alma. Verdiyi hədiyyəni geri istəyən (sözündən dönən) qusduğunu yeyən it kimidir.” Rəsulullah (s.a.s.) bu cür alış-verişi haram olduğuna görə yox, bəyənilməyən əməl olduğuna görə məsləhət görməmişdir. Halbuki fəqehlər bu cür alış-verişin caiz olduğunu deyirlər.

Nəsihət

Fatimə binti Qeys Rəsulullahın (s.a.s.) yanına gələrək Müaviyə ibn Əbi Süfyanın və Əbu Cəhmin ona evlilik təklifi etdiklərini deyir. Rəsulullah (s.a.s.) ona belə cavab verir: “Əbu Cəhm əli dəyənəkli, Müaviyə isə əlibərkdir (xəsisdir.)” O, (s.a.s.) bu sözü ilə Fatiməyə onlarla evlənməyinin uyğun olmayacağını bildirmişdir. Ancaq Rəsulullahın (s.a.s.) bu sözündən həmin şəxslərlə ailə qurmaq ümumiyyətlə caiz deyil hökmü çıxarıla bilməz. Bu söz sadəcə nəsihət mahiyyəti daşıyır.

İnsanları mükəmmələ istiqamətləndirmək

Rəsulullahın (s.a.s.) əmr və qadağalarının əksəriyyəti səhabələri ən yaxşı və mükəmməl olana yönəltmək məqsədi daşıyırdı. Bu cür əmr və qadağalar səhabələr üçün birbaşa əmr sayılırdı. Ona görə də bütün İslam ümmətinin həmin əmr və qadağalara tabe olmasından söhbət gedə bilməz. Əgər bu cür əmr və qadağalar fərz və ya haram kimi qəbul edilərsə, ümmət bir çox çətinliklərlə üzləşər. Məsələn: Rəsulullah (s.a.s.) səhabələrinə xəstə ziyarətini, cənazə aparanlara qoşulmağı, asqırana “yərhəmükəllah” deməyi, salamı yaymağı və çağırılan yerə getməyi əmr etmişdir. Əgər bu əmrlər fərz kimi qəbul edilsə, müsəlmanlar üçün çox ağır olar. Məhz buna görə İslam alimləri bu əmrlərin fərz olmadığını xüsusi vurğulamışlar.

Uca həqiqətləri təlqin

Rəsulullah (s.a.s.) sədəqənin əhəmiyyət və fəzilətini bildirmək üçün Əbu Zər əl-Ğifariyə belə demişdir: “Uhud dağı qədər qızılım olsa, üç dinarım qalana qədər hamısını sədəqə verərəm.” Əbu Zər də bu sözü bütün ümmətə aid edərək mal və pul yığmağı qadağan etmişdi. Həzrət Osman isə onun bu düşüncəsinin doğru olmadığını demiş və etirazını bildirmişdir. Həqiqətən də bu hədisdən Əbu Zərin gəldiyi qənaəti çıxarmaq olmaz.

Təhdid və qınamaq

Rəsulullah (s.a.s.) təhdid və xəbərdarlıq məqsədli müəyyən mübaliğələrdən istifadə etmişdir. Bu cür hədislərin zahiri mənalarına baxmaq doğru deyil. Məsələn: Rəsulullah (s.a.s.) bir hədisində camaat namazına gəlməyənlərin evlərini yandırmaq istədiyini bildirmişdir. Bunu həqiqi mənada anlamaq yanlışdır. Məqsəd camaat namazına gəlməkdə tənbəllik edən müsəlmanlara xəbərdarlıq etmək və ya onları qınamaqdır.

Yaradılışa və maddi ehtiyaclara uyğunluq

Rəsulullahın (s.a.s.) insan olaraq etdiyi bütün hərəkət və davranışlar bu qrupa aiddir. Həmin davranışların məqsədi dini hökm qoymaq və müsəlmanlardan bunlara tabe olmasını istəmək deyil. Rəsulullahın (s.a.s.) insan olaraq yaradılışa uyğun etdikləri ümmətə şamil edilmir yəni ümmət bunları etmək məcburiyyətində deyil. Bu, fiqh üsulunda bir qaydadır.

Rəsulullahın (s.a.s.) yeyib-içmə şəkli, yediyi qidaların növü, geyim-kecimi, yolda yeriməsi, miniyə minməsi, səhər namazından sonra sağ tərəfinə uzanaraq yatması, Bədir döyüşündə ordunun yerini təyin etməsi, ağacları tozlandırmaqla əlaqəli məsləhətləri və s. bu qrupa aiddir. Bunların heç biri dini mahiyyət daşımadığına görə, müsəlmanlar bu xüsuslarda Rəsulullah (s.a.s.) kimi davranmağa məcbur deyil.[8]

Rəsulullahın (s.a.s.) sünnəsinin əsas hissəsi şəri hökmlərlə əlaqəlidir və müsəlmanlar bu hökmlərə tabe olmalıdırlar. Bu o demək deyil ki, bütün Sünnəyə olduğu kimi tabe olmaq lazımdır. Verilən nümunələr də bunu göstərir. Sünnəyə əməl etmək Rəsulullahdan (s.a.s.) gələn hər şeyi, təsnif etmədən, zahiri mənada anlayaraq olduğu kimi (robotvari) təqlid etmək deyil. Bunu müsəlman aləmində görə də bilmərik. Əfsuslar olsun ki, bu gün bəzi müsəlmanlar tabe olmaq yönündən fərqlilikləri olan Sünnəni heç bir ayrıseçkilik etmədən qəbul edirlər. Onlar bu düşüncədən hərəkətlə Rəsulullahın (s.a.s.) etdiyi hər şeyi eynilə təqlid etməyin “Sünnə” olduğunu düşünürlər. Bu “Sünnə” anlayışı xüsusilə gündəlik həyatda müxtəlif şəkillərdə özünü göstərir: sarıq taxmaq, ərəblərin geyindiyi kimi uzun geyinmək, yerdə oturaraq yemək yemək, yeməyi əl ilə yemək, məscidlərdə xalçaları götürərək torpağa səcdə etmək və s.[9]  Əfsus ki, bəzi müsəlmanlar sünnəni bu cür anlayır və belə yaşamağı “sünnə” sayırlar.

Sünnə və ya peyğəbər yolu Allah Rəsulun (s.ə.s) məsələlərə yanaşma metodudur. Bütün dövrlərdə yaşayan müsəlmanlar Allah Rəsulun (s.ə.s) tətbiqini özləri üçün rəhbər almalıdırlar. İnanc və ibadətlə əlaqədar olan Sünnə heç bir dəyişiklik edilmədən olduğu kimi yaşanmalıdır. Hətta bunlarda edilən dəyişiklik bidət sayılır. Allah Rəsulunun (s.ə.s) 1400 il öncə yaşadığı dövrün və cəmiyyətin həyat tərzi və şərtlərinə görə davranışlarının bəzisi bu gün də tətbiq oluna bilər. Ancaq bəzisi öz dövrünü tamamlamışdır. Bu gün dövrün şərtlərinə görə davranmaq məcburiyyətindəyik. Əgər zəmanənin tələblərini nəzərə almasaq cəmiyyət içərisində tutuna bilməz, dünyaya inteqrasiya edə bilmərik. İşin əhli olan şəxslər inananlar bu xüsusda yol göstərməli, Allah Rəsulunun sünnəsini doğru tətbiq etməlidirlər.


[1] “Biz Səni aləmlərə rəhmət olaraq göndərdik (Ənbiya surəsi 21/107)
[2] “Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.” (Əhzab surəsi, 33/21)
[3] Bu tərif son dövrlərin  məşhur hədis alimi Abdulfəttah Əbu Ğuddə (v.t. 1997) aiddir. Z. GÜlər, N. Abuzərov, Hədis elmi, Bakı 2013, səh. 10
[4] İbn Qüteybə, Hadis müdafası (Təvilu müxtəliful hədis), s. 308-312.
[5] İbn Qüteybə, e.a.ə., s. 121.
[6] Şah Vəliyyullah Dəhləvi, Huccetullahil-baliğa, I, s. 371-373.
[7] İbn Aşur olarak bilinən, Muhamməd ət-Tahir ibn Muhamməd ibn Muhamməd ət-Tahir ət-Tunisi (1879-1973), Tunuslu elm və fikir adamı, müfəssir, fəqih, ərəb dili və ədəbiyatı alimidir.
[8] Muhammed ibn Tahir ibn Aşur, İslam hukuk felsefesi, s. 47-65; Hayri Kırbaşoğlu, İslam düşüncesinde sünnet, s. 66-69.
[9] Hayri Kırbaşoğlu, İslam düşüncesinde sünnet, s. 73.