9. 678 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Şükür qurbanları hansılardır? Nəzir qurbanı kəsən şəxs onun ətindən yeyə bilərmi?

Qurban keçmişdən bugünədək bütün dinlərdə, o cümlədən İslamiyyətdə özünəməxsus yeri olan mühüm bir ibadətdir. Allaha yaxınlaşdıran vasitə mənasına gələn qurban dini termin kimi “ibadət məqsədi ilə müəyyən vaxtda və müəyyən əlamətlərə malik bir heyvanı kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir. Fiqh kitablarında isə qurban niyyəti ilə kəsilən müəyyən heyvanlara “udhiyyə” deyilir.

Qurban bayramı günlərində kəsilən qurbandan başqa, ibadət niyyəti ilə kəsilən qurbanlar da vardır. Məsələn, nəzir qurbanı, nəsiqə (övlad sahibi olan insanların kəsdiyi) qurbanı, qıran və təməttü həccini edənlərin kəsdiyi şükür qurbanı, həcdə ehram qadağalarına riayət etməyənlərin kəsdiyi cəza və kəffarə qurbanı. Həcc ziyarətində olanların kəsdiyi qurbanların hamısına “hədy” qurbanı deyilir. Sualda keçən şükür qurbanına gəldikdə isə, bunlar daha çox nəzir qurbanı kimi kəsilən qurbanlardır. “Filan işim baş tutsa”, “Oğlum əsgərlikdən sağ-salamat gəlsə”, “Bu evi alsam” kimi şərtlərlə Allah üçün kəsilən qurbanlardır. Ancaq heç bir səbəb olmadan sırf Allah rizası üçün kəsilən nafilə qurbanlar da vardır.

Nafilə qurbanlar fərz və ya vacib olmadığı halda, sırf Allah rizası üçün və ya Allahın lütf etdiyi bir nemətə şükür məqsədilə kəsilən qurbanlara deyilir. Bunlar da nəsiqə qurbanı və ya bir mərhumun adından kəsilən qurbanlar kimi, bir neçə növə bölünür. Nəsiqə doğulan uşaq üçün yeddinci gün kəsilən heyvanın adıdır.

Bir yaxşılıq edənə təşəkkür, nemət verən Allaha şükür etmə duyğusu – nankor olmayan – hər bir insanda vardır və olmalıdır da. Buna binaən insanlar bir ev, maşın alanda və ya gözəl bir iş baş tutanda sevinclərini izhar edərək Allaha şükür niyyəti ilə qurban kəsirlər. Bu və bu kimi düşüncələrlə kəsilən qurbana da “şükür qurbanı” deyilir. Bu baxımdan şükür qurbanı üçün konkret vaxt təyin etmək olmaz. Hər hansı şərtlə bağlı olmadan kəsildiyi üçün də nafilə sayılır. “Uşağım olsa, qurban kəsəcəyəm”,‒ deyə niyyət edən adamın qurban kəsməsi vacib, uşağı dünyaya gələndə nəsiqə qurbanı kəsən şəxsin qurbanı isə nafilədir. Birinci şəxsin kəsdiyi qurbanın ətindən özü, övladları, ata-anası, babası-nənəsi yeyə bilməz, ikinci şəxs üçün isə belə qadağalar yoxdur.

Xülasə, nəzir qurbanının ətindən və mərhumun vəsiyyəti ilə onun malından kəsilən qurbanın ətindən nəzir edən şəxs, mərhumun varisləri, himayəsində olanlar yeyə bilməzlər. Yesələr, yedikləri ətin dəyərində kasıblara sədəqə verməlidirlər. Vəfat etmiş insanın adından nafilə niyyəti ilə kəsilən qurbanın ətindən həm qurban kəsən, həm də onun himayəsində olanlar yeyə bilər, amma paylamaq daha gözəl davranışdır.



Açar sözləri

qurban şükür qurbanı

Bənzər məqalələr

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.

Qurban ibadətinin tarixi

Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.

Qurban kəsməyin hökmü

Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.

Qurban nə deməkdir?

Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir.

Qurbanın əti və digər hissələri ilə bağlı hökmlər

İslam alimlərinin əksəriyyətinə görə, qurban ətini üç hissəyə bölmək müstəhəbdir.


Şərh yaz