- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Şükür nədir?

Şükür kəlməsi edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür və razılıq mənalarındadır. Şükrə bir çox təriflər verilib. Həmin təriflərdən bəziləri belədir:

Şükür verilən neməti etiraf etmək və  ehsan edəni ehsanını anaraq mədh etməkdir.

Şükür nemətlərin birbaşa və yalnız Allahdan gəldiyini bilmək, o nemətlərin dəyərini təqdir etmək və o nemətlərə ehtiyacı hiss etməkdir.

“Şükrü insana bəxş edilən duyğu, düşüncə, bədən üzvləri və ruhun lətifələrindən yaradılışın məqsəd və qayəsinə uyğun şəkildə istifadə etmək kimi təqdim etmək mümkündür ki, bunu da qəlb və dillə yanaşı, bədənin bütün üzvləri ilə etmək olar.”[1]

Şükür Allaha lütf etdiyi nemətlərə görə təşəkkür etməkdir. Təşəkkür ümumidir, ya dil, ya qəlb, ya da davranışla edilir.

Dil ilə şükür

Bütün lütf və nemətlərin həqiqi sahibinin Allah olduğunu bilmək və bunu etiraf etmək dilin şükrüdür. Bəli, bütün yaxşılıq, xeyir və gözəllikləri nəsib edən, əvvəldən axıra səbəbləri yaradan və münasib vaxtda onları xəlq edən Allahdır. Nemətləri insan üçün yaradan və vaxtı çatanda səmavi süfrələr kimi önünə sərən Allahdır. Buna görə də təşəkkür və minnətdarlıq Onun haqqıdır. Xaliqi görməzlikdən gələrək səbəblərə yönəlmək, onlara təşəkkür etmək ayağımıza qədər gətirilən süfrəni hazırlayanı və necə hazırlanmasını görməyərək onu gətirən “ofisianta” bəxşiş vermək kimidir. “Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.”[2] Səbəblərə baxaraq irəlini görə bilməyən və səbəblərə təşəkkür edənlər həqiqi səbəbkarı görə bilmədikləri üçün cahildirlər.

Qəlb ilə şükür

Maddi-mənəvi bütün nemətləri və onlardan istifadəni Allahdan bilmək, həyatı buna uyğun yaşamaq qəlbin şükrüdür. Bu həm də dil və bədənlə edilən şükrün də əsasıdır. (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?”[3] ayəsi qəlb ilə şükrün keyfiyyəti haqdadır. “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.”[4] ayəsi isə şükrün sonsuz olduğunu bildirir. Yəni insan nə qədər şükür etsə azdır.

Bədən ilə şükür

Bədən ilə şükür əslində orqanların şükrüdür. Bədənin hər üzvünü yaradılış qayəsi istiqamətində işlətmək və ona xas vəzifələri yerinə yetirməkdir.

Bəzi Allah dostları dilin şükrünün ərvadu-əzkar, qəlbin şükrünün istiqamət (haqq yolda olmaq), orqanların şükrünün isə ibadət və itaət olduğunu deyirlər. İman və ibadətlə yaxınlığına görə, şükrü imanın yarısı kimi görüb və səbirlə eyni tutanlar da olmuşdur.

Quranda şükür

Uca Allah Quranda bir çox yerdə şükür etməyin əhəmiyyətinə diqqət çəkmişdir: “…bəlkə, şükür edəsiniz.”[5]“Allah şükür edənlərə mükafat verər.”[6]

Allah bir ayədə şükür edənlərə mükafat vəd etmiş, nankorları isə cəzalandıracağını bildirmişdir:

Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.”[7]

Həmçinin Uca Allah Quranda Şakur olduğunu bildirmiş7 və bütün nemətlərin mənbəyinə gedən yolun şükürdən keçdiyinə diqqət çəkmişdir. Bu yolun yolcularından Həzrət İbrahimi: “O, Allahın nemətlərinə şükür edən idi.”[8] Həzrət Nuhu: “Həqiqətən, o (Nuh Allahın nemətlərinə) çox şükür edən bir bəndə idi!”[9] ayələri ilə nümunə göstərmişdir.

Hədislərdə şükür

Şükür əhəmiyyətli bir əməl, qiymətli bir sərmayədir. Quranda haqqıyla şükür edənlərin az olduğuna da diqqət çəkilir: “Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!”[10] Rəsulullah (s.ə.s.) kimi “Rəbbimə çox şükür edən bir bəndə olmayım?”[11] deyərək ömür boyu şükür düşüncəsilə yaşayanlar da olmuşdur. Ancaq bunların sayı çox azdır.

Rəsulullah (s.ə.s.) həqiqətən şükür qəhrəmanı idi. O (s.ə.s.), hər halında şükür edər və səhabələrinə də bunu tövsiyə edərdi. Səhər-axşam “Allahım! Səni anmaq, Sənə şükür etmək və Sənə ən gözəl şəkildə ibadət etmək üçün mənə kömək ol!”[12] − deyə dua edərdi. Bu dua nemət verənə qarşı minnətdarlıq və təşəkkürün, Ona yönəlməyin, bütün lütfləri ondan bilməyin ifadəsidir.

Həqiqi şükür

Bəzi insanlar ruziyə, ailə və ev-eşiyə, bəziləri bunlarla yanaşı sağlamlığa və salamatçılığa (rahatlığa), bəziləri bir addım irəli gedərək imana, irfana, mənəvi zövqlərə və itminana, bəziləri isə həmd düşüncəsinə görə şükür edir. Sonuncu şəkildə şükür edənlər acizliklərini sərmayə kimi istifadə edərək əməlisalehlərlə olsalar həqiqi şükür edənlərdən olarlar. Nəql olunur ki,

Davud (ə.) Uca Allaha: “Ey Rəbbim! Sənin şükrünü necə əda edə bilərəm?! Sənə şükür edə bildiyim üçün şükür etməliyəm. Bu da ayrı nemətdir.” – deyincə Uca Allah: “Bax, indi həqiqi şükür etdin.” – buyurur.[13]

Nemətlərin mənbəyini Allahdan bilmək və bunları verənə haqqı ilə təşəkkür etmək həqiqi şükürdür. İslam insandan nemətlərin həqiqi sahibini bilməyi və Ona yönəlməsini istəyir. Bəli, Allahın üzərimizdəki lütfləri iman işığı ilə İslamın əmrlərini yaşayarkən daha da gözəlləşir. Beləcə insan acizliyinə və gücsüzlüyünə baxmayaraq bu nemətlərin Allah tərəfindən lütf edildiyini dərk edir. Nəticədə həmin nemətləri lütf edən Allaha həmişə həmd etmək istəyir. “Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!”[14]

Əslinə hər insanda nemətə və neməti verənə pərəstiş hissi var. Ancaq bu hissi kəşf edib lazımi istiqamətə yönləndirənə qədər insan başından aşağı yağan lütfləri görə bilməz. Əksinə onları çox vaxt səbəblərlə əlaqələndirməyə çalışar. Ətrafdakı nemətləri görməmək korluq sayıldığı kimi, lütfləri səbəblərə həvalə etmək də korluqdur. “Aza şükür etməyən çoxa da şükür etməz”[15] “İnsanlara təşəkkür etməyən Allaha da şükür etməz”[16] hədisləri mütləq şükür haqqındadır.

Mənə şükür edin, Məni danmayın!”[17] və “Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız.”[18] ayələri şükrün həqiqi tövhidlə əlaqəsini bildirir.

Həmd və şükür arasındakı fərq

Dilimizdə çox vaxt şükür etmək və həmd etmək bir-birinə sinonim, hətta bir-birinin əvəzləyicisi kimi işlədilir. Düzdür, dilçilik elminə görə, sinonim sözlər çox vaxt bir-birini əvəz edə bilir, lakin heç də həmişə yox. Bu baxımdan şükürlə həmd arasında nə qədər mənaca yaxınlıq olsa da, mahiyyətcə bir o qədər fərq vardır.

Həmd “Allahın verdiyi nemətləri dərk etmək və Ona təşəkkür etmək”lə yanaşı, “O həmd edilməyə layiq və bütün ehsanın mənbəyidir”lə “Ona ərzi-şükür etmək” mənalarını daşıyır. Həmddə Onun bizə ehsan və nemət verib-verməməsi nəzərə alınmır, əsas olan Onun belə bir həmdə layiq olmasıdır. Dolayısilə, Allah-Təalanın böyüklük və lütfünə qarşı şükür və mədh hissini ərz etmək həmddir.

Mənəvi şükür

Qənaətkarlıq verilən nemətləri dərk etməklə Allahın rəhmət xəzinəsinə bir ehtiram, eyni zamanda nemətin ləzzətini hiss etdirdiyinə görə öz-özlüyündə mənəvi şükürdür.

İsrafın şükrə əks olduğunu vurğulayan İslam alimləri qeyd edir ki, Rəhmli Xaliq bəşər övladına verdiyi nemətlərin əvəzində şükür istəyir. İsraf isə şükrə ziddir, nankorluqdur. Qənaət isə nemətə ehtiramdır. İsrafdan çəkinmək və oruc mənəvi şükür olduğu kimi, müsibət və yoxsulluq zamanı insanın göstərdiyi səbir də mənəvi şükür və qulluq mahiyyətini daşıyır. “Müsibət zamanı edilən şükür müsibətin hər saatını bir günlük ibadətə çevirir. Çünki bu cür ibadətə riya qarışmır.” Müsibət və xəstəlik zamanı Allah-Təalaya şükür etmək nemət və səhhətin dəyərini dərk etdirən ən səmimi qulluqdur.

Buna görə də bəzi İslam alimləri sufilərin “tərki-dünya” anlayışına qarşı “şükrü-mütləq” prinsipini irəli sürür. Onlar dünya nemətlərini tərk etməyi deyil, İlahi nemətlərin əsl Sahibini tanımağı və Allahın lütfləri barəsində düşünməyi insan üçün daha faydalı və doğru hesab edir. Ruhu bədəninə, qəlbi nəfsinə, ağlı mədəsinə hakim olan və ləzzəti sırf şükür etmək məqsədilə istəyən insanlar ləziz təamları seçirlər. Çünki sırf şükür etmək məqsədilə ləzzətli yeməkləri seçmək və istəmək də öz növbəsində mənəvi şükürdür. Deməli, ləzzətlər insan üçündür, buna görə də insan israfa yol verməməli, yalnız nemətlərin əsl sahibinə şükür vəzifəsini yerinə yetirməlidir.


[1] İbn Hacər, Fəthül Bari, XI, 106; Alusi, Ruhul-Məani, IV, 240.
[2] Rum, 30/7.
[3] Loğman, 31/20.
[4] İbrahim, 14/34.
[5] Bəqərə, 2/52.
[6] Ali İmran, 3/144.
[7] İbrahim, 14/7.
[8] Nəhl, 16/121.
[9] İsra, 17/3.
[10] Səbə, 34/13.
[11] Buxari, Təhəccüd, 6; Müslim, Münafiqin, 79-81; Tirmizi, Salət, 187.
[12] Nəsai, Səhv, 60.
[13] İbn Əbid-Dünya, Kitabüş-şükr s. 7; İbn Əbi Asım, Kitabüz-zühd I, 72; Beyhəqi, Şuabul-iman, IV, 100-101.
[14] Duha, 93/11.
[15] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 278, 375.
[16] Əbu Davud, Ədəb, 11; Tirmizi, Birr, 35; Əhməd ibn Hənbəl, Müsnəd, II, 258, 295, 388, III, 32, 74.
[17] Bəqərə, 2/152.
[18] Ənkəbut, 29/17.