1. 011 dəfə oxunub ,   0 şərh   Çap et

Əlbəttə, könül istər ki, Allah Rəsulunun (s.ə.s.) əngin həyatından ayrılmasın. Ancaq hər şeyin bir sonu var. Ümid edirəm ki, məqsəd hasil olmuş, əsər istifadəyə vəsilə olmuşdur. Bundan sonrası üçün bir qayə arzu edilir: oxuyub mənimsədiyimiz Rəsulullah dünyasını hərəkət və davranışlarımızı istiqamətləndirən yeganə qiblənüma kimi hər an görə bilmək. Bu da ancaq Onun əmanət etdiyi bayrağı günəşin doğub batdığı hər bir guşəyə, hər bir evə, yer üzündəki hər bir çadıra çatdırmağa səy göstərməklə, heç olmasa, bu səyi göstərənlərlə birlikdə olma əzmini ortaya qoymaqla mümkündür. Mövzunu bitirərkən bir neçə məqamı sizinlə bölüşmək lüzumunu görürəm.

Əvvəla, birinci cilddən fərqli olaraq bu kitabda daha az qeydlə, istinadla qarşılaşdığınızı, yəqin ki, hiss etmisiniz. Əslində, buna məcbur olduq. Çünki Mədinə dövründə baş verən hadisələr çox, səhifələr məhduddu.

Birinci cildin ön sözündə də bildirildiyi kimi, kitab yazılarkən əsas, fundamental  qaynaqlardan istifadə edilmişdir və mütəxəsislərin bu mənbələri əldə etməsi o qədər də çətin deyildir. Mənbələri əldə etmə imkanı olmayan böyük əksəriyyət üçün isə qeyddən daha çox məlumat, bilgi əldə etmək vacibdir. Seçim qarşısında qaldıq və daha çox məlumata yer verməklə əksəriyyətin tələbat və arzusunu nəzərə almağı daha uyğun gördük. Mütəxəsislər üçün də (onlardan üzr istəyərək) istifadə olunmuş mənbələri ehtiva edən ədəbiyyatı kitabın sonunda veririk.

Əlbəttə, ixtisar təkcə qeydləri əhatə etmir. Zəngin bir həyatı iki cildə sığışdırmaq, təbii ki, mümkün deyildir. Buna görə də bəzi hadisələri də ya xülasə şəklində, ya da bir neçə cümlə ilə vermək məcburuyyətində qaldıq. Hətta bəzilərini, – könül istəməsə də, – kitabdan tamamilə ixtisar etdik. Məsələn, Allah Rəsulunun (s.ə.s.) müxtəlif hadisələrlə bağlı göstərdiyi möcüzələrdən “başqa bir əsərin mövzusu olar” düşüncəsi ilə qısa şəkildə bəhs etdik.

Allah Rəsulunun insanların könlündə İslam taxtını qurmaq naminə göstərdiyi səyləri və dindar və ya müşrik həmsöhbətləri ilə münasibətlərini, – eyni səbəbdən – əksəriyyət etibarilə ixtisarla verdik.

Allah Rəsulunun baş verən hadisələrdə ikinci dərəcəli rol oynayan insanlarla davranışında ortaya çıxan və bu gün pedaqoqika baxımından ehtiyac duyduğumuz  metodoloji yanaşmaları da, yenə başqa bir əsərə həvalə etmək məcbur olduq.

İnanırıq ki, bu gün qarşımıza çıxan və az qala hər bir cəmiyyətdə gözlənilən nəbəvi dəyişikliyə qatqısı baxımından, Siyər ənənəsində o qədər görə bilmədiyimiz və hədis külliyyatında dağınıq şəkildə olan bəzi bilgilər ancaq siyər ənənəsi ilə birlikdə verildikdə məsələ daha anlaşıqlı və aydın olacaq. Məhz bu bilgilərin yaxın bəhslərdə şərh olunması yenə başqa bir tədqiqata həvalə edildi.

Düşündüyümüz, amma kitabın həcminə sığışdıra bilmədiyimiz mövzular təkcə bunlardan ibarət deyildir. Allah Rəsulunun yemə-içmə məsələsində həssaslığı, alış-verişdə rəhbərliyi, bir məktəbə çevrilən ailə həyatı, kərəm və səxavəti, qonşuluq münasibətləri, şəfqət və mərhəməti, zühd və təqvası, həlimliyi, səbir və səbatı, şücaət və qəhrəmanlığı, təvazökarlığı və hərtərəfli ibadəti ilə ortaya qoyduğu ənginliklər kimi neçə-neçə xüsuslardan da başqa bir kitabın mövzusu olar düşüncəsi ilə burada, demək olar ki, bəhs olunmadı.

Onun həyatını cildlərlə kitaba sığışdırmaq, onsuz da, mümkün deyil. Bütün bunlar Allah Rəsulunun mümtaz həyatını yenidən və daha əhatəli bir şəkildə araşdırmağın nə qədər vacib olduğunu göstərir.

Onsuz da bizim işimiz Allah Rəsulunun həyatını hadisələrin dili ilə təsvir etməyə çalışmaqdan ibarətdir. Onun dünyasını izah və təhlillərlə uzun-uzadı çağdaş insana çatdırmaq da başqa bir mövzudur. Ümid edirəm ki, bütün bu çatışmazlıqlar əhli-hamiyyətin* (*Əhli-hamiyyətin: Müqəddəsatı və millətin hüquqlarını, namus və şərəfi qorumaq xüsuslarında göstərilən səy və cəhd xüsusiyyəti. İman, İslamiyyət və Allah Rəsulunun (s.ə.s.) sünnətini, din və mücahidə qardaşlarını mühafizə və müdafiə etmək səyi.) qeyrət və  şövqünü cana gətirər və günlərin bir günü (inşallah) arzu edilən əsər də ərsəyə gələr.

Digər tərəfdən, Onun dünyasını təsvir edərkən ortaya çıxan bütün bu çatışmazlıqlar və mövzunun dərinliyindən qaynaqlanan sözügedən xüsuslar işə yenidən başlamaq üçün insanda böyük həvəs oyadır. Belə bir əsərin ortaya qoyulması isə, əlbəttə, nəbzi eyni eşq və şövqlə döyünən şəxslərin çiyin-çiyinə verməsinin nəticəsidir. Kim bilir, bəlkə, bir gün bu röya da həqiqətə çevrilər.

Qısaca desək, hər cür qüsur və nöqsanların bəndənizə aid olduğunu bu başdan qəbul etməklə bərabər, bütün xoş niyyətlərimizə və göstərilən səylərə baxmayaraq, ortaya çıxan xətalara görə, başda Allah Rəsulu və qəlbini Onun sevgisi ilə doldurmuş həssas insanlar olmaqla hər kəsin əfv etməsini istəyir, bu qədər günahın altında əzilməmək üçün də xeyir-dualarınızı əsirgəməməyinizi diləyirəm.

 Rəşid  Haylamaz




Şərh yaz