- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Sol əl ilə yemək haramdır?

Sual: Dinimizə görə, anadangəlmə solaxay insan sol əli ilə yemək yeyə bilərmi?

Sol əli ilə yazı yazan, tikiş tikən, müəyyən fiziki işləri görən insanlarla qarşılaşdıqda təəccüblənirik. Mütəxəssislərə görə, solaxaylıq ya anadangəlmə olur, ya da sonradan öyrənilir və vərdişə çevrilir. Bəzi tədqiqatçılara görə, solaxaylığın səbəblərindən biri, beynin sağ yarım kürəsinin daha aktiv olmasıdır. Bu fikirlər, sadəcə fərziyələrdir. Solaxaylığın necə əmələ gəldiyi və nədən qaynaqlandığı tibb elminə hələ tam məlum deyil.

Sağ əl ilə yemək haqqında Allah Rəsulundan (s.ə.s) nəql olunan hədislərdən bəziləri belədir:

Ömər ibn Əbu Sələmə[1] (r.a.) nəql edir ki, uşaqlığım Rəsulullahın (s.ə.s) yanında keçib. Yemək yeyərkən, əlim qabın hər tərəfinə uzanırdı. Bunu görən Rəsulullah (s.ə.s) məni tənbehləyərək: “Oğlum! Yeməyə başlarkən Allahın adını çək, sağ əlinlə və önündən ye!” – dedi. Bundan sonra həmişə sağ əlimlə yedim.[2]

“Sol əlinizlə yeyib-içməyin. Çünki șeytan sol əli ilə yeyib- içir.”[3]

Müslimdə Nafidən belə bir əlavə də var: “Hamınız sağ əlinizlə yeyin, sağ əlinizlə için, sağ əlinizlə alın, sağ əlinizlə verin. Çünki şeytan sol əliylə yeyər, sol əliylə içər, sol əliylə verər, sol əliylə alar.”[4]

Allah Rəsulunun (s.ə.s) həyatına nəzər salanda görürük ki, O, dəstəmaz alanda, yemək yeyəndə sağ əlindən, tualet təmizliyində və digər təmiz olmayan işlərdə isə, sol əlindən istifadə edərdi. Hz. Hafsa (r.anha) deyir ki: “Rəsulullah (s.ə.s) yeyib-içərkən, paltar geyinib-soyunarkən sağ əlindən, digər işlərdə isə sol əlindən istifadə edərdi.”[5]

Dinimizə görə, sağ əl ilə yemək ədəbdir. Rəsulullahdan (s.ə.s) nəql olunan yuxarıdakı hədislərdə də sağ əl ilə yemək tövsiyə olunmuşdur.

Sağ əl ilə yemək yeməyin hökmü haqqında bir neçə görüş var. Hənəfi və Şafei  məzhəbi alimlərinin əksəriyyətinə görə sağ əl ilə yemək yemə məndubdur. İmam Qəzali və İmam Nəvəvi də eyni görüşdədir.[6] Allah Rəsulunun (s.ə.s) sağ əli ilə çörək tutub, sol əli ilə qarpız yediyi bildirilir.

İmam Şafei “ər-Risalə” və “əl-Ümm” adlı əsərlərində, sağ əl ilə yeməyin vacib olduğunu bildirmişdir. İbn Ərəbi: “Şeytana nisbət edilən bütün əməllər haramdır.” qaydasına əsasən  sol əl ilə yemənin haram olduğuna bildirmişdir.

Maliki məzhəbindən İmam Qurtubiyə görə də sağ əl ilə yemək məndubdur. Ona görə, hədislərdəki sağ əl ilə yemək haqqındakı əmr sağ ələ üstünlük vermək mənasındadır. “Çünki sağ əl ümumiyyətlə soldan daha qüvvətli, işə daha yatqındır. İnsan sağ əli ilə daha cəld reaksiya verir. Ərəb dilində sağ “yəmin” kəlməsi, “yümn” “uğur” kəlməsindən törəmişdir. Allah-Təala da Cənnət əhlini sağa nisbət edərək “əshabul-yəmin” “dəftəri sağından verilənlər” demiş və sağı üstün tutmuşdur.”[7]

Sol əl ilə yemək yemək mütləq mənada haram deyildir. Ancaq sağ əl ilə yemək Rəsulullahın (s.ə.s) sünnəsidir. Bu mövzuda Onun (s.ə.s) çox həssas davrandığını görürük. Buna görə, sağ əl ilə yemək məsələsinə biz də həssas yanaşmalıyıq.

Solaxay insanın tədricən sağ əli ilə yeməyə vərdiş etməsi mümkündür və bu, o qədər də çətin proses deyil. Dost-tanışlardan sol əl ilə yeyən birini gördükdə həmən sağ əli yeməsini üçün təzyiq etməməliyik. Üslubu qoruyaraq və mübahisə etmədən öncə bunun əhəmiyyətini izah etməli və bir az da dəyişməsi üçün möhlət verərək sağ əl ilə yeməsinə çalışmalıyıq.

[1] Ömər ibn Əbu Sələmə Peyğəmbərimizin həyat yoldaşı Ümmü Sələmə anamızın (r.anha) oğludur. Atası Əbu Sələmə (r.a) (əsl adı Abdullah ibn Abduləsəddir) Rəsulullahın (s.ə.s) bibisi oğlu olub, ilk müsəlmanlardan idi. Atası vəfat etdikdən sonra anası Allah Rəsulu (s.ə.s) Ümmü Sələmə ilə evlənmişdir. İbn Abdil-Bərr bildirir ki, Rəsulullah vəfat edərkən Ömər doqquz yaşında idi.

[2] Buxari, Ətimə 2, 3; Müslim, Əşribə 108; Malik, Müvatta, Sıfatun-Nəbiyy 32; Əbu Davud, Ətimə 20.

[3] Müslim, Əşribə 106; Müvatta, Sıfatun-Nəbiyy 5; Əbu Davud, Ətimə 20.

[4] Müslim, Əşribə 106.

[5] Əbu Davud, Təharət 18.

[6] Təcridi Sarih tərcümə və şərhi, Təam Bahsi.

[7] İbrahim Canan, Kütübi-sittə, “Yemek ne suretle yenmelidir” bəhsi