1. 614 dəfə oxunub ,   0 şərh   Çap et

Gündəlik həyatda insanlar bir araya gəlir, danışır, müxtəlif mövzularda müzakirələr  və söhbətlər edərək xoş vaxt keçirirlər. Möminlər də bir araya gələndə dünya və axirət həyatı üçün faydalı mövzular haqqında söhbətlər edirlər. Və ya dini elmlərdə məlumatlı olan şəxs bir mövzu ətrafında söhbət edir, danışır, digərləri də onu dinləyir. Birinci ilə ikinci söhbət qrupu arasında necə bir fərqlilik var? Söhbət nədir? Bir araya gələrək söhbət etmək bizə nə qazandırır? Söhbətin faydalı olması üçün söhbət edən və dinləyici nələrə diqqət etməlidir? Faydalı söhbətin mövzusu və ədəbi necə olmalıdır?

Söhbət nədir?

Söhbət kəlməsi ərəbcə “az müddətdə də olsa birlikdə olmaq” deməkdir. Eyni zamanda “dostlaşıb ünsiyyət qurmaq; həm cismən, həm də səmimiyyətlə ürəkdən birgəlik halı; dini və ya dünyəvi mövzuların danışıldığı məclis” mənaları da vardır. Quranı Kərimdə yaxın mənalı söz kimi həzrət Əbu Bəkir üçün “Allah Rəsulunun (s.ə.s) sahibi (yoldaşı)” ifadəsi işlədilmişdir. (Tövbə 9/40).

Rəsulullahın söhbətində iştirak edən müsəlmanlar da “əshab” və “səhabə” adlandırılmışdır. Həmin seçkin insanlar Allah Rəsulunun söhbətləri sayəsində  səhabə olmuşlar. Onun (s.ə.s) bu metodundan nisbi planda daha sonrakı dövrlərdə haqq dostları  istifadə etmiş, insanların dini maariflənməsinə cəhd etmişlər.

Allah Rəsulu bir hədisində: “Din nəsihətdir” buyurur. (Müslim, İman, I, 74.)

Nəsihət “öyüd vermək, yaxşı və xeyirli işlərə dəvət etmək, pis və şər olan şeylərdən çəkindirmək, bir işi sadəcə Allah rizası üçün görmək, sökülən paltarı tikmək, balı mumundan süzüb ayırmaq” kimi müxtəlif mənalara gəlir. Nəsihət xeyirxahlıqdır. Başqasının faydası üçün çalışmaqdır. Bu mənada söhbət də nəsihətdir. Yetər ki, edilən söhbət dinləyəni xeyrə sövq etsin, ona yeni üfüqlər göstərsin.

Mənəvi inkişaf yolu kimi söhbət və xidmət

Allah dostları söhbət və xidmət kəlmələrini birlikdə istifadə etmişlər. Bəli, mənəvi inkişafda kamilləşmək üçün iki yol var: Bunlardan biri söhbət, digəri də xidmətdir.

Xidmət, öz məsuliyyətini idrak edib ortaya bir iş qoymaq; söhbət də, zahiri və batini hislərlə həqiqəti hiss etməkdir. Xidmət, ixlas və səmimiyyət içində Allahın rizasını axtarmaq, Onun razı olduğu şəxslərlə bir arada olmaqdır. Üzərinə düşən məsuliyyəti yerinə yetirməkdir. Söhbət isə, könül qapılarını ardına qədər Allahdan gələn mənəvi feyzlərə açıq tutmaq, o halqaya könül verməkdir.

Səhabə söhbət və xidmət təknəsində yoğurularaq əshabə adını almışdır. Axır zamanda unudulan dini dəyərləri səhabələr kimi yenidən əhya edəcək insanlara isə “qüdsilər” deyilir. Bu seçilmiş insanlar axır zamanda imana, İslama, insanlara xidmət etməyə çalışanlardır. Onların da mənəvi inkişafı səhabələrinki kimi söhbət və xidmətlə gerçəkləşməlidir.

Əvvəlki ümmətlərin müqəddəs kitablarında işarə olunur ki, axır zamandakı təkrar oyanışın əsas hissəsini moizələr təşkil edəcək. Buradan belə bir fikir yaranır ki, axır zamanda insanlara nəfəs verəcək qüdsilərin bir vəsfi də nasih (nəsihətçi) olmalarıdır. Buna görə də günümüzdə dini nəsihət mövzularında moizələrə, söhbətlərə çox ehtiyac var.

Söhbət, insanın mənəvi inkişafında önəmli bir metod olduğu kimi, ömür boyu davam etməli lazımlı bir yoldur. Digər tərəfdən söhbət əsrimizin ən böyük problemlərindən biri olan yalnızlığı düzgün və faydalı şəkildə aradan qaldıran bir ehtiyacdır. İnsan sosial bir varlıqdır. Bundan ötrüdür ki, ilk insan həzrət Adəmin (ə.s) yaradılmasından qısa zaman sonra ona yoldaş olaraq həzrət Həvva anamız yaradılmışdır. Söhbət halqasında bir araya gəlmənin tək qayəsi var, o da Allahın rizası.

Söhbətdə fərdlər arasında insibağ

Söhbət atmosferi başqa toplantılara bənzəmir. Orada qeybət, yalan, iftira kimi günahlar işlənmir. O atmosferdə bir araya gələn insanlar başqalarından maddi mənada istifadə edib, mənfəət əldə etmə düşüncəsində olmurlar.

Bu mühitə düşən insan qısa müddətdə oranın bərəkəti ilə dəyişib başqalaşır. Bu mənəvi iqlimə daxil olan şəxslər arasında inikas baş verir, nurani hislər qarşılıqlı duran güzgülər kimi birindən digərinə əks olunur və insanlar arasında insibağ yaranar. Qəlblərdəki kin-küdurət, mənəm-mənəmlik, qabalıq bir müddət sonra əriyib gedir.

Allah Rəsulunun mübarək söhbət atmosferinə daxil olan bədəvi və daş qəlbli insanlar belə bir saat söhbətə qulaq asandan sonra tamamilə dəyişib başqa insan olurdular. Qızını diri-diri torpağa basdıran insanlar dəyişərək bilmədən qarışqanı əzməmək üçün ayağına xal-xal taxan birinə çevrilirdi. Elə ki, hiss etdiyi, içinə girdiyi gözəllikləri başqalarına da çatdırmaq üçün can atır, başqalarının da bu şirin su qaynağından dadması üçün cəhd edir, hümmət ortaya qoyur, başqaların hidayəti üçün çalışır, bu uğurda xidmət edirdi.

Yaşadığımız dövrdə də bənzəri halqalar mövcudiyyətini davam etdirir. Gün ərzində hərə öz işində-peşəsində olur. Nəfəs almaq, mənəvi abı-havadan dadmaq üçün peşələri, qazancları, gördükləri işləri fərqli olan bu insanlar axşamlar çay süfrəsi ətrafında bir araya gəlirlər. Onlar arasında çox fərqli səmimiyyət formalaşır. Bu baxımdan söhbət, duyğu və düşüncələrini qarşılıqlı müzakirə edərək duyğu və düşüncələrdə dərinləşmək istəyən insanların qurduqları dost məclisidir. Belə dostluqda hər zaman fikir və ideal birliyi var. Onların qəlbləri eyni duyğu və eyni həyəcanla hər zaman eyni məsələlər ətrafında döyünür. Aralarında ruh bütünlüyü əmələ gəlir. Bir-birinin sevindiyinə sevinir; kədərinə də kədərlənir, sevincdə də kədərdə də biri-birini yalnız buraxmırlar. Onların bu halı təhlükə anında ayrılıb gedən, çətinliyi görüncə olduğu yeri tərk edən insanların bir araya gəlməsinə əsla bənzəmir. Zatən belə insanlar dostlar yox, yığın, kütlə adlanır.

Eyni duyğu, eyni düşüncə, eyni inanc uğrunda bir araya gələn bu insanlar birlikdə Allahı zikr edər, Onun əzəmət və ululuğunu müzakirə edər, Onun sevimli bəndəsi, əsl insanlığın bariz nümunəsi həzrət Məhəmmədi yad edərlər. Dini mövzularda bilgilərini dərinləşdirərlər. Bir-birinə haqqı tövsiyə edər, xəta və yanlışlarını da üsuluna uyğun xəbər verərlər. Çünki onların dostluğu bu dünya ilə, qəbirlə bitməz, axirətdə Cənnətdə birlikdə olmağı arzulayarlar. “Birimiz şərqdə, birimiz qərbdə, birimiz cənubda, birimiz şimalda, birimiz dünyada, birimiz üqbada olsaq yenə bərabərik.” – deyərlər.

Söhbət atmosferinin insana qazandırdığı bir başqa dəyər də iştirakı-əməli-üxrəviyyə, yəni axirət həyatını qazanmaq üçün xeyirli işlərdə birlikdə hərəkət etmək prinsipi ilə görüləcək işləri aralarında bölüşdürməkdir. Bu əsr, camaat əsridir. Tək başına ayaqda qalmaq, tək başına müvəffəq olmaq mümkün deyildir. Dünyəvi şirkətlər belə komanda ruhu ilə işləyərək müvəffəq ola bilirlər. Vəziyyət belə ikən həyatın qayəsi olan axirət yurdunu qazanma da ancaq bu şəkildə mümkündür. Kollektiv şüur ilə vəzifə, iş bölgüsü edilir. Hərə işin bir işin  qulpundan tutur. Əldə edilən savab əskiksiz, tam olaraq hamının əməl dəftərinə yazılır.

Bu insanları Allah Rəsulu (s.ə.s) belə vəsf edir. Abdullah ibn Ömər (r.a) rəvayət edir: Rəsulullah (s.ə.s.) buyurdu ki:

“Məclisində iştirak edəcəyiniz ən xeyirli kimsələr, üzünə baxınca sizə Allahı xatırladan, danışığı, söhbəti elminizə bərəkət qatan və davranışları, gördüyü işlər axirətə rəğbətinizi artıran salehlərdir.”(Əbu Yalə, Müsnəd, 4, 326)

Bu düşüncə içərisində olan şəxslər ümid edirik ki, “Kim Allaha və Rəsuluna itaət edərsə, onlar, Allahın nemət verdiyi peyğəmbərlər, sadiqlər, şəhidlər və salehlərlə bərabərdir. Onlar da nə gözəl yoldaşlardır!”( Nisa, 4/69) ayəsinin müjdəsindən nəsiblərini alarlar.

Söhbətin əsas hədəfi Söhbəti-canan

Söhbət üçün bir araya gəldikdə ciddi məsələlər müzakirə olunmalı, onun əsas mövzusu Söhbəti-Canan olmalı, Allahdan, Onun rizasını qazanmağın yollarından danışılmalıdır. Abdullah ibn Ömər (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Allahı xatırlatmayan sözü uzatma. Çünki Allahı xatırlatmayan sözün uzadılması qəlblərin qatılaşmasına səbəb olar. İnsanların Allahdan ən uzaq olanı qatı qəlbli kimsələrdir.” (Tirmizi, Zühd 61)

Möminlərin anası Ümmü Həbibənin (r.anha) nəql etdiyi hədisdə isə belə buyurulur: “Adəm oğlunun bütün danışıqları əleyhinədir. Ancaq yaxşılığı əmr edib, pisliklərdən çəkindirən və Allahı xatırladan sözlər söyləmək bunun xaricindədir.” (Tirmizi, Zühd 62; İbn Macə, Fitən 64)

Buna görə də mənəvi inkişafa fayda verməyən, vaxt itkisinə səbəb olan boş danışıqlardan uzaq qalmaqda fayda var. Fərqində olmadan içinə düşdükdə isə müzakirəni Söhbəti-Canana gətirmək daha yaxşıdır. Bu xüsusda şirin dil və uyğun bir üslubla dostları da xəbərdar etmək lazımdır. İnsan Allahı unudanda, fitrət boşluq qəbul etmir, yerini mənəm-mənəmlik tutur. Söhbətin mərkəzinə gördüyümüz işlər, övladımız və s. girir. Kənardan baxsaq görərik ki, əsas iş qalıb bir yanda, özümüzdən danışırıq.

İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” – deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.” (Zümər, 39/8)

Unutmamaq lazımdır ki, Allahı unutduran nemət, nemət kimi görünən niqmətdir. Özümüzdən danışdıqda Allah yaddan çıxar. Şairin şerində dediyi kimi:

“Sən təcəlli eləməsən, pərdədə mən var ikən.

“Şərti izharı-vücudundur adim olmaq mənə!” (Qavsi)

Məsələ bu olunca söhbətə gələn hər kəsin üzərinə məsuliyyət düşür.

Söhbət edənin məsuliyyəti

Dini mövzularda söhbət və ya nəsihət edən şəxs, insanların qarşısına ciddi mənəvi hazırlıqla. yağmur yüklü buludlar kimi çıxmalıdır. Mövzuya hakim olmalı, hər tərəfli araşdırmalı, oxumalı, süzüb ələkdən keçirməlidir. Təşbehdə xəta olmasın, quş kimi qusmuq deyil, inək kimi süd içirməlidir. Mövzunu yığcam tutmalı, çəkici zindana vurmalıdır ki, qəlblər riqqətə gəlsin.

İkinci, hər şeydən öncə qəlbi Allaha bağlı olmalıdır. Dinləyicilərin vaxtını israf etməməlidir. Dediyi, danışdığı sözlər qəlbinin dərinliyindən gəlməli, səmimi, ixlaslı olmalıdır. Məsələ din və Allah olunca daha diqqətli olmalıdır. Hər kəsdən öncə nəsihətə özünü möhtac görməlidir.

Təmsil etdiyi məqamın nə olduğunu heç vaxt yaddan çıxarmamalı, daim Allah Rəsulunu (s.ə.s) nəzərə verilməlidir.

Söhbətləri həftəlik ortaya çıxan gündəmlərə görə deyil, müəyyən bir sistemə görə planlaşdırmalıdır. Əla aldığı mövzunu ətraflı, zehinlərdə şübhəyə yer qalmayacaq şəkildə, bəlkə bir neçə dərsdə, bəlkə həftələr sürəcək şəkildə izah etməlidir.

Söhbəti dinləyənin üzərinə düşən məsuliyyət

Nəsihətdən istifadə edə bilmək üçün, dinləyən şəxs də söhbətə gedərkən özünü, şəxsi qənaət və mülahizələrini bir kənara qoymalıdır. Heç bir qərəzi, ön yarğısı olmadan, edilən nəsihətə ehtiyac hiss edərək, qəbul etməli və söhbətdə bu şəkildə iştirak etməlidir. Əks halda “mən bu mövzunu bilirəm”, “əslində elə deyil, belə danışılmalıydı” kimi şərtli baxışlar insanı söhbətdən, nəsihətdən məhrum qoyar. Buna görə də Allah dostları arasında belə bir zərbi-məsəl məşhur olmuşdur:

“Boş gedən dolu gələr, dolu gedən (əli) boş.”

Söhbətə iştirak edərkən yeni bir şey öyrənəcəyəm həyəcanı ilə iştirak edən şəxs heybəsini dolduraraq oradan ayrılar. Mən zatən bunları bilirəm deyərək özünü bəyənən lovğa insan isə söhbətə “dolu” (şərtli) getdiyi üçün əli boş qayıdar.  Dolu qab əlavə şey qəbul edə bilməz. Qaya üzərində toxum cücərməz.

Qəlblər məhsuldar torpaqlar kimi olmalı, zehnimizi də bomboş qəbul etlməliyik ki, nəsihətdən nəsibini alsın. Belə olmadıqda, o şəxslərə Nəbilər, vəlilər də nəsihət etsə nəsibsiz qalar.

Söhbətə gedərkən Peyğəmbərimizin (s.ə.s) bu hədisini hər zaman xatırlamaqda fayda vardır: Əbu Hüreyrənin (r.a) rəvayət etdiyi hədisdə buyrulur ki:

“Bir camaat Allahın evlərindən bir evdə toplanar, Allahın kita­bını oxuyar və aralarında müzakirə etsələr, üzərilərinə səkinə enər, onları rəhmət əhatə edər və mələklər ətraflarını sararlar. Uca Allah da o şəxsləri öz dərgahında olanların arasında anar.” (Müslim, Zikr 38.)

Başqa bir hədisdə də Allah Rəsulu (s.ə.s) belə buyurur:

“Allah Təalanın yollarda dolaşıb zikr edənləri təsbit edən mələkləri vardır. Bunlar Allahı zikr edən bir topluluğa rast gəldikdə bir-birlərinə:

“Gəlin! Axtardıqlarımız buradadır!” deyə səslənirlər və o zikr edənləri dünya səmasına çatana qədər qanadları ilə endirib əhatə edərlər. Bunun üzərinə Uca Allah, mələklərdən daha yaxşı bildiyi halda yenə onlara:

– “Qullarım nə deyirlər?” deyə soruşar. Mələklər:

– Sübhanallah deyərək Səni uluhiyyətinə yaraşmayan sifətlərdən tənzih edirlər. Allahu əkbər deyə təkbir gətirirlər, Sənə həmd edirlər və Sənin ucalığını dilə gətirirlər, deyə cavab verərlər. Danışıq bu şəkildə davam edər:

– “Yaxşı, onlar Məni gördülər?”

– Xeyr, vallahi Səni görmədilər.

– “Məni görsələr nə edərdilər?”

– Əgər Səni görsəydilər sənə daha çox ibadət eləyər, şanını daha çox tərif yağdırar, uluhiyyətini daha çox tənzih edərlərdi.

– “Qullarım Məndən nə istəyir?”

– Cənnət istəyirlər.

– “Cənnəti görüblər?”

– Xeyr, ya Rəbbi! Vallahi onlar cənnəti görmədilər.

– “Bəs cənnəti görsələr nə edərdilər?”

– Əgər cənnəti görsələr idi onu  daha çox arzulayar,  daha çox çalışardılar.

– “Bunlar Allaha nədən sığınmağa çalışırlar?”

– Cəhənnəmdən sığınırlar.

– “Yaxşı cəhənnəmi görüblər?”

– Xeyr, vallahi onlar cəhənnəmi görmədilər.

– “Bəs görsələr nə edərdilər?”

– Əgər cəhənnəmi görsəydilər ondan daha çox qaçar, daha çox qorxardılar.

Bunun üzərinə Allah-Təalə mələklərinə:

– “Sizi şahid tutaraq deyirəm, Mən o zikr edən qullarımı bağışladım” (Mən onları əfv etdim. İstəklərini onlara bağışladım. Sığınacaq istədikləri mövzuda onlara təminat verdim.)”- buyurar. Bir mələk:

– Onların arasındakı filan şəxs onlardan deyildi. O onların arasına bir iş üçün gəlib oturmuşdu”- dedi. Uca Allah belə buyurdu:

– “Orada oturanlar elə yaxşı insanlardır ki, onların arasında pis insan ola bilməz” (Onu da əfv etdim, bağışladım. onlar elə topluluqdur ki, onlarla oturanlar da onlar sayəsində bədbəxt olmazlar). (Buxari, Daavat 66; Müslim, Zikir 25; Əhməd ibn Hənbəl, Müsnəd, II, 251–252, 358–359.)

Nəticə etibarilə, deyə bilərik ki, söhbət insanın mənəvi inkişafı üçün önəmli dinamikadır. İnsan söhbət atmosferinə daxil olduqda sadəcə dini biliklərdə dərinləşmir, öyrəndiyi bilgini həyata tətbiq etmək üçün öz üzərinə düşən məsuliyyətin fərqinə varır, xalqa xidmətin Haqqa qulluğun önəmli vəzifə olduğunu dərk edir, xeyirli bir işin qulpundan tutur. Bununla yanaşı söhbətə gələnlər arasında saf və səmimi dostluqlar əmələ gəlir. Bu elə bir dostluqdur ki, məzara qədər yox, Cənnət yamaclarına qədər davam edər.

Hal belə olunca söhbət edən də, dinləyən şəxs də müəyyən ədəb qaydalarına əməl etməlidir. Söhbət edən mövzuya hakim olmalı, oxuyub-araşdırıb bilgisini dərinləşdirməli, ixlasla qəlbinin ilhamlarını axıtmalıdır. Dinləyən şəxs də qərəzdən uzaq, yeni bir şeylər almaq, eşitmək üçün can qulağı ilə dinləməlidir. Belə bir söhbət atmosferi təşkil etsək İlahi dərgahda adı anılan, mələklərin qanadları altında himayə görən seçkin bəndələr arasına daxil ola bilərik.

***

DUA

Allahım! Xüşu duymayan (qorxu bilməyən) qəlbdən, qəbul edilməyən duadan, doymayan nəfisdən və fayda verməyən ilimdən Sənə sığınıram. Bu dörd şeydən yenə Sənə sığınıram.” (Tirmizi, Dualar, 68)

 

 



Açar sözləri

nəsihət söhbət

Bənzər məqalələr

Nəsihət haqqında

Mən sizə Rəbbimin əmrlərini təbliğ edir, öyüd-nəsihət verir və yaxşılığınızı istəyirəm.

Nəsihət ədəbi

Allah-Təalanın (cəllə cəlaluhu) insanlara verdiyi ən böyük nemətlərdən biri də duyğu və düşüncələri ifadə etmə qabiliyyəti, yəni dildir.


Şərh yaz