6. 693 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Şəbəkə marketinq caizdir və ya deyil? Səbəblərini də açıqlasanız çox gözəl olar.

Cavab: Bu mövzu ilə bağlı əvvəlcə Türkiyə Diyanət İşləri Başqanlığı Din İşləri Yüksək Qurulunun qərarını, daha sonra da Prof. Dr. H. Karamanın fikirlərini olduğu kimi tərcümə edərək qeyd etmək istəyirəm:

“Şəbəkə (network) marketinq” haqqında Diyanət İşləri Başqanlığı Din İşləri Yüksək Qurulunun izahı:

“Şəbəkə (network) marketinq” (internet vasitəsilə satış) kimi adlanan sistem müəyyən bir malın bir müştəri təfərindən satın alınaraq şirkətə “üzv” olması, hər bir üzvün zəncirvari yeni üzvlər tapması, beləliklə də, bir üzv/müştəri şəbəkəsini təşkil etməsi və hər bir üzvün/şəbəkədəki müştərilərin də öz növbəsində

cəlb etdiyi üzvlərin ödədiyi üzvlük haqqının (satın aldığı mal müqabilində şirkətə ödədiyi pulun) müəyyən hissəsinə sahib olması əsasında fəaliyyət göstərir.

İlk baxışda şəbəkə marketinq sistemi əşyaların satılması üçün müştəri cəlb etmək məqsədilə göstərilən fəaliyyət kimi görünür. Lakin buna baxmayaraq, bu sistemə dəqiqliklə nəzər saldıqda, haqsız qazanca (əsassız varlanmaq) aparan bir sistem olduğu müşahidə olunur. Belə ki, bu sistem əsasında fəaliyyət göstərən bir şirkətin satışa qoyduğu hər hansı bir əşyanı satın alan bir şəxs bir qayda olaraq həmin əşyanı ehtiyacı olduğu üçün yox, sözügedən şirkətə üzv olmaq (onun müştərisi olmaq) və sonra da şirkətə cəlb edəcəyi yeni üzvlərin (müştərilərin) ödəyəcəklərindən müəyyən qədər pay almaq üçün satın alırlar. Beləliklə də, o, həmin payı əldə edə bilmək üçün başqa üzvlər (müştərilər) tapmalı, payının bir az da çoxalması üçün yeni üzvlər (müştərilər) başqa üzvlər (müştərilər) cəlb etməli və bu silsilə beləcə davam etməlidir.

Odur ki, şəbəkə marketinq sisteminin ümumi görünüşü hər hansı əşyanın satışı üçün müştəri cəlb etmək kimi olsa da, əslində, yeni üzvlərin (müştərilərin) ödədikləri nağd pul hovuzundan pay götürmək əsasına söykənir. Belə olan təqdirdə, bu kimi alış-veriş sadəcə olaraq şəklən alış-veriş hesab olunur və satın alınan əşya ehtiyacı qarşılamaqdan ziyadə ödənilən (köçürülən) nağd pulun ələ keçirilməsi kimi nəzərə çarpır. Nəticə etibarilə, bu sistem yeni üzvlər/müştərilər cəlb etmək, pul qazanmaq həvəsindəki digər insanları müxtəlif yollarla razı salmaq və onlara ehtiyac duymadıqları malları satmaq mənasına gəlir.

Digər tərəfdən şəbəkə marketinq sistemi insanları həvəsləndirən vədlərə söykənərək fəaliyyət göstərdiyi üçün, satış və ya üzv olmaqla ortaya çıxan sürətli irəliləyiş və geriliklər qeyri-sabitlik meydana gətirir. Məhz bu kimi hallar iş həyatında mövcud olan normal riskdən fərqlənir və yüksək təhlüklərə məruz qalmağa da həddindən artıq meyillidir. Bundan əlavə, üzvün/müştərinin cəlb etdiyi üzvdən alınan puldan pay/hissə götürməsi kimi görünsə də, şəbəkəyə daha sonra daxil olan digər üzvlərin/müştərilərin ödədikləri pullardan da pay alması, onun aldığının bir vasitəçi kimi pay/hissə alan bir şəxs olmasına mane yaradır.

Sadəcə olaraq yeni üzvlər qeyd etmək əsasına söykənən bu sistem qeydə alınacaq yeni üzvlərin istismarına çox əlverişli bir xüsusiyyətə malikdir. Belə ki, yalnız şəbəkəyə ilk daxil olan müəyyən bir qrup qazana bilir, sonradan daxil olanların qazancları isə əsasən olduqca yüksək riskə məruz qalır.

Bu sistemə heç bir xələl gəlmədən fəaliyyət göstərməsi qeyri-mümkün olduğuna görə uzun müddət müştəri cəlb etmək fəaliyyətinin tıxandığı bir vaxtda üzv olmuş geniş kütlənin pulları sözügedən şirkət və onun yuxarı dərəcəli müştəriləri baxımından haqsız qazanca (əsassız varlanmaq) çevrilə bilər.

Nəticə etibarilə, yuxarıdakı izahlardan aydın olur ki, “şəbəkə (network) marketinq” adı ilə fəaliyyət göstərən sistemlə işləmənin haqsız qazancdan (əsassız varlanmq) çəkinmək, qazancın dini baxımdan (və ya qanunən) halal olan əşya, mal, xidmət, istehsal və əməyə görə olması, zərər verməmək (ziyan vurmamaq) və zərər çəkməmək kimi ümumi prinsiplərə müvafiq olmadığından caiz olmadığı ortaya çıxır.

Prof. Dr. H. Karamanın fikirləri isə aşağıdakı kimidir:

(O, əvvəlcə “şəbəkə marketinq”in aşağıdakı şərtlərlə caiz olduğunu bildirmiş)

1. Satılan malın halal mal olması
2. Ticarətə faiz və hiylə qarışdırılmaması
3. İsrafçılığı (lüks istehlakı) təşviq etməməsi

Odur ki, bu kimi alqı-satqı və buna vasitəçilik etmək caiz, vasitəçilikdən alınan pul (pay/hissə) da halaldır.

Ancaq daha sonra müxtəlif araşdırmalar nəticəsində yuxarıdakı şərtlərin gerçəkləşmədiyi qənaətinə gələrək, aşağıda qeyd olunan qərara gəlmişdir:

    Bu ticarət şəbəkəsi 1) insanları pul qazanmaq vədi ilə alış-verişə təhrik edir (burada bir növ aldatma vardır), 2) alınan əşyaya heç kəs ehtiyacı olduğundan almır, müştərinin sırf pul qazanmaq ehtimalı olmasa, heç zaman almayacağı yabançı malları aldırır, 3) şəbəkəyə üzv olanların əksəriyyətinə görə israfçılıq sayılan xərclərə təşviq edir, 4) ölkəmizin pulunu ehtiyac olmadığı halda yabançılara getməsinə səbəb olur.

    Odur ki, yuxarıda sadalanan səbəblərə görə bu ticarətə üzv olmaq caiz deyil.

 Hazırlayan: Anar Qurbanov




Şərh yaz