- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin  Allahın rizasına zidd olmamasıdır.

Allah Rəsulu (s.ə.s) da ziyarət, ticarət, hicrət, təbliğ, cihad kimi məqsədlərlə səfərlərə çıxmışdır. Rəsulullah (s.ə.s) səfərlərdə nələrə diqqət edərdi:

Səfərə çıxanlara nəsihət və dua etməsi

Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə, bir nəfər Peyğəmbərimizin (s.ə.s) hüzuruna gəlib: “Ey Allahın Elçisi! Səfərə çıxmaq istəyirəm, mənə öyüd ver!” – dedi.

 Allah Rəsulu ona:

− Allaha qarşı ehtiramlı ol və bir təpəyə çıxanda “Allahu Əkbər” de”, − buyurdu.

 Həmin adam gedəndən sonra: “Allahım! Uzaqları ona yaxın et və bu səfərini asanlaşdır”, − deyə dua etdi”[1].

Hər dərdini Peyğəmbərimizə (s.ə.s) açan, çətin məsələlərin həllini Ondan soruşan səhabələr səfərə çıxanda da gəlib nəsihət istəyərdilər. Bu kimi hədislər bizlərə Peyğəmbərimizin (s.ə.s)

  1. İnsanlarla yaxın ünsiyyətdə olduğunu,
  2. İnsanların dərd və qayğıları ilə maraqlanıb onlara nəsihət etdiyini,
  3. Qarşıdakı insana uyğun cavab verdiyini göstərir.

Bu hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s) səfərə çıxmaq istəyən şəxsə: “Allaha qarşı sayğılı ol”, − deyə nəsihət edir. Əvvəla, insanlara qarşı ədəbli olmaq, ehtiram göstərmək, hörmət etmək, hətta heyvanlara qarşı diqqətli olmaq çox əhəmiyyətlidir. Bu fəzilətlərin kökündə isə Allaha ehtiram dayanır. Allaha ehtiram göstərən hər kəsə, hər şeyə sayğı ilə yanaşar. Allaha ehtiramdan sonrakı addım Onun adını anmaqdır.  Çünki Allaha bağlılıq, daima Onun adını zikr eləmək çox əhəmiyyətlidir. Allahı anmaq isə bu hədisdə “Allahu Əkbər” kəlamı ilə ifadə edilmişdir.

Bu şəxs nəsihət veriləndən sonra səfərə çıxmışdır. Peyğəmbərimiz (s.ə.s) də onun arxasınca: “Allahım! Uzaqları ona yaxın et və bu səfərini asanlaşdır,” − deyə dua etmişdir. Demək, səfərə çıxan insanların arxasınca dua etmək lazımdır. Bu da incə bir davranışdır və müsəlmanları bir-birinə daha sıx bağlayır. Duanın məzmunu da səfərə çıxanlara necə dua etməyi öyrədir.

Miniyinə minib dua etməsi

Abduallah ibn Ömər (r.a) rəvayət edir ki, Allah Rəsulu (s.ə.s) səfərə çıxarkən miniyinə minib rahatladıqdan sonra üç dəfə təkbir gətirər və: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı[2] ayəsini oxuyar, sonra da belə dua edərdi: “Allahım! Bizə bu səfərdə yaxşılıq və təqva, bir də razı qaldığın əməllər nəsib eylə. Allahım! Bu səfərimizi asanlaşdır və uzağı yaxın eylə! Allahım! Səfərdə yardım edən, arxada qalan qadın və uşaqları qoruyan Sənsən. Allahım! Səfərin çətinliyindən, pis hadisələrlə qarşılaşmaqdan, geri qayıdanda malımızı, əhli-əyalımızı müsibət içində görməkdən Sənə sığınıram”. Abdullah ibn Ömər sözlərinə belə davam edir: “Allah Rəsulu (s.ə.s) səfərdən qayıdanda da eyni sözləri deyər, bu cümlələri əlavə edərdi: “Biz səfərdən qayıdan, tövbə edən, ibadət edən və Rəbbimizə şükür edən insanlarıq”[3].

Bu hədisi-şərifdə Peyğəmbərimizin (s.ə.s) səfərə çıxarkən Uca Allaha necə dua etdiyini görürük. O (s.ə.s) da hər bir insan kimi yeyib-içir, geyim və s. zəruri ehtiyaclarını qarşılayır, səfərə çıxır, yaxınlarını, dostlarını və qohum-əqrəbalarını ziyarət edirdi.

Səfər özü-özlüyündə çətinlik, zəhmət və əziyyət deməkdir. Buna görə də Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Səfər bir növ əziyyətdir,” demişdir. Çətin səfərə çıxan hər bir insanın ailəsi tək qalır. Üstəlik səfər uzun çəkəndə yola çıxanlar ailəsinin azuqəsini və ehtiyaclarını düşünür. Hər bir insan kimi bu hisləri keçirən Peyğəmbərimiz (s.ə.s) də səfərə çıxanlara necə dua etməyi bu hədisi-şəriflə öyrədir.

Qədim zamanlarda əsasən at və dəvə ilə səfərə çıxırdılar. Müasir dövrdə isə avtomobil, avtobus, qatar və təyyarədən istifadə edirlər. Bu nəqliyyat vasitələrinin yolda nasazlaması insana maddi-mənəvi sıxıntılar yaşada bilər. Dua və sədəqələr də bu cür hadisələrin sovuşmasına vəsilə olur. 

Səfərə çıxanda bəla və müsibətlərdən Allaha sığınması

Abdullah ibn Sərcis (r.a) nəql edir: “Allah Rəsulu (s.ə.s) səfərə çıxarkən səfərin çətinliklərindən, kədərli mənzərələrlə qarşılaşmaqdan, pis vəsiyyətə düşməkdən, məzlumun bədduasından və geri qayıdanda mal-mülkü, ev-eşiyi, əhli-əyalı acınacaqlı vəziyyətdə görməkdən Allaha sığınardı”[4].

Səfərin çətinliklərindən Allaha sığınmaq: Səfər deyəndə çətinlik, yorğunluq, ayrılıq, həsrət yada düşür. İnsan daimi yaşayış yerini tərk edib səyahətə çıxır. Buna görə də səfərə getmək üçün yetərincə maddi imkana malik olmalıdır. İnsan zəif varlıqdır, səfərdə xəstələnməmək üçün əvvəlcədən tədbir görməlidir. Uzun səfərə çıxmağı düşünürsə, yemək-içmək və ev ehtiyaclarını təmin etməlidir. Bunların hamısı öz-özlüyündə səfərin çətinlikləridir.

Kədərli mənzərələrlə qarşılaşmaqdan Allaha sığınmaq: Əvvəllər səfərlər uzun çəkdiyinə görə insanlar geri qayıdanda bəzən bir əzizinin dünyadan köçdüyünü və yaxud başına bir bəla gəldiyini görürdü. Buna görə də yolçulara “Allah üstündə yar olsun, səfərin uğurlu, xeyirli olsun”, qalanlara isə “Sağlıqla qalın” şəklində dua edilir. Bu xeyir-dualar bizim adət-ənənələrimizdə geniş yayılmışdır.

Pis vəziyyətə düşməkdən Allaha sığınmaq: Bu ifadə bir çox mənaları ehtiva edir. Sağlam ola-ola xəstələnmək, işlərin pisləşməsi, günah etmək və s. – bunların hamısı səfərə çıxanda adamın ağlına gələn hadisələrdir. Ağıllı insan belə hallardan Allaha sığınar. Peyğəmbərimiz (s.ə.s) də bu dua ilə Allaha sığınma yolunu öyrədir.

Məzlumun bədduasından Allaha sığınmaq: Hər bir insan məzlumun bədduasına tuş gəlməkdən çəkinməli, haqq və hüquqlara riayət etməlidir. Gündəlik həyatda məzlumun haqqını yeməməyə çalışan insanlar səfərə çıxanda da diqqətli olmalıdır. Çünki səfər yolunun uzunluğu, vaxtın azlığı, yemək-içməyin çatışmaması, insanların çox, minik vasitələrinin az olması qarışıqlığa səbəb ola bilər. Buna görə də belə halları nəzərə alıb heç kimin haqqını tapdalamamaq lazımdır.

Səfərdən qayıdanda mal-mülk və əhli-əyalı acınacaqlı vəziyyətdə görməkdən Allaha sığınmaq: Heç kim ev-eşiyinə, mal-mülkünə bəla gəlməsini istəməz. Bu hiss insanın fitrətində var. Ailə və uşaqlar insanın həyatında ən dəyərli varlıqlardır. Səfərə çıxanda, evindən ayrılanda onların aqibətini, onsuz nə edəcəklərini, necə dolanacaqlarını düşünür. Buna görə də evindən çıxarkən onları Allaha əmanət edir.

Bu dua hər zaman və hər yerdə, hər cür insan üçün (zəngin, kasıb, məmur, işçi və s.) çox əhəmiyyətlidir. Çünki hər kəsin öz əzizlərini evdə qoyub səfərə çıxma ehtimalı var. Və doğmalarını necə qoyub getmişdisə, səfərdən qayıdanda elə də görmək istəyir. Hədisi-şərif bizə tövsiyə edir ki, Allaha sığınıb xoşagəlməz düşüncələrdən uzaqlaşaq və vicdanən rahat olaq.

Səfərdən qayıdanda təkrar dua etməsi

Həzrət Ənəs (r.a) nəql edir: “Allah Rəsulu (s.ə.s) ilə bir səfərdən qayıdırdıq. Mədinəyə yaxınlaşanda belə dedi: “Səfərdən qayıdır, tövbə, ibadət edir və həmdlə Rəbbimizə yönəlirik”.  Peyğəmbərimiz (s.ə.s) Mədinəyə çatana qədər bu sözləri təkrar etdi”[5].

Həyatın hər anını həssaslıqla yaşayan, Allahdan qeyrisini düşünməyən Peyğəmbərimiz (s.ə.s) səfərə çıxanda, geri qayıdanda və səfər əsnasında daim əllərini Uca Rəbbinə açar, Ona sığınar və dua edərdi. Bəli, dualar Peyğəmbər (s.ə.s) həyatının ayrılmaz parçası olmuşdur.

Səfərə erkən çıxmağı tövsiyə etməsi

Allah Rəsulu (s.ə.s) səfərə erkən saatlarda çıxmağı tövsiyə edərdi. Sahr ibn Vədaa əl-Qamidi (r.a) rəvayət edir: “Peyğəmbərimiz (s.ə.s): “Allahım! Ümmətimin (sabah) erkəndən başladığı işlərə bərəkət ver!” − deyə dua edər, ordunu səfərə səhər erkəndən göndərərdi”[6].

Peyğəmbərimizin (s.ə.s) bu duası təkcə səfərə çıxanlara deyil, ibadət, elm, təhsil və ticarət işlərinə də aiddir. Hədisin davamında səhabə Sahr ibn Vədaa əl-Qamidinin (r.a) ticarətlə məşğul olduğu və karvanlarını sabah erkəndən yola saldığına görə malının bərəkətləndiyi və varlandığı bildirilir[7].

Gecə səfərə çıxmağı tövsiyə etməsi

Həzrət Ənəs Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Çalışın, səfərə gecə çıxasınız. Çünki gecə vaxtı yer üzü bükülür (səfər daha rahat olur)”[8].

Peyğəmbərimiz (s.ə.s) isti iqlimin hökm sürdüyü Ərəbistan yarımadasında yaşayırdı. İnsanların qızmar günəş altında yol getməməsi üçün gecə səfərə çıxmağı tövsiyə etmişdir. Çünki gecələr hava sərin olduğu üçün gündüzə nisbətən daha çox məsafə qət etmək mümkündür.

Bu gün də şəhərlərarası səfərlər adətən gecəyə salınır.  Sərnişinlər yuxu saatlarını yolda keçirdikləri və istirahət etdikləri üçün həm vaxt itirmir, həm də ertəsi gün işlərini rahat görürlər. Hədis şərhçiləri: “Gecə yer üzü bükülür” sözünün məcazi mənada işləndiyini və “Gecənin sərinliyində daha rahat yol getmək olur” mənasını verdiyini bildirirlər.

Səfərdən qayıdanda evinə gündüz vaxtı girməsi

Həzrət Ənəs (r.a) Allah Rəsulunun (s.ə.s) səfərdən qayıdarkən evinə gecə vaxtı deyil, quşluq vaxtı və ya axşamüstü girdiyini rəvayət edir[9].

Peyğəmbərimiz (s.ə.s) zaman, məkan, şərait və iqlimi nəzərə alır, bu şərtlərə uyğun insanlara tövsiyələr verirdi. Ərəbistan yarımadası isti iqlimə malikdir. Rəsulullahın tövsiyə etdiyi vaxtlarda (sabah, quşluq vaxtı və axşama doğru) hava sərin olur. Günəş doğandan sonra insanlar bazar-dükana çıxıb rahat alış-veriş edirlər. Axşamüstü (axşam namazından əvvəl) dükanlar bağlanıb əl-ayaq yığışmadan alış-veriş etmək, ehtiyac olan şeyləri almaq da mümkündür. Bu vaxt evə gələndə evin ehtiyaclarını bazardan, dükandan almaq olur.

Bunlarla yanaşı, xəbər vermədən, qəflətən gecə vaxtı evə gəlmək ailədə söz-söhbətlərə də səbəb ola bilər. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Uzun müddət ailəsindən ayrı qalanlar evinə gecə vaxtı xəbər vermədən gəlməsin!”[10]

Müasir dövrdə informasiya vasitələri kifayət qədər inkişaf etmişdir. Ev və ya mobil telefonu, internet və s. rabitə vasitələri ilə gələcəyimizi əvvəlcədən xəbər verə bilərik. Beləcə həm insanları narahatlıqdan qurtarar, həm də qəfil evə girməmiş olarıq.

Səfərdə istirahət etməsi

Səhabələr Peyğəmbərimizin səfər zamanı yemək-içməyi, istirahət etməsi, xülasə bütün hərəkət və davranışları haqqında məlumat vermişlər. Allah Rəsulu (s.ə.s) səfərə çıxanda gecə vaxtı bir yerdə dayananda sağ çiyni üstə uzanıb yatardı. Sabaha yaxın istirahətə çəkiləndə isə sağ dirsəyini dikəldib başını ovcuna alardı. Bu cür uzanmaq yuxu üçün o qədər də əlverişli deyil. Rahat yatıb yuxuya getmək üçün yaxşıca uzanmaq, yastıq və döşəkdən istifadə etmək lazımdır. Peyğəmbərimiz (s.ə.s) yuxuya gedib sübh namazını keçirməsin deyə sabaha yaxın belə uzanardı.

Əbu Qatadə (r.a) deyir ki: “Allah Rəsulu (s.ə.s) səfər əsnasında gecə vaxtı istirahət edəndə sağ böyrü üstə yatardı. Sabaha yaxın istirahət edəndə isə sağ dirsəyini dikəldər, (biləyini büküb) başını ovcunun içinə alardı”[11].

Səfərdə şəraitə görə hərəkət etməsi

Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Ot-alafı bol yerlərə səfər edəndə dəvələri sərbəst buraxın ki, otlasınlar. Quraq və ot-alafı kasad ərazilərdən keçəndə  dəvələri sürətlə sürün ki, taqətdən düşməmiş sizi mənzil başına çatdırsın. Gecə istirahət edib yatanda yoldan ayrılıb kənara çəkilin. Çünki yol heyvanların keçdiyi və həşəratın gecələdiyi yerdir”[12].

Səfərdə zəiflərə yardım etmək üçün arxada getməsi

Allah Rəsulu (s.ə.s) səfər əsnasında zəiflərə kömək etmək məqsədi ilə arxada gələrdi. Həzrət Cabir  (r.a) nəql edir: “Allah Rəsulu (s.ə.s) səfərdə hamıdan arxada gələrdi. Zəif heyvanları sürər, zəif yolçuları da miniyinə mindirib onlara dua edərdi”[13].

Allah Rəsulu bütün səfərlərində arxada qalan, karvanla ayaqlaşa bilməyən yolçuların qayğısına qalar, zəif heyvanları arxadan sürərək karvana yetişmələrinə yardım edərdi.

Səfərdən qayıdanda iki rükət şükür namazı qılması

Kab ibn Malik (r.a) rəvayət edir ki, Allah Rəsulu (s.ə.s) səfərdən qayıdanda ilk işi məscidə gedib iki rükət namaz qılmaq olardı[14].

Səfərdə bir nəfəri başçı seçmək

Əbu Səid və Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Üç nəfər səfərə çıxanda özlərindən birini başçı seçsinlər!”[15]

Ən kiçik toplumlardan tutmuş ən böyük dövlətlərə qədər hər yerdə nizam-intizamı əsas götürən dinimiz qarışıqlığa səbəb olan heç bir fəaliyyəti xoş qarşılamır. İnsanların əmin-amanlıqda yaşaması üçün birlik və sabitlik çox əhəmiyyətlidir. Buna görə də Allah Rəsulu (s.ə.s) cəmiyyəti əmələ gətirən fərdlərə səslənərək onları birliyə və nizam-intizama dəvət edir. “Üç nəfər səfərə çıxarsa, aralarından birini başçı seçsinlər” hədisi camaatın ən azı üç nəfərdən ibarət olduğunu da göstərir.

Bəli, hər yerdə, hər zaman nizam-intizam olmalıdır. Başsız insan toplumlarının bəşəriyyətə heç bir faydası yoxdur. Belə toplumlar bir şey etmək istəsələr belə, heç vaxt uğur qazana bilməzlər. Buna görə də Peyğəmbərimiz (s.ə.s) insanları toplu halda hərəkət edərkən içlərindən bir rəhbər seçib daha sonra səfərə çıxmalarını tövsiyə etmişdir.

Səfərdə işlər qurtarandan sonra evə tələsməyi tövsiyə etməsi

Əbu Hüreyrənin (r.a) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s) belə buyurur: “Səfər öz-özlüyündə bir əzabdır. Rahat yeyib-içməyə, yatıb istirahət eləməyə mane olur. Səfərdə işinizi qurtaran kimi evinizə getməyə tələsin!”[16]

Səfər zamanı yolçuların istirahətə çəkilərkən ətrafa dağılışması

Əbu Sələbə əl-Huşəni (r.a) deyir: “Səhabələr bir yerdə istirahət edəndə dərə yamaclarına və dağ yollarına dağılışırdılar. Allah Rəsulu: “Bu cür dağ yollarına və dərə yamaclarına dağılışmaq şeytandandır,” − buyurdu. O gündən sonra səhabələr istirahət edərkən heç vaxt bir-birindən ayrılıb uzaqlaşmadılar”[17].

Peyğəmbərimiz (s.ə.s) səhabələrin nizam-intizamlı olmalarını istədiyi üçün səfər zamanı bir yerdə gecələyib istirahət edəndə bir-birindən ayrılmamağı tövsiyə etmişdir. Çünki bu cür pərakəndəlik camaatın birliyinə və nizamına xələl gətirir. Camaat arasında təfriqə salmaq üçün fitnə toxumları səpən düşmənin də əlinə fürsət düşmüş olur. Bunun qarşısını almaq istəyiriksə, bir yerdə olmalı, heç vaxt ayrılmamalıyıq.

Səfərə təkbaşına çıxmaq

Allah Rəsulu (s.ə.s ) təkbaşına səfərə çıxmağı xoş qarşılamazdı. Abdullah ibn Ömər Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu nəql edir: “Əgər insanlar təkbaşına edilən səfərin necə təhlükəli olduğunu mənim qədər bilsəydilər, heç kəs gecə səfərə tək çıxmazdı”[18].

Təkbaşına səfərə çıxmaq əvvəllər olduğu kimi indi də təhlükəli sayılır. Xüsusilə, bu gün istər piyada, istərsə də minik vasitələri ilə səfərə çıxan insanlar bir sıra təhlükələrlə üzləşə bilərlər. Avtomobil tənha bir yerdə xarab ola bilər. Yol kəsən sərsərilərlə qarşılaşma ehtimalı da var.

Şeytan daim pis əməlləri bəzəyib gözəl göstərdiyi üçün bir və ya iki nəfərin onun hiylələrindən qorunması çətindir. Buna görə də səfərə tək çıxmamaq tövsiyə edilmişdir.

Bu göstərir ki, cəmiyyət və birlik halında yaşayan insanlar daha güclü olur. Fərd təkbaşına bəzi yanlış hərəkətlər edə bilər. Lakin ətrafında çox insan görəndə utanaraq yanlış əməllərdən çəkinər. İnsanlar zəif düşəndə bir araya gələr, tək vücud kimi düşmənlə mübarizə apararlar. Bu da onlarda özünümüdafiə gücünü meydana gətirər.

Xülasə; səfərə çıxanlara nəsihət və dua etməli, səfərə mümkün qədər tək getməməli, səfərdə bəla və müsibətlərə tuş gəlməkdən Allaha sığınmalıyıq. Nəqliyyat vasitəsinə minərkən dua etməli, səfər əsnasında yavaşca təkbir gətirməyi və zikr çəkməyi adətə çevirməliyik. Səfərdə zəif və möhtac insanları nəzərə almalı, istirahətə çəkildiyimiz yerlərdən uzağa getməməliyik. Səfərdən qayıdanda yenə dua etməli, iki rükət şükür namazı qılmalı, xəbər vermədən qəfil evə girməməli, uzaq səfərlərə gecə çıxmalı, səfərlərdə rəhbər seçməli, gündüz səfərlərə səhər erkəndən çıxmalı, səfər başa çatanda vaxt itirmədən geri qayıtmağa çalışmalıyıq.


[1]Tirmizi, “Dəavət”, 45; İbn Macə, “Cihad”, 8
[2]“Zuxruf” surəsi,43/12-13
[3]Müslim, “Həcc”, 425. Həmçinin baxın: Əbu Davud, “Cihad”, 72; Tirmizi, “Dəavət”, 45-46
[4]Müslim, “Həcc”, 426. Həmçinin baxın: Tirmizi, “Dəavət”, 41; Nəsayi, “İstiazə”, 41-42; İbn Macə, “Dua”, 30
[5]Müslim, “Həcc”, 429. Həmçinin baxın: Buxari, “Ümrə”, 12, “Cihad”, 133, 197, “Məğazi” 29, “Dəavət”, 53; Əbu Davud, “Cihad”, 72, 158; Tirmizi, “Həcc”, 102, “Dəavət” 42, 46
[6]Əbu Davud, “Cihad”, 78
[7]Əbu Davud, “Cihad”, 78; Tirmizi, “Büyu”, 6
[8] Əbu Davud, “Cihad”, 57
[9] Buxari, “Ümrə”, 15; Müslim, “İmarə” 180
[10] Buxari, “Nikah” 121; Müslim, “İmarə”, 183.
[11] Müslim, “Məsacid”, 313
[12] Müslim, “İmarə”, 178. Həmçinin baxın: Əbu Davud, “Cihad” 57; Tirmizi, “Ədəb”, 75
[13] Əbu Davud, “Cihad”, 94
[14] Buxari, “Məğazi”, 79; Müslim, “Tövbə”, 53. Həmçinin baxın: Əbu Davud, “Cihad”, 166
[15] Əbu Davud, “Cihad”, 80
[16] Buxari, “Ümrə”, “Cihad”, 136, “Ətimə”, 30; Müslim, “İmarə”, 179. Həmçinin baxın: İbn Macə, “Mənasiq” 1
[17] Əbu Davud, “Cihad”, 88
[18] Buxari, “Cihad”, 135. Həmçinin baxın: Tirmizi, “Cihad”, 4; İbn Macə, “Ədəb”, 45