2. 479 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu əbədiyyətə, yəni insanların yaradılış qayəsinə talib idi. Bəli, insan əbədiyyət üçün yaradılmışdır. Onun qəlbi əbəddən, Əbədi Zatdan başqa heç bir şeylə aram və hüzur tapa bilməz. Ondan başqa bir şey istəməz, iradi, qeyri-iradi daima Onu arzular. Nəhayət, insan əbədiyyəti tapanadək mənən doymaz, rahatlıq üzü görməz.

Bəli, insanın bitib-tükənməyən ümid və arzuları vardır. Ona nə verirsiniz-verin, qane edə bilməzsiniz! Bütün din və peyğəmbər bəyanlarının kökündə də məhz üqba (əbədi aləm, axirət) mehvərli müvazinət dayanır. Ona görə də Allah Rəsulu (s.a.s.) bir tərəfdən onlara qucaq-qucaq hüzur ərməğan edir, digər tərəfdən də onları əbədi səadətə hazırlayırdı. Aşağıdakı hadisə buna ən gözəl nümunələrdən biridir:

Fatimə anamız boynunda bir boyunbağı Allah Rəsulunun hüzuruna gəlir. Allah Rəsulu (s.a.s.) bir rəvayətdə qızının boynundan boyunbağını çıxarır. Başqa bir rəvayət də isə boyunbağı Fatimə anamızın əlində olur və Allah Rəsulu ona belə buyurur:

– İstəyirsən ki, xalq – burada “xalq” sözü ilə insanlar və ya ruhani varlıqlar, mələklər, səma sakinləri nəzərdə tutula bilər – “Peyğəmbərin qızı əlində Cəhənnəmdən bir zəncir, bir boyunbağı gəzdirir” – desin?”

Bəli, bir tərəfdən onları əziz tutur, iltifatını əsirgəmir, digər tərəfdən də üzlərini axirətə, Allaha, əbədi və üxrəvi gözəlliklərə çevirirdi. Bu söz Həzrət Fatiməyə kifayət etmişdi. Çünki onları deyən qəlb taxtının sultanı atasıydı. Həzrət Fatimə nəql edir ki:

“Dərhal boyunbağını satdım, bir kölə alıb azad etdim və sonra da Allah Rəsulunun hüzuruna gəlib elədiklərimi bir-bir danışdım. Sözlərimi eşidəndə şad oldu, sevindi. Sonra da əllərini açıb Allaha şükür etdi: اَلْحَمْدُ ِللّٰهِ الَّذِي أَنْجَى فَاطِمَةَ مِنَ النَّارِ (Qızım) Fatiməni Cəhənnəmdən qoruyan Allaha həmd olsun.”[1]

Əlbəttə ki, Həzrət Fatimə boynuna taxdığı bu boyunbağı ilə haram işləməmişdi. Ancaq Allah Rəsulu sevimli qızının  müqərrəbinlərdən olmasını istəyirdi. Peyğəmbərimizin xəbərdarlığı təqva və Allaha yaxınlıq mahiyyətli idi. Bu, bir mənada fani dünyaya bağlanmamaq, daha çox da uca məqamı və qiyamətədək təmsil etdiyi silsilə baxımından, “Əhli Beyt”in anasına yaraşan diqqət və həssaslıq nümunəsi idi.

Bəli, Həsənə, Hüseynə ana və daha sonralar gələn Zeynəlabidin kimi abidlərə ziya mənbəyi olmaq, əlbəttə, asan deyildi. Allah Rəsulu onu əvvəlcə Əhli-Beytə, sonra da Şahi-Geylani, Məhəmməd Bahauddin Nəqşibənd, Əhməd Rifayi, Əhməd Bədəvi, Şazili kimi neçə-neçə övliyalara ana olmağa hazırlayırdı. Elə bil: “Qızım, sən elə bir ər evinə, elə bir evə gəlin gedirsən ki, o müqəddəs ailəndən dünya qədər qızıl silsilələr çıxacaq. Boynundakı bu qızıl boyunbağını bir kənara at, sən onlara ana olmağı düşün!” – deyirdi. Nəqşilərin, rifayilərin, şazililərin və yüzlərlə uca yolun yolçularının qızıl silsiləsi…

Bəli, övliya, əsfiya, əbrar və müqərrəbinə ana olmaq asan iş deyildi. Odur ki, Allah Rəsulu bu məsələdə öz ailəsi ilə daha həssas və ciddi rəftar edirdi. Bəli, O, bu davranışları ilə – şəfqət və mərhəmət öz yerində – onların nəzərlərini üxrəvi aləmlərə çevirərək sirati-müstəqimin[2] bir yönünü xatırladır və sanki “Sizə Allah gərək, Allah!” deyirdi. Çünki onların yolundan:

“Cənnət, Cənnət dedikləri

Üç-beş köşklə bir neçə huri

İstəyənə ver onları,

Mənə Sən gərək, Sən!”

deyib bütün ömrünü üqba və Allaha yaxınlıq istiqamətində yaşayan insanlar çıxacaqdı. Beləliklə də, Allah Rəsulu ən çox sevdiyi bu insanları – əsl sevgi məhz bunu tələb edir – dünyanın kirinə-pasına bulaşmaqdan qoruyur, üstlərinə toz qonmasına imkan vermir, onların nəzərini ülvi aləmlərə çevirir və onları orada bir olmağa hazırlayırdı. “İnsan sevdiyi ilə bərabərdir.”[3] Həzrət Məhəmmədi (s.a.s.) sevirsinizsə, Onun yolu ilə gedəcəksiniz. Bu dünyada Rəsulullahın yolunu tutanlar o biri aləmdə də Onunla birlikdə olacaq.

Allah Rəsulu onları əbədi vüsala hazırlarkən bir tərəfdən sevib bağrına basır, digər tərəfdən də bu sevgini çox yaxşı dəyərləndirirdi. “Sevdim, bağrıma basdım, səni əzizim bildim. Allah səni ümmətin əzizi etdi. Sən bəşərin başında Həzrət Məryəm kimisən”. Allah Rəsulu – zəif bir rəvayətdə – Həzrət Məryəmin izzətini:

“Qadınlar arasında bir peyğəmbər olsaydı, Həzrət Məryəm olardı”, – sözləri ilə təqdir edir. Sən də onun kimi uca bir qadınsan.. elə isə dünya ilə münasibətdə ən azı onun qədər izzətli və müvazinətli olmalısan.

İnsanlara şəfqət göstərəcəksən, onları qəlbən sevib bağrına basacaqsan, lakin axirətə hazırlamağı da əsla unutmayacaqsan, ehmal etməyəcəksən. Budur sirati-müstəqim, orta və ən doğru yol! Bir yol ki, rəhbəri Allah Rəsuludur…

Həzrət Fatimənin xidmətçi istəməsi

Onun tərbiyə sistemi ilə əlaqədar bir gözəl nümunəyə də İmam Buxari və Müslimin kitablarında rast gəlirik… Hadisəni Həzrət Əli (r.a.) nəql edir:

“Evimizdə xidmətçimiz yox idi. Fatimə bütün işlərini özü görürdü. Onsuz da, bircə otağımız vardı. Fatimə orada ocağı yandırıb yemək bişirməyə çalışırdı. Çox vaxt ocağı alışdırmaq üçün əyilib közləri üfləyəndə sıçrayan qığılcımlar paltarını yandırırdı. Paltarı dəlik-deşik olmuşdu. İşi təkcə bu deyildi. Çörək bişirir, su daşıyırdı. Dəyirman daşını çevirə-çevirə əlləri, su daşıya-daşıya da kürəyi qabar bağlamışdı.

Bu vaxt bir döyüşdən sonra Mədinəyə əsirlər gətirilmişdi. Allah Rəsulu bu əsirləri Mədinə əhalisindən istəyənlərə paylayırdı. Fatiməyə dedim ki, atasının yanına gedib bir xidmətçi istəsin, ev işlərinə köməyi olar.

O da atasının yanına getdi, lakin Rəsulullah evdə yox idi. Həzrət Aişə: “Gələndə mən xəbər verərəm” – demiş, o da geri qayıtmışdı. Yatağa uzanmışdıq ki, Allah Rəsulu birdən evimizə gəldi. Yataqdan durmaq istədik, mane oldu.. və aramıza oturdu. Sinəmə toxunan ayağının sərinliyini  hiss edirdim. Arzumuzu soruşdu. Fatimə də vəziyyəti danışdı. Allah Rəsulu belə dedi:

“Ey Fatimə, Allahdan qorx və Allaha aid vəzifəni qüsursuz yerinə yetir! Allahın çiyninə yüklədiyi fərzlərə layiqincə əməl et. Ərinə də daim sadiq və itaətkar ol! Onun haqqına da riayət elə! (Yəni sənin iki vəzifən var: Allaha ibadət, sonra da ərinə itaət etmək.) Sənə bir şey də söyləyim. Yatağına girəndə  otuz üç dəfə “Sübhanallah”, otuz üç dəfə “Əlhəmdülillah”, otuz üç dəfə də “Allahu Əkbər” de. Bu sənin üçün xidmətçidən daha xeyirlidir.”[4]

Yəni: Mən sənə axirəti göstərirəm… orada mənə qovuşmaq və mənimlə birlikdə olmaq istəyirsənsə, iki yolun var: Birincisi, Rəbbinə ibadət vəzifəndə qüsura yol verməməli, ikincisi də ərinə aid vəzifə və mükəlləfiyyətlərini yerinə yetirməlisən. Bir xidmətçinin sənin ərinə aid vəzifələri yerinə yetirməsi sənin kamala çatmağına mane ola bilər. Halbuki sən zülcənaheyn (iki qanadlı) olmalısan. Bir insan ən kamil qul olmaq və ibadətini ən mükəmməl yerinə yetirmək üçün nə etməlidir? Bir bəndə ən mükəmməl insan olmaq və mükəlləfiyyətlərini qüsursuz-qəzasız yerinə yetirmək üçün nə etməlidir? Sənin vəzifən də bunlara əməl etməkdir.

Sən əvvəla, Rəbbinə ibadətini ən mükəmməl şəkildə yerinə yetir və kamil bir qul ol! Sonra da Əli kimi qiyamətə qədər gələn əhlullahı sülbündə (belində) daşıyan böyük bir insana  aid zövcəlik vəzifələrini yerinə yetir və mükəmməl bir insan ol! Ol ki, bütün mükəmməlliyin və mükəmməllərin toplandığı yerdə – Cənnətdə mənimlə birlikdə ola biləsən!

Burada Həzrət Əli ilə əlaqədar bir məqamı ərz etmədən keç­məyə könlüm razı olmur. Allah Rəsulu qızını ona tərəddüdsüz vermişdi. Çünki o, Həzrət Fatimə kimi peyğəmbər qızına ər və bir nəbiyə kürəkən olmağa layiqdi. O, övliyanın şahı idi.. bu fitrətlə yaradılmışdı. Allah Rəsulu bir gün belə buyurmuşdu: “Hər peyğəmbərin nəsli özü ilə davam etmişdir, mənim nəslimi isə Əli davam etdirəcək.”[5] Yəni mənim nəsil ağacımı o sulayacaq, o yetişdirəcək, o budayacaq. Meyvəsini dərənlər mənimlə birlikdə Əhli-Beyt içində onu da yad edəcəklər. Məsələyə bu prizmadan baxsaq, Həzrət Əliyə itaət Allah Rəsuluna itaətdir. Allah Rəsuluna itaət də Allaha itaətdir.

Peyğəmbərimiz ailədə kişinin yeri və haqqı barədə belə buyururdu: “Əgər Allahdan başqasına səcdə etmək olsaydı, qadınlara ərlərinə səcdə etməyi əmr edərdim.”[6] Əgər belə bir şey caiz olsaydı, Həzrət Əli buna çoxdan layiq idi. Bəli, əgər kişiyə səcdədən söhbət getsəydi, başda Həzrət Əli gələrdi. Zülcənaheyn olmaq istəyirdisə, əri Həzrət Əliyə xidmətdə heç kimi özünə şərik etməməli idi. Xidmətçi tutmaq qanadın birini qırmaq deməkdi. Tək qanadlı bir qadın isə Həzrət Həsənə, Həzrət Hüseynə, Şahi-Geylaniyə.. və qiyamətə qədər gələcək bütün qütblərə (böyük mürşidlərə), mücəddidlərə, müctəhidlərə ana ola bilməzdi. Allah Rəsulu onu uca məqama çatdırmaq üçün dünyadan bütün əla­qə­lərini kəsir, nəzərlərini axirətə yönəldirdi. Çünki Allah (cəllə cəlaluhu) da Onu belə tərbiyə etmişdi:

Bəli, dünyaya gəlmədən atasını almışdı. Gözünü açanda ata kimi arxası olmamışdı. Altı yaşına çatanda digər dəstəyini – anasını axirətə aparmışdı.. və beləcə dünyaya gələr-gəlməz tövhid nuruna, əhadiyyət sirrinə gedən yolları açmışdı önündə. Əbdülmüttəlibin himayəsi isə bir müddət ilahi izzət və əzəmətə bir pərdə, arxa duran hami üçün də bir şərəf olmuşdu. Amma bu da Onun nəzərində səbəblər baxımından artıq heç bir məna ifadə etmirdi. Əbu Talibin qayğı göstərməsi və arxa çıxması isə əmilik himayəsindən o tərəfə keçməmişdi.. və üxrəvi baxımdan Həzrət Əliyə atalıq kimi bir nemət idi. Bu yaxınlıq sayəsində bir gün Əlini götürüb yanında böyüdəcək, Şahi-Mərdan, Heydəri-Kərrar və Şahi-Övliya kimi uca məqamlara yüksəldəcəkdi. Allah (cəllə cəlaluhu) Rəsulunun ətrafını səbəblərdən təmizləmiş və Onu bütün varlığı ilə Öz dərgahına yönəltmişdi. “Sən səbəblər dünyasında gəzə bilməzsən, sən hər yerdə رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ həqiqətini[7] təmsil etməlisən. Allaha güvənməli, Allaha arxalanmalısan.

Fatimə Onun qızı idi. İlahi tərbiyənin lütf etdiyi fəzilətləri qızından əsirgəyə bilməzdi. O qız ki, Həzrət Həsəneyndən (İki Həsən – Həzrət Həsən və Hüseyn) Xatəmül-övliyaya qədər bir çox Haqq dostunun anası olacaqdı. Beləliklə, onu bu mübarək meyvələrin çəyirdəyi mahiyyətində yetişdirməli idi. Elə buna görə də Peyğəmbərimiz fövqəladə mərhəməti, şəfqəti, sevgisi və kö­nül­lərdə taxt qurması ilə yanaşı, Fatimənin nəzərini həmişə üxrəvi aləmlərə çevirirdi.


[1]Nəsayi, “Zinət”, 39; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 5/278-279.

[2]Doğru yol. Allahın razı olduğu ən doğru yol.

[3]Müslim, “Birr”, 165. (Kəlmə fərqi ilə; Buxari, “Fədailül-əshab”, 6.)

[4]Buxari, “Fədailül-əshab”, 9; Müslim, “Zikr”, 80, 81; Əbu Davud, “Xərac”, 19.

[5]Təbarani, “Əl-mücəmül-kəbir”, 3/43; Deyləmi, “Əl-müsnəd”, 1/172.

[6]Əbu Davud, “Nikah”, 41; Darimi, “Səlat”, 159.

[7]“Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.” (“Mumtəhinə” surəsi, 60/4)




Şərh yaz