- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Rəsulullahın (s.ə.s) övlad və nəvələrinə şəfqəti

Allah Rəsuluna on il fasiləsiz olaraq xidmətini sədaqətlə icra edən Ənəs ibn Malik deyir: “Ailə üzvlərinə qarşı Həzrət Muhəmməddən (s.ə.s.) daha şəfqətli insan görməmişəm”.[1]

Bəli, şəfqət və səmimiyyətdə Onun kimi ikinci bir ailə başçısı və ata göstərmək mümkün deyil.

Bu etiraf təkcə bizim dilimizdən çıxsaydı, bəlkə də, o qədər əhəmiyyətli olmazdı. Ancaq  qarışqanı belə incitməyən, şəfqət və mərhəmətinə görə barmaqla göstərilən milyonlarla insan etiraf edib car çəkir ki, bütün varlığı şəfqətlə bağrına basmaqda Allah Rəsulunun tayı-bərabəri yoxdur.

Bəli, Allah hamı kimi Onu da bir insan olaraq yaratmışdı, amma insanlarla münasibət qursun deyə, Onun ürəyinə bütün varlığa qarşı dərin bir şəfqət və sevgi qoymuşdur. Ona görə də, Allah Rəsulu həm ailə üzvlərinə, həm də digər insanlara qarşı şəfqət hissi ilə dopdolu idi.

Oğul övladlarının hamısı kiçik yaşlarında vəfat etmişdi. Sonuncu oğlu Mariyə anamızdan dünyaya gəlmiş, ancaq o da çox yaşamamışdı. Allah Rəsulu o qədər vacib işlərinin arasında tez-tez dayəyə verilmiş oğlunun yanına gedir, onu bağrına basıb­ öpür, oxşayır, sonra da evinə qayıdırdı.[2] Uşaq vəfat edəndə də yenə onu qucağına götürüb bağrına basdı, gözləri dolmuşdu. Bunu təəccüblə qarşılayan səhabələrinə də:

“Qəlb hüznlənər, gözlər yaş tökər, lakin inşallah dil Allahın məmnun olmadığı bir şeyi söyləməz” buyurdu və dilini göstərib əlavə etdi: “Allah buna görə hesaba çəkəcək”.[3]

Bir daha xatırladaq ki, O, insanların ən mərhəmətlisi, ən şəfqətlisi idi. Həzrət Həsən və Həzrət Hüseyni kürəyinə götürüb gəzdirirdi. Belə bir insan uşağı kürəyinə götürüb camaatın  içinə çıxardımı heç!? O götürüb çıxırdı. Bununla sanki nəvələrinin yüksək məqamından xəbər verirdi.

Bir gün Həzrət Həsən və Hüseyn kürəyində olanda Həzrət Ömər içəri girdi. Onları belə şərəfli bir yerdə görüncə: “Nə gözəl miniyiniz var!” – dedi. Allah Rəsulu isə belə buyurdu: “Bəs necə, nə gözəl süvaridir onlar!”[4] Onların bu məsələni dərk edib etməməsindən asılı olmayaraq, Allah Rəsulu nəvələrini şərəfləndirirdi. Bir dəfə də Həzrət Həsənə: ” Nə gözəl miniyin var!” – deyən şəxsə, yenə Rəsulullah: ” O da nə gözəl süvaridir!” – cavabını vermişdi.[5]

Bəli, O, qiyamətədək bütün övliyanın atası olan, övliyaya aid şərəfin, etibarın, izzətin nüvəsini mahiyyətində daşıyan Əhli-Beytin bu iki imamına xüsusi iltifat göstərir, onları bəzən çiyninə mindirirdi. Onlara göstərdiyi bu iltifat və qayğıda şübhəsiz ki, Əhli-Beyt və bütün övliyanın payı vardı. Əhli-Beytin məşhur simalarından Əbdülqadir Geylani Allah Rəsulunun çiynində gəzən babalarını (Həzrət Həsən və Hüseyni) nəzərdə tutub haqlı olaraq belə deyir:

“Allah Rəsulunun mübarək ayaqları mənim çiynimdə, mənim ayağım da bütün övliyanın çiynindədir.”[6] Hər halda bu, qiyamətə qədər də belə davam edəcək.

Yenə bir dəfə nəvələrini çiyninə mindirib gələcək və onlara belə deyəcəkdi:

“Miniyiniz nə gözəl minik və sizlər də nə gözəl yüksünüz!”[7]

O, övlad və nəvələrini belə əziz tutmuş, sevgisini sərgiləmiş və onların qəlbində taxt qurmuşdu.

Allah Rəsulu hər məsələdə olduğu kimi, uşaq tərbiyəsində də orta yolu izləmişdi. Bütün övlad və nəvələrini canı qədər istəyir, bu sevgisini həm də onlara hiss etdirirdi. Ancaq bu sevginin sui-istifadə edilməsinə də əsla fürsət vermirdi. Onsuz da peyğəmbər övladları arasında belə bir hərəkətə meyil edən də yox idi. Ancaq onlar bilmədən bir xəta işləyəndə dərin sevgisini təmkin və ciddiyyətlə yoğurur və onları şübhəli yerlərə ayaq basmaqdan çəkindirirdi. Məsələn, bir dəfə Həzrət Həsən və ya Hüseyn hələ çox kiçik olduqları üçün sədəqə xurmasına əl uzatmışdılar. Allah Rəsulu dərhal xurmanı onların əlindən alıb: “Bizə sədəqə xurmasını yemək haramdır!” – demişdi.[8] Uşaqları kiçik yaşlarından harama qarşı həssas yetişdirmək tərbiyədə müvaziliyin gözəl nümunələrindən biridir.

Allah Rəsulu hər dəfə Mədinəyə girəndə miniyinin üstündə bir neçə uşağın Ona sarıldığını görmək mümkündü.[9] Demək ki, O (s.a.s.), təkcə öz nəvələrini deyil, başqa uşaqları da şəfqət və səmimiyyətlə bağrına basır və onların könlünü sevgi ilə fəth edirdi.

Bəli, O, oğlan övlad və nəvələri ilə yanaşı, nəvəsi Ümaməni də çox istəyirdi. Bəzən küçəyə çıxanda Ümaməni Onun çiyinlərində görürdülər. Hətta bəzən nafilə namazlarında belə Ümamə kürəyindən düşmürdü. Səcdə edəndə  onu yerə qoyur, səcdədən qalxanda da çiyninə alırdı.[10]

Allah Rəsulu Ümaməyə sevgisini dünənəcən qız uşaqlarını diri-diri torpağa basdıran bir cəmiyyətdə izhar edirdi. Bəli, cahiliyyədən yenicə çıxmış insanlar Allah Rəsulunun qız nəvəsinə göstərdiyi sevgi və qayğıya o günədək kimdəsə şahid olmamışdılar.

Həzrət Fatiməyə sevgi və şəfqəti

İslam oğlanla qız arasında fərq qoymur. Allah Rəsulu bunu şəxsən əməlləri ilə göstərmişdir. Necə ayrı-seçkilik ola bilər!? Biri Həzrət Məhəmməddirsə (s.a.s.), digəri Həzrət Xədicədir. Biri Adəmdirsə, o biri Həvvadır. Biri Əlidirsə, o biri Fatimədir.

O Fatimə ki, Allah Rəsulunun qızı, qiyamətə qədər gələcək bütün Əhli-Beytin və ümmətin anasıdır.

Allah Rəsulu pakizə qızı Fatimə yanına gələndə dərhal ayağa qalxar, onun əlindən tutub öz yerində oturdardı. Halını-xatirini soruşar, onu oxşayıb əzizləyər və nəzakətlə yola salardı.[11]

Bir dəfə Həzrət Əli Əbu Cəhlin qızı ilə evlənmək istəmişdi. Əslində, o da böyük qardaşı İkrimə kimi müsəlman olub İslamın sonsuzluq karvanına qoşulmuşdu, lakin bu evlilik, ehtimal ki, Fatiməni narahat edəcəkdi. Bəlkə də, Həzrət Əli belə bir nikahın Həzrət Fatiməni bu qədər incidəcəyini heç ağlına da gətirməmişdi. Həzrət Fatimə (r.anha) gəlib məsələni Allah Rəsuluna ərz edib kədərini dilə gətirdi. Əziz qızını məhzun görən İki Cahan Sərvəri çox kədərləndi, dərhal minbərə çıxıb əshabına səsləndi: “Eşitdim ki, Əli Fatimənin üstünə zövcə gətirmək istəyir. Əgər fikrində qətidirsə, Fatiməni boşamalıdır. Çünki bu, Fatiməni kədərləndirir. Fatimə isə mənim bir parçamdır. Onu kədərləndirən məni kədərləndirmiş, onu sevindirən məni sevindirmiş olar.”

Allah Rəsulunun hər sözünə müntəzir dayanan Həzrət Əli dərhal əvvəlki fikrindən daşınıb Fatiməsinin yanına qayıtdı.[12]

Onsuz da Həzrət Əli Allah Rəsulunun qızını göz bəbəyi kimi qoruyur, bunu bilən Fatimə də Onu canından artıq sevirdi. Əslində, bu nəcib qadın elə bil, sırf övliya və əsfiya nəslini yetirmək üçün dünyaya gəlmişdi. Daima atasını və Onun müqəddəs məfkurəsini düşünürdü. Allah Rəsulunun vəfat edəcəyini eşidəndə iniltisi ilə cahanı titrətməsini və ailədən vəfat edib atasına qovuşan ilk insanın özü olacağını biləndə sevincinin yerə-göyə sığmamasını başqa cür izah etmək mümkün deyil.[13]

Bəli, ata-bala bir-birini çox istəyirdilər. Ancaq Allah Rəsulu Fatiməyə sevgisində də  müvazinəti qoruyur və onu uca aləmlərə hazırlayırdı. Çünki əbədi vüslət o biri aləmdə mümkün olacaq, hicran və həsrət orada sona çatacaqdı. Qızı Fatimə ilə Allah Rəsulu ancaq 25 il birlikdə ola bilmişdilər. Bəli, Həzrət Fatimə Allah Rəsulundan altı ay sonra 25 yaşında vəfat etmişdi.[14]


[1]Müslim, “Fədail…”, 63; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 3/112.

[2]Müslim, “Fədail…”, 62-63; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 3/112.

[3]Buxari, “Cənaiz”, 44; Müslim, “Fədail”, 62; “Cənaiz”, 12.

[4]Bəzzar, “Əl-müsnəd”, 1/418.

[5]Tirmizi, “Mənaqib”, 30; Hakim, “Əl-müstədrək”, 3/186.

[6]Münavi, “Feyzül-Qadir”, 6/16.

[7]Təbərani, “Əl-mücəmül-kəbir”, 3/52.

[8]Buxari, “Zəkat”, 60; Müslim, “Zəkat”, 161.

[9]Buxari, “Cihad”, 196; Müslim, “Fədailus-səhabə”, 65-68; Əbu Davud, “Cihad”, 54.

[10]Buxari, “Ədəb”,18; Müslim, “Məsacid”, 42.

[11]Tirmizi, “Mənaqib”, 60; Əbu Davud, “Ədəb”, 143.

[12]Buxari, “Nikah” 12, 16; Müslim, “Fədailüs-səhabə”, 93-96.

[13]Buxari, “Mənaqib”, 25; Müslim, “Fədailüs-səhabə”, 98-99.

[14]Hakim, “Əl-müstədrək”, 3/176-177; İbn Həcər, “Əl-isabə”, 8/54, 57.